Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə: xarici siyasətin üç istiqamətində dəyişikliklər

Türkiyə: xarici siyasətin üç istiqamətində dəyişikliklər

25.09.2014 [10:07]

ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı koalisiya yaratmaq planı bir sıra geosiyasi məqamları üzə çıxardı. Bu sırada rəsmi Ankaranın ənənəvi müttəfiqinin “sözünə nə dərəcədə əməl edəcəyi” məsələsi maraq doğururdu. Türkiyə bu dəfə Amerikaya “yox” dedi. Bu, bir neçə il əvvəl İraqdakı əməliyyatlara qoşulmamaqdan daha təsirli amil sayılır. Qərb analitikləri hətta Ankaranın müttəfiqlikdən imtina etdiyi haqqında fikirlər də irəli sürürlər. Ancaq Türkiyənin xarici siyasətinə bir qədər obyektiv və geniş yanaşdıqda, başqa bir mənzərə yaranır. Aydın olur ki, bütövlükdə Türkiyənin xarici siyasəti transformasiyalara uğrayır. Onun əlamətlərindən biri kimi Ankaranın Yaxın Şərq, Qafqaz və Rusiya siyasəti diqqəti çəkir.
Müstəqil siyasət: Ankara iradə nümayiş etdirir
Türkiyədə prezident seçkisindən sonra ölkənin xarici siyasətində yeni məqamların özünü göstərəcəyini proqnozlaşdırırlar. Artıq bunu təsdiqləyən bir sıra hadisələr baş verib. Rəsmi Ankara çoxlarını təəccübləndirən və eyni zamanda, düşündürən addımlar atır. Onların sırasında Yaxın Şərq, Qafqaz və Rusiya istiqamətində yeridilən siyasəti göstərmək olar.
Qərbdə Ankaranın Vaşinqtonun təkliflərinə etiraz etməyəcəyini düşünürmüşlər. Lakin Con Kerri İŞİD məsələsinə görə bir qədər soyuq qarşılandı. Türkiyə rəhbərliyi bu terror qruplaşmasına qarşı mümkün hərbi əməliyyatlarda iştirak edə bilməyəcəyini bəyan etdi (bax: Ankara, IŞİD’le mücadele metnini imzalamadı / “Zaman”, 12 sentyabr 2014). ABŞ dövlət katibi Ankaraya 10 ərəb dövlətinin razılığını alaraq gəlmişdi. Amerikalı diplomat Türkiyənin də razılığını qazana biləcəyinə ümid edirdi.
Lakin Qərbin siyasi dairələri Kerri-Ərdoğan görüşündən sonra bir qədər pərişan oldular. Türkiyə rəhbərliyi İŞİD-in əlində 49 türk diplomatın saxlandığını deyərək, Vaşinqtonun təklifini rədd etdi. Hətta artıq azad olunsalar belə, türkiyəli əsirlərlə bağlı məsələdə Türkiyə öz Qərb tərəfdaşlarından razı qalmadı. Lakin məsələ İraqda ABŞ-ın maraqlarının pozulmasına gəldikdə, vəziyyət dəyişdi. Bu səbəbdən Ankara Vaşinqtonun səmimiliyinə şübhə ilə yanaşır.
Maraqlıdır ki, Fransa və Almaniya da ABŞ-ın yaratdığı koalisiyaya qatılmaq istəmir. “Reuters” informasiya agentliyinə fransız diplomatlardan biri deyib ki, “Biz Amerikanın oyuncağı olmaq istəmirik. İndiyə qədər Vaşinqton əsl məqsədini anlatmayıb” (bax: ABD’nin müttefikleri, IŞİD operasyonuna karşı temkinli / “Zaman”, 14 sentyabr 2014). Deməli, rəsmi Ankaranın ehtiyatlı hərəkət etməsi səbəbsiz deyil. İŞİD terrorçularına qarşı koalisiya yaratmaqla Vaşinqton daha çox Yaxın Şərqdə imicini yeniləşdirməyə çalışır.
Məlumdur ki, son illər müsəlman ölkələri ABŞ-a qarşı soyuq davranırlar. Bir sıra dövlətlər ona hətta düşmən münasibəti bəsləyirlər. Təbii ki, dünya lideri funksiyasını itirmək istəməyən bir ölkə üçün bu cür yanaşma qəbuledilməzdir. Bu səbəbdən 30 müsəlman və xristian ölkəsinin də daxil olduğu antiterror koalisiyası yaratmaq həm də bir güc nümayişidir.
Bu kontekstdə Ankaranın Amerikanın təklifini rədd etməsinin ciddi geosiyasi çalarları vardır. Bu, o deməkdir ki, artıq Türkiyə regionda kənar dövlətin imici üçün çalışmayacaq. Ankaranın Yaxın Şərq siyasəti yeni hədəflərə xidmət etməlidir. Ekspertlərin rəyinə görə, söhbət Türkiyənin regional lider olmaq üçün daha geniş miqyasda fəaliyyətə başlamasından gedir. Həmin aspektdə onun Qafqaz və Rusiya istiqamətindəki siyasətində də yeniliklərin baş verdiyi haqqında fikirlər səsləndirilir.
Bu barədə hətta erməni ekspertlər yazırlar (bax: məs., İqorğ Muradən. Rossiə-Turüiə: reqionalğnıe interesı / Lragir.am, 14 sentyabr 2014). Maraqlıdır ki, ermənilər bu məsələni birmənalı olaraq Rusiya-Türkiyə əməkdaşlığının yeni səviyyəyə qalxması kontekstində qiymətləndirirlər. Ankaranın Qafqazda söz sahibi olmasına Moskvanın yardım göstərdiyi iddia edilir. Bunun həqiqət olduğunu düşünmürük. Ancaq Rusiya-Türkiyə münasibətlərinin məzmununda yeni çalarların meydana gəlməsi bir zərurətdir. Qlobal miqyasda dünyanın yeni geosiyasi nizamı formalaşırsa, Ankara və Moskva Qafqazdakı maraqlarını uzlaşdırmalıdırlar. Əlavə olaraq, burada İran amilini də nəzərə almaq lazımdır.
Son vaxtlar Türkiyə ilə İran arasında geosiyasi aspektdə yaxınlaşma hiss edilir. Türkiyə ilə yanaşı, İŞİD terror qruplaşmasına qarşı koalisiyaya İran da ehtiyatla yanaşır. Ekspertlərin fikrinə görə, bu, Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyanın meydana gəlməsinə təkan verə bilər. Hələlik bunun dəqiq konturları bəlli deyil. Lakin Türkiyənin xarici siyasətində müşahidə edilən transformasiyalar bu imkanın gerçəkləşə biləcəyini istisna etmir. Bununla yanaşı, Ankaranın Qafqaz siyasətinin bir sıra məqamlarını da unutmaq olmaz.
Üç istiqamətin uyğunlaşdırılması: türk siyasətinin sınağı
Türkiyə Cənubi Qafqaz istiqamətində aktiv siyasət yeridir. Onun Azərbaycan və Gürcüstanla intensiv surətdə əlaqələr qurduğu hamıya məlumdur. İndi bir çox sahələr, o cümlədən, təhlükəsizlik üzrə Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf etdiyi müşahidə olunur. Bu prosesin daha da genişlənməsi ehtimalı yüksəkdir. Faktiki olaraq, Ankara regionda fəal geosiyasi aktor statusundadır. Deməli, onun Moskva ilə münasibətlərində də irəliləmələr baş verməlidir. Digər tərəfdən, Türkiyə enerji layihələri istiqamətində Azərbaycanla birgə addımlar atır.
Bu iki məqam onu göstərir ki, Ankara Yaxın Şərq, Ukrayna və Cənubi Qafqaz siyasətində birtərəfli mövqe tutmayıb. O həm Qərb, həm də Rusiya ilə müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirir (bax: USAK Başkan Yardımcısı Prof. Dr. Selçuk Çolakoğlu Yeni Dönemde Türk Dış Politikasını Değerlendirdi / www.usak.org.tr, 15 avqust 2014). Burada özünü göstərən əsas məqam Ankaranın bütün istiqamətlərdə addımlarını bir-birinə uyğunlaşdırmasıdır. Yaxın Şərq-Qafqaz-Ukrayna istiqamətində sistemli xətt yeridilir.
Bunlardan belə nəticə hasil olur: Ankaranın xarici siyasətində lider dövlətə xas olan əlamətlər artır. Təbii ki, burada bütün məsələlərin həll edildiyini düşünmək yanlışlıq olardı. Əsas odur ki, Türkiyə regional miqyasda əvvəlki dövrlərdən bir qədər fərqli mövqe tutmağa başlayıb. Onun qarşısında duran ən böyük maneələrdən biri Dağlıq Qarabağ məsələsidir.
Bu barədə Türkiyə rəsmiləri dəfələrlə fikir bildiriblər. Doğrudan da, əgər söhbət real liderlikdən gedirsə, Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində təsiredici rol oynamalıdır. Türkiyə rəhbərliyinin son addımları göstərir ki, Ankara bunu tam anlayır və daha fəal hərəkət etməyə çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Uels sammitində Azərbaycanın haqq səsini bir daha bütün dünyaya çatdırdı. O vurğuladı ki, Dağlıq Qarabağ Türkiyə üçün strateji məsələdir. Deməli, Ankaranın münaqişənin həlli istiqamətində yeni addımlar atacağını proqnozlaşdırmaq olar.
Çox güman ki, bunları Qərbdə və Rusiyada yaxşı bilirlər. Ermənistanlı analitiklər də məqalələrində Ankaranın Dağlıq Qarabağ məsələsində fəallığından narahat olduqlarını bildirirlər. Erməni təhlilçi bununla bağlı yazır: “Rusiya elə bir çıxılmaz və arzuolunmaz vəziyyətə düşüb ki, bir çox məsələlərdə Türkiyəyə güzəştə getməyə hazırdır. Bu sırada daha çox razılaşdırılmış problem Ermənistan-Qarabağdır” (bax: İqorğ Muradən. Rossiə-Turüiə: reqionalğnıe interesı / Lragir.am, 14 sentyabr 2014).
Bu nəticənin nə dərəcədə əsaslı olduğunu demək çətindir. Lakin belə qənaətlər Ankaranın Cənubi Qafqazda fəallığından qaynaqlanır. Bizcə, Türkiyənin bu istiqamətdə konkret dönüş etdiyini söyləmək hələlik tezdir. Başlıca məqam ondan ibarətdir ki, Ankara daha güclü şəkildə öz iradəsini ortaya qoyur.
Həmin kontekstdə Türkiyənin Rusiya siyasətində çox ehtiyatlı davranması məntiqlidir. Moskva kifayət qədər güclü tərəfdaşdır, onun Cənubi Qafqaz, Ukrayna və Mərkəzi Asiyada böyük maraqları var. Bu səbəbdən Kremlin iradəsini nəzərə almadan həmin regionlarda fəaliyyət göstərmək doğru olmazdı. Görünür, Ankara bunları əsas tutaraq Moskva ilə əməkdaşlığı dərinləşdirməklə mövqeyini möhkəmlətməyə çalışacaq.
Belə bir vəziyyət bir sıra Qərb analitiklərini qıcıqlandırır. Onlar Türkiyənin artıq ABŞ-ın müttəfiqi olmadığı kimi qərəzli tezislər irəli sürürlər. Ancaq bir şey aydındır ki, hər bir güclü dövlət ilk olaraq öz maraqlarını düşünür.
Newtimes.az

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30