Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ödəniş 4 min manatdırsa...

Ödəniş 4 min manatdırsa...

27.11.2021 [10:07]

Vüqar Bayramov limit məsələsinə aydınlıq gətirdi

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər müzakirə edilib. Təklif edilən dəyişikliyə əsasən, pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat müəyyən edilir. Müzakirələr zamanı qeyd olunub ki, tibbi xidmətlərin dəyəri 500 manatı keçərsə, mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıq olarsa, bu məbləğlər nağdsız qaydada ödəniləcək. Dövriyyəsindən asılı olmayaraq, bütün ƏDV ödəyiciləri və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilərlər. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

Yeni dəyişikliyə nəzarət mexanizmi necə həyata keçiriləcək? Bu dəyişiklik bahalaşmaya səbəb olacaqmı? Suallarımızı cavablandıran millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Azərbaycan”a bildirdi ki, beynəlxalq təcrübəyə əsasən, nağdsız ödəniş sistemi tətbiq olunur və limitin təyin olunmasında məqsəd bizdə də nağdsız ödənişlərlə bağlı vərdişləri formalaşdırmaqdır: “Fransada nağd hesablaşmalar faktiki olaraq bütün sektorlarda limitləşdirilib. Amerika Birləşmiş Ştatlarında nağd ödənişlərlə bağlı xüsusi limitin təyin olunmasına ciddi ehtiyac yoxdur, çünki ABŞ-da alış-verişin 95 faizindən çoxu nağdsızdır. Amma bu prosesə gələnə qədər ölkələr məhz bu limitləri müəyyənləşdirməklə insanlarda plastik kart və ya nağdsız ödənişlərlə bağlı vərdişlər formalaşdırıblar. Bir çox ölkələrdə, məsələn, ABŞ-da böyük məbləğdə ödənişin nağd formada ödənilməsinə ciddi ictimai qınaq var. Belə olduğu halda isə ictimai qınaq da nağdsız ödənişlərin genişlənməsini stimullaşdırır”.

Niyə məhz 4 min?

Limitin niyə məhz 4 min manat məbləğində olmasına gəlincə isə millət vəkili bunu orta alış-veriş məbləğinin 4 min manatdan az olmasıyla əlaqələndirdi: “4 min manatın müəyyənləşməsində iki meyar var. Birincisi, orta alış-veriş məbləğinin 4 min manatdan az olmasıdır. İkincisi, vətəndaşlarımız üçün də müəyyən zaman lazımdır ki, belə islahatların reallaşmasına hazır ola bilsinlər.

Bildiyimiz kimi, ilkin layihədə fərqli rəqəmlər vardı - 2000 manat, mebel və digər pərakəndə satışa 7 min manat. Amma parlamentdə müzakirələr zamanı vahid rəqəmin müəyyənləşdirilməsi barədə razılığa gəlindi. Təbii ki, bəzi mebel və inşaat materiallarında alışlar nisbətən çoxdur, amma vətəndaşlarımızın daha çox alış-veriş etdiyi supermarketlərdir, digər alış-veriş mağazalarıdır və həmin mağazalarda orta alış-verişin həcmi 4 min manatdan azdır. Bu, həm də vətəndaşlarımızın yeni islahata adaptasiya olunması üçün müəyyənləşdirilib. Çünki nağdsız ödənişlərin genişləndirilməsinin həm də müəyyən qədər hazırlığa ehtiyacı var.

Nağdsız ödənişlərə limitin 4 min manat məbləğində müəyyənləşdirilməsində əsas məqsədlərdən biri də gizli, kölgə iqtisadiyyatına qarşı mübarizənin sürətləndirilməsi və təbii ki, dövlət büdcəsinə daha çox vəsaitlərin cəlb edilməsinə nail olmaqdan ibarətdir. Söhbət birdəfəlik ödənişlərə limitlərin müəyyənləşdirilməsindən gedir. Yəni vətəndaş əgər bir neçə dəfə eyni mağazadan alış-veriş edirsə, o zaman vətəndaş 4 min manata qədər nağd ödəniş etmək imkanına malik olacaq və praktiki olaraq burada məqsəd ondan ibarətdir ki, nisbətən böyük məbləğdə olan ödənişlər nağdsız olsun”.

Nəzarət mexanizmi çox vacibdir

Bəs qəbul olunmuş qanun layihəsinin icra mexanizmi necə olacaq, cəmiyyətin bu barədə maarifləndirilməsi nəzərdə tutulurmu? Əsasən də sıravi vətəndaşın deyil, bizneslə məşğul olanların bu qanuna necə riayət edəcəkləri bir qədər qaranlıq qalır. Bunun üçün hansısa nəzarət mexanizmi düşünülübmü?  İqtisadçı- ekspert V.Bayramov bildirdi ki, qanunvericiliyə əsasən, bu qaydaları pozan sahibkarlar üçün xüsusi cərimələrin müəyyənləşdirilməsi nəzərdə tutulub, amma təcrübə göstərir ki, bir sıra hallarda bəzi sahibkarlar tərəfindən məhz bu qaydalar gözlənilmir: “Ona görə də nəzarət mexanizmi - həm ictimai nəzarət, həm dövlət qurumları tərəfindən nəzarətin gücləndirilməsi olduqca vacibdir. Məqsəd, nağdsız hesablaşmaların genişləndirilməsi, bu sahədə şəffaflığın daha da artırılmasından ibarətdir. Nəzərə alsaq ki, şəffaflıq, nağdsız hesablaşmaların genişləndirilməsi həm də büdcəyə daxil olan vəsaitin həcmini artırır, ona görə bu tip islahatlara ictimai dəstək də olduqca vacibdir”.

Vətəndaşın plastik kartı yoxdursa...

Millət vəkili xəstəxanalarda nağd ödəniş limitinə də aydınlıq gətirdi: “Ən çox verilən suallardan biri tibb müəssisələrində 500 manatdan artıq ödənişlərin nağdsız olmasıyla bağlıdır. Burada əsas məqamlardan biri ondan ibarətdir ki, həmin müəssisələrdə yalnız plastik kart deyil, həm də ödəmə terminalı vasitəsilə ödəniş etmək mümkün olacaq. Məsələn, vətəndaş xəstəxanaya axşam saatlarında gəlib və ya plastik kartı yoxdur, yalnız nağd pulu var və kartla ödəniş edə bilmir. O halda hər bir xəstəxanada, tibb müəssisəsində ayrıca ödəmə terminalları olacaq və vətəndaş nağd vəsaitini həmin terminal vasitəsi ilə ödəyə biləcək”.

Limit məsələsi avtomobil bazarına necə təsir edəcək?

Gözlənilən dəyişikliklərdən biri də avtomobil satınalmalarının qiymətindən asılı olmayaraq nağdsız formada aparılması ilə bağlıdır. Ekspert hesab edir ki, dəyişiklik avtomobillərin qiymətində xüsusi dəyişiklik yaratmayacaq: “Hazırkı qaydalarda da avtomobillərin alqı-satqısı zamanı rəsmiləşdirmə notariuslarda olur və bunun müəyyən rüsumu var. Rüsumlarda heç bir dəyişiklik yoxdur və bu kimi ödənişlər üçün bank faizləri də cüzidir, elə ona görə də birmənalı şəkildə sözügedən dəyişiklik avtomobillərin qiymətində xüsusi fərq yaratmayacaq. “Sadəcə, ödəniş nağd yox, nağdsız formada həyata keçiriləcək”, - deyə V.Bayramov əlavə edib.

Xatırladaq ki, müvafiq qanun Milli Məclisdə qəbul olunarsa, 1 yanvar 2022-ci ildən qüvvəyə minəcək.

Nicat Dilqəmli

 

 

Paylaş
Baxılıb: 265 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31