Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada neonasizm və ksenofobiyanın güclənməsi beynəlxalq ictimaiyyəti narahat edir

Almaniyada neonasizm və ksenofobiyanın güclənməsi beynəlxalq ictimaiyyəti narahat edir

06.06.2013 [02:10]

Vəziyyət belə davam edərsə, Almaniya xarici vətəndaşların yaşayışı üçün ən arzuolunmaz və təhlükəli məkanlardan birinə çevriləcək, hakimiyyətin siyasətinə, ölkədəki problemlərə kütləvi etiraz cəhdlərinin qarşısının alınması və güc tətbiqi isə adi hal sayılacaq
Almaniya son zamanlar tez-tez bu ölkədə insan haqlarının pozulması faktları ilə gündəmə gəlir. Ölkədə dərinləşən irqçilik və müxalif fikirlərə dözümsüzlük bunun əsas səbəbləridir. Məlum olduğu kimi, iyun ayının 5-də Almaniyadakı Nasional Sosialist Yeraltı (“National Socialist Underground” - NSU) neonasist terror təşkilatının qətllər törətməkdə ittiham olunan qadın üzvü Beti Şepenin (Beate Zschaepe) məhkəmə prosesi başlayıb. NSU-nun üzvləri 2000-2007-ci illərdə 8 türk, 1 yunan miqrantı və 1 alman polisini öldürməkdə, miqrantların yaşadığı məkanlarda 2 partlayış törətməkdə və 15 bank soyğunçuluğunda ittiham olunurlar. Uzun müddət cinayətlərin irqçi motivlər daşıması ehtimalı diqqətdən kənarda qaldığı üçün əsasən öldürülənlərin qohumları, yaxınları şübhəli şəxs qismində təhqiqata cəlb olunub. 3 nəfərlik terrorçu qruplaşma üzvləri uzun müddət hüquq mühafizə orqanlarının hədəfindən yayınmağa nail olublar, yalnız 2011-ci ilin noyabrında təşkilat ifşa olunub. Qısa müddət sonra təşkilatın ölü tapılan iki kişi üzvünün intihar etməsi xəbəri yayılıb. Hazırda həbsdə olan B.Şepenin məhkəmə prosesi dünyanın diqqət mərkəzindədir.
Ümumiyyətlə, Almaniyada irqçilik və ksenofobiyanın son illərdə güclənməsi özünü göstərir. Bu ilin yazında Almaniyada 2500 evdə aparılan sorğu xüsusən də ölkənin Şərq vilayətlərində irqçiliyin və miqrantlara mənfi münasibətin dərinləşdiyini təsdiq edib. Belə ki, rəyi soruşulanların 36 faizi “xaricilərin yeganə məqsədi mövcud sosial təminat sistemindən faydalanmaqdır” fikri ilə xeyli dərəcədə, yaxud tamamilə razı olduğunu bildirib. İştirakçıların 33 faizi isə “iş yerləri azaldıqda xaricilər öz ölkələrinə geri göndərilməlidir” ideyasını dəstəkləyib. Respondentlərin 11 faizə qədəri isə “nasional sosializmin müsbət tərəfləri də var idi” fikri ilə xeyli dərəcədə, yaxud tam şəkildə razılaşıb.
Aparılan sorğular Almaniyada ksenofobiyanın təhlükəli həddə olduğunu göstərib. Qeyd olunduğu kimi, təhlükəli meyillər ölkənin Şərqində daha sürətlə genişlənir və məlumatlara görə, hazırda, Şərqi Almaniya gənclərinin irqçilik səviyyəsi bir vaxtlar Hitlerin nasional-sosialist rejimində böyüyən Qərbi Almaniyanın yetkin vətəndaşlarının irqçilik dərəcəsinə çatıb. Almaniyanın Leypsiq Universitetinin tədqiqatları da təsdiq edib ki, bu ölkədə ksenofobiya artmaqda davam edir.
Məlumdur ki, Almaniyada irqçilik və neonasizmin yenidən dirçəlməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur və bu özünü BMT-də keçirilən dinləmələrdə də aydın şəkildə göstərib. Almaniyada insan haqlarının vəziyyəti son dövrlərdə dünya miqyasında 2009-cu ildə BMT-nin İnsan Haqları Şurasının iclasında müzakirə olunub. Şuranın Almaniyada insan haqlarının vəziyyəti ilə bağlı hazırladığı ikinci belə hesabat isə 2013-cü ilin aprelində elan olunub və dinləmələr zamanı Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq başda olmaqla, bu ölkənin nümayəndə heyəti 100-ə yaxın ölkə qarşısında cavab verməli olub. Əksər dövlətlər Almaniyada miqrantlara qarşı artan düşmənçilikdən narahatlıqlarını ifadə edərək hökuməti bu sahədə tədbirləri gücləndirməyə, səmərəli addımlar atmağa dəvət ediblər. Almaniya hökumətinin nümayəndələri isə problemlərin aradan qaldırılması üçün səyləri artıracaqlarına söz veriblər. Lakin may ayının sonu iyunun əvvəlində bu ölkədə baş verən proseslər BMT-dəki dinləmələrdən indiyədək ciddi dəyişikliyin olmadığını deməyə əsas verir. Belə ki, Almaniyanın biznes və maliyyə paytaxtı sayılan Frankfurtda “Blockupy” antiqlobalist hərəkatı fəallarının etiraz aksiyasında yüzlərlə iştirakçı həbs olunub, onlara qarşı polis zorakılığı törədilib. Aksiya iştirakçıları bankların təzyiq siyasətinə, qeyri-effektiv iqtisadi siyasətə, hökumət rəhbərliyinin avrozonada mövcud böhrandan qurtarmaq məsələsində diktə siyasəti yürütməsinə etiraz ediblər. Almaniyanın bütün etiraz aksiyaları tarixində ilk dəfə idi ki, mitinqçilər küçələrə həm də ayrı-seçkilik siyasətinə və insan haqlarının sistemli şəkildə pozulmasına qarşı şüarlarla çıxıblar. Polisin aksiyaya mane olmaq cəhdi və etirazçılara qarşı zor tətbiq edilməsi Almaniya demokratiyasının daha bir sınaq qarşısında uğursuzluğa düçar olmasının təzahürü idi.
Nəticədə, Almaniya ilə bağlı olduqca paradoksal bir vəziyyət yaranıb. Bildiyimiz kimi, Almaniya dünyada demokratiya və insan haqlarının əsas carçılarından biri hesab olunur. Həmçinin, bu ölkədə fəaliyyət göstərən bir sıra insan haqları təşkilatları, QHT-lər, fondlar ayrı-ayrı ölkələrdə keçirdikləri təlimlər, seminarlar və digər vasitələrlə demokratiya prinsiplərini, insan haqlarının qorunmasını təşviq edirlər. Lakin görünür, bu təşkilatların artıq öz ölkələrinə demokratiyanın gücləndirilməsində yardım göstərmək zamanı gəlib çatıb. Çünki vəziyyət belə davam edərsə, Almaniya xarici vətəndaşların yaşayışı üçün ən arzuolunmaz və təhlükəli məkanlardan birinə çevriləcək, hakimiyyətin siyasətinə, ölkədəki problemlərə kütləvi etiraz cəhdlərinin qarşısının alınması və güc tətbiqi isə adi hal sayılacaq.
Bir məqamı da qeyd edək ki, irqçilik, ksenofobiya və islamofobiya bəlasının genişlənməsi özünü Avropa qitəsinin əksər yerlərində büruzə verməkdədir. Fərqli mədəniyyətlərin nümayəndələrini ölkələrində görməkdən narahat olan bəzi ölkələrdə multikulturalizmə tənqidi münasibət artıb. Halbuki, çoxmədəniyyətlilik qloballaşan dünyada təbii hal hesab olunmalı və buna dözümlü yanaşılmalıdır. Bu həm də Avropanın rəhbər tutduğu demokratiyanın da əsas prinsiplərindən biridir. Ümid etmək olar ki, Almaniya başda olmaqla, bir sıra qabaqcıl dövlətlər öz sərhədləri daxilində insan hüquqlarının müdafiəsi ilə bağlı problemlərə daha çox diqqət ayıracaqlar. Bu həm daha təhlükəsiz və sabit dünyanın qurulması, həm də bu dövlətlərin özlərinin beynəlxalq aləmin gözündə “nümunəvi demokratiya” imicini qoruyub saxlaması baxımından faydalı olar.
P.S. Özünü dünyanın ən demokratik ölkələrindən sayan Almaniyada baş verən bu neqativ hadisələr təbii ki, Azərbaycanda da maraq doğurur. Bu məsələlərlə bağlı Almaniyanın ölkəmizdəki səfiri cənab Helbert Kvelle ilə əlaqə saxlayıb onun da münasibətini öyrənmək istədik. Lakin bütün cəhdlərimiz nəticəsiz qaldı. Buna baxmayaraq, biz “Yeni Azərbaycan” qəzeti olaraq, Almaniyanın Bakıdakı səfirliyinin mövqeyini dərc etməyə hazırıq.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1440 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30