Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yasamal rayonunda “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib

Yasamal rayonunda “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib

12.06.2026 [10:20]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş günü münasibəti ilə YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısın birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Partiyanın "qızıl fondu", məşhur “91-lər”dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal bələdiyyəsinin sədr müavini Fuad Mirələmov, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.

Tədbirdən öncə Universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, bütün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar olaraq videoçarx nümayiş olunub.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdə yox, xalqın yaddaşında, taleyində mühüm dönüş nöqtəsinə çevrilib. 15 İyun – Milli Qurtuluş Günü belə günlərdəndir. Bu tarixdə yalnız siyasi bir dəyişiklik baş vermədi, həm də dövlətin süqutdan xilas olunması, milli ruhun, azərbaycançılığın dirçəlişi baş verdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetin sədri seçilməsi xalqın iradəsinin təcəssümü, milli yaddaşın siyasi qələbəsi idi. Həmin gün Azərbaycanın yeni tarixinin başlanğıcı oldu. Milli Qurtuluş Günü həm də ideoloji təmizlənmənin başlanğıcı idi. Azərbaycançılıq, milli dövlətçilik və xalq-dövlət birliyi dövlət siyasətinin əsas dayağına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına və qəbuluna birbaşa rəhbərlik etmişdir. Onun təşəbbüsü və siyasi iradəsi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul olunmuşdur. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını müəyyən etmiş və demokratik inkişafın əsasını qoymuşdur. Ümummilli Liderin uzaqgörənliyi sayəsində Konstitusiya insan hüquq və azadlıqlarının təminatçısı kimi formalaşmışdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Zəfər siyasəti, Qarabağın azad olunması və ölkənin güclənməsi, məhz 15 iyun təməlində formalaşan milli liderlik məktəbinin məntiqi nəticəsidir. 15 iyun bizi təkcə keçmişə bağlamır, o, gələcəyə aparan yolun başlanğıcıdır. Bu günün dərsi odur ki, liderlik, siyasi uzaqgörənlik və xalqla birgə yol yalnız uğura aparır. Milli Qurtuluş – Azərbaycanın ikinci dəfə doğulduğu gündür. Bu gün dövlətçilik təfəkkürünün, ideoloji sabitliyin və tarixi məsuliyyətin simvoludur. Vilayət Vəliyev çıxışının sonunda 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən birinci hakimiyyət dövrü Azərbaycanda güclü sənaye, kənd təsərrüfatı və milli kadr potensialı yaratmaqla gələcək müstəqilliyin iqtisadi və intellektual təməlini qoymuşdur. Həmin illərdə formalaşdırılan nəhəng infrastruktur və milli özünüdərk dalğası dövlətimizin sonrakı illərdə qarşılaşdığı çətin sınaqlardan uğurla keçməsinə zəmin yaratdı. XX əsrin 90-cı illərinin əvəvlində ölkəmiz dərin böhran vəziyyəti ilə qarşı qarşıya qalmışdı. Ölkənin dərin siyasi və iqtisadi böhran yaşadığı 1992-ci ildə isə Ümummilli Liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqın xilas və intibah arzularının real təzahürünə çevrildi. Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin uzaqgörən strateji zəkası sayəsində qısa zamanda pərakəndə siyasi mühiti birləşdirərək milli maraqlara və demokratik prinsiplərə əsaslanan mütərəqqi siyasi sistemin arxitekturasını formalaşdırdı.Bildirilib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, dövlətçiliyimizin xilas və inkişaf yolunun başlanğıcı kimi qəbul edilir. Məhz həmin gün xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaqdan, vətəndaş müharibəsindən və xaosdan xilasını təmin etdi. Bu gün, həm də Azərbaycançılıq ideologiyasının siyasi səhnəyə tam qayıdışı və dövlət quruculuğu mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövrdə siyasi böhran, səriştəsiz rəhbərlik və separatçı meyillər dövlətçiliyimizi uçuruma aparırdı. Ermənistanla müharibənin acı nəticələri və daxili çəkişmələr fonunda xalq yeganə nicat yolunu müdrik Ümummilli Lider Heydər Əliyevdə gördü. 15 iyun məhz xalq iradəsinin dövlət iradəsi ilə vəhdətə çevrildiyi tarixi gündür. Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə hüquqi dövlət quruculuğu, ordu və təhlükəsizlik sisteminin formalaşdırılması, xarici siyasətdə balanslı kurs və ən əsası, milli birliyin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu günün nəticəsi olaraq, Azərbaycan siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz qazandı. 15 iyun ideoloji baxımdan həm də milli kimliyin və suverenliyin təntənəsidir. Bu tarixdə siyasi liderliklə xalq birliyi öz real gücünü nümayiş etdirdi. Əgər bu dönüş baş verməsəydi, bu günki müstəqil və güclü Azərbaycan gerçəkləşməyə bilərdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji xətt də məhz 15 iyunun ideoloji bünövrəsi üzərində inşa olunub. Qarabağın azadlığı, Zəfər yolu və böyük qayıdış siyasəti, milli qurtuluş ruhunun real təcəssümüdür. Bu tarixi Zəfərin məntiqi davamı olaraq bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində müasir infrastruktur layihələri, "ağıllı" şəhər və kəndlər salınır. Azad edilmiş ərazilərin intibahında və Böyük Qayıdışın uğurla icrasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna və tarixi rol oynayır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dağıdılmış tarixi, dini və mədəni abidələrimiz sürətlə bərpa olunur, soydaşlarımızın doğma yurdlarına inteqrasiyası üçün humanitar körpülər salınır. Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində icra olunan layihələr azad olunmuş torpaqlara milli ruhun və tarixi yaddaşın yenidən qayıtmasını təmin edir. Qeyd olunub ki, Milli Qurtuluş Günü həm də azərbaycançılıq ideyasının, milli iradənin və strateji dövlət idarəçiliyinin təntənəsidir. Bu gün hər bir vətəndaş üçün siyasi yaddaş və ideoloji dirçəliş günüdür. Çıxışın sonunda Bəxtiyar Nəbiyev 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısın birinci müavini Hüseyn Əfəndiyev çıxışında tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15 iyun tarixinin sadəcə təqvimlərdə qeyd olunan sıradan bir bayram günü olmadığını xüsusi vurğulamışdır. Bu müqəddəs tarixin Azərbaycanın dövlətçilik xronikasında əvəzsiz və fundamental bir ictimai, siyasi, həmçinin dərin tarixi əhəmiyyətə malik milli rəmz olduğunu diqqətə çatdırmışdır. Doğma Vətənini, öz canından əziz tutduğu xalqını sonsuz məhəbbətlə sevən, müstəqilliyimizin ilk illərindəki o çətin, ağrılı və xaotik günlərin dəhşətlərini şəxsən yaşayan, baş verən qanlı hadisələri öz gözləri ilə görən hər bir vətəndaş üçün 15 iyun əsl qurtuluş, yenidən doğuluş və ölkəmizdə gedən ölüm-dirim mübarizəsinin rəsmi qələbə tarixidir. Bu böyük tarixi və unudulmaz epoxanı yaradan, canından artıq sevdiyi millətini uçurumun kənarından xilas edən qüdrətli şəxsiyyət isə yenə də Azərbaycanın hərtərəfli inkişafında, sarsılmaz müstəqilliyində və işıqlı gələcəyində müstəsna, həlledici rol oynayan dahi insandır. O lider ki, fəaliyyəti boyu daim öz doğma xalqına arxalanmış, xalqın tükənməz sevgisindən güc almış və özü də varlığı ilə bu xalqa hər zaman sarsılmaz arxa, dayaq olmuşdur – Ümummilli Lider Heydər Əliyevdir! Məhz Onun siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın ali milli maraqlarına tam cavab verən, çevik və qətiyyətli daxili və xarici siyasət kursu konseptual şəkildə formalaşdırıldı. Eyni zamanda, ölkədə qüdrətli və nizam-intizamlı ordu quruculuğunun, fundamental hüquqi islahatların və genişmiqyaslı iqtisadi inkişafın sarsılmaz fundamental bünövrəsi qoyuldu. 15 iyun gələcəyə işıq salan möhtəşəm bir yaşam fəlsəfəsidir – bu gün dövlətə olan sarsılmaz inamın və sarsılmaz xalq-iqtidar birliyinin ən bariz simvoludur. Bu gün müasir, qüdrətli və müstəqil Azərbaycanın qazandığı bütün qlobal uğurlarda həmin dahi liderlik məktəbinin silinməz izləri birmənalı olaraq aydın görünməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi bu dahi və uzaqgörən siyasi kursu hər bir sahədə böyük uğurla, qətiyyətlə davam etdirir. Şübhəsiz ki, Ulu Öndər ideyalarından qaynaqlanan bu müqəddəs yol şanlı tariximizə qızıl hərflərlə yazılan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən Tarixi Zəfərlərimizin əldə olunması ilə bu gün daha da aydınlanmış, dövlətimizi zirvələrə yüksəltmişdir.

Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Partiyanın "qızıl fondu", məşhur “91-lər”dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı və Göydəniz Qəhrəmanov çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində baş verən tarixi hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Müasir dövrdə Azərbaycanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər bunu bir daha təsdiq edir. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, Prezident İlham Əliyev isə onu uğurla həyata keçirir. Çıxışların sonunda natiqlər tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Çıxışlardan sonra fəxri fərmanlar və hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbir Azərbaycan Texniki Universitetinin təqdimatında bədii hissə ilə davam edib.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30