Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın sol əli ilə sağ qulağının dibini göstərməsi

Ermənistanın sol əli ilə sağ qulağının dibini göstərməsi

29.10.2022 [10:30]

Dalan ölkənin yaxın və uzaq perspektivdə Şimal-Cənub dəhlizinə qoşulması mümkün olmayacaq

Mübariz ABDULLAYEV

Hazırda ölkələr nəqliyyat dəhlizlərinə çıxış uğrunda marafona qoşulublar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İndiki halda nəqliyyat dəhlizlərinin önəmini artıran əsas faktor geosiyasi gərginliklərlə bağlıdır. Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda  Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Rusiyadan keçən marşrutlara da təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə daşıma şirkətləri alternativ marşrutlara üstünlük verirlər. Eyni zamanda, ayrı-ayrı ölkələr yaranmış reallıqları özləri üçün fürsət sanaraq bundan faydalanmağa çalışırlar. Dalan ölkə olan Ermənistan da bu sırada yer alır.

Ermənistanın nağdını qoyub nisyənin sevdasına düşməsi

Son vaxtlarda Ermənistanda ölkənin nəqliyyat dəhlizlərinə qoşulması ilə bağlı müzakirələr intensivləşib. Müxtəlif səviyyələrdə aparılan müzakirələrdə ötən illərin küləyə verildiyi təəssüflə vurğulanır və tranzit imkanlarından istifadə olunmasının ölkə üçün iqtisadi və siyasi dvidentlərinə diqqət çəkilir. Açıq-aydın görünür ki, uzun illər ərzində dalan vəziyyətdən çıxa bilməyən, bütün regional layihələrdən kənarda qalan Ermənistanda  nəqliyyat dəhlizlərinə qoşulacağı təqdirdə ölkənin qaz vurub qazan dolduracağı ilə bağlı xəyallar qurulur. Perspektivlər belə təsəvvür olunur: Ənənəvi marşrutlardan imtina olunacaq, Avropadan Asiyaya gedən yüklərin istiqaməti Ermənistana yönələcək və ölkədə sərhəd gömrük məntəqələrində ABŞ dolları ilə ödənilən tranzit rüsumlarının yığılması əsas fəaliyyət sferasına çevriləcək. Sel kimi axan gəlirlər ölkədə iqtisadiyyatın dirçəlməsinə, sosial layihələrin reallaşdırlmasına yeni imkanlar açacaq.

Perspektivlə bağlı planlar qurmaq yaxşıdır, ancaq bir şərtlə: Bunun real əsasları olmalıdır. Ancaq görünür, Ermənistanda reallıqdan çıxış edənlər öz mövqelərini virtual qazancxülyasında olanlara veriblər. Düşünmək olardı ki, Ermənistanda, nəhayət, sağlam düşüncə önə keçibsə və nəqliyyat dəhlizlərinə çıxışın önəmi dərk olunubsa, müzakirələr ilk növbədə Zəngəzur dəhlizi ilə bağlı aparılacaq. Bu dəhlizin Ermənistan liderinin də imza atdığı üçtərəfli Bəyanata uyğun olaraq yaradılması nəzərdə tutulub. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək yeni marşrut Ermənistandan keçməklə Türkiyəyə və oradan da Avropaya qədər uzanacaq. Sözügedən kommunikasiya xətti Azərbaycan ərazisində beynəlxalq səviyyəli Şimal-Cənub, Şərq-Qərb və Transxəzər (Orta dəhliz) marşrutlarına inteqrasiya ediləcək. Mütəxəssislərin də bildirdikləri kimi, Azərbaycan üzərindən keçən dəhlizlər Avropa ilə Asiya arasında ən qısa, ən rahat, iqtisadi, və təhlükəsizlik baxımından ən cəlbedici marşrutlardır. Funksionallığı yüksək səviyyədə təmin olunan bu dəhlizlərin üzərində yerləşən ölkələrin koordinasiyalı fəaliyyətləri təmin edilir, vahid tariflər tətbiq olunur, yeni çağırışlar nəzərə alınmaqla hüquqi baza daim yenilənir. Logistik imkanlar da yüksək səviyyədədir. Yəni artıq sınaqdan çıxan, özünü doğruldan işlək bir mexanizm var. Ermənistanın atacağı yeganə addım dəhlizin yaradılması ilə bağlı əsassız siyasi ambisiyalardan geri çəkilmək və bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetirmək olardı. Bununla Ermənistan yeni  regional konfiqurasiyada yer ala və özünün təcrid vəziyyətinə son qoya bilər.

Ancaq siyasi ambisiyalarının girovuna çevrilən Ermənistan bir növ nağdını qoyub nisyənin söhbətini aparır. Dalan ölkənin dünyaya çıxışını təmin etmək üçün optimal variant olan Zəngəzur dəhlizi ilə bağlı ən ağlagəlməz manipulyasiyalara əl atan və öhdəliklərini yerinə yetirməyən Ermənistan İran vasitəsilə Şimal-Cənub dəhlizinə qoşulmaq niyyətini ifadə edir. Bu, Ermənistanın nağdını qoyub, nisyənin ardınca qaçması anlamına gəlir.

Şimal-Cənub dəhlizi

Şimal-Cənub dəhlizi təhlükəsizlik, məsafənin qısalığı, zaman itkisinin az olması, marşrutda yer alan ölkələrin koordinasiyalı fəaliyyəti, bütün dəhliz boyunca eyni optimal tariflər kimi çoxsaylı aktual məsələlərin bir məkanda həlli deməkdir. Bu dəhliz yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometirdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.

Xatırladaq ki, Şimal-Cənub Dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.

Ermənistanda ölkənin İran vasitəsilə Şimal-Cənub dəhlizinə qoşulması ilə bağlı müzakirələrdə Azərbaycanla rəqabətdə önə keçmək istəyi açıq mətnlə dilə gətirilir. Yenə də, istək başqa şeydir, reallığın şərtləri isə tamam fərqlidir. Azərbaycan Şimal-Cənub dəhlizində əsas həlqələrdən birini təşkil edir. Bunu həm ölkəmizin coğrafi yerləşməsi, marşrutun, əsasən, düzəngah ərazilərdən keçməsi, həm də onilliklər boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur şərtləndirir. Azərbaycan bu marşrutun funksionallığının artmasına davamlı töhfələr verir və bunlar tərəfdaş ölkələr tərəfindən yüksək dəyərləndirilir.

Əsası olmayan arqumentlər

Bəs Ermənistan Şimal-Cənub dəhlizinə qoşulmaqla bağlı niyyətini ortaya qoyarkən və rəqabətdə önə keçmək niyyətini səsləndirərkən hansı arqumentlərə əsaslanır? Aparılan müzakirələrə diqqət yetirdikdə aydın olur ki, bu ölkənin əlində bayraq edib güvəndiyi yeganə arqument iştirakçı dövlətlər olan İrandan və Hindistandan gözlənilən dəstəkdir. Əvvəla, belə bir dəstəyi arqument kimi dəyərləndirməklə Ermənistan yenidən utopiyaya yuvarlanır. Ermənistan tərəfi bəhs olunan ölkələrin siyasi dəstəyinə diqqət çəkir. Bəli, Ermənistan hansısa siyasi dəstəyə ümid bəsləyə bilər. Bəs investisiyalar? Bəs layihələrin reallaşdırılması? Şimal-Cənub dəhlizinin bu ölkədən keçməsi xəyal edilən qolu üçün İran sərhəddi-Ermənistan-Gürcüstan sərhəddi (Yuxarı Laps) marşrutu təklif olunur. Bu marşrut kifayət qədər çətin relyefə malik ərazilərdən keçir. Digər tərəfdən, bəhs olunan marşrut üzrə  zəruri yol-logistik infrastruktur yoxdur. Yeni infrastrukturun yardılmasına vaxt və böyük həcmlərdə maliyyə vəsaiti tələb olunacaq. Ermənistanın özünün belə irihəcmli layihələrə sərmayələr yönəltmək imkanları sıfıra bərabərdir. Qonşu İran Şimal-Cənub dəhlizinin Ermənistan qolunun yaradılmasına siyasi dəstək verə bilər. Ancaq bu ölkənin layihələrin icrasına maliyyə ayırmaq imkanları məhduddur. Bunu həm də o fakt təsdiqləyir ki, İran uzun illər ərzində bəhs olunan dəhlizin dəmir yolu seqmentinin məsafəcə çox da uzun olmayan Rəşt-Astara (İran) hissəsinin inşasını aparmağa daxili vəsait tapa bilmir və bu səbəbdən də Azərbaycan istiqamətindən gələn yüklər İran Astarasında vaqonlardan boşaldılaraq TIR-lar vasitəsilə limanlara daşınır. Əgər İranın geniş maliyyə imkanları olsa idı, Rəşt-Astara (İran) dəmir yolunun inşasını bu qədər yubatmazdı. Xatırladaq ki, Azərbaycan dəmir yolunun öz ərazisindən İran sərhədinədək uzadılmasını hələ bir neçə il bundan qabaq təmin edib. Uzaq Hindistanın da Şimal-Cənub dəhlizinin Ermənistan qolunun yaradılmasına dəstəyi siyasi bəyanatdan uzağa gedə bilməz. Təsadüfi deyil ki, erməni ekspertlərinin özləri də Hindistanın sərmayələrinə ümid bəsləməyin əbəs olduğunu bildirirlər.

Beləliklə, aydın olur ki, Ermənistanın Şimal-Cənub dəhlizinə qoşulması yaxın və uzaq perspektivdə mümkün olmayacaq. Təklif olunan marşrutun çətin keçilən dağlıq relyefi də bu ölkənin tranzit imkanlarının cəlbediciliyini itirir. Belə olan halda Ermənistan üçün dünyaya açılan yeganə ümid qapısının Zəngəzur dəhlizi olduğu qənaəti daha da möhkəmlənir.

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30