Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal silahlanma yarışı: Kim nə qədər pul xərcləyir?

Qlobal silahlanma yarışı: Kim nə qədər pul xərcləyir?

30.04.2026 [10:14]

Yeni dünya nizamının formalaşdığı indiki dövrdə mövcud təhlükəsizlik sisteminin həm struktur, həm də məzmunca köhnəldiyi barədə qənaətlər də möhkəmlənir. Aydın şəkildə görünür ki, indiyədək ayrı-ayrı ölkələrin, regionların özlərinin təhlükəsizliyini etibar etdikləri hərbi-siyasi ittifaqlar  güvənli deyil və onlar qlobal miqyasda sürətlə dəyişən reallıqlar fonunda yaranan çağırışlara cavab verə bilmirlər. Belə bir şəraitdə yeni hərbi doktrinalar qəbul edildiyinin, dövlətlər və hərbi-siyasi bloklar səviyyəsində daha genişmiqyaslı silahlanma fazasına keçid edildiyinin şahidi oluruq. Bəs indiki qlobal silahlanma yarışında kim nə qədər pul xərcləyir? Siyahı üç ölkənin - ABŞ, Çin və Rusiyanın liderliyi ilə başlayır.

BMT səviyyəsində çalınan həyəcan təbili

Dövlətlərin hərbi xərclərini artırmaları digər sahələrdə xərclərin azalması ilə müşayiət olunur. Bununla bağlı beynəlxalq təşkilatlar səviyyəsində həyəcan təbili çalınır. BMT-nin silahsızlaşdırma məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi İzumi Nakamitsu hərbi xərclər üzrə Qlobal fəaliyyət günləri münasibətilə müraciətində vurğulayıb ki, qlobal hərbi xərclərin artması dayanıqlı inkişaf və uzunmüddətli təhlükəsizliyin təmin olunması səylərinə mənfi təsir göstərir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, qlobal hərbi xərclər 2025-ci ildə əvvəlki ilə nisbətən 2,9 faiz artımla 2,887 trilyon dollara çatıb.

Bu, ardıcıl on birinci artımdır. Müqayisə üçün qeyd olunub ki, xarici inkişaf yardımı 2024-cü illə müqayisədə 23 faiz azalaraq 174,3 milyard dollar təşkil edib. Beləliklə, hərbi xərclər xarici yardımı 16 dəfədən çox üstələyib.

BMT-nin 2025-ci il üçün büdcəsi 3,72 milyard dollar olub ki, bu da qlobal hərbi xərclərdən 776 dəfə azdır. İzumi Nakamitsu vurğulayıb: “Bu tendensiyalar bizi düşünməyə vadar etməlidir”.

Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün müəyyən edilən son tarixə dörd ildən az vaxt qaldığı nəzərə alındıqda, hədəflərin yalnız beşdəbiri yerinə yetirilir. Bu arada, davamlı inkişaf üçün illik qlobal maliyyələşdirmə çatışmazlığı 4 trilyon dollara çatıb.

BMT-nin silahsızlaşdırma məsələləri üzrə nümayəndəsi bildirib: “Bu, sadəcə resursların çatışmazlığı deyil, həm də düzgün prioritetlərin olmamasıdır”. O, vurğulayıb ki, hərbi xərclərin artırılması sülhü və sabitliyi gücləndirmir, əksinə, uzunmüddətli təhlükəsizliyin təməllərini sarsıda bilər.

Nakamitsu əlavə edib ki, silahlanma yarışı eskalasiyanı gücləndirir, inamsızlığı dərinləşdirir və səhv riskini artırır. Pis bir dövrə yaranır: təhlükəsizlik hissi hərbiləşməni haqlı çıxarır və bu, öz növbəsində, yeni qeyri-sabitlik şəraiti yaradır. Bu arada, əsas qlobal təhdidlər - iqlim dəyişikliyi, bərabərsizlik və ərzaq təhlükəsizliyi maliyyələşdirilməmiş qalır.

“Silahlara xərclənən hər bir dollar aclığın qarşısının alınmasına, təhsilin inkişafına və ya iqlim dəyişikliyinə qarşı dayanıqlığın yaradılmasına qoyulmayan vəsaitdir. Bu, diplomatiyaya, münaqişələrin qarşısının alınmasına və insan təhlükəsizliyinin gücləndirilməsinə xərclənə biləcək bir dollardır. Məsələ dövlətlərin müdafiəyə investisiya qoymaq hüququna malik olmasında deyil, əlbəttə ki, bu amil də var. Məsələ real təhdidlərin mövcudluğunda da deyil, onlar reallıqdır. Məsələ bizim hansı növ təhlükəsizliyi təmin etməyimizdə və bunun neçəyə başa gəlməyindədir”, -deyə Nakamitsu qeyd edib.

Nakamitsu XXI əsrdə təhlükəsizliyə yanaşmanın yenidən nəzərdən keçirilməsinə çağırıb və BMT Baş katibinin təklif etdiyi konkret addımları xatırladıb: diplomatiyaya üstünlük vermək, etimad yaratmaq, hərbi büdcələri şəffaf etmək və bəzi vəsaitləri davamlı inkişafa yönəltmək.

ABŞ-ın rekord hərbi büdcəsi

Qlobal güc mərkəzi olan ABŞ bundan sonra da dünyada özünün hərbi üstünlüyünü qoruyub saxlamaqda qərarlıdır. Bu ölkənin Senatı  2026-cı maliyyə ili üçün hərbi xərcləri 925 milyard dollar həcmində təsdiqləyib.

Eyni zamanda, verilən məlumatlarda bildirlir ki, Vaşinqton hərbi büdcənin cari il üçün təsdiqlənən həcmi ilə kifayətlənmək istəmir. Beləliklə də, Senatda təsdiqlənən hərbi büdcənin 1,01 trilyon dollara qədər yüksəldilməsi nəzərdə tutulur. Bu artım xüsusilə Yaxın Şərqdəki hərbi əməliyyatlara xərclərin artması ilə əlaqələndirilir. Pentaqonun martın 10-da Konqresə təqdim etdiyi məlumata əsasən, ABŞ-ın İrandakı hərbi əməliyyatları təxminən 37 gün ərzində 42,1 milyard dollardan çox vəsaitə başa gəlib. Bildirilir ki, Vaşinqton Yaxın Şərqdə döyüşlərin ilk altı günü ərzində 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günü üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.

Ağ Evin perspektivlə bağlı planları isə hərbi büdcəyə daha çox vəsait cəlb edilməsini hədəfləyir. Ağ Ev  Konqresdən silah alışı, hərbi modernləşdirmə və İrandakı müharibə üçün hərbi büdcənin kəskin şəkildə artırılmasını istəyib. “Bloomberg”in məlumatına görə, Ağ Evin 2027-ci il üçün Pentaqon büdcəsi tələbi cari illə müqayisədə 1,5 dəfə çox olan 1,5 trilyon dollarlıq büdcənin formalaşdırılmasıdır. “Prezident Tramp Amerikanın milli təhlükəsizlik infrastrukturuna investisiyaları yeniləyəcəyinə və ölkəmizi təhlükəli dünyada yenidən təhlükəsiz edəcəyinə söz verib. 2027-ci il büdcəsi bu vədi yerinə yetirir və ABŞ-ın dünyanın ən güclü ordusunu saxlamasını təmin edir”, - deyə Ağ Evin Büdcə İdarəsinin direktoru Rassel Vut Konqresə təqdim edilən sənədlə bağlı şərhində bildirib.

Brukinqs İnstitutunun tədqiqatçısı Cessika Ridl qeyd edir ki, bu artım nəticəsində ABŞ-ın hərbi xərcləri artıq dünya rekordu olan ÜDM-in 4,5 faizinə çatacaq və onun artımı - illik tempdən 1,5 dəfə çox - 1950-ci illərin əvvəllərində Koreya müharibəsindən bəri görünməmiş dərəcədə olacaq.

Eyni zamanda, Trampın müdafiə proqramlarını, o cümlədən “Qızıl günbəz” raketdən müdafiə sistemini və “Qızıl donanma”nın dəniz modernləşdirmə layihəsini maliyyələşdirmək üçün yüz milyardlarla dollarlıq yeni vəsait tələb olunur.

Bundan əlavə, Pentaqon F-35 qırıcı təyyarələrinin alışını artırmaq (47 təyyarə əvəzinə 85 təyyarə planlaşdırılır), tədqiqat və inkişafa investisiyaları artırmaq (179 milyard dollardan 220 milyard dollara qədər) niyyətindədir.

Çin 7 faizlik artımla ikinci yerdə gəlir

Hazırda hərbi xərclərin artırılmasında əsas rəqabət ABŞ-la Çin arasında gedir. Müdafiə xərclərinin həcminə görə Çin ABŞ-dan sonra ikinci yeri tutur. Pekindən verilən məlumatlara görə, bu ölkənin 2026-cı il üçün milli müdafiə xərclərinin  büdcəsi 1,91 trilyon yuan və ya təxminən 277 milyard dollar təşkil edir. Bu, Çinin müdafiə büdcəsinin təxminən 245 milyard dollar olduğu 2025-ci illə müqayisədə 7,3 faiz artım deməkdir. Milli müdafiə xərclərinin bu templə artımı  Si Cinpinin 3 il əvvəl elan etdiyi illik 7 faiz artım üçün beş illik plana uyğundur, hətta onu müəyyən qədər üstələyir.

Çində ordunun modernləşdirilməsi də əsas prioritetlər sırasındadır. Məlumdur ki, hazırda müharibələrin xarakteri dəyişib. Klassik müharibələrin ön xətt, ağır texnika, artilleriya atəşi kimi anlayışları  artıq arxa plana keçməkdədir. Son illərin təcrübəsi təsdiqləyir ki, innovativ texnikalarla qarşı tərəfin strateji obyektlərini sıradan çıxarmaq və belə nöqtə atışları ilə onu zəiflədərək hədəfə çatmaq  müasir müharibələrin ən xarakterik cəhətidir. Bütün bu kimi tendensiyaları nəzərə alan rəsmi Pekin də ordunun modernləşdirilməsi xəttini həyata keçirir. Ötən ilin sentyabr ayında Si Cinpinin qəbul etdiyi hərbi parad Çinin hərbi gücünü bütün dünyaya göstərdi. Bir saatdan çox davam edən paradda müasir hipersəs raketlər,  pilotsuz sualtı aparatlar, silahlı “robot-canavar” kimi yeni texnologiyaları nümayiş etdirilib. Göründüyü kimi, artıq  yeni nəsil DF-5C qitələrarası ballistik raket, YJ-19 hipersəs raketləri və peyk əleyhinə HQ-29 HHM sistemi kimi son dərəcə müasir texnika Çin ordusunun silahlanmasına cəlb edilib.

İnnovativ silah istehsalına keçid Çin ordusunun rəqabətqabiliyyətliliyinin artırılmasının yeganə istiqaməti deyil. Pekin həmçinin ABŞ və Rusiya ilə rəqabətdən kənarda qalmamaq üçün nüvə arsenalını artırır. Ehtimallara görə, 2030-cu ilə qədər Çinin nüvə arsenalı iki dəfə artaraq 1000-dən çox döyüş başlığına çatacaq. Bu proses DF-41 qitələrarası ballistik raketlərinin aktiv yerləşdirilməsi ilə müşayiət olunacaq.

Rusiya və Ukraynanın xərcləri

Qlobal silahlanma yarışında Rusiya və Ukraynanın hərbi sahəyə nə qədər vəsait xərclədikləri də diqqətlə izlənilir. Bu iki ölkə artıq 4 ildir ki, bir-biri ilə müharibə aparır. Ötən dövrdə Rusiya Ukraynanın müəyyən ərazilərini tutmağa nail olsa da, strateji məqsədlərinə çata bilməyib. Müharibənin ilk fazasında hücum edən tərəf olan Rusiya klassik müharibə üsullarından istifadə edirdi. Lakin təcrübə göstərdi ki, bu taktika indiki şəraitdə yetərincə səmərəli deyil, kiçik uğur böyük itkilər hesabına qazanılır.

Rusiya-Ukrayna müharibəsində izlənilən digər bir mühüm məqam Ukraynanın revanş götürməsidir. Müharibəni əvvəlində təchizat baxımından ciddi çətinliklərlə üzləşən bu ölkə qısa müddətdə müasir hərbi texnika, o cümlədən də uzaq mənzilli raket istehsalını mənimsəməyə nail olub. Bunun nəticəsidir ki, hazırda Ukrayna Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə dəqiq zərbələr endirir. Eyni zamanda, bu ölkə dron əleyhinə mübarizə vasitələrinin istehsalında dünyaya nümunə göstərir.

Hərbi xərclərə gəldikdə isə, əlbəttə ki, iki ölkənin göstəriciləri arasında böyük fərq var. Qiymətləndirməyə görə, Rusiyanın hərbi xərcləri 2025-ci ildə 5,9 faiz artaraq 190 milyard dollara və ya ÜDM-in 7,5 faizinə çatıb. 2025-ci ildə bu göstəriciyə görə dünyada yeddinci yeri tutan Ukrayna isə xərclərini 20 faiz artıraraq 84,1 milyard dollara və ya ÜDM-in 40 faizinə yüksəldib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30