Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bolluq içində aclıq...

Bolluq içində aclıq...

16.10.2026 [08:39]

Qida hər kəs üçün əlçatan olmalıdır

Sağlam və təhlükəsiz qidalanma imkanına malik olmaq hər bir insanın əsas hüquqlarından biridir. Bu hüququn qorunması yalnız insanın fiziki mövcudluğunun təmin edilməsi baxımından deyil, eyni zamanda onun rifahının yüksəldilməsi, sağlam həyat tərzinin formalaşdırılması və ictimai həyatda fəal iştirakının dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Buna baxmayaraq, müasir dünyada milyonlarla insan hələ də təhlükəsiz və keyfiyyətli qidaya çıxış imkanından məhrumdur.

Bildiyimiz kimi, aclıq insan potensialını məhdudlaşdırır, nəticədə dayanıqlı inkişafın digər məqsədlərinə nail olmasını əngəlləyir. Təəssüf ki, bu gün bir çox ölkədə aclıqdan əziyyət çəkən çoxsaylı insan var. Bu hala səbəb olan əsas amillərdən biri isə qida çatışmazlığıdır. Qida çatışmazlığı məhsul yığımında səmərəsiz üsullar və ərzaq itkiləri kimi müxtəlif amillərdən asılıdır. Müharibələr də qida məhsullarına çıxışa və əkin sahələrinə mənfi təsir göstərir.

“Daha yaxşı qida və gələcək üçün əl-ələ”

Yeri gəlmişkən, oktyabrın 16-sı “Ümumdünya Qida Günü” kimi qeyd olunur. 150-dən çox ölkədə qeyd edilən bu əlamətdar gün 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis olunub. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsə, 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

Qida günü hər il bir mövzuya həsr olunur. FAO bu il “Ümumdünya Qida Günü”nün şüarını “Daha yaxşı qida və gələcək üçün əl-ələ” olaraq təyin edib.

Qida bolluğu ilə aclıq arasındakı ziddiyyət...

Müasir dünyanın ən düşündürücü paradokslarından biri budur: bir tərəfdə market rəfləri dolub-daşır, restoranlarda çeşidlər artır, digər tərəfdə isə aclıqla üzləşənlər gündəlik qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Bu ziddiyyət göstərir ki, aclıq problemini yalnız ərzaq istehsalının həcmi ilə izah etmək mümkün deyil. Qidanın kim tərəfindən istehsal edilməsi, necə bölüşdürülməsi, hansı qiymətə satılması və insanların ona nə dərəcədə çıxış əldə etməsi də böyük əhəmiyyət daşıyır.

Münaqişələr, yoxsulluq, iqlim dəyişmələri, quraqlıq, daşqınlar və ərzaq qiymətlərindəki artımlar milyonlarla insanın qida təminatına təsir göstərir. Bir çox hallarda problem qidanın ümumiyyətlə mövcud olmaması deyil, onun ehtiyacı olan insanlara vaxtında və əlçatan qiymətə çatdırıla bilməməsidir.

Bu səbəbdən ərzaq təhlükəsizliyi anlayışı yalnız anbarların dolu olması demək deyil. Əsas məsələ hər bir insanın sağlam və fəal həyat sürmək üçün yetərli, təhlükəsiz və qidalı qidaya davamlı çıxışının təmin edilməsidir.

Aclığa son qoymaq üçün nə qədər vəsait tələb olunur?

FAO-nun məlumatına görə, qiymətləndirməyə əsasən, 2030-cu ilədək hər ilə orta hesabla 267 milyard ABŞ dolları həcmində əlavə vəsait tələb olunur. İmkansız və yoxsulların normal həyat tərzi və qidaya çıxışını təmin etmək üçün kəndlərə və şəhərlərə, həmçinin sosial müdafiə sahəsinə investisiyalar tələb olunacaq.

828 milyon insan aclıqla mübarizə aparır

Qida günü ilə bağlı FAO-nun rəsmi saytında qeyd olunub ki, bu gün dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan var. Məhz 16 oktyabr həmin insanlar üçün bütün bacardıqlarımızı səfərbər etmək günüdür: “Birlikdə çalışıb səylərimizi birləşdirərək dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan, uşaqlarımızın sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmalıyıq!.

Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat təşəbbüsü qida sistemlərinin səmərəli, dayanıqlı olmasına töhfə verəcək. Aqroərzaq sistemlərimiz ədalətli və güclü gələcək üçün böyük potensiala malikdir. Çünki onlar həyatımızın və iqtisadiyyatımızın bir çox sahələri ilə - kənd təsərrüfatından tutmuş təbii ehtiyatlara, enerjiyə, səhiyyəyə qədər bir-biri ilə bağlıdır.

Cari ilki Ümumdünya Qida Gününün bu səyləri sürətləndirərək, heç kimin kənarda qalmadığı, hər kəsin sağlam və faydalı qidaya çıxışı olduğu gələcəyə addım atmasına dəstək olacağına ümid edirik!”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31