Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakının sülh modeli: qarşıdurmadan sabitliyə doğru

Bakının sülh modeli: qarşıdurmadan sabitliyə doğru

20.12.2025 [10:59]

Enerji əməkdaşlığı fonunda Cənubi Qafqazda yeni reallıqlar

Azərbaycanın Ermənistana neft məhsulları ixracı: Ermənistan üçün iqtisadi dirçəliş şansı, region üçün isə yeni mərhələ

Azərbaycan 2020-ci ildən etibarən Cənubi Qafqazda tamamilə yeni siyasi, iqtisadi və təhlükəsizlik reallıqları formalaşdırır. Bu reallıqların əsas sütunlarını sülh, sabitlik və regional əməkdaşlıq təşkil edir. Post-müharibə dövründə Bakı tərəfindən yürüdülən ardıcıl və prinsipial siyasət Azərbaycanın milli maraqları ilə yanaşı, bütövlükdə regionun uzunmüddətli inkişaf perspektivlərinə xidmət edir. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, revanşizm və təzyiq dili əvəzinə beynəlxalq hüquqa, qarşılıqlı etimada və rasional əməkdaşlığa əsaslanan yanaşma sərgiləyir. Məhz bu siyasət Cənubi Qafqazın gələcək inkişaf strategiyasının konturlarını müəyyənləşdirir.

Öncə taxıl keçidinə icazə, indi isə benzin ixracı...

Azərbaycanın əsas məqsədlərindən biri regionu qlobal iqtisadi-ticari marşrutların mühüm həlqəsinə çevirmək, eyni zamanda qonşu dövlətlər arasında münasibətləri normal qonşuluq və qarşılıqlı maraqlar müstəvisinə çıxarmaqdır. Bu kontekstdə post-müharibə mərhələsində sülh prosesinin təşəbbüskarı kimi çıxış edən Bakının atdığı addımlar xüsusi diqqət çəkir. Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli aktor olduğunu bir daha təsdiqləyir. Artıq Cənubi Qafqaz yeni inkişaf dövrünə qədəm qoyur və Ermənistanın da bu prosesə qoşulması regionun ümumi rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Ermənistan üzərindən tətbiq etdiyi iqtisadi məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması, bu ilin oktyabrında taxıl ixracının Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsi mühüm siyasi və iqtisadi mesaj idi. İndi isə Bakının Ermənistana neft məhsullarının ixracına başlaması regional situasiyanın daha fərqli mərhələyə keçdiyini göstərir. Bu addım təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda Azərbaycanın sülh prosesinə sadiqliyinin, sabitlik və qarşılıqlı asılılıq üzərində qurulan yeni regional düzənin tərəfdarı olduğunun bariz nümunəsidir.

Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir

Qeyd edək ki, dekabrın 18-də sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin yola salınıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. İlkin mərhələdə 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacaq Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Xatırladaq ki, dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilmişdi ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.

Qarşılıqlı etimad yaradan real iqtisadi əlaqələr

Beləliklə, bu ixrac əməliyyatı rəsmi sülh sazişi imzalanmadan belə, Bakı ilə İrəvan arasında praktiki və praqmatik əməkdaşlıq elementlərinin formalaşmağa başladığını göstərir. Təbii ki, bu əməkdaşlıq zəmini sülh prosesinin inkişafıfna da təsir göstərməlidir - prosesin daha da inkişaf etdirilməsi siyasi proseslərin istiqpamətlərindən və tərəflər arasında etimad mühitinin dərinləşməsindən asılı olacaq.

Azərbaycanın Ermənistana neft məhsullarının nəqli qərarı sülh prosesinin formalaşması və dayanıqlı xarakter alması baxımından strateji əhəmiyyət daşıyır. Çünki sülh yalnız siyasi bəyanatlar və diplomatik danışıqlarla deyil, tərəflər arasında qarşılıqlı etimad yaradan real iqtisadi əlaqələr vasitəsilə möhkəmlənir. Enerji kimi həyati və strateji sahədə əməkdaşlıq isə bu etimadın ən təsirli təminatçılarından biridir. Bakı bu addımla göstərir ki, sülh təşəbbüsü taktiki manevr deyil, uzunmüddətli regional sabitliyə hesablanmış düşünülmüş siyasətin tərkib hissəsidir.

Paşinyandan təşəkkür...

Neft məhsullarının nəqli Ermənistanın enerji təminatında kənar risklərin azalmasına, eyni zamanda regiondaxili asılılıq mexanizmlərinin formalaşmasına xidmət edir. Bu asılılıq qarşıdurmanı deyil, əməkdaşlığı stimullaşdırır. Çünki iqtisadi əlaqələr nə qədər dərin və sistemli olarsa, münaqişə riskləri bir o qədər azalır. Azərbaycan bu reallığı nəzərə alaraq post-müharibə mərhələsində sülhü iqtisadi məzmunla zənginləşdirir və prosesin geri dönməzliyini təmin etməyə çalışır.

Digər tərəfdən, enerji əməkdaşlığı Ermənistan cəmiyyətinə də mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, sülh ritorikası real dividendlər yaradır, qarşıdurma isə sosial-iqtisadi itkilərlə nəticələnir. Azərbaycan tərəfindən atılan bu addım sülhün yalnız regional deyil, eyni zamanda, daxili ictimai dəstək qazanmasına şərait yaradır. Bu isə sülhün uzunmüddətli və davamlı olmasının əsas şərtlərindən biridir.

Azərbaycanın atdığı bu addım Bakının regionda yeni nizamı zor gücü ilə deyil, əməkdaşlıq, qarşılıqlı fayda və iqtisadi inteqrasiya üzərində qurduğunu təsdiqləyir. Məhz bu yanaşma sülhü müvəqqəti razılaşmadan real və davamlı inkişaf modelinə çevirir.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünün başlanmasını alqışlayıb. Bu barədə o, İrəvana Azərbaycan neft məhsullarının tədarükü ilə bağlı şərhində vurğulayıb. “Azərbaycan neft məhsullarını daşıyan qatar yola düşüb və Ermənistana gedir. Mən bu inkişafı alqışlayıram. Ticarət özəl şirkətlər arasında aparılsa da, bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh olub”, - deyə baş nazir deyib.

Azərbaycan sülhü həm də iqtisadi inkişafın əsas şərti kimi təqdim edir

Danılmaz faktdır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşməsində, əlaqələrin mövcud ilkin işartılarının görünməsində Vaşinqton görüşünün olduqca əhəmiyyətli rolu var. ABŞ-ın paytaxtında iki ölkə arasında sülh sazişi layihəsinin paraflanması region üçün tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq diplomatiyada oynadığı rolu da bir daha göstərdi. Vaşinqton danışıqları zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və dövlət maraqlarına sadiqlik Cənubi Qafqazda sülh prosesinin uğurla davam etdirilməsini təmin etdi. Məhz bu qətiyyət nəticəsində Ermənistan ilk dəfə real sülh sənədinə yaxınlaşdı və praktiki addımlar atmağa məcbur qaldı. Azərbaycan isə məqsədini açıq şəkildə ortay aqoydu - Bakının məqsədi revanşizm deyil, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq əsasında sabitliyin qurulmasıdır. Göründüyü kimi, Azərbaycan postmüharibə dövründə sülhü təkcə siyasi sənəd kimi deyil, həm də iqtisadi inkişafın əsas şərti kimi təqdim edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bölgədə dayanıqlı sabitlik yalnız qarşılıqlı iqtisadi maraqların təmin edilməsi ilə mümkündür. Bu baxımdan, Ermənistanın regional layihələrdə iştirakına şərait yaradılması Bakı tərəfindən atılmış strateji addımdır. Ermənistana yük tranzitinin açılması, neft məhsullarının nəql edilməsi  həm sülh prosesi üçün etimad yaradan amildir, həm də regionun iqtisadi coğrafiyasını dəyişdirəcək hadisədir.

Bakı regionun lideri olduğunu bir daha təsdiqləyir...

Neft məhsullarının nəqli Cənubi Qafqazda uzun illər hökm sürmüş qarşıdurma mühitinin mərhələli şəkildə inteqrasiya mühiti ilə əvəz olunduğunu göstərir. Ermənistanın enerji təhlükəsizliyi baxımından alternativ mənbələrə çıxış əldə etməsi regiondaxili sabitliyə xidmət edəcək amil kimi ön plana çıxır. Bu proses eyni zamanda Azərbaycanın enerji sektorunda regional lider rolunu daha da gücləndirir və Bakını etibarlı tərəfdaş imicinə yeni ştrixlər qazandırır. Bu addım paralel olaraq iqtisadi rasionalizm üzərində qurulub. Tranzit imkanlarının genişlənməsi, logistik xətlərin aktivləşməsi və regional ticarət dövriyyəsinin artması Azərbaycanın iqtisadi maraqlarına da cavab verir. Cənubi Qafqazın qlobal ticarət marşrutlarına inteqrasiyası baxımından enerji və yük daşımaları mühüm rol oynayır və Bakı bu prosesin əsas lokomotivi kimi çıxış edir.

Ermənistan üçün “sülh testi”...

Azərbaycanın atdığı bu addımlar eyni zamanda Ermənistan üçün siyasi yetkinlik və sülhə sadiqlik testi xarakteri daşıyır. Enerji və ticarət əməkdaşlığı yalnız qarşılıqlı etimad və konstruktiv mövqe fonunda davamlı ola bilər. Bakı açıq şəkildə göstərir ki, regional inkişafdan faydalanmaq istəyən hər bir tərəf revanşist ritorikadan imtina etməli və real əməkdaşlıq müstəvisinə keçməlidir. Bu,  həm də Cənubi Qafqazda formalaşan yeni regional nizamın mühüm elementlərindən biri kimi çıxış edir. Bu nizam qarşıdurma üzərində deyil, iqtisadi qarşılıqlı əlaqələr, kommunikasiya xətlərinin açılması üzərində qurulur. Azərbaycan bu modelin əsas təşəbbüskarı və təminatçısı kimi çıxış edərək regionda sülhün alternativsiz olduğunu praktik addımlarla nümayiş etdirir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31