Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-İran münasibətlərində yeni səhifə

Azərbaycan-İran münasibətlərində yeni səhifə

17.02.2022 [10:47]

Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin imkanlarının birləşdirilməsi Azərbaycanı ən böyük beynəlxalq nəqliyyat qovşağına çevirəcək

T.AĞAVERDİEV

Bir müddət əvvəl Bakı ilə Tehran arasındakı gərginliyi izləyən müxtəlif ölkələrin “ekspertləri” iki ölkə arasında az qala müharibə olacağını proqnozlaşdırırdılar. Lakin Azərbaycan-İran münasibətlərini qızışdırmaq üçün bütün cəhdlərə (xüsusən də Ermənistan tərəfindən) baxmayaraq, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində iki ölkə arasında münasibətlər nəinki pisləşmədi, əksinə, yeni mərhələyə qədəm qoydu.

Böhran arxada qaldı və indi ölkələrimiz ikitərəfli tərəfdaşlıq əlaqələrini genişləndirir ki, bu da hər iki xalqa firavanlıq vəd edir. İran indi bütün diqqətini real iqtisadi faydalara yönəldib.

Məlum olduğu kimi, Azərbaycan İranla yanaşı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında sazişin iştirakçısıdır. Ölkəmiz bu sazişə 2005-ci ildə qoşulub. Dəhlizin məqsədi Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini (cari marşrut üzrə çatdırılma müddəti 6 həftədən çoxdur, “Şimal-Cənub” vasitəsilə bu rəqəmin 3 həftə səviyyəsində olacağı gözlənilir), o cümlədən konteynerlərin daşınması xərclərinin dəniz yolu ilə daşınması ilə müqayisədə azaltmaqdır. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri başa çatdıqdan sonra yüklərin İran ərazisindən keçməklə Bakıdan Naxçıvana birbaşa dəmir yolu ilə daşınmasını təşkil etmək mümkün olacaq. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin imkanlarının birləşdirilməsi Azərbaycanı ən böyük beynəlxalq nəqliyyat qovşağına çevirəcək.

2022-ci il yanvarın 25-də İran və Azərbaycan arasındakı Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub. Yükdaşımanın artmasına töhfə verəcək körpü 2022-ci ilin sonuna qədər tikilib istifadəyə veriləcək. Bu, “Şimal-Cənub” layihəsinin inkişafında böyük nailiyyət olacaq, çünki Astaraçay üzərindən avtomobil körpüsünün bu dəhlizə inteqrasiyası həm Azərbaycan, həm də bütövlükdə region üçün çox faydalıdır. Yeni avtomobil körpüsü ticarət dövriyyəsini daha da artıracaq, həm Azərbaycanla İran, həm də region ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Bu layihə çox vacibdir. İran və Azərbaycan arasında Astaraçay üzərində hazırda istifadədə olan körpü İkinci Dünya Müharibəsi illərində tikilib və köhnədir. Amma buna baxmayaraq, körpünün üzərindən külli miqdarda məhsul daşınır. İranın ixracı və tranziti artdığı üçün körpü son aylarda xüsusilə fəal istifadə olunur. İqtisadçılar və logistika mütəxəssisləri “darboğaz effekti” barədə yaxşı məlumatlıdırlar. Bu körpünü nəqliyyatın, o cümlədən insanların hərəkətinin ümumi dinamikasını pozan dar keçid adlandırırlar. İki ölkənin sərhədində belə vəziyyət yaranıb. Və yalnız bir köhnəlmiş və etibarsız avtomobil körpüsünün Rusiya, Azərbaycan və İran, eləcə də on milyonlarla ton yükdaşıma potensialına malik Cənubi Asiya ölkələri arasında ticarətə xidmət etməsi vəziyyəti məqbul hesab etmək olmaz. Qeyd edək ki, İranın iqtisadi və sanksiya məhdudiyyətləri ilə üzləşdiyi şəraitdə bu layihənin təşəbbüskarı və əsas investoru kimi məhz Azərbaycan çıxış edir.

“Şimal-Cənub” layihəsinin inkişafı üçün dəhlizin qərb qolu boyunca birbaşa dəmir yolu marşrutunun sonuncu çatışmayan halqası olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu xətti də böyük əhəmiyyət kəsb edir. Azərbaycan dəmir yolu xəttinin tikintisi üzrə öhdəliklərini hələ 2018-ci ildə yerinə yetirməsinə baxmayaraq, yolun İran hissəsi uzunmüddətli tikinti layihələri siyahısında qaldı. Lakin görünür, bu ildən başlayaraq İran bu məsələ ilə ciddi məşğul olmağa başlayıb. Belə ki, İran prezidenti İbrahim Rəisi Gilan vilayətinə səfəri çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinin gedişatı ilə tanışlıq zamanı Şimal-Cənub dəhlizinin İran üçün əhəmiyyətli iqtisadi faydalarını qeyd edib və hökumətin bu layihənin başa çatdırılması üçün bütün qüvvələri səfərbər edəcəyini bildirib. İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi isə bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini aktivləşdirəcək və bu məsələ İranın diqqət mərkəzindədir.

Bir neçə gün əvvəl Gilan vilayətinin qubernatoru Abbas Sabir də bu layihənin əhəmiyyətinə toxunaraq, Astara dəmir yolu terminalının üç ildən artıqdır fəaliyyət göstərdiyini və tikinti işləri başa çatdıqdan sonra onun tam gücü ilə istifadəyə veriləcəyini bildirib. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranda İslam İnqilabının qələbəsinin 43-cü ildönümü və Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransında vurğulayıb ki, İran və Azərbaycanın tranzit imkanları onların əsas üstünlüklərindən biridir. İran və Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin əsas marşrutu üzərində yerləşdiyini qeyd edən səfir Astara-Rəşt dəmir yolunun tikintisi üçün dəhliz çərçivəsində konsorsiumun yaradıla biləcəyini bildirib. Lakin bu baş verməsə, o zaman İran onu öz gücü ilə tikəcək.

Son illərdə biz dəfələrlə İranın yüksək vəzifəli nümayəndələrinin dəmir yolunun tikintisinin tezliklə başa çatması ilə bağlı bəyanatlarını eşitmişik. Bu gün isə, deyəsən, vəziyyət dəyişir. Bu, Astara-Rəşt dəmir yolunun tikintisi tarixində yeni səhifədir. Son vaxtlara qədər belə görünürdü ki, uzun müddətdir ki, yerindən tərpənməyən bu layihədə yalnız Azərbaycan tərəfi maraqlıdır, lakin bu gün İran əmin edir ki, lazım gələrsə, kənardan kömək olmadan dəhlizin çatışmayan seqmentini öz gücü ilə tamamlamağa hazırdır.

Şimal-Cənub layihəsinin potensialı milyardlarla dollarla ölçülür. Dəhliz fasiləsiz işləməyə başladıqda, ölkələr aşkar üstünlükləri olan bu layihədən dividendlər almağa çalışacaq. Elə indi də bir çox dövlətlər bu dəhlizə qoşulmaqda maraqlıdır. O cümlədən Çin. Bu ölkə anlayır ki,  Şimal-Cənub boyunca yük axınlarına təsir etməsə, bu marşrut onun rəqibinə çevriləcək. Dəhlizin perspektivləri həm də ondan ibarətdir ki, dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Hindistan Şimal-Cənuba fəal şəkildə qoşulur. Eyni zamanda, Azərbaycan, Rusiya və İran Şimal-Cənub dəhlizi çərçivəsində nəqliyyat triumviratı yarada bilər. Azərbaycan tranzit funksiyasının həyata keçirilməsindən əldə edilən dividendlərlə yanaşı, öz məhsullarının, xüsusən də kənd təsərrüfatı məhsullarının şimal və cənub istiqamətlərində ixracı üçün də üstünlük əldə edəcək. Üstəlik, respublikanın turizmdən əldə edəcəyi gəlirlər çox böyükdür.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinə qarşı da münasibətini dəyişib. Bu da sevindirici bir haldır, çünki yaxın vaxtlara qədər Tehranda bu dəhlizin xatırlanması belə çox sərt qarşılanırdı. İndi isə səfir Musəvi iddia edir ki, İran Cənubi Qafqazda bütün kommunikasiya xətlərinin bərpasını dəstəkləyir və Zəngəzur dəhlizinin açılması - Azərbaycan və Ermənistanın həll etməli olduğu məsələdir. Xatırladaq ki, yanvarın 25-də İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti Zəngilana səfər edib, burada Zəngəzur dəhlizi çərçivəsində tikilən nəqliyyat infrastrukturu obyektləri ilə tanış olublar. Rüstəm Qasimi deyib ki, İran şirkətləri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında, investisiya layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdırlar. Yəni İranın artıq Zəngəzur dəhlizinin reallığını qəbul etdiyi və onunla maraqlandığı göz qabağındadır.

Azərbaycanla İranın, xüsusən də iqtisadi sahədə yaxınlaşması həm siyasi dialoq, həm də ümumilikdə region ölkələri arasında əlaqələrin möhkəmlənməsi baxımından çox vacibdir. Və Azərbaycan dövlət başçısının uzaqgörənliyi sayəsində iki ölkə bu gün bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni və hərbi sahələrdə əməkdaşlığı genişləndirə bilər. Azərbaycanla İran arasında münasibətlərin bu yeni səhifəsini Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi hesab etmək olar.

Paylaş:
Baxılıb: 1033 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30