Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı siyasi hakimiyyətlərin fövqündə dayanır

Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı siyasi hakimiyyətlərin fövqündə dayanır

14.04.2009 [17:06]

Tarixin bütün sınaqlarından üzüağ çıxmış xalqlarımız həlledici məqamlarda öz sözünü deməyi bacarır
Müəyyən qisim dövlətlər var ki, bəşəriyyət tarixinə bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər. Bəli, bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Məhz buna görə də Türkiyə və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı bütün siyasi hakimiyyətlərin fövqündə dayanıb. çox da uzağa getməyib, ötən əsrin əvvəllərindən etibarən cərəyan edən hadisələrə yenidən nəzər salsaq dediklərimizin öz təsdiqini tapdığının şahidi olarıq.
çanaqqalada Azərbaycan izi
Beləliklə, Türkiyə ilə Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin inkişaf mərhələsi kimi ötən əsrin əvvəllərini göstərmək olar. Daha doğrusu, Birinci Dünya Müharibəsinin başlanması, həmçinin, çar Rusiyasının parçalanması nəticəsində ortaya çıxan yeni şərait Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxından dəstək olması zərurətini yaratdı. Tarixdən məlum olduğu kimi, çanaqqala savaşının əsası 1914-cü ilin yayında baş verən Birinci Dünya Müharibəsində qoyulub. Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macarıstan tərəfində Antantaya (İngiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilib. Bu da çanaqqala boğazını ələ keçirərək Almaniyanı Osmanlının dəstəyindən məhrum etmək, eyni zamanda, dünyanın qoca bir imperiyasını yer üzündən silmək üçün müttəfiq qüvvələrin (Antanta) əlinə bəhanə verib. Lakin əvvəl çanaqqalanı, sonra isə bütövlükdə Türkiyəni ələ keçirmək ümidi ilə yaşayan düşmənin arzusu puç olub. 250 mindən çox şəhid verən Türkiyə çanaqqala döyüşü ilə dünya tarixinə yeni bir türk zəfərinın adını yazıb. Onu da qeyd etmək yerinə düşər ki, çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşərək, şəhid olublar. Eyni zamanda, son illərdə işıq üzü görən kitablardan oxumuşuq ki, yüzlərlə azərbaycanlı Balkan savaşlarında, çanaqqala savaşlarında, daha sonra Türkiyənin İstiqlal savaşında döyüşüb, şəhid olublar. TRT-nin Bakı bürosunun keçmiş rəhbəri Əbdülhəmid Afşarın tədqiqatlar nəticəsində ortaya çıxardığı, Geliboludakı türk şəhidliklərində azərbaycanlılarla bağlı qəbirlər çanaqqala zəfərində bizim də izimizin olmasını təsdiqləyir.
Konkret olaraq çanaqqalada üzərlərində “Təbriz” və “Tiflis” sözləri yazılan qəbir daşlarına dair isə bəzi ehtimallar var. 1915-ci ildə Rusiya və Osmanlı Türkiyəsi müharibə aparırdılar, həmin vaxt azərbaycanlıların kütləvi şəkildə çanaqqalaya yardıma getməsi mümkün deyildi. Amma bəzi məlumatlara görə, ilk dövrlər az sayda da olsa Azərbaycan türkü məhz Tiflisdə toplanaraq çanaqqala cəbhəsinə yola düşüb, Türkiyə türkünün harayına çatmağa çalışıb. Eyni zamanda, Güney Azərbaycanda soydaşlarımızın Osmanlı İmperiyasının tərəfində vuruşmaq üçün Geliboluya getməsi daha asan idi. Böyük ehtimalla, ikinci bir toplanış yeri Qarakilsə (indiki Cənubi Azərbaycan ərazisində, Naxçıvan yaxınlığında) idi.
Yəni, çar Rusiyasının əsarətinə baxmayaraq, Azərbaycan xalqı düşmənin hücumuna məruz qalan Türkiyəyə öz qardaşlıq əlini uzadıb. Və türk qardaşlarımız bu yaxşılığı heç zaman unutmayıblar.
Azərbaycan üçün canlarından keçən türk əsgərləri
Belə ki, qısa müddətdən sonra Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada bir qəhrəmanlıq tarixinin yazılmasına səbəb olublar. Məhz Nuru Paşanın rəhbərlik etdiyi ordunun 1918-ci ildə gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alınıb. Həmin vaxt Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin işğalından qurtarmaq, insanlarımızın kütləvi şəkildə soyqırımının qarşısını almaq üçün xeyli sayda türk əsgəri şəhid olub. SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmağa çalışıblar. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdıqları məzarları müqəddəs ocaqlar adı altında qoruyub saxlayıblar. Və hazırda həmin məzarlıqların hər birinin üzərində xatirə abidələri ucalır. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin də məhz Azərbaycanın qürur yeri olan Şəhidlər Xiyabanında ucaldılması Türkiyə və Azərbaycan xalqlarının hər zaman birlikdə olduqlarının növbəti təsdiqidir.
Xalqlarımız növbəti dəfə bir arada
XX əsrdə ikinci dəfə tarixi şərait yarandıqdan və Azərbaycan xalqı müstəqillik qazandıqdan, dövlət qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə Cümhuriyyəti oldu. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamından güc alan rəsmi Ankara Azərbaycan Respublikasının tanınmasına dair qərar verdi. Ortaya çıxan yeni situasiya və xalqların bir-biri ilə sıx bağlılığı, eyni zamanda, dövlətlərimizin də çiyin-çiyinə verərək dayanmasını zəruri edirdi. Onu da qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət iki dövlət” mərhələsinin əsasını qoydu. Bundan əvvəl isə iki qardaş xalq və ölkə arasında “ümid körpüsü” adlı daha bir tarixi dastan yazıldı.
İnsanlara ümid verən “ümid körpüsü”
1992-ci il mayın 28-i dili, dini, mənəviyyatı, ruhu bir olan iki xalqın bir-birinə qovuşdurulması, yurddan-yurda, könüldən-könülə körpü salınması və ən nəhayət, agır blokada vəziyyətində boğulan bir diyarın - Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi və yaşaması üçün atılan önəmli bir addım baxımından tarixə qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan-Türkiyə sərhədində salınan, rəmzi adı “ümid körpüsü” olan həyati bir layihə reallaşdırıldı.
1992-ci il may ayının 28-də Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitəsi nümayəndələri ilə birgə Araz çayı üzərində uzunlugu 288 metr, eni 12 metr, ümumi smeta dəyəri 5 milyon manat olan yeni körpünün - “ümid körpüsu”nün açılışını gerçəkləşdirmək üçün Naxçıvana gəldi. Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.
10 minlərlə türkiyəli və azərbaycanlının iştirakı ilə keçirilən tarixi açılış mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev xalqlarımız arasında uzun illərdən bəri davam edən həsrət və intizarın sona çatmasına işarə edərək dedi: “Bu gün arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi”.
Həmin dövrdə Naxçıvan MR Ali Məclisinin sədri olan, ulu öndər Heydər Əliyev “ümüd körpüsü”nün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarla Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etdi.
Qeyd etmək yerinə düşər ki, həmin vaxt “ümid körpüsü”nün açılışını zəruri edən dövlət adamlarının istəyi ilə yanaşı, xalqların da bir-birinə dəstək olmaq arzusu idi. Türkiyə xalqının dost və qardaş Azərbaycana, onun ayrılmaz bir parçası olan Naxçıvana kömək etmək istəyindən güc alan Türkiyə hakimiyyəti böyük həvəslə bu arzunun reallaşdırılmasını təmin etdi.
Sizin dərdiniz bizim də dərdimizdir
“17 avqust Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada - Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir. Biz bir millətik. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamlarını, sözlərini daim xatırladaraq deyirəm ki, Türkiyənin ələmi Azərbaycanın ələmidir, Türkiyənin sevinci Azərbaycanın sevincidir”. Bunu ümummilli lider Heydər Əliyev 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkəyə etdiyi səfər zamanı bəyan etmişdi.
Bəli, ulu öndərin də qeyd etdiyi kimi 17 avqust zəlzələsi türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Məhz həmin günlər, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı. Kimisi evində olan pal-paltarını, kimisi sabahı üçün ehtiyatda saxladığı pulunu, kimisi isə evində olan ərzağını götürüb Türkiyənin Bakıdakı səfirliyinə yollandı. Həmin vaxt Bakıdakı türk diplomatlarını kövrəldən bir hadisə isə hələ də yaddaşlardan silinməyib. özünə velosiped almaq üçün kassasına pul yığan kiçik bir uşaq atası ilə birlikdə səfirliyə gəlmişdi. Əlində də həmin xırda qəpik pulların olduğu kassa. Həmin uşaq “kassadakı pulları da Türkiyədə zəlzələdən zərər çəkənlərə göndərmək istəyirəm” demişdi. Bax, əslində, bu, Türkiyə-Azərbaycan xalqlarının qardaşlığının tarixinə vurulacaq ən şərəfli möhürlərdən biri idi. Lakin bu, azərbaycanlı uşaqların Türkiyəyə yardım etməsinə dair sonuncu fakt deyil.
Azərbaycanlı məktəblilərindən türk əsgərlərinə dəstək
2007-ci ildə Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayarkən, Bakıda yerləşən 193 saylı orta məktəbin 8b sinif şagirdləri Türkiyə səfirliyinə üz tutmuşdular. 21 noyabr 2007-ci il tarixində Türkiyə səfirliyini ziyarət edən həmin şagirdlər öz cib xərcliklərindən topladıqları pulu terrorla mübarizəyə dəstək olmaq məqsədilə Türk Silahlı Qüvvələrinə vermək istədiklərini bildirmişdilər. özünün bir aylıq maaşını da vermək arzusunda olan sinif müəllimləri Elbrus Hüseynovun rəhbərlik etdiyi 13-14 yaşlarındakı 26 şagird, Türkiyəyə verdikləri mənəvi dəstəyi özlərinə bir vəzifə olaraq gördüklərini ifadə etmişdilər.
Həmin vaxt şagirdlərlə görüşən Türkiyənin Bakıdakı o zamankı səfiri Hüseyn Avni Qarslıoğlu bu addımın Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının bir təzahürü olduğunu bildirərək toplanan pulun xeyirli məqsədlər üçün Azərbaycana sərf edilməsini istəmişdi. Yuxarıda sadaladığım bu iki fakt Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əlaqələrinin tarixi köklərə söykənməklə yanaşı, əbədi olacağına da işarə edir. çünki, bu faktlar yaşlılar kimi gələcəyimiz olan uşaq və gənclərin də qardaşlıq əlaqələrinə bağlı olmasını təsdiqləyir. Bu iki xalqın gələcəyi olan uşaq və gəncləri narahat edən əsas məqam isə ümumi düşmənimizlə bağlıdır.
İki qardaşın bir düşməni-erməni
Daha dəqiq desək, taleyin qismətindən Türkiyə ilə Azərbaycanın kökləri, maraqları bir olduğu kimi, düşməni də birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, hələ bu azmış kimi, qondarma “erməni soyqırımı” iddiasından əl çəkmək istəmir. Zaman-zaman türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər bizləri zəif salmaq üçün hər addıma əl atıblar. ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə kütləvi soyqırımlar həyata keçirən erməni cəlladları xaricdəki havadarlarının köməyindən istifadə edərək, hər zaman “sudan quru çıxmağı” bacarıblar. Bu azmış kimi, özlərini “əzilmiş”, “məzlum” xalq kimi qələmə verərək, müasir Türkiyəyə qarşı “soyqırımı” davasına başlayıblar. Bu gün okeanın o tayından da dəstək alan ermənilərin həmin davasındakı yeni mərhələ isə, təbii olaraq, Azərbaycan və Türkiyə xalqlarını narahat etməkdədir. çünki erməni planının növbəti mərhələsində qardaş və əbədi müttəfiq olan Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək kimi məkrli niyyətlər dayanır. Bunun üçün isə “Türkiyə-Ermənistan sərhədləri açılacaq” informasiyası dövriyyəyə buraxılıb.
Son söz yenə də xalqlarındır
Lakin xalqlarımız təkcə narahatlıq keçirməklə kifayətlənmir, eyni zamanda, düşmənin planının ifşa edilməsi üçün öz səsini ucaldır. Bu gün Bakıda, Sumqayıtda, Gəncədə, ümumiyyətlə, Azərbaycanın müxtəlif yerlərində səslənən “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz” şəklindəki etirazlara Ankaradan, İstanbuldan, İzmirdən, ümumiyyətlə, Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verilir. Bu isə xalqlarımızın yenə də çəkici bir zindana vurmasına işarə edir. Yəni, görünən odur ki, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı siyasi hakimiyyətlərin fövqündə dayanır. Və yuxarıda sadalanan bütün məqamlarda olduğu kimi bu məsələdə də həlledici söz xalqlarımızın olacaq. çünki 1914-1915-ci ildə azərbaycanlıları çanaqqala savaşında iştirak etməyə, 1918-ci ilə türkləri Azərbaycanın işğaldan azad olunmasında iştirak etməyə və digər vaxtlardakı addımların atılmasına hansısa siyasi hakimiyyət qərar verməmişdi. Deməli, son qərar bütün həlledici məqamlarda öz sözünü deməyi bacaran Azərbaycan və Türkiyə xalqlarınındır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1360 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30