Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ölüm adasında son nəfəs...

Ölüm adasında son nəfəs...

06.01.2023 [10:56]

Mikayıl Müşfiqin ölümündən 85 il ötür

...Təkcə insanın deyil, torpağın, məkanın da bəxti gətirəni, gətirməyəni var. Bəli, torpaq var ki, gülüstana çevrilir, torpaq da var ki qanla suvarılır...

 Böyük Zirə adası! Xəzər dənizində - Abşeron yarımadasının cənub hissəsində yerləşən bu ada 18-ci əsrin əvvəllərinə kimi belə adlanırdı. 1719-cu ildənsə adaya “Nargin” adı verildi. Amma dəyişən təkcə adı olmadı. Bura ölümün, işgəncənin, şərin, Allahsızlığın adasına çevrildi...

Çar, sonradan SSRİ dövründə adada saysız-hesabsız insanlar qətlə yetirildi, xəstəlikdən, aclıqdan ölüb torpağa qarışdılar. Böyük Zirə adası Birinci Dünya müharibəsinə qədər həbs düşərgəsi olub. Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərlərini buraya sürgün edirmiş. Birinci Dünya müharibəsi dövründə isə əsir götürülən 10 mindən çox türk əsgəri, mülki şəxs Nargin adasına gətirilib, burada min bir işgəncə ilə öldürülüblər...

***

...Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçiləndən sonra Nargin adasına gedib, oradakı dəhşətli mənzərənin şahidi olub. O, səfərindən bir gün sonra -1917-ci il noyabrın 28-də  “Hümmət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı: “Kaş mən bu cəzirəyə (cəzirə ərəbcə “ada” deməkdir-red) getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”, “əfəndim, paltar!” sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim! Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min də bu növbəyə hazırlaşır.

...Nargin bir məzardır... Gərəkdir daşürəkli olasan da bu vicdansızlığa davam edəsən: acıqlı, hirsli halında insan insan barəsində bu dərəcə vicdansızlığa meydan versə, bəlkə də təbii ola. Fəqət mürür ilə hər saat, hər gün, həftələr, aylar, illərlə bu hərəkətdə bulunmaq insanlıq hərəkəti deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər arasında görünməyibdir”.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra onun fəalları da burada - bu ölüm adasında, Günəşin heç doğmadığı bu məkanda qətlə yetirildi. Hələ bu harasıdır? Tarix bir də repressiya dövrünü  yaşayacaqmış...

Bəli, gün gəldi, repressiya qurbanlarının qanı da bu torpağa hopdu. Xəzərin suları onların cansız bədənlərini qoynuna alıb yırğaladı,  “günahlarını” yudu... Amma bu tarixin yaşanmasına hələ illər vardı...

 **

O vaxt Mikayıl Müşfiq üçün bu dünya hələ gözəl idi.  Körpəykən anasını, atasını itirsə də, yoxsulluğun, həyatın amansız üzünü görsə də, ruhunu gözəlliklərə, sevgiyə təslim etmişdi: 

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən,

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...

Şeirə çox gənc yaşlarından könül vermişdi.  İlk  şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində çap olundu. Sonra şeirləri “Maarif və mədəniyyət”, “Komsomol” jurnallarında,  “Gənc işçi” qəzetində işıq üzü gördü. 1930-cu ildə isə “Küləklər” adlı ilk şeir kitabı çapdan çıxdı. Rus əbəbiyyatından tərcümələr də edirdi. Yaşının, yaradıcılığının ən gözəl, ən ilhamlı illəri idi 30-cu illər... Artıq Mikayıl Müşfiq olaraq tanınır, sevilirdi. O illərdə həm də “Azərnəşrdə” redaktor vəzifəsində işləyirdi. Çalışırdı, yaradırdı, öyrədirdi, yaşamaq...yaşamaq istəyirdi. “Həyat sevgisi” şerində yazdığı kimi:

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

Amma dövran elə döndü ki! Nə dost qaldı, nə aşina. Artıq Mikayıl Müşfiqə qarşı təqiblər başlamışdı, mətbuatda onun əleyhinə məqalələr yazılırdı. Şeirlərinin hər misrasında Sovet İttifaqının əleyhinə “fakt”lar aşkarlanırdı...

 Evində axtarışlar aparıldı: Türkiyədə, İranda  nəşr olunmuş kitablar, jurnallar, fotoşəkilləri, sənədləri, əlyazmaları, şəxsi əşyaları müsadirə edildi. Əlyazmaları arasında yüzlərcə şeiri, teatr üçün işlədiyi mənzum dramı, məktubları vardı. Bütün bunların hamısı yandırılıb məhv edildi.

Şairi həbs etdilər. “Günahını” boynuna almaq üçün min bir əzab verdilər: əllərinin, ayaqlarının dırnaqlarını çəkdilər, sonra içərisində su olan quyuda saxladılar. Şüşə qırıntılarının üzərində ayaqyalın gəzməyə məcbur etdilər. Amma onun iradəsini qıra bilmədilər. O, heç nəyi “etiraf” etmədi, heç kəsin üzünə durmadı...

Müşfiqin sonuncu istintaqı 1937-ci il noyabrın 27-də keçirildi. Ali məhkəmə isə  1938-ci il yanvarın 5-də güllələnmə qərarı çıxartdı.

Hökm yanvarın 6-da yerinə yetirildi! Həmin o adada! Tökülən nahaq qanları tarixin yaddaşından yuyub aparmağa heç  Xəzərin belə gücü çatmadığı o ölüm adasında! O gün Nargin adası qəlbi həyat eşqi ilə çırpınan daha bir insanın, daha bir şairin, daha bir günahsızın məzarı oldu.

**

Mikayıl Müşfiqin ölümündən sonra onun həyat yoldaşı Dilbər xanıma da təzyiqlər, sorğu-suallar edildi. Ona aylarla  işgəncələr verdilər. Əzab-əziyyətlər, sarsıntılar qadının ruhunda dərin yara açdı:  əsəb xəstəlikləri xəstəxanasına düşdü. Şairin bacılarını da rahat buraxmırdılar. Böyük bacısı Böyükxanım həbs edilməzdən öncə üstünə neft töküb özünü yandırdı. Kiçik bacısı Balacaxanımı isə əvvəlcə müəllim işlədiyi məktəbdən çıxardılar, sonra həbs etdilər...

Səfurə Çərkəzqızı 

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31