Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ və Venesuela arasında gərginlik artır

ABŞ və Venesuela arasında gərginlik artır

10.09.2025 [10:05]

ABŞ Prezidenti Donald Tramp qonşu ölkələrlə problemlər, narkoticarət, qanunsuz miqrasiya və s. məsələlərin həllinə çalışır.  Avqustun sonlarında Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller ABŞ hərbi gəmilərinin Venesuela sahillərinə yerləşdirilməsi ilə bağlı məlumatı şərh edərkən bildirmişdi ki, ölkənin Silahlı Qüvvələrinin missiyasına Amerika vətəndaşlarını cinayətkar kartellərdən və xarici terror təşkilatlarından qorumaq daxildir: “Bu planetdə Qərb yarımkürəsində fəaliyyət göstərən cinayətkar kartellər və narkotik tacirlərindən daha çox amerikalının ölümünə görə məsuliyyət daşıyan heç bir təşkilat yoxdur”.

Bu bəyanatdan bir neçə gün sonra isə ABŞ ordusu Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurdu.

ABŞ bölgədə hərbi mövcudluğunu artırır

ABŞ hakimiyyəti narkokartellərə qarşı əməliyyatlar aparmaq məqsədilə Puerto-Rikodakı aerodroma 10 ədəd F-35 qırıcısı yerləşdirmək barədə də göstəriş verib.  Bu addım regiondakı gərginliyi daha da artırmaq ehtimalı yaradır. “Reuters” agentliyinin məlumatına əsasən, qırıcılar ABŞ-ın Karib hövzəsinin cənubunda onsuz da geniş olan hərbi mövcudluğunu gücləndirəcək. Bu qərar Prezident Donald Trampın narkotik qaçaqmalçılığında ittiham etdiyi qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaqla bağlı etdiyi seçkiqabağı vədinin icrası çərçivəsində verilib. Qırıcıların bu həftənin sonunadək Karib hövzəsinin cənub hissəsinə çatacağı bildirilir. Qeyd olunur ki, artıq 7 ABŞ hərbi gəmisi və 1 sürətli nüvə sualtı qayığı həmin regionda yerləşdirilib və ya yaxın günlərdə orada olacaq. Həmin gəmilərdə 4,5 mindən çox dənizçi və dəniz piyadası xidmət aparır.

Venesuela Prezidenti Nikolas Maduro isə hadisə ilə əlaqədar bildirib ki, ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaq istəyir. Bununla belə, dövlət başçısı bəyan edib ki, Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq: “BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq”. Venesuela lideri bildirib ki, Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 faizi Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 faizi isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun 70 faizi ələ keçirilib. Maduro qeyd edib ki, son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və Venesuela tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcək.

Lakin Vaşinqtonun Latın Amerikası kartellərinə qarşı gücləndirdiyi mübarizə və Venesuela ilə münasibətlərin pisləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələri də Karib dənizində mövcudluğunu artırıb. “Newsweek” nəşrinin məlumatında qeyd olunub ki, gəmilərin bölgəyə toplaşmasına avqust ayından başlanılıb. Bundan əvvəl azı 8 gəmi və 1 sualtı qayığın bölgəyə cəlb olunduğu bildirilirdi. Peyk görüntüləri Panama sahillərində idarə olunan raket sistemi ilə təchiz olunmuş “USS Sampson” esminesi, “USS Gravely” və “USS Jason Dunham” esminesləri və “USS Minneapolis-St. Paul” sahil zonası gəmisini qeydə alıb. Puerto Rikonun cənubunda isə “Iwo Jima” universal desant gəmisi, “USS San Antonio” desant nəqliyyat-doku və “USS Fort Lauderdale” desant-helikopter gəmi-doku yerləşib. Həmçinin “P-8A Poseidon” sualtı gəmi əleyhinə təyyarə və “Boeing C-17 Globemaster III” hərbi nəqliyyat təyyarəsi də görüntülənib. Eyni zamanda, regionda “USS Newport News” çoxfunksiyalı atom sualtı qayığı da var, lakin onun dəqiq yeri məlum deyil.

Donald Trampdan xəbərdarlıq

Belə bir şəraitdə ABŞ-ın müvafiq qurumları bugünlərdə Venesuelanın iki hərbi təyyarəsinin beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçduğunu bəyan ediblər. Vaşinqton hesab edir ki, son dərəcə təxribatçı addım narkoterrorla mübarizə əməliyyatlarına mane olmaq məqsədi daşıyıb. Venesuelaya ABŞ-ın narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına mane olmağa, çəkindirməyə və ya müdaxilə etməyə cəhd etməmək tövsiyə olunub. Prezident Tramp isə bəyan edib ki, Venesuela hərbi təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda vurulacaqlar. Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə müraciətlə bildirib ki, Venesuela aviasiyası tərəfindən hər hansı bir təhdid yaranacağı halda, hərbçilər öz mülahizələrinə əsasən hərəkət edə bilərlər.

CNN kanalı isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Donald Tramp Venesuelada yerləşən narkotik kartellərinə zərbə endirmək imkanını nəzərdən keçirir. Məlumata görə, bu cür planlar ABŞ administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronun mövqelərini zəiflətməyə yönəlmiş siyasi kursunun daha geniş hissəsidir. CNN qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib. Mənbənin fikirlərinə görə, bəzi Amerika rəsmiləri bu həftə Venesuela sahilləri yaxınlığında gəmiyə zərbələrin endirilməsinin və narkotik tacirlərinə qarşı potensial zərbələrin Maduronun yaxın ətrafına təzyiq göstərəcəyini və onları hakimiyyət dəyişikliyi barədə düşünməyə vadar edəcəyini gözləyirlər.

Maduro Karib və Atlantik sahillərinə 25 min hərbi qulluqçu yerləşdirir 

Bütün bunların fonunda Venesuela Prezidenti Nikolas Maduro Donald Trampın təhdidinə cavab verib. Maduro hazırda silahsız mübarizə mərhələsində olduqlarını, lakin “lazım gələrsə”, silahları işə salacaqlarını bildirib: “Biz sülh tərəfdarıyıq, amma, eyni zamanda, döyüşçü bir millətik. Kimsə - nə bu gün, nə də gələcəkdə bizi əsarət altına ala bilməz. ABŞ Venesuelada zorakılıq yolu ilə hakimiyyəti dəyişdirmək planlarından əl çəkməlidir. Əgər hücum olarsa, xalqımız milli, yerli və regional səviyyədə planlı və təşkilatlanmış şəkildə silahlı mübarizə mərhələsinə keçəcək”. Venesuela xalqına hörmət olunmaq şərti ilə hər zaman dialoqa və danışıqlara açıq olduqlarını vurğulayan Maduro “Venesuelanın Karib dənizindəki ərazi suları xalqa məxsusdur. Sui-qəsdlər, təhdidlər, çevrilişlər və müdaxilələr Karib hövzəsi və Cənubi Amerikaya qayıtmamalıdır”, - deyə bildirib.

Nikolas Maduro, həmçinin Kolumbiya sərhədində, eləcə də respublikanın Karib və Atlantik  sahillərində 25 min hərbi qulluqçunun yerləşdirilməsi barədə əmr verib. Venesuela lideri bunu özünün “Telegram” kanalında bildirib: “Əmr verdim ki, kişi və qadından ibarət 25 min şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin sürətli reaksiya göstərən əməliyyat-taktiki qrupları Kolumbiya ilə sülh zonasına, Karib sahillərinə və Yeni Esparta, Sukre və Delta-Amakuro əyalətlərinin Atlantik sahillərinə yerləşdirilsin”. O vurğulayıb ki, mobilizasiyanın əsas məqsədi milli suverenliyin qorunması, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizədir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30