Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / “Azadlıq” qəzeti öz uğursuzluğunu və iflasını ört-basdır etmək üçün müxtəlif təxribatlara əl atır

“Azadlıq” qəzeti öz uğursuzluğunu və iflasını ört-basdır etmək üçün müxtəlif təxribatlara əl atır

11.09.2012 [15:45]

Cəmiyyət üzvləri “Azadlıq” qəzetinin dezinformasiya siyasətini haqlı narazılıqla qarşılayır və buna müvafiq reaksiya verərək onu oxumaqdan imtina edirsə, bu zaman hansı təzyiqdən bəhs etmək olar?
Hər bir cəmiyyətdə demokratiyanın göstəricilərindən biri də söz və məlumat azadlığı, fikir plüralizmidir. Azərbaycanda da söz və mətbuat azadlığı təmin olunub və dövlət bu sahədə əsaslı islahatları davam etdirir. Bu gün ölkəmizdə xeyli sayda kütləvi informasiya vasitələri (KİV) fəaliyyət göstərir ki, onların da fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Təəssüf ki, bəzi KİV-lər, xüsusilə müxalif mətbuat orqanları demokratiyanın bu imkanlarından, ölkəmizdə yaradılmış şəraitdən sui-istifadə edirlər. Bu cəhətdən “Azadlıq” qəzeti daha çox fərqlənir. Bu qəzet öz səhifələrində ölkəmizlə bağlı qeyri-obyektivliyə, qərəzli materiallara yer verməsi baxımından kifayət qədər “məşhur”dur.
“Azadlıq” xarici mətbuatı təhrif edir
Digər məqam isə ondan ibarətdir ki, “Azadlıq” bu fəaliyyəti ilə yanaşı beynəlxalq mətbuatda ölkəmizlə əlaqədar dərc olunan yazıları da təhrif etməkdən çəkinmir. Belə ki, ayrı-ayrı xarici dövlətlərin mətbu orqanlarında dərc olunan yazıları “Azadlıq” özünəməxsus tərzdə tərcümə edərək həmin yazıdan Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Guya xarici mətbuatda da ölkəmiz və onun rəhbərliyi barədə mənfi rəy mövcuddur. Reallıqda isə heç də belə deyil, sadəcə “Azadlıq” öz fəaliyyətində “yeni” metod, xarici mətbuatı təhrif etmək üsulunu özü üçün “kəşf edib”. Məsələn, bu yaxınlarda “Financial Times” qəzetinin Azərbaycana həsr edilmiş bir yazısı buna sübutdur. Artıq ekspertlər də bu məsələni araşdıraraq öz münasibətlərini bildiriblər. Belə ki, “Financial Times” qəzetinin 19 avqust 2012-ci il tarixli sayındakı “Azərbaycanı yatırım xəritəsi üzərinə yerləşdirmək” adlı yazısı “Azadlıq” qəzetində “Financial Times: Afrikada investisiya mühiti Azərbaycandan yaxşıdır” başlığı altında dərc olunub. Halbuki, həmin yazıda, əslində belə bir ifadə işlənməyib. Əgər yazının içərisində belə bir ifadə varsa, onu təbii ki, başlığa çıxarmaq olar və burada heç bir məhdudiyyət ola bilməz. Amma bu olmadığı təqdirdə, yanlış bir fikri başlığa çıxarmaq peşə etikasına uyğun olmamaqla yanaşı, böyük bir səhvdir. Təbii ki, “Azadlıq” qəzeti bu hərəkəti məqsədli şəkildə edərək ictimai rəyi çaşdırmaq məqsədi güdüb.
Məsələn, “Azadlıq” qəzeti tərcümədə belə yazır: “Adamlar Afrikaya gedirlər, burada daha yaxşı investisiya mühiti, daha yaxşı siyasi mühit, Orta Asiyada isə daha yüksək təhsil var”.
Bu ifadəyə güvənsək, başlıqla bağlı heç bir iddiamız ola bilməz. Amma “Financial Times” qəzetində həmin fikrin əsli belədir: “Adamlar Afrikaya gedirlər, ancaq biz Orta Asiyada daha yaxşı dəyərləndirmələr, daha yaxşı yatırım mühiti, daha yaxşı siyasi inkişaf və daha yüksək təhsil səviyyəsi görürük”.
Afrika qarşılaşdırmasıyla bağlı daha bir yanlışa da növbəti tərcümədə yol verilib: “Səhm sərmayəsi imkanları ancaq özəl sektorda mümkündür. Ancaq o da var ki, Afrika bazarlarının çoxu bu sahədə daha çox diqqət çəkib”.
Bunun ən doğru tərcüməsi isə belədir: “Buna görə də, səhm yatırım imkanları özəl kapital tərəfindədir. Ancaq bu hal daha çox diqqət cəlb etməsi baxımından bir çox Afrika bazarları üçün də keçərlidir”.
Əslində, burada söhbət “Afrika bazarlarının daha çox diqqət çəkməsindən” deyil, Azərbaycanda mövcud olan bir halın yaxşı mənada “Afrika bazarları üçün də keçərli” olmasından gedir. Bütövlükdə, ekspertlərin fikrincə, həmin yazıdan aydın olur ki, “Financial Times”ın yazarının məqsədi heç də Azərbaycanın Afrika ölkələrindən geri qaldığını sübut etmək deyil, əksinə, ölkəmizin daha yaxşı yatırım imkanlarının olduğunu vurğulamaqdır. Sonda o da vurğulanır ki, “bölgə ölkələri ilə müqayisədə əldə edilən tərəqqi (yəni Azərbaycanda) təsiredicidir”. Amma göründüyü kimi, “Azadlıq” kimi qəzetlərin məqsədi bu yazını tamamilə təhrif etməkdir. Bu qəzetin belə mövqeyi jurnalistikanın əsas meyarı olan obyektivliklə daban-davana ziddir. Sadəcə, burada qərəzli mövqe nümayiş etdirməklə “Azadlıq” özünü radikal müxalifətin siyasi girovuna çevirib. Yəni, bəzi radikallar bu qəzeti yalnız öz ambisiyaları üçün istifadə edirlər.
Onur Öymənin adından verilən fikir həmin şəxsə aid deyil
Bundan əlavə, “Azadlıq” qəzetinin 8 sentyabr tarixli sayında “Kılıçdaroğlunun müavini “Azadlıq”a danışdı; Onur Öymənin fikrincə, AKP həqiqətən də demokratiyadan yanadırsa, o zaman Azərbaycandakı demokratiyaya niyə laqeyddir?” başlıqlı yazı dərc olunub. Bu yazıda da qəzet “ənənəsinə” sadiq qalıb. Yazıda söhbət Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hakim AKP-nin parlament fraksiyasının toplantısında Azərbaycanla bağlı CHP-yə ittiham irəli sürməsindən gedir. Söhbət əsnasında qəzetin əməkdaşı Türkiyənin hazırkı hökumətinin Azərbaycandakı demokratikləşməyə dair mövqeyi ilə bağlı sual verib. Suala cavab olaraq CHP sədrinin müavini bildirib ki, AKP həqiqətən də demokratiyanın dünya üzrə qorunmasında maraqlıdırsa, o zaman bütün dünyada, xüsusilə Türkiyəyə həssas olan regionlarda demokratikləşməyə önəm verməlidir: “Demokratiyanın dəstəklənməsi təkcə Suriya ilə yekunlaşmamalıdır. Əgər AKP həqiqətən də demokratiyadan yanadırsa, o zaman Səudiyyə Ərəbistanında, Qafqazlarda, Orta Asiyadakı demokratikləşmə ilə bağlı niyə mövqe bildirilmir? Bir ölkə üçün demokratiyanın istənilməsi, digərləri üçün istənilməməsi yanlışdır”.
Beləliklə, sual olunur, Onur Öymən burada Azərbaycanın adını çəkibmi? Xeyr. Belə olan təqdirdə qəzetin yenə də qərəzi ortaya çıxır. Türkiyə siyasətçisinin işlətdiyi Qafqazlar ifadəsi Azərbaycan demək deyil. Ən azı Qafqazda bir neçə dövlət və xeyli sayda xalq mövcuddur. Deməli, “Azadlıq”ın həmin yazının yarımbaşlığına çıxardığı “Onur Öymənin fikrincə, AKP həqiqətən də demokratiyadan yanadırsa, o zaman Azərbaycandakı demokratiyaya niyə laqeyddir?” sözləri həmin şəxsin fikirlərini ifadə etmir. Görünür, qəzetin əməkdaşı Onur Öyməndən Azərbaycanın əleyhinə olan söz ala bilmədiyi üçün öz düşündüyünü onun adından verməkdən çəkinməyib. Əslində, bu fikrin Türkiyə siyasətinin tanınmış simalarının adından verilməsi məhz həmin şəxsin adına və nüfuzuna xələl gətirir. “Azadlıq” qəzetinin bu cür qeyri-ciddi fəaliyyəti onu ictimaiyyət arasında daha da gözdən salır və bu da təbii ki, adıçəkilən qəzetin oxunmaması ilə nəticələnir.
Ermənilərlə eyni məqsədə xidmət edən qəzet
Belə saxtakarlıqdan sonra isə “Azadlıq” qəzeti özünün beynəlxalq nüfuzunun olmasını iddia edir. Lakin Azərbaycan daxilində ciddi nüfuz sahibi, geniş oxucu kütləsi olmayan “Azadlıq” qəzetinin hansı beynəlxalq imicə sahib olması, əslində bəllidir. O da məlumdur ki, bu qəzeti ölkədən xaricdə, beynəlxalq miqyasda əsasən erməni KİV-i, xüsusən də ermənilərə məxsus internet saytları kifayət qədər ciddi izləyir. Bu isə təsadüfi xarakter daşımır. Çünki “Azadlıq” qəzetində əksini tapan qərəzli məlumatlar çox zaman erməni lobbisinin məqsəd və maraqlarına, anti-Azərbaycan fəaliyyətinə uyğun gəlir.
Məlumdur ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni mediası ölkəmizin nüfuzuna zərbə vurmağa yönələn hər cür təxribata əl atır. Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirən erməni saytları öz çirkin təbliğat fəaliyyətlərində Azərbaycandakı bəzi mətbuat orqanlarını da alətə çevirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanda onların məqsəd və niyyətləri, ideyaları ilə ən çox uzlaşan mətbuat qismində məhz “Azadlıq” qəzeti dayanır.
Məlum olduğu kimi, bu qəzet öz fəaliyyətini Azərbaycan xalqına xidmət üzərində deyil, müəyyən kiçik bir dairənin siyasi ambisiyalarını, şəxsi maraqlarını təmin etmək üçün qurur. Dar çərçivəli şəxsi maraqları gerçəkləşdirməyə çalışan bu qəzet, üstəlik, Azərbaycana qarşı heç də xoş məramı olmayan bir sıra xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Bəzi xarici antiazərbaycançı dairələrin sifarişlərini yerinə yetirməklə məşğul olan qəzetin antimilli məzmunu da məhz buradan irəli gəlir.
Azərbaycan xalqının və dövlətinin maraqlarına zərbə vurmağa yönələn fəaliyyəti ilə “Azadlıq” qəzetinin erməni saytlarının diqqətini çəkməsi heç də təsadüfi deyil. Bu qəzetdə əksini tapan böhtan xarakterli məlumatlar, əsassız iddialar Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmağa, ölkəmiz haqqında reallıqdan uzaq, mənfi təsəvvür formalaşdırmağa çalışan erməni təbliğatçılarının işinə yarayır. Bu səbəbdən də erməni mətbuatının anti-Azərbaycan fəaliyyətində ara-sıra “Azadlıq” qəzetində yayılan məlumatlara istinad etməsi halları təsadüfi deyil. Əgər bunu “beynəlxalq nüfuz”, “xaricdə populyarlıq” adlandırmaq mümkündürsə, onda bu “məşhurluq” yalnız Azərbaycan xalqının maraqlarının əleyhinə yönəlib, qəzetin ölkə daxilindəki imicinə isə müsbət heç nə qata bilməz. Belə vasitələrlə ucuz reklam olunmaq istəyi elə, ilk növbədə, qəzetin özünün nüfuzunu, peşəkarlığını və ciddiliyini, eləcə də, milliliyini şübhə altında qoyur.
Halbuki hər bir mətbuat orqanı öz fəaliyyətində doğru və qərəzsiz informasiya yayımını, xalqa dürüst xidməti qarşıya başlıca məqsəd olaraq qoymalıdır. Qəzetin beynəlxalq nüfuz qazanmaq istəyi də məhz ali prinsiplərə hörmət, sağlam dəyərlər əsasında gerçəkləşdirilməlidir. Çünki hər hansı mətbuat orqanının beynəlxalq səviyyəyə yüksəlməsi onun üzərinə düşən məsuliyyəti də ikiqat artırır. Çünki respublika daxilindəki müxtəlif siyasi qruplara, yaxud ayrı-ayrı şəxslərə mənsub olmasından asılı olmayaraq, qəzetlərin hər biri ölkədən kənarda Azərbaycan mətbuatı kimi tanınır və onlarda əksini tapan fikirlər də bəzən Azərbaycan ictimaiyyətinin rəyi kimi qəbul edilir. Halbuki, oxucu kütləsi yox səviyyəsində olan, fəaliyyətini müəyyən kiçik dairələrin siyasi ambisiyaları üzərində quran “Azadlıq” kimi qəzetlərin belə bir iddiaya düşməyə haqqı çatmır.
“Azadlıq” qəzetinin süni ajiotajı və siyasi manipulyasiyası nə(lər)dən xəbər verir?
Nəticə etibarilə, sadalananlar ona dəlalət edir ki, “Azadlıq” qəzetinin şantaj, böhtan və iftira üzərində qurulmuş dezinformasiya siyasəti ictimaiyyət arasında narazılıq doğurur və bu, bəhs olunan mətbu orqanın cəmiyyət tərəfindən ciddi qurum kimi qəbul olunmamasını şərtləndirir. Qeyd etmək lazımdır ki, ən müxtəlif məsələlərlə bağlı ictimai rəyi çaşdırmağa çalışan, öz fəaliyyətində siyasi manipulyasiyanı əsas götürən, tənqid adı altında təhqir dolu informasiyalar yayan bir qəzetin cəmiyyətin nümayəndələri tərəfindən haqlı narazılıqla qarşılanması olduqca qanunauyğundur. Vurğulamaq gərəkdir ki, ictimaiyyətin sözügedən qəzetin fəaliyyətinə yönəlik narazılığı həm də bu mətbu orqanın təbliğ etdiyi siyasi qüvvələrin antimilli mövqe sərgiləməsi ilə bağlıdır. Heç kəsə sirr deyil ki, “Azadlıq” qəzetinin təbliğ etdiyi radikal siyasi qüvvələr ölkəmizə qarşı qara piar kampaniyasını fasiləsiz olaraq davam etdirir, antiazərbaycançı dairələrin ölkəmizə yönəlik məkrli və qərəzli fəaliyyətində ucuz vasitə kimi çıxış edirlər. Bu da həmin qüvvələrin cəmiyyət tərəfindən etinasızlıq və narazılıqla qarşılanmasını şərtləndirmiş olur. “Azadlıq” qəzeti isə həmin radikal qüvvələrin antimilli siyasətini dəstəkləməklə yanaşı, həm də obyektiv mövqedən çıxış edən şəxsləri təhqir edir, onlara qarşı müxtəlif xarakterli böhtanlar səsləndirirlər.
Bütün bunlara baxmayaraq, təəssüfverici məqam budur ki, “Azadlıq” özünün dağıdıcı və qeyri-ciddi fəaliyyətinin nəticələrinin müxtəlif yollarla ört-basdır olunmasına çalışır və bu məsələdən siyasi vasitə kimi istifadə etməyə cəhd göstərir. Cəmiyyət nümayəndələrinin “Azadlıq” qəzetinə qarşı etinasızlığını hakimiyyətin bu media orqanına yönəlik təzyiq kampaniyası kimi izah etməyə çalışır. O zaman belə bir sual meydana çıxır: “əgər cəmiyyət üzvləri “Azadlıq” qəzetinin dezinformasiya siyasətini haqlı narazılıqla qarşılayır və buna müvafiq reaksiya verirsə, bu zaman hansı təzyiqdən bəhs etmək olar”?
Göründüyü kimi, “Azadlıq” süni ajiotaj yaratmaqla öz uğursuzluğu və iflasını ört-basdır etməyə, eyni zamanda, bu məsələni siyasi manipulyasiya obyektinə çevirməyə çalışır. Nəticə etibarilə, bəhs olunan media orqanı bu məqsədləri əsas götürərək bilərəkdən “Azərbaycan” nəşriyyatına olan borclarını ödəmir. Bu isə “Azadlıq”ın fəaliyyətində hansı “prinsip” və məqsədlərin əsas götürülməsini bir daha aşkar edir.
Nurlan QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 2052 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30