Cəhənnəm - başqalarıdır
02.07.2024 [11:16]
Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” pyesi haqqında
Əvvəli ötən sayımızda...
Göründüyü kimi, Qarsenin təklif elədiyi çıxış yolu, ideal vəziyyət zahidlərin ibadətinə, meditasiyaya bənzəyir. Bu, böyük dramaturqun azadlığa məhkumluqla tənhalığa məhkumluğu eyni həqiqət saydığını, fərdin anarxist təkliyinə varlığın ideal halı kimi dəyər verdiyini sübuta yetirir. Ancaq cəhənnəm sakinləri belə bir mənəvi nemətə tamarzıdırlar. Tezliklə sükut pozulur, kameradaşlar yenidən bir-birinə möhtac qalırlar. Estel Qarsendən güzgü istəyir, di gəl, Qarsen onu eşitmir. İnes deyir çantasında güzgü olub, fəqət kanselyariyada qeydiyyatdan keçəndə onu əlindən alıblar. Bu vaxt Estel gözünü yumub səndələyir, İnes yetişib onu yıxılmağa qoymur:
“Estel. (Gözünü açıb gülümsəyir) Məndə qəribə hiss yaranıb. (Əliylə özünü yoxlayır) Sizdə belə hallar olurmu? Özünə toxunursan, ancaq havayı yerə: sənə elə gəlir yoxsan.
İnes. Bəxtiniz gətirib. Mən öz təbiətimi həmişə hiss eləyirəm.
Estel. Mənim yataq otağımda altı güzgü var. Mən onları görürəm, ancaq heç birində əks olunmuram. Çarpayı, xalça, pəncərələr... güzgüdə görünür, hər şey, təkcə məndən başqa. Sənin əks olunmadığın güzgü necə də bomboş görünür. Kiminləsə danışanda mən elə otururdum ki, heç olmasa güzgülərdən birinə əksim düşsün. O güzgüdə danışdığıma baxa-baxa danışırdım. Özümə başqalarının gözüylə baxırdım, bu da məni əyləndirirdi...”
Özünə özgələrdən baxan Estel, demək, heç vaxt özü olmayıb, öz təbii varlığının, ekzistensiyasının hökmüylə davranmayıb, həmişə başqalarının cızdığı marşrutla hərəkət eləyib. İndi də fürsətcil İnes ondan ötrü güzgü rolunu oynamağa həvəslə razı olur, ona öz gözlərində özünə baxmaq imkanı yaradır. İnes onun zəifliyindən, başqasına möhtaclığından yararlanıb Qarsenə qısqandığı Esteli ələ keçirmək istəyir. Fəqət Estelin gözü yaraşıqlı Qarsendədir, İnesdən fərqli olaraq onun meyli qadınlara yox, kişilərədir.
Estel İnesin gözündəki kiçicik əksinə baxa-baxa dodağına boya çəksə də, çəkdiyi kobud, pinti çıxır. Bir də cəhd göstərəndə İnes onu inandırır ki, indi yaxşıdır, əsl cəhənnəm dodaqları alınıb. Estel İnesin verdiyi qiymətlə kifayətlənmir, Qarsenin də onun gözəlliyinə baxıb dəyər verməsini istəyir, təkidlə Qarseni tənhalıq yuxusundan ayıldıb onun diqqətini özünə cəlb eləyir.
Qarsen bir daha onlardan qulaq dincliyi diləyir, deyir ki, redaksiyada onun barəsində danışırlar, o da haqqında danışılanları eşitməyə çalışır. Fəqət burada dinclik yoxdur, cəhənnəm sakinləri yaşadıqları ömrə bəraət qazandırmaq üçün başqalarından müsbət rəy almalıdırlar, eynən yeni işə düzələnlərin köhnə işdən xasiyyətnamə, böyüklərdən zəmanət aldıqları kimi. Öz rəyləri, fikirləri onlara artıq yetmir, çünki özləri yoxdurlar, vaxtında layiqincə yararlanmadıqları azad seçim imkanlarını itiriblər, büsbütün başqalarının rəyinə möhtac, özgələrin fikrindən asılı qalıblar.
***
Qarsen yaxşı bilir ki, orada - yer üzündə hamı onu qorxaq sanır, bu səbəbdən heç kim ona acımır, onun xatirəsini əziz tutmur. İnes qorxaqlığını, satqınlığını, əxlaqsızlığını onun üzünə dönə-dönə vurur, məsum, yesir arvadını həyasız küçə pozğununun qulluğunda durmağa məcbur elədiyinə görə onu əclaf, yaramaz adlandırır.
Məsələ burasındadır ki, bu üç nəfərin bir-birinə tutduğu iradların, bir-birinin üzünə oxuduğu günahların hamısı həqiqətdir. Əlbəttə, həqiqət hamının - pisin də, yaxşının da karına gəldiyinə görə ən alçaq adamın da dilindən səslənə bilər. Bu cəhənnəm kamerasında da vəziyyət belədir - hamı hamının hakimi, hamı hamının cəlladı, hamı hamının cəhənnəmidir. Heç kim özünü özgələrin gözüylə görmədən, başqalarından qiymət almadan rahat yaşaya bilmir.
Qarsen qadınlardan susub öz içinə dalmağı, hər şeyi unutmağı bir daha tələb eləyəndə İnes hövsələdən çıxır:
“İnes. Unutmaq?! Bu nə uşaqlıqdır! Mən sizi öz içimdə hiss eləyirəm. Sizin sükutunuz mənim qulağımı çığırtı kimi batırır. Siz ağzınızı yuma bilərsiniz, dilinizi kəsə bilərsiniz, məgər bunlar sizin varlığınıza əngəl ola bilərmi? Fikrinizi necə, susdura bildinizmi? Mən onu eşidirəm, sizin düşüncəniz zəngli saat kimi cingildəyir, inanıram ki, siz də mənim fikrimi beləcə dinləyirsiniz. Nahaq yerə öz divanınızın üstündə domuşmusunuz, siz - hər yerdəsiniz; səslər belə mənim qulağıma tərtəmiz gəlib çatmır, çünki onlara siz də qulaq asırsınız. Hətta mənim sifətimi də oğurlamısınız: siz onu görürsünüz, mənsə yox. Bəs bu qadın? Siz onu da mənim əlimdən aldınız: əgər biz ikilikdə olsaydıq, o mənimlə bu cür davranmağa cəsarət göstərərdimi? Əsla! Əlinizi üzünüzdən götürün, mən sizə dinclik verəsi deyiləm, bunu heç arzulamayın. Siz burada oturub Budda kimi hissiz-duyğusuz bir halda özünüzə dalacaqsınız, mənsə gözlərim bağlı olsa da, duyacağam ki, bu qadın sizə paltarının xışıltısına qədər cürbəcür incə, zərif səslər, sizin görmədiyiniz təbəssümlər göndərir... Yoox! Mən özümə cəhənnəm seçməkdə azadam: sizə gözüm dolusu baxacağam, sizinlə açıq döyüşəcəyəm”.
***
Kişi düşməni İnesin təzyiqinə davam gətirməyən Qarsen onun təhqirlərini kişi düşgünü Estelin sevgisiylə kompensasiya eləməyə çalışır. Qarsen özünü bu sarışın qadına, körpə qatilinə sevdirməyə, qorxaq olmadığına dair ondan arayış almağa cəhd göstərir. Ancaq olub-keçmişləri dəyişmək mümkün deyil - Estel qorxaq kişini sevə bilməyəcəyini açıq söyləyir. Üçlük arasında nifrət, mübarizə ovqatı gücləndikcə hər kəs özünə müttəfiq tutmaqla amansız savaşı udmağa çalışır. Qarsenlə Estelin ittifaqı daha real görünür, di gəl, jurnalistin bu əxlaqsız qadını sevməyi də mümkünsüzdür, bu barədə o da açıq danışır:
“Qarsen. Mən sənə əlimdən gələn hər şeyi verməyə hazıram. Bu, çox deyil. Ancaq səni sevə bilməyəcəyəm, çünki səni çox yaxşı tanıyıram.
Estel. Sən məni istəyirsən?
Qarsen. Hə.
Estel. Mənə başqa heç bir şey gərək deyil...
Qarsen. Yanıma gəl, üzümə bax. Nə qədər ki yerdə məndən danışırlar, kiminsə mənə baxmağına ehtiyacım var. Yaşıl gözdən xoşum gəlir.
İnes. Yaşıl gözdən? Bax ha! Bəs sən necə, Estel? Qorxaqları bəyənirsənmi?
Estel. İnan ki, məndən ötrü fərqi yoxdur. Qorxaq olsun, igid olsun, təki öpüşməyi bacarsın...
Qarsen. Yerdəki dostlarım mənim qorxaq olduğum qənaətinə gəldilər. Yarım ildən sonra birini dəyərləndirəndə belə deyəcəklər: Qarsen kimi qorxaqdır. İkinizin də bəxti gətirib, sizi daha yerdə heç kim xatırlamır. Mənim qismətim dözülməzdir... Onlar məni unutmurlar. Onlardan sonra estafeti başqaları götürəcək: mənim həyatım onların əlində qaldı... Mən oyundan kənaram, onlar mənsiz nəticə çıxarırlar... Mənim ömrüm ictimai mala-mülkə çevrildi”.
Qarsen sadəlövh bir inamla düşünür ki, əgər Estellə bir-birini sevə bilsələr, hər ikisi bir-birinə saf ürəkdən inansa, cəhənnəmin bağlı qapıları onların üzünə açılar, xilas olarlar. Estel onun qorxaq olmadığına inanmaqdan boyun qaçırır, deyir ki, əgər Qarsenə inanmağını istəyirsə, birinci gərək Qarsen özü ona inansın. İnes onların mükaliməsini istehzayla qarşılayır, onun fikrincə, Estelə yalnız kişi əli, kişi qoxusu, ehtirasla parlayan kişi gözləri lazımdır, bu istədiklərini alandan sonra o, kişini Tanrıya da tay tuta bilər. Qarsen buna inanmaq istəmir, Esteldən cavab tələb eləyir, Estelsə deyir ki, belə işlərdən başı çıxmır, lazım gəlsə, lap qorxaq kişini də sevə bilər.
Bu cavabdan sonra Qarsen ondan iyrənir, qapını döyəcləyib otaqdan çıxmaq istəyir. Qapı açılanda isə heç kim, elə Qarsen özü də kameranı tərk eləmir. Qarsen soyuq ağıllı İnesə qorxaq olmadığını, başqa yolu qalmadığına görə ölkədən qaçmaq istədiyini sübuta yetirməyincə yerini dəyişə bilməz. Bu isə heç bir zaman baş verməyəcək, çünki artıq olan olub, keçən keçib, can qorxusu yaşanmış ömrə rüsvayçılıq damğasını vurub.
***
İnesi oyundan kənar qoymaq üçün Qarsenlə Estel sevgi oyunu oynamağa başlayırlar. Fəqət İnesin qəddar baxışları altında sevişmək, qovuşmaq mümkün deyil. İşıq da ki, heç vaxt sönmür - oturuşmuş təsəvvürdən fərqli olaraq Sartrın cəhənnəmi qaranlıq yox, məhz gur işıqlı yerdir. İnes deyir ki, daima göz qırpmadan onlara baxacaq, həmişə iti nəzərləri onların üstündə olacaq.
Qarsen buxarının üstündəki tunc heykəlciyə sarı gedir, ancaq onu yerindən dəbərtmək heç bir bəşər övladının gücü çatası iş deyil. Estel masanın üstündəki bıçağı götürüb İnesin üstünə atılır, ona bir neçə zərbə endirir. Fəqət ölüb ölümdən keçmiş adamı nə bıçaqla, nə zəhərlə, nə də kəndirlə yenidən öldürmək olmaz. Ölüm artıq geridə qalıb.
Bu məqamda Sartr özünün ən məşhur kəlamını jurnalist Qarsenin dilindən bəyan eləyir: “Cəhənnəm - başqalarıdır”. Bu kəlamı tərsinə də çevirmək olar: “Başqaları - cəhənnəmdir”.
Lev Tolstoy yəqin belə deyərdi ki, cənnət başqalarıdır. Ancaq Sartr Tolstoy deyil, onun nə Tanrıya, əbədiyyətə, nə ruha, nə o dünyaya, nə də cənnət-cəhənnəmə etimadı var. Bu cəhənnəm səhnəsi də bir dini metafora, yaxud fəlsəfi alleqoriyadır. Jan-Pol Sartr “Bağlı qapılar arxasında” əsəriylə dünyanı cəhənnəm səhnəsi, həyatı cəhənnəm kamerası kimi qələmə verir. Onun fəlsəfi menyüsündə ekzistensial tənhalıqdan başqa cənnət yoxdur.
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Fevral 15:33

İdman
13 Fevral 15:09

Xəbər lenti
13 Fevral 15:01

Siyasət
13 Fevral 14:48

Siyasət
13 Fevral 14:46

Gündəm
13 Fevral 14:10

Sosial
13 Fevral 14:02

İdman
13 Fevral 13:59

Gündəm
13 Fevral 13:35

İqtisadiyyat
13 Fevral 13:32

Dünya
13 Fevral 13:17

Siyasət
13 Fevral 12:54

Sosial
13 Fevral 12:53

Gündəm
13 Fevral 12:49

İqtisadiyyat
13 Fevral 11:38

Siyasət
13 Fevral 11:35

Hadisə
13 Fevral 11:26

Gündəm
13 Fevral 10:56

Siyasət
13 Fevral 10:47

Dünya
13 Fevral 10:33

Siyasət
13 Fevral 10:31

İqtisadiyyat
13 Fevral 10:31

Dünya
13 Fevral 10:29

Sosial
13 Fevral 10:14

Siyasət
13 Fevral 09:55

Dünya
13 Fevral 09:53

Dünya
13 Fevral 09:53

İdman
13 Fevral 09:52

Sosial
13 Fevral 09:51

Dünya
13 Fevral 09:50

İqtisadiyyat
13 Fevral 09:48

Analitik
13 Fevral 09:46

Dünya
13 Fevral 09:36

Ədəbiyyat
13 Fevral 09:12

Dünya
13 Fevral 08:58

Ədəbiyyat
13 Fevral 08:43

MEDİA
13 Fevral 08:31

Sosial
12 Fevral 23:48

Xəbər lenti
12 Fevral 23:36

İdman
12 Fevral 23:12

Sosial
12 Fevral 22:51

Sosial
12 Fevral 22:38

Mədəniyyət
12 Fevral 22:14

Dünya
12 Fevral 21:54

Dünya
12 Fevral 21:38

Sosial
12 Fevral 21:15

Sosial
12 Fevral 20:50

Dünya
12 Fevral 20:35

Sosial
12 Fevral 20:17

Xəbər lenti
12 Fevral 19:57

İqtisadiyyat
12 Fevral 19:38

Sosial
12 Fevral 19:32

İdman
12 Fevral 19:31

Dünya
12 Fevral 19:14

Siyasət
12 Fevral 18:50

Dünya
12 Fevral 18:37

Gündəm
12 Fevral 18:28

YAP xəbərləri
12 Fevral 18:27

YAP xəbərləri
12 Fevral 18:11

YAP xəbərləri
12 Fevral 18:09

Dünya
12 Fevral 18:05

Gündəm
12 Fevral 17:25

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:13

Sosial
12 Fevral 17:01

Sosial
12 Fevral 17:00

Dünya
12 Fevral 16:10

Dünya
12 Fevral 15:46

Siyasət
12 Fevral 15:41
