“Monro doktrinası”: alternativ varmı?
06.09.2014 [09:39]
Qlobal geosiyasətdə ciddi dəyişikliklərin getdiyi haqqında mütəxəssislər tez-tez yazırlar. Bu sırada Pekinin yeritdiyi xarici siyasətə ayrıca yer verilir. O cümlədən, Latın Amerikası ölkələri ilə əməkdaşlıq məsələsində Çinin kifayət qədər fəal davrandığını etiraf etmək lazımdır. Bu kontekstdə məlum “Monro doktrinası”nın artıq “köhnəldiyi”ndən bəhs olunur. Beynəlxalq münasibətlərin fərqli nizamlama sisteminə ehtiyacı yaranıb. Lakin hələlik hansısa yeni bir doktrina yoxdur. Buna baxmayaraq, Çinin Cənubi Amerika dövlətləri ilə əlaqələrində maraqlı dinamika müşahidə olunur. Həmin məqam dünya siyasətinə öz ciddi təsirini göstərir. Pekinin qlobal miqyasda fəallığını artırmaq niyyətində olduğu bəlli olur.
“Amerikaya müdaxilə etmə!”
Çinin Latın Amerikası siyasəti Qərbi narahat edir. Statistik məlumatlara görə, Pekin 2000-ci ildən həmin qitə ölkələrinə sərmayə qoyuluşunu 12,6 milyard ABŞ dolları həcmindən 261,6 milyard dollara qədər artırıb. Bu, kifayət qədər sürətli irəliləyişdir. Lakin məsələ yalnız rəqəmlərdə deyil. Analitiklərin qənaətinə görə, Çin konseptual səviyyədə yeni xarici siyasət kursu reallaşdırır. Bu məqamda Pekin faktiki olaraq, “Monro doktrinası”nı inkar edən sistem ortaya qoyur (bax: İqorğ Denisov. Kitay protiv otkormlennıx i skuçaöhix / “MQİMO Universitet”, 11 avqust 2014).
Məlumdur ki, tarixdə “Monro doktrinası” kimi tanınan və XIX əsrin 20-ci illərindən ABŞ-ın xarici siyasətinin əsasını təşkil edən prinsiplər bütövlükdə beynəlxalq münasibətlər sisteminə ciddi təsir edib. İdeyanın müəllifi həmin dövrdə Amerikanın dövlət katibi olmuş Con Kuinsi Adams idi. Onun formalaşdırdığı müddəaları ABŞ-ın beşinci prezidenti Ceyms Monro Konqresə məruzə edib. Orada Amerika qitəsinə hər hansı Avropa ölkəsinin müdaxiləsi Vaşinqtonun milli maraqlarına toxunma kimi qiymətləndirilib. Amerika qitəsinin hər hansı bir ölkəsi müstəqillik əldə edirsə, buna bütün dünya dövlətləri hörmətlə yanaşmalıdır.
Belə bir doktrinanın meydana gəlməsi təsadüfi deyildi. Həmin dövrdə Rusiya, Prussiya, Avstriya və Fransa İspaniyanın keçmiş müstəmləkələrinə mümkün müdaxiləni müzakirə ediblər. Bununla Avropanın böyük dövlətləri Amerikadakı bir sıra ölkələrə nəzarəti ələ keçirmək niyyətlərini ortaya qoyublar. Rəsmi Vaşinqton məhz bu cəhdə çevik reaksiya verərək kontinental siyasi güclərin dünya ağalığı məqsədinin qarşısını kəsib.
C.Monro Konqresə müraciətində açıq bildirib ki, avropalıların siyasi sisteminin Amerika qitəsində tətbiq edilməsinə qətiyyən imkan vermək olmaz. O, ABŞ-ın fərqli siyasi sistemə malik olduğunu və onu başqa sistemlə əvəz etməyin mümkünsüzlüyünü vurğulayıb.
Göründüyü kimi, “Monro doktrinası” hər şeydən əvvəl siyasi xarakterlidir. Bununla ABŞ Amerika qitəsinə kənar müdaxilənin yolverilməzliyini konkret konsepsiyada ifadə etmiş oldu. Həmin dövrdən bu yana bu şərtlərə əməl olunur. O cümlədən, Latın Amerikası ölkələri üzərində ABŞ-ın hökmranlığı bu və ya digər formada təmin edilir.
İndi isə mütəxəssislər “Monro doktrinası”nın öz təsirini itirdiyini vurğulayırlar. Bunu təsdiqləyən faktlardan biri kimi Amerikanın dövlət katibi Con Kerrinin 2013-cü ildə Amerika Dövlətləri Təşkilatının qərargahındakı çıxışı göstərilir. C.Kerri o zaman qitə ölkələrini bərabərhüquqlu tərəfdaş olaraq qəbul etdiklərini bildirmişdi.
Bu fikirləri bəzi Çin ekspertləri “məcburi etiraf” kimi qiymətləndiriblər. Ola bilər ki, bu, belədir. Ancaq Vaşinqtonun xarici siyasət kursunda ciddi dəyişikliklər etdiyini də nəzərə almaq gərəkdir. Həmin aspektdə C.Kerri, sadəcə olaraq, yeni reallıqları ifadə etmiş olur.
Bunların fonunda Pekinin Latın Amerikası ölkələri istiqamətində yeritdiyi siyasətin düşünülmüş, hərtərəfli və strateji mahiyyətli olduğu fikrini irəli sürmək olar. Çin prezidentinin həmin qitəyə son səfərində məşhur futbolçu Pelenin “ən vacib qol növbəti vurulan qoldur” fikrinə siyasi məzmun verməsi bu mənada çox düşündürücü təsir bağışlayır.
Pekin oyun qaydalarını dəyişir?
Rəsmi Pekinin bir-birinin ardınca təklif etdiyi layihələr hətta ən güclü dövlətləri belə heyrətləndirir. Məsələn, Çinlə diplomatik münasibətləri olmayan Nikaraquada belə “Nikaraqua kanalı” adlanan bir neçə milyard dollarlıq layihənin reallaşdırılması nəzərdə tutulur. Argentina və Braziliyanın xarici ticarətində Pekin önəmli yer tutur. Peru ilə əlaqədar nəhəng proqramlar həyata keçirilir. Maraqlıdır ki, bütün bunlar Çinin üzdə hər hansı siyasi və geosiyasi maraq güdmədiyi fonda baş verir.
Məsələnin bu tərəfi ilə bağlı Çin dövlət başçısı obrazlı fikir söyləyib. O, Meksikada mühacirlərlə görüşü zamanı deyib ki, “bir sıra harınlamış və tənbəl ölkələr əlini Çinə uzadıb, onun siyasətini tənqid edirlər”. Ancaq onlar anlamaq istəmirlər ki, “Çin nə inqilab ixrac edir, nə kasıblıq və aclıq yaradır, nə də heç kimə başağrısı vermir” (bax: İqorğ Denisov. Kitay protiv otkormlennıx i skuçaöhix / “MQİMO Universitet”, 11 avqust 2014).
Bütün bunlar, sözün həqiqi mənasında, ABŞ-ın Latın Amerikası ölkələrində nüfuzunun aşağı düşdüyünə dəlalət edir. Burada digər böyük dövlətlərin həmin regiondakı fəaliyyətini nəzərə almaq gərəkdir. Qitənin Braziliya, Argentina, Peru və başqa güclü dövlətləri də artıq Vaşinqtonun siyasi və iqtisadi iradəsi altında qalmaq istəmirlər.
Çinin Latın Amerikasında öz mövqeyini möhkəmləndirməsi təkcə ABŞ-ı narahat etmir. Avropa İttifaqı və Rusiya da bu cür gedişatdan narazıdırlar. Ancaq onlar da müəyyən məqamlarda Pekinin hərəkətlərinə haqq qazandırırlar. Çünki söhbət 200 ildən çoxdur ki, beynəlxalq münasibətlər sistemində yer almış və “Amerika amerikalılar üçündür” tezisinə əsaslanan bütöv bir doktrinanın çökməsindən gedir.
Bəs “Monro doktrinası”nı hansı yeni yanaşma əvəz edə bilər? Bəzi ekspertlər obrazlı olaraq “Szinpin doktrinası”ndan danışırlar. Lakin rəsmi səviyyədə hələlik heç bir yeni sistem mövcud deyil. Problemin çətinliyi bundadır ki, “Monro doktrinası” aradan qalxarsa, onda bu, avtomatik olaraq ABŞ-ın yad siyasi sistemləri qəbul etməsi anlamına gələr. Məsələn, Amerikanın siyasi sistemində Avropa və ya Çinin siyasi sisteminin elementləri yer ala bilər. Vaşinqtonun buna razı olacağı ağlabatan görünmür. Çünki bu halda dünya boyu təsiri olan demokratiya, insan haqları, söz azadlığı və s. kimi dəyərlər özünün indiki yerini itirmiş olur. Bu isə qlobal miqyasda Amerika dəyərlərinin iflası deməkdir. Çətin ki, rəsmi Vaşinqton bu cür gedişatla barışsın.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, ABŞ beynəlxalq münasibətlər sistemində yalnız bəzi yeniləşmələrə etiraz etməz. Mütəxəssislərin tez-tez “yeni dünya nizamı formalaşır” fikrini irəli sürməsi hələlik daha çox nəzəri xarakter daşıyır. Konkret olaraq hansı yeni sistemdən söhbət getdiyi məlum deyil.
Digər tərəfdən, rəsmi Pekin hansısa yeni doktrina hazırladığını inadla inkar edir. Çin, ümumiyyətlə, bu cür yanaşmanı qəbul etmədiyini, heç bir siyasi və ideoloji məqsəd güdmədən qarşılıqlı faydalı əməkdaşlıq modelinə üstünlük verdiyini deyir. Doğrudan da, Latın Amerikası ölkələri Pekinin siyasi, geosiyasi və ideoloji tələb irəli sürmədən əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qəbul edirlər. Misal olaraq, Çilidə qaragüruhçu qüvvələr hakimiyyətə gələn zaman Pekinin onlarla əməkdaşlığı inkişaf etdirməsi göstərilir. Həmin dövrdə hətta SSRİ belə, Pekinə həsəd aparıb. Məntiqə görə, Çin Salvador Alyendeni devirən siyasi qüvvələrlə əməkdaşlıq etməməli idi. Lakin reallıq tamamilə bunun əksini göstərdi. Çin siyasi-ideoloji fərq qoymadan qarşılıqlı faydalı əməkdaşlığa hazır olan istənilən dövlətlə əlaqələr qura bilər.
Bu, xarici siyasətdə “bizimkilər və başqaları” prinsipindən faktiki olaraq imtina edilməsi deməkdir. Çin həmin üsulla dünyanın istənilən regionunun ölkələri ilə əməkdaşlığını genişləndirə bilir. Bununla yanaşı, rəsmi Pekinin heç bir geosiyasi məqsəd güdmədiyinə də inanmaq sadəlövhlük olardı. Doğrudur, Pekin daha çox regional miqyaslı təşkilatlar yaratmağa üstünlük verir. Onların tərkibində diktə edən rolunu oynamamağa çalışır. Lakin BRİKS-də bank formalaşdırmaq ideyası göstərdi ki, Çin prinsipial məqamlarda öz marağını önə çəkməyə çalışır. Buna görədir ki, Rusiya daim ondan ehtiyatlanır. Mərkəzi Asiyada Pekinin fəaliyyətinin təhlili də Çinin geosiyasi maraqlarının mövcudluğundan xəbər verir.
Bütün bunlar göstərir ki, “Monro doktrinası çökür” demək riskli məsələdir. Mümkündür ki, həmin doktrinanın zamanı ötüb. Ancaq onu daha mükəmməl bir sistemlə əvəz etməyə hazır olmamaq daha qorxulu nəticələr verə bilər. Böyük dövlətlər bu günə kimi bütövlükdə dünyanı deyil, özlərini düşünüblər. Beynəlxalq münasibətlər sistemində ədalətə və demokratiyaya əsaslanan qaydalar qəbul olunmayınca, bəşəriyyətdə xaos təhlükəsi qalacaqdır. Münaqişələrin həllində müşahidə edilən tərəfkeşlik, bəzi dövlətlərin təcavüzkar hərəkətlərinə göz yumulması həmin tezisin doğruluğunu göstərir. Yəni məsələ “anti-Monro” mövqeyi tutmaqla məhdudlaşmır.
Newtimes.az
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
