Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mədəniyyətimizin dostu və hamisi Mehriban Əliyeva

Mədəniyyətimizin dostu və hamisi Mehriban Əliyeva

13.08.2022 [10:03]

13 avqust 2004-cü il tarixində Azərbaycanımız xoş bir müjdə ilə sevindi. Həmin xəbərdə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti vəzifəsində çalışan Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçildiyi bildirilirdi. Bunadək Mehriban xanım Əliyeva ölkə daxilində müxtəlif sahələrdə səmərəli fəaliyyəti ilə hamının rəğbətini qazanmışdı. Yaşlı insanlar da, gənc nəslin nümayəndələri də, ziyalılar da, sıravi vətəndaşlar da onun bilavasitə insanların, ələlxüsus da həssas qruplardan olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onlara qayğı və diqqətin artırılmasına, ölkə üzrə təhsilin inkişafına, tarixi mədəni-dini abidələrin qorunmasına, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı mühitinin daha da zənginləşdirilməsinə hesablanan təşəbbüslərini, əməli fəaliyyətini dəstəkləyir və qürur duyurdular. Biz müşahidə edirik: Dünyada əvvəlki reytinqini, nüfuzunu sonadək qoruyub saxlayan ictimai-siyasi xadimlərin sayı barmaqla sayılacaq qədər azdır. Mehriban xanım Əliyevanın isə səmimiliyi, daim milli maraqlardan çıxış etməsi, xeyirxahlığı, həmişə qayğıya ehtiyacı olan insanların yanında olması onu xalqımızın həmişəlik sevimlisinə çevirib. Tam qətiyyətlə deyə bilərik ki, 10, 20 il bundan əvvəl Azərbaycan cəmiyyətində Mehriban xanım Əliyevaya necə yüksək rəğbət var idisə, bu gün də həmin münasibət qalmaqdadır və daha da artıb. Müxtəlif auditoriyalarda ona səmimi, xoş münasibətin ifadəsi olaraq sadəcə “Bizim Mehriban” deyə müraciət edirlər. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyevanın 2017-ci il 21 fevral tarixində Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması cəmiyyətimizdə böyük coşqu ilə qarşılandı və onun ünvanına müxtəlif təbəqələri təmsil edən insanlardan çoxlu sayda təbrik məktubları gəldi.

Mehriban xanım Əliyevanın BMT-nin yüksək səviyyəli qurumunun-UNESCO-nun xoşməramlı səfiri seçilməsi isə onun fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini təsdiqlədi. Mehriban xanım Əliyevanın bu böyük uğuru bütövlükdə onun çox sevdiyi Azərbaycanın uğurudur. Sonradan isə Mehriban xanım Əliyeva həm də İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldü.

Mədəniyyətimizin təbliği UNESCO platformasında

Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə UNESCO-nun Şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın UNESCO-nun məhz mədəniyyət sahəsi üzrə xoşməramlı səfiri seçilməsi isə heç də təsadüfi deyildir. Onu hansısa bir  mübaliğəyə yol vermədən mədəniyyətimizin səmimi dostu adlandıra bilərik. Milli mədəniyyətimiz, tarixin yaddaşı olan ənənələrimiz, mədəni-dini abidələrimiz onun simasında əsl qayğıkeşini, hamisini, təəssübkeşini tapıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyada layiqli şəkildə təbliğ olunur. Bu məqsədlə, həmçinin UNESCO platformasından da geniş istifadə edilir.

İndiyədək UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilib. Görkəmli alim, akademik Yusif Məmmədəliyevin, Azərbaycan ədəbiyyatının tanınmış siması Mir Cəlal Paşayevin 100 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi deyilənlərə misaldır. Mehriban xanım Əliyeva bu qəbildən olan tədbirlərdə şəxsən iştirak edir. 2006-cı il oktyabrın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirə qatılıb. 2011-ci il aprelin 19-da UNESCO-nun baş qərargahında respublikamızın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunub. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib. Mehriban xanım Əliyeva 2011-ci il oktyabrın 26-da UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda iştirak edib. 2013-cü il iyulun 18-də UNESCO-nun baş qərargahında respublikamızın UNESCO-ya üzv olmasının 20 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi baş tutub. Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokova və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış ediblər. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanıb. 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərginin açılışı baş tutub. Sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. 2014-cü il iyunun 2-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunub. 2014-cü il sentyabrın 15-18-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilib, Qobustanın UNESCO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı baş tutub. Yeri gəlmişkən, onu da vurğulayaq ki, Mehriban xanım Əliyevanın UNESCO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir. Mehriban xanım Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə qurumun keçmiş baş direktoru Koiçiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.

Muğama xüsusi qayğı

Zəngin muğamlaımıza qayğı Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusi yer turtur. İndiyədək onun səyləri sayəsində muğamlarımızın öyrənilməsi və təbliği məqsədilə çoxsaylı tədbirlər reallaşdırılıb. Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun dəstəyi ilə muğam mərkəzlərinin yaradılmasının önəmini ayrıca qeyd edə bilərik. 2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Bəhs olunan möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin inşası Prezident İlham Əliyevin imzaladığı  2005-ci il 6 aprel tarixli müvafiq Sərəncamı əsasında reallaşıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub.

Eyni zamanda, Fondun dəstəyi ilə regionlarda da bir neçə muğam mərkəzi yaradılıb. Bakıda istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, Ağcabədidə, Füzulidə, Ağdamda inşa olunan Muğam mərkəzləri də ölkəmizdə muğamın inkişafında mühüm rol oynayır. Xatırladaq ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olub. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir. Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi Respublika muğam müsabiqəsi və 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Beləliklə, məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılaraq UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.

Mədəni irs nümunələri UNESCO-nun siyahısında

Yenə də Mehriban xanım Əliyevanın çox böyük səyləri sayəsində Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Belə ki, indiyədək  “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi qurumun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Xalqımızın tarix boyu yaratdığı mədəni irs nümunələrinin UNESCO-nun müvaviq siyahılarına salınaraq beynəlxalq ictimaiyyətə təqdim olunması Azərbaycanın mədəni-dini abidələrin qorunması istiqamətində apardığı ardıcıl siyasətlə üst-üstə düşür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond bu istiqamətdə intensiv fəaliyyət həyata keçirir. İndiyədək Bakıda və respublikamızın müxtəlif bölgələrində çoxlu sayda mədəni irs nümunələri, o cümlədən də məscidlər yüksək səviyyədə təmir-bərpa olunaraq istifadəyə verilib.

Hazırda Heydər Əliyev Fondu tarixi mədəni-dini abidələrin bərpası istiqamətində fəaliyyətini 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə də davam etdirir. Mənfur düşmən üç onilliyi əhatə edən işğal dövründə xalqımıza məxsus bütün mədəni irsi dağıdıb və yaxud özününküləşdirməyə çalışıb, məscidlərimizi, qəbiristanlıqlarımızı təhqirlərə məruz qoyub. İndi həmin abidələrə ikinci həyat verilir. Artıq Şuşada və digər ünvanlarda Heydər Əliyev Fondunun dəstəyi  bərpa olunan ayrı-ayrı mədəni-dini irs obyektlərində işlər yüksək səviyyədə tamamlanıb.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tarixi abidələrin bərpasına dəstək verərkən onların hansı mədəniyyətlərə mənsub olmasına fərq qoymur. Həmçinin Fond tərəfindən belə fəaliyyət ölkə hüdudlarından kənarda da həyata keçirilir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin, digər belə abidələrin bərpası, Strasburq kafedral kilsəsinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası, həmçinin, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın və digər mədəni-dini irs nümunəərinin təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondu,  həmçinin məşhur Luvr və Versal saraylarında bərpa işləri həyata keçirib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda keçirilməsi ümumdünya irs obyektlərinin qorunmasına Azərbaycanın töhfələrinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Sessiyada Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul olunub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30