Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 36-cı Ali Səviyyəli Toplantı...

36-cı Ali Səviyyəli Toplantı...

30.04.2026 [11:13]

Tədbir “Qərbi Balkanlar yeni təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans” İnstitutu ilə əməkdaşlıq çərçivəsində aprelin 27-28-də Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali Səviyyəli Toplantısını təşkil edib. “Qərbi Balkanlar yeni təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilən tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər və nüfuzlu ekspertlər iştirak ediblər.

Toplantıda Sloveniya Prezidenti Nataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcud vəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti, “Friends of Western Balkans” İnstitutunun təsisçisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də mərkəzin digər üzvləri - Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış edərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik və Avropa perspektivinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə, həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıya qatılıb. Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlik geosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənmə prosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti geniş müzakirə olunub. Bununla yanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionun sabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimi xarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkan ölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraq onların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləri irəliləyişlər və mövcud çətinliklər daha dərindən təhlil edilib. Tədbir çərçivəsində mərkəzin Baş katibi Sloveniya Respublikasının Prezidenti, Albaniya parlamentinin spikeri, Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və Borut Pahor ilə ikitərəfli görüşlər keçirib.

Xatırladaq ki, 35-ci Ali Səviyyəli Toplantı isə bu ilin yanvarında Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. Toplantı “Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunub. Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf, süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik, humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv iqtisadiyyatlar, qadınların liderlikdə rolu, həmçinin qlobal mənzil və şəhərsalma problemləri ilə bağlı geniş və əhatəli müzakirələr aparılıb. Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məsələlər də müzakirə olunub.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı - sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak ediblər. Açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Ngozi Okonjo-İveala, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmir Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Bununla yanaşı, açılış mərasimi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında mövcud institusional əməkdaşlıq çərçivəsində hər il keçirilən bu ali səviyyəli toplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır. Bundan əvvəlki - 34-cü Ali Səviyyəli Toplantı da aktual mövzularla diqqət mərkəzində olmuşdu. Belə ki, sözügedən tədbir ötən ilin 23-26 sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. “Multilateralizm dönüm nöqtəsində: Çağırışlar və sülhə aparan yollar” mövzusunda keçirilən toplantıda bir sıra ölkə rəhbərləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə ediblər. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük tədbir hesab olunaraq 50-dən çox ölkədən yüksəksəviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki Baş nazirin iştirakı ilə keçirilmişdi.

Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il keçirilən Qlobal Bakı Forumunun təşkilatçısı qismində də çıxış edir. Mərkəz bundan əlavə, digər beynəlxalq tədbirlərin təşkilatçısı və tərəfdaşı kimi iştirak edir. Buna nümunə olaraq, ötən il 14-15 dekabrda Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumunu göstərmək olar. “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılıq edib. Forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda ?ərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Mərkəzin önəmli tədbirlərə ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ona olan diqqətin ifadəsi kimi dəyərləndirilir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30