Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təsdiqləndi

Təsdiqləndi

19.12.2025 [09:13]

Avropa Rusiya qazından imtina edir

Avropa Parlamentinin deputatları əvvəllər Avropa İttifaqı (Aİ) Şurası ilə razılaşdırılmış Rusiya qazının alışının tədricən dayandırılması haqqında sazişi təsdiqləyiblər. Bu barədə Strasburqda həmməruzəçilər İnes Vaydere və Villa Niinistyo bildiriblər.

Plenar iclasda 500 nəfər razılaşmanın qəbul edilməsinin tərəfdarı olub, 120 deputat sənədin əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.

İ.Vayderenin sözlərinə görə, qərar Avropanın Rusiya qazından asılılığından birdəfəlik uzaqlaşmasına dair aydın siqnal göndərir. Bu, sadəcə enerji və ya ticarət məsələsi deyil, təhlükəsizlik siyasəti və mənəvi seçim məsələsidir.

“Qoca qitə”nin enerji siyasətində dönüş nöqtəsi

Avropanın şimal qonşumuzun qazından imtina etməsi artıq dörd ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindəndir. Bu müharibədə Avropa İttifaqı Kiyevin tərəfindədir. Bunun təsdiqi olaraq Aİ-dən davamlı olaraq Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək gəlir. Eyni zamanda, Ukraynanın Aİ tərəfindən dəstəklənməsi hibrid səciyyə daşıyır. Belə ki, Brüssel Kiyevin müqavimət gücünü artırmaq məqsədilə Moskvanın müharibəni davam etdirmək imkanlarını zəiflətmək taktikasından istifadə edir. Bu məqsədlə indiyədək Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı geniş əhatə dairəsinə malik olan 19 sanksiya paketi tətbiq olunub və yenisinin hazırlanması da gündəmdədir.

Avropanın Rusiyadan enerji asılılığına tədricən son qoyulması da Aİ-nin Moskvaya təzyiq siyasətinin tərkib hissəsidir və deyə bilərik ki, sanksiyalardan daha sərt addımdır. Məlumdur ki, Rusiya büdcəsinin formalaşmasında neft-qaz gəlirlərinin xüsusi çəkisi var. Nəhəng müharibə maşını da böyük dərəcədə məhz bu gəlirlər hesabına işləyir.  Diqqətçəkən məqam ondan ibarətdir ki, müharibədən əvvəlki mərhələdə Avropa Rusiya neft və qazının əsas alıcıları sırasında idi. Belə ki, müharibə başlayanadək gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Qoca qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. İşlək infrastruktur qurulmuşdu, qiymətlər də əlçatan idi. Statistik məlumatlara görə, müharibədən əvvəlki mərhələdə Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qitənin təbii qaza olan tələbatının 40-45 faizə qədərini qarşılayırdı. Bütövlükdə, “qoca qitə”nin təbii qaza illik tələbatı təxminən 400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın 90 faizi idxal hesabına qarşılanır. 

Son 4 ildə Aİ ölkələri Rusiyadan enerji məhsullarının idxalını mərhələli azaltsa da, buna tam şəkildə son qoya bilməyib. Verilən məlumatlara görə,  Aİ-nin Rusiyadan LNG və boru xətti ilə qaz idxalı 45 faizdən 13 faizə, kömür idxalı 51 faizdən sıfıra, xam neft idxalı isə 25 faizdən 2 faizə enib. İdxal həcmləri əhəmiyyətli dərəcədə azalsa da, indiyədək Avropa məkanından Rusiyaya maliyyə ödənişləri davam edib.

Avropa Parlamentində təsdiqlənən saziş buna tamam son qoymağı hədəfləyir. Avropalı siyasətçilər o qənaətdədirlər ki, Moskvaya hər hansı bir formada maliyyə tranşlarının edilməsi qitənin dolayısı ilə müharibədə iştirakı anlamına gəlir və Avropa bu strateji səhvini düzəltməlidir. Latviyalı deputat qeyd edib ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Aİ Rusiyaya qazıntı yanacaqları üçün 216 milyard avrodan çox pul ödəyib. Yenə də gündəlik ödənişlər təxminən 40 milyon avro təşkil edir ki, bu da Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının maliyyələşdirilməsinin davam etməsi deməkdir. “Avropa Rusiyaya Ukraynaya yardım olaraq ayırdığımızdan daha çox pul ödəyib. Buna görə bugünkü səsvermə Avropa İttifaqının enerji siyasətində dönüş nöqtəsidir”, - deyə İ.Vaydere vurğulayıb.

Avropanın hansı seçimləri var?

Bəs Rusiya yanacağından imtina fonunda Avropanın enerji təhlükəsizliyi necə həll olunacaq? Sualın cavabı olaraq bildirək ki, indiyədək Avropanın Rusiyadan enerji asılılığına son qoymağı hədəfləyən xilas planı hazırlanıb. Təchizat mənbələrinin diversifikasiya edilməsi, enerji keçidi və s. bu plana daxildir. “Eyni zamanda, etibarlı tərəfdaş ölkələr üçün qaz idxalını asanlaşdırdıq. Onlar bürokratik əngəllərlə üzləşməməlidirlər. Bu, dost ölkələrin Avropaya lazımi qaz tədarük etməsinə yol açacaq”, - deyə İ.Vaydere bildirib.

O əlavə edib ki, parlament Rusiya neftinin idxalını da eyni dərəcədə qadağan etmək istəsə də, üzv dövlətlər buna hazır deyildilər. Ancaq 2027-ci ilin sonundan etibarən neftdən imtina ilə bağlı qanunvericilik təklifi ilə bağlı öhdəliklər var, parlament də nüvə enerjisi ilə bağlı təklif gözləyir. Eyni zamanda, istisna olaraq, Macarıstan və Slovakiya ən geci 2026-cı ilin oktyabrın sonuna qədər Rusiyadan qaz idxalını dayandırmalıdırlar.

Sanksiyalardan daha güclü qərar

Avropa parlamentinin təsdiqlədiyi sazişi şərh edən deputat V.Niinistyo sənədi “sanksiyalardan daha güclü qərar” kimi səciyyələndirib. Həqiqətən də, Aİ-nin Rusiyadan enerji asılılığını azaltması fonunda bu ölkənin enerji gəlirlərindəki dinamikanın əhəmiyyətli dərəcədə zəiflədiyi müşahidə olunur. Rusiya Maliyyə Nazirliyi ölkənin neft və təbii qazdan əldə etdiyi gəlirlərin bu ilin noyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 531 milyard rubl (təxminən 6,9 milyard dollar) olduğunu açıqlayıb. Nazirlik bildirib ki, yanvar-noyabr aylarında neft və təbii qaz gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 8 trilyon 29 milyard rubla düşüb. Bundan əlavə, noyabr ayında gəlirlərin əvvəlki aya nisbətən 40,2 faiz azaldığı da diqqətə çatdırılıb.

Avropa ölkələrinin Rusiyanın neft-qaz sektoruna tətbiq etdiyi sanksiyalar fonunda rəsmi Moskva enerji ixracatı üçün xüsusilə Asiyada olmaqla alternativ bazarlarda mövqeyini gücləndirməyə çalışır. Lakin alternativlər elə də çox deyil. Rusiyanın ixrac coğrafiyasının daralması fonunda Çin, Hindistan kimi dövlətlər bu ölkədən enerji məhsullarını daha ucuz qiymətə almaq istəyirlər. “The Moscow Times” nəşrinin Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına istinadən yazdığına görə, bu il Moskva mavi yanacağı Çinə təqribən 40 faiz endirimlə satır. Nazirliyin baza proqnozunda qeyd edilir ki, 2026-2028-ci illərdə Rusiya qazının Türkiyə və Avropa ölkələrinə tədarükü üçün orta qiyməti 1000 kubmetrə görə 356,7 dollar təşkil edəcək. Çin üçün isə növbəti üç ildə orta proqnoz 243,6 dollar təşkil edəcək ki, bu da Avropaya tədarüklərlə müqayisədə 31,7 faiz aşağıdır. Rusiya həmçinin Çinə neft ixracının qiymətlərində rekord həcmdə endirimlər edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31