Lirə necə möhkəmlənə bilər?
22.12.2021 [11:35]
Türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacaq
Nicat Dilqəmli
Son vaxtlar türk lirəsinin sürətlə ucuzlaşması həm qardaş ölkədə, həm də ölkəmizdə ciddi narahatlıq doğururdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra Türkiyə milli pul vahidinin dəyəri nəzərəçarpacaq dərəcədə dəyişməsi ümidləri bir xeyli artırdı. Ötən gün 18,4 TL-yə qədər bahalaşan dollar Ərdoğanın elan etdiyi qərarların ardınca kəskin enib, daha sonra yenidən bahalaşıb. Hərracların sonunda 13 TL səviyyələrində qərarlaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib ki, türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacaq. Ərdoğan deyib ki, yeni sistem qurulacaq ki, bu sistemdə türk lirəsi aktivləri yeni valyuta tələbi yaratmayacaq. Belə ki, Türkiyədə insanların banka qoyduğu türk lirəsi xarici valyutadan (ABŞ dollarından) üstünlük təşkil edərsə, bu onlara daha çox gəlir gətirəcək: “İnsanlarımızın türk lirəsinin bankdakı əmanət gəliri məzənnə (kurs) artımından yüksək olarsa, qazanc əldə edəcəklər. Əgər xarici valyutanın məzənnəsi artarsa, aradakı fərqi biz birbaşa vətəndaşımıza ödəyəcəyik”. “Bundan sonra heç bir vətəndaşımızın “valyuta məzənnəsi daha yüksək olacaq” deyə, əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Bundan başqa, Ərdoğan ixracatçı şirkətlərə də güzəştlərin tətbiq ediləcəyini deyib: “Valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar qiymət təklif etməkdə çətinlik çəkən ixracatçı şirkətlərimizə birbaşa Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək”. Prezident onu da qeyd edib ki, kredit faizləri aşağı düşdükcə, bu inflyasiyanın qarşısını almağa dəstək olacaq: “Bir neçə ay ərzində inflyasiyanın azalmağa başlayacağına birlikdə şahid olacağıq”.
Ərdoğan, həmçinin bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata yatırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.
İqtisadçıların fikrincə, hökumətin bu tədbirlər planı valyuta bazarında yaranmış ajiotajı və milli valyutanın daha da dəyərdən düşməsini qabaqlamaq üçün bazar iqtisadiyyatı qaydaları baxımından təsirli alətdir. Lakin bunun dövlət büdcəsinə hələlik əvvəlcədən hesablanması mümkün olmayan əlavə yük gətirə biləcəyi də qeyd olunur. Ancaq bunun Türkiyə dövləti üçün ciddi bir problem yaradacağına ehtimal verilmir. Eyni zamanda hökumətin davamlı tədbirləri nəticəsində dolların lirə qarşısında real və sabit dəyərinin müəyyənləşəcəyi gözlənilir.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli bildirib ki, qərar müəyyən qədər də olsa, türk lirəsinin dəyər qazanmağına imkan yaratdı: “Verilən yeni depozit qaydalarına görə, əhali depozitini 6 ay TL şəklində bankda saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 50 %-i, 1 il saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 100%- i geri ödəniləcəkdir. Lakin hesab edirəm ki, bu, uzun sürən proses olmayacaq. TL müəyən müddət sonra yenidən dəyər itirməyə başlayacaqdır. Burada əsas strategiya, insanların banklardan depozitlərini çəkib, ABŞ dollarına konvertasiya etməsinin qarşısını almaqdır. Burada önəmli bir sual ortaya çıxır. Bəs faiz fərqini kim ödəyəcəkdir? Bankların bu qərara görə hansısa maliyyə resursu ayıracağını və eyni zamanda bu addımın marağında olacağını düşünmürəm. Hesab edirəm ki, proses yenə də dövlət tərəfindən həyata keçiriləcəkdir. Bu isə büdcə xərclərinin birbaşa artması deməkdir ki, bu da növbəti period üçün Türkiyə iqtisadiyyatını daha da riskə atır”.
Elmir Səfərli qeyd edib ki, lirənin dəyər qazanması üçün bir çox şərtlərin həyata keçirilməsi zəruridir: “Birincisi, ölkə içərisində inflyasiya həddinin azalması üçün strateji addımlar atılmalıdır. İkincisi, banklara qoyulacaq xarici valyutada depozitlərin həcmi çox önəmlidir. Üçüncüsü, ixrac potensiallı məhsulların istehsalı üçün lazımlı xammalın idxaldan asılılığını uzun müddət üçün azaltmağa çalışmaq lazımdır. Dördüncüsü, ölkəyə müəyyən xarici investisiyaların gətirilməsi üçün uyğun siyasi qərarlar verilməlidir”.
İqtisadçı hesab edir ki, bu faktorlar ilkin mərhələdə həll olunduğu təqdirdə, TL-nin dəyər qazanmasına şahid ola bilərik. Əks təqdirdə, yenə də TL dəyər itirməyə davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxİdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14

