Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəhənnəmdən qaçış

Cəhənnəmdən qaçış

03.09.2025 [08:51]

Jan-Pol Sartrın “Milçəklər” pyesi haqqında

Modernist ədəbiyyat, modern fəlsəfə bir sıra tarixi-əfsanəvi qəhrəmana, dini-mifik süjetə yeni həyat, yeni məna-məzmun qazandırdı: Nitsşe yüz illər sonra Hörmüzd elçisi Zərdüştü, Freyd - tiran Edipi, Yunq - Əyyub peyğəmbəri yenidən fikir meydanına çıxardı, Coys İtaka hökmdarı Odisseylə, Kafka dənizlər padşahı Poseydonla dialoqa girdi, Tomas Mann - nur üzlü Yusif peyğəmbəri, Allahın xəfiyyəsinə satılmış Faustu, Hesse - Siddhartha Qautama Buddanı, Brox - antik Roma şairi Vergilini ölülər səltənətindən geri çağırdı, Kamü Sizifə, Roma imperatoru Kaliqulaya təzə vəsiqə verdi. Sartr da dəstədən geri qalmadı, “Milçəklər” pyesində yeni tipli qəhrəmanının fonunu qədim teatrın dekorasiyalarıyla bəzədi, antik dramaturq Esxilin personajlarını dövrünün yaralı suallarıyla, aktual problemləriylə yüklədi.

Troya savaşının qəhrəmanı, yunan şəhər-dövləti Arqosun hökmdarı Aqamemnon həm Homerin “İliada” dastanından, həm də Esxilin faciələrindən insanlığa bəllidir. Onun atası Atrey taxt-tac uğrunda qardaşı Fiestlə amansız mübarizə aparırdı. Mübarizənin gedişatında Fiest qardaşının arvadını yoldan çıxarmışdı, əvəzində Atrey onu bir bəhanəylə evinə qonaq çağırıb, qardaşının iki körpə balasının ətindən qara qovurma bişirdib, nə yediyindən xəbərsiz Fiesti balalarının ətiylə doyurmuşdu. Bundan sonra Atreyin nəsli lənətlənmişdi. Fiestin üçüncü oğlu, böyüdükcə atasının qisasını almaq arzusuyla alışıb-yanan Egisf isə intiqamı həyatının başlıca amalına çevirmişdi.

Atreyin iki oğlu vardı: biri Aqamemnon, o biri Menelay. Onlar həm də bacanaq idilər - Menelay on il sürən dəhşətli müharibəyə səbəb olmuş gözəllər gözəli Yelenanı, Aqamemnon onun bacısı Klitemnestranı almışdı. Troya savaşına yollanan Aqamemnon böyük qızı İfigeniyanı allahlara qurban vermişdi. Bundan sonra Klitemnestra qızının qanını almaq üçün fürsət güdməyə başlamışdı. Aqamemnondan yanıqlı, qisas gününü gözləyən iki nəfər ümumi düşmən sayəsində tapışmışdı - Klitemnestra ərinin əmisi oğlu Egisfi özünə oynaş tutmuşdu. Aqamemnon müharibədən sağ-salamat qayıdanda aşnalar sözü bir yerə qoyub onu hamamda baltalamışdılar. Cinayətin şahidi kiçik qız Elektranı salamat buraxsalar da, Klitemnestra azyaşlı oğlu Oresti Egisfin intiqamından yayındırmaq üçün uşağı başqa bir diyara azdırmışdı. Az sonra uşağın öldüyü haqda şayiə yayılmışdı. Təbii ki, Orest də atasına qəsd olunduğuna görə həm anasından, həm də atalığından öc almaq yanğısıyla böyümüşdü. Bu müddətdə tanrı Apollon onun qisas duyğusunu daim körükləmişdi...

Əfsanənin 2500 il əvvəl qələmə alınmış əsli, Sartr qəhrəmanlarının yaxın keçmişi, qısaca desək, belədir. Pyesdə hadisələr yunan torpaqlarını diyar-diyar dolaşmış gənc Orestin - Atreyin nəvəsi, Aqamemnonun oğlu Orestin on beş ildən sonra müəllimi, ustadıyla birgə doğma şəhəri Arqosa qayıtmasından başlanır. Əsərdə metafizik aləmi nədənsə yunan allahlarının komandanı Zevs yox, Roma tanrılar panteonunun başçısı Yupiter təmsil eləyir. Birinci pərdəyə yazdığı remarkada müəllif onu “milçəklər və ölüm tanrısı” kimi qələmə verir. Ancaq istənilən halda buradakı dini motivlər birbaşa xristianlığa bağlıdır: ağır cinayətə bulaşmış Atrey nəslinin lənətlənməsi təkcə elə doğulduğuna görə günaha batmış sayılan Adəm övladlarının ölümə məhkum olunmasına (“Tanrı ölüm hökmü kəsib doğulmaq günahımıza” - Salam Sarvan) işarədir. Yupiter özü ikiayaqlı məxluqları daim günah yükü altında əzən xristian tanrısına karikaturadır. Zatən xristian allahı da bəndələrini bu məntiqlə tabeliyində saxlayır: əgər Tanrının oğlu, yer üzünün xəlifəsi sənin uğrunda ölümə gedibsə, deməli, günahkarsan.

Əsərdəki qaniçən milçəklərin - günah, qisas tanrıçalarının, vicdan əzabı məlakələrinin vızıltısı antik teatrda taleyin hökmünü səsləndirən, tanrıların fərmanını car çəkən xora parodiyadır. Onu da deyək ki, pyesdə hadisələr qədim çağda cərəyan eləsə də, müəllif bəzi elementləri qəsdən müasirləşdirib.

***

Arqosun baş meydanında, sarayın qarşısında tanrı Yupiterin heykəli ucalır. Heykələ iri, kök milçəklər daraşıb. Saraydan nalə, fəryad səsləri gəlir. Milçək bütün şəhəri bürüyüb, həşəratların əlindən ağız açmaq, nəfəs almaq mümkün deyil. Aqamemnonun qətlindən keçən on beş ildə şəhər əhli ağır günah yükü altında yaşayır, çünki on beş il qabaq onların hökmdarı xain hücuma uğrayıb təbəələrindən yardım gözləyəndə heç kəs onun harayına yetməmişdi. Elə buna görə də tanrılar namərd şəhərliləri cəzalandırmaq üçün Arqosa saysız-hesabsız milçək ordusu göndəriblər. Burada hər kəsin vicdanı ləkəlidir, hamı fəlakət intizarında, daimi qorxu altında ömür sürür. Yupiter təğyiri-libas olub camaat arasına girəndə onun əhalidən seçildiyini duyan bir qarı tanrıya hesabat verib deyir ki, qızı da, kürəkəni də hər il onun yolunda bir inək qurban kəsir, artıq yeddi yaşlı nəvəsi də tövbə eləməyi bacarır, uşaq körpə quzu kimi itaətkardır, içi əzəli günah hissiylə doludur.

Orest öz müəllimiylə (Pedaqoq) belə bir şəhərdə zühur eləyir. Yupiter onu yanlayıb deyir ki, bu gün Arqosda ölülər günüdür, ağlaşma, fəryad səsləri mərasimin artıq başlandığına dəlalət eləyir. İldə bir dəfə keçirilən bu mərasimdə padşahdan nökərə qədər hər bir kəs göz yaşı töküb ah-nalə çəkməklə başını tövbə daşına döyür, ölmüşlərinə yalvarıb günahlarının bağışlanmasını diləyir.

Şəhərdə söz gəzir ki, Aqamemnonun oğlu ölməyib, sağdır. Özünü başqa adla təqdim eləyən Orestin kimliyini bilsə də, Yupiter onunla söhbətdə özünü avamlığa vurur: “Əgər Orest buralara gəlsəydi, ona belə deyərdim: cavan oğlan, çıxın gedin bu şəhərdən! Sizə burada nə lazımdır? Haqqınızı tələb eləmək istəyirsiniz? Yetər. Siz çılğın, qayışbaldır bir gəncsiniz, sizdən cəsur, döyüşkən qoşun başçısı çıxar. Siz özünüzə bu yarımcan şəhərə, milçəklərin daraşdığı bu leşə başçılıq eləməkdən daha yaxşı məşğuliyyət taparsınız. Buranın adamları böyük günaha batıblar, bununla belə tövbə yolu tutublar. Onları sakit buraxın, cavan oğlan, dinc buraxın onları, bu adamların əzablarına sayğı göstərin, öz xoşunuzla sağ-salamat uzaqlaşın buralardan. Siz onların cinayətinə şərik deyilsiz, bu səbəbdən onların əzablarına da ortaq çıxa bilməzsiz. Sizin təkəbbürlü saflığınız onlarla aranızda dərin uçurum yaradır. Onlara zərrə qədər ürəyiniz yanırsa, çıxın gedin. Getməsəniz, onları bədbəxt eləyəcəksiz: əgər onlara nəfəs dərmək imkanı versəniz, əgər bircə anlığa vicdanın caynağından onları ayırsanız, günah onların canında qalın piy qatı bağlayacaq. Onların vicdanı ləkəlidir, onlar qorxurlar, qorxunun, kirli vicdanın qoxusu isə tanrılara həzz verir. Bəli, bu miskin canlar allahların zövqünə tam uyğun gəlir. Onları tanrıların lütfündən məhrum eləmək istəyirsiz? Əvəzində nə verəcəksiz onlara? Rahat həzm, dinc, darıxdırıcı əyalət həyatı, qəm-qüssə? Ax, bu qəm-qüssə ki var, xoşbəxtliyin məişətidir...”

Yupiter uzaqlaşır. Orest başını itirir. Əslində, bu şəhər onun ata mülküdür, o burada taxt-tacın qanuni varisidir, ancaq indi doğma Arqosda ona bir adamlıq yer yoxdur, şəhərin özü də, adamları da ona tamam yad-yabançıdır. Göydə tanrı Yupiter, yerdə hökmdar Egisf insanların canına günah cinlərini müsəllət eləməklə onları ömürlük girova çeviriblər, onlar yüz il başlarını tövbə daşına döysələr də, bu günahdan arına bilməyəcəklər. Suç duyğusu insanı kölə halına salmağın, onu qulluğa könüllü cəlb eləməyin ən effektiv yoludur. Yupiterin əmrinə müntəzir milçəklər məhz günahkar bəndələrin canını didən əzabların rəmzidir, suçlu başlara kül ələyən fələyin cəza ordusudur. Əgər “Taun” romanında Alber Kamü natəmizliyin, xəstəliyin, ölümün simvolu kimi mikrob daşıyan gəmiriciləri seçmişdisə, Sartr üçün belə bir simvol insanların günahlarıyla bəslənən, əməllərin çirkabından pərvazlanan qanadlı həşəratlardır.

Davamı növbəti sayımızda

F.UĞURLU

Paylaş:
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Qlobal Cənubun gur səsi

11 Sentyabr 11:42  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30