Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Mərkəzi Asiya: regional əməkdaşlığın yeni perspektivləri

Azərbaycan və Mərkəzi Asiya: regional əməkdaşlığın yeni perspektivləri

15.10.2026 [16:33]

Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi əlaqələrin genişləndirilməsi dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 8–9 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfəri və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq proseslərində mövqeyinin möhkəmləndiyini göstərən mühüm hadisə kimi diqqət çəkir.

Səfər zamanı aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq ənənəvi siyasi münasibətlərlə məhdudlaşmır. Bu əlaqələr nəqliyyat, logistika, enerji, investisiya, rəqəmsal texnologiyalar və ekoloji təhlükəsizlik kimi geniş sahələri əhatə edir. Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündə də ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran regional məsələlər əsas müzakirə mövzuları olub.

Azərbaycanın geostrateji mövqeyi onun Avrasiya məkanında mühüm əlaqələndirici rolunu müəyyənləşdirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə əlaqə quran ölkəmiz Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətində ticarət yollarının inkişafına mühüm töhfə verir. Bu imkanlardan səmərəli istifadə edilməsi həm Azərbaycanın iqtisadi potensialının artırılmasına, həm də region dövlətlərinin beynəlxalq bazarlara çıxışının asanlaşdırılmasına xidmət edir.

Bu istiqamətdə Orta Dəhlizin əhəmiyyəti xüsusilə böyükdür. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımalarında alternativ imkanlar yaradır. Prezident İlham Əliyevin Məşvərət Görüşündə səsləndirdiyi məlumatlara əsasən, Orta Dəhliz üzrə tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu göstəricilər marşrutun regional iqtisadi əlaqələrdə artan rolunu nümayiş etdirir.

Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi, liman və dəmir yolu imkanlarının genişləndirilməsi, avtomobil yollarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin tranzit imkanlarını gücləndirib. 2026-cı ilin ilk yarısında Azərbaycan ərazisindən keçən tranzit yüklərinin həcminin təxminən 8 milyon tona çatması bu sahədə əldə olunan nəticələrin göstəricisidir. Gələcəkdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi yükdaşımaların həcminin artırılması və Azərbaycanın beynəlxalq logistika sistemində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından vacibdir.

Regional inteqrasiyanın gələcəyi yalnız fiziki nəqliyyat xətlərinin inkişafı ilə müəyyən olunmur. Rəqəmsal infrastrukturun yaradılması, məlumat mübadiləsinin sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi və “Digital Silk Way” layihəsi region ölkələri arasında rəqəmsal əlaqələrin inkişafına yeni imkanlar açır. Bu layihələr informasiya texnologiyaları, elektron xidmətlər və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Qarşılıqlı ticarətin artırılması, birgə müəssisələrin yaradılması, investisiya imkanlarının genişləndirilməsi və istehsal olunan məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması tərəfdaşlığın praktiki nəticələrini gücləndirə bilər. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması bu sahədə mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini göstərir. Həmin fondların imkanlarından daha geniş istifadə olunması yeni iqtisadi layihələrin reallaşdırılmasına və qarşılıqlı sərmayələrin artmasına töhfə verə bilər.

Səfərin diqqət çəkən istiqamətlərindən biri də Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı məsələlər olub. Oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində sahilyanı dövlətlərin iştirakı ilə dənizin səviyyəsinin azalması probleminə dair birgə qərarın qəbul edilməsi regional əməkdaşlığın vacibliyini bir daha ön plana çıxarıb. Bu çərçivədə beştərəfli əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə yeni komissiyanın yaradılması nəzərdə tutulub.

Xəzərin səviyyəsinin dəyişməsi, su hövzəsinin çirklənməsi, balıq ehtiyatlarının azalması və biomüxtəlifliyin qorunması bütün sahilyanı dövlətlər üçün ortaq əhəmiyyət daşıyan məsələlərdir. Bu problemlərin həlli elmi tədqiqatların aparılmasını, ekoloji məlumatların mübadiləsini və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini tələb edir. Xəzərin təbii sərvətlərinin qorunması həm ətraf mühitin mühafizəsi, həm də gələcək nəsillərin maraqlarının təmin edilməsi baxımından mühüm məsuliyyətdir.

Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı da regional əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır. İki ölkə arasında nəqliyyat, enerji, ticarət və mədəni-humanitar əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Limanların potensialının əlaqələndirilməsi, yükdaşımaların təşkili və rəqəmsal gömrük həllərinin tətbiqi Xəzər üzərindən daşımaların səmərəliliyini artıra bilər.

Ümumilikdə, Prezident İlham Əliyevin Türkmənistana səfəri və Məşvərət Görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin çoxşaxəli inkişafına verilən əhəmiyyətin göstəricisidir. Nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və ekoloji problemlərin birgə həlli regional əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu istiqamətlərdə atılan addımların davam etdirilməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi imkanların artmasına və Avrasiya məkanında dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31