Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AZƏRBAYCAN–KAMBOCA MÜNASİBƏTLƏRİ: DİPLOMATİK DİALOQDAN PRAKTİKİ ƏMƏKDAŞLIĞA DOĞRU

AZƏRBAYCAN–KAMBOCA MÜNASİBƏTLƏRİ: DİPLOMATİK DİALOQDAN PRAKTİKİ ƏMƏKDAŞLIĞA DOĞRU

15.10.2026 [17:04]

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız malik olduqları iqtisadi və siyasi imkanlarla deyil, həm də müxtəlif coğrafiyalarda etibarlı tərəfdaşlar qazanmaq, qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmaq və beynəlxalq əməkdaşlığa töhfə vermək bacarığı ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlərin inkişafı ölkəmizin çoxşaxəli xarici siyasətinin diqqətəlayiq istiqamətlərindən biridir.

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri və Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə mühüm töhfə verir. Bu təmaslar Azərbaycanın müxtəlif regionlarla əlaqələrini genişləndirmək, beynəlxalq tərəfdaşlıq şəbəkəsini gücləndirmək və ölkəmizin imkanlarını yeni istiqamətlərdə təqdim etmək siyasətinin məntiqi davamıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas xüsusiyyətlərindən biri münasibətlərin qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulmasıdır. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini ardıcıl şəkildə möhkəmləndirərək həm regional proseslərdə, həm də qlobal əməkdaşlıq platformalarında fəal iştirak edir. Ölkəmizin müxtəlif dövlətlərlə əlaqələrini inkişaf etdirməsi milli maraqların qorunması ilə yanaşı, beynəlxalq dialoqun genişlənməsinə də xidmət edir.

Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməsi və bir-birinə dəstək göstərməsi bu münasibətlərin mühüm siyasi dayaqlarından biridir. Beynəlxalq təşkilatlar dövlətlərin mövqelərini ifadə etməsi, ortaq məsələlər ətrafında fikir mübadiləsi aparması və qlobal problemlərin həllinə töhfə verməsi üçün mühüm platformalardır. Belə müstəvilərdə qarşılıqlı anlaşmanın mövcudluğu ölkələr arasında siyasi etimadın güclənməsinə və münasibətlərin daha ardıcıl inkişafına imkan yaradır.

Səfər zamanı diqqət çəkən məsələlərdən biri də Azərbaycanın dövlət idarəçiliyi sahəsində qazandığı təcrübəyə göstərilən maraqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN xidmət” modeli Kambocada da maraq doğurur. Bu fakt Azərbaycan dövlətinin institusional yeniliklərinin beynəlxalq səviyyədə diqqət çəkdiyini göstərən mühüm məqamlardandır.

“ASAN xidmət” ölkəmizdə dövlət xidmətlərinin təşkilinə müasir yanaşmanın, vətəndaş məmnunluğunun, şəffaflığın və operativliyin təmin edilməsinin uğurlu nümunəsidir. Bu model dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət standartlarının formalaşmasına, xidmətlərin əlçatanlığının artırılmasına və idarəçilik proseslərində innovativ həllərin tətbiqinə şərait yaradıb. Azərbaycanın bu sahədə təcrübəsinin digər dövlətlər tərəfindən öyrənilməsi ölkəmizin beynəlxalq nüfuzunun yalnız iqtisadi və siyasi göstəricilərlə məhdudlaşmadığını, idarəçilik və institusional inkişaf sahəsində də əhəmiyyətli potensiala malik olduğunu nümayiş etdirir.

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlər də ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Dövlətlər arasında əldə olunan razılaşmalar əməkdaşlığın hüquqi və təşkilati əsaslarını möhkəmləndirməklə gələcək təşəbbüslərin həyata keçirilməsinə imkan yaradır. Əsas məsələ bu sənədlərdə ifadə olunan niyyətlərin ardıcıl əməkdaşlıq, konkret layihələr və qarşılıqlı faydalı nəticələrlə möhkəmləndirilməsidir.

İki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil və mədəniyyət sahələrində geniş imkanlar mövcuddur. Bu imkanların sistemli şəkildə araşdırılması, biznes dairələri arasında təmasların genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi münasibətlərin daha məzmunlu xarakter almasına kömək edə bilər. Eyni zamanda, xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsi qarşılıqlı tanıma və etimad mühitinin formalaşmasına töhfə verər.

Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı təcrübə göstərir ki, davamlı əməkdaşlıq üçün siyasi dialoqla yanaşı, konkret maraqların uzlaşdırılması və qarşılıqlı fayda yaradan təşəbbüslərin reallaşdırılması da vacibdir. Kamboca ilə münasibətlərin inkişafına bu prizmadan yanaşdıqda, mövcud siyasi təmasların gələcəkdə daha geniş iqtisadi və humanitar əlaqələr üçün imkanlar yarada biləcəyini görmək mümkündür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil xarici siyasət kursunu inamla davam etdirir, beynəlxalq tərəfdaşlarla əlaqələrini genişləndirir və ölkəmizin imkanlarını qlobal miqyasda tanıdır. Kamboca ilə münasibətlərin inkişafı da bu strategiyanın mühüm istiqamətlərindən biri kimi dəyərləndirilə bilər.

Əminəm ki, qarşılıqlı hörmətə, siyasi etimada və ortaq maraqlara əsaslanan Azərbaycan–Kamboca əməkdaşlığı gələcəkdə yeni məzmun qazanacaq. Bu münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsinə, ölkəmizin müsbət təcrübəsinin tanıdılmasına və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

İlqar İlyasov

YAP Qaradağ rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31