Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Tarixi faktlar sübut edir...

Tarixi faktlar sübut edir...

21.10.2022 [09:57]

Azərbaycanda 1918-ci ildə, “demokratik”

Fransada isə 1944-cü ildə tanınıb

Seçki hüququ olduqca geniş bir mövhum olan demokratiyanın fundamental prinsiplərindədir. Azad şəkildə seçmək və seçilmək kimi tanınan hüquqlardan istifadə isə vətəndaş ilə dövlət arasında tənzimləyici körpü rolunu oynayır. Başqa sözlə, vətəndaş məhz seçib-seçilmək hüququ əsasında dövlətinin idarəçiliyində yer alır, ictimai-siyasi proseslərdə iştirakçılıq hüququ qazanır.

Ümumi seçki hüququ cinsi, irqi, sosial status, təhsil səviyyəsi və ya zənginlik səviyyəsi məhdudiyyətləri olmayan səsvermə hüququndan ibarətdir. Bu seçki hüququ çox zaman bir bölgənin bütün sakinlərinə verilmir - müəyyən yaş məhdudiyyəti, zehni qabiliyyət imkanı və ya cinayət törətmələrinə görə səsvermə hüquqları məhdudlaşdırıla bilər. Bu isə, istisna hallar kimi qeyd edilir. Vurğulandığı kimi, demokratiya anlayışında cinsi fərq seçki hüququnu məhdudlaşdıra bilməz. Amma...

Qadınlara seçib-seçilmək hüququnun tanınması tarixin ən qalmaqallı hadisələriylə müşayiət olunub. Hətta bəzi ölkələrdə bu proses nəinki onilliklər, yüzilliklərlə davam edib. Qadınlara seçki hüququnun tanınması isə əsasən XX əsrdə kütləvi hal alıb. Hətta Qərbin bəzi ölkələri burada ən geridə qalmışlardan sayılır. Məsələn, özünü demokratiyanın beşiyi sayan Fransa kimi... Bu barədə az sonra...

Kanada 1917, İngiltərə və Almaniya 1918, ABŞ 1920...

Hələlik isə qadın seçki hüququnun tanınması ilə bağlı tarixi xronologiyaya göz gəzdirək. 1819-cu ildə 60-80 min insan Böyük Britaniyanın Mançester şəhərinin Müqəddəs Pyotr meydanına yığışaraq qadınların seçki hüquqlarının olmamasına etiraz etmişdilər. Tarixçi Robert Pool bu etirazlar zamanı baş vermiş Peterloo qırğınını öz dövrünün ən mühüm hadisələrindən biri kimi dəyərləndirib. Yeri gəlmişkən, “Peterloo” filmində bu etirazlara yardım edən qadınların iştirakı əks etdirilib.

Qadınlara seçib-seçilmə hüququnun verilməsi uğrunda uzun müddət mübarizə aparılıb. Bu hüquq ilk dəfə qısa-müddətli də olsa Nyu-Cersinin (indiki ABŞ ştatı, həmin dövrdə müstəqil subyekt idi) 1776-cı ildə qəbul edilmiş ilk konstitusiyasında nəzərdə tutulmuşdu. Bu konstitusiyaya görə subay torpaq sahibi qadınlara seçki hüququ verilirdi. Bu müddəa Konstitusiyada öz əksini belə tapırdı: “50 pound elan edilmiş pulu olan, səs vermək istədiyi ərazidə seçkidən ən azı 12 ?? əvvəldən yaşaması şərtilə Koloniyanın bütün sakinləri Nümayəndələr Şurasına və Assambleyasına və digər ictimai işlərə olan seçkilərdə səs verə bilər”. 1844-cü ildə isə konstitusiya dəyişikliyi edilir və səsvermə hüququ yalnız “bütün ağ kişilərə” verilir.

1840-cı ildə Havay krallığında qadına seçki hüququ verilsə də, onlardan bu haqq 1852-ci ildə geri alınır. 1860-cı illərdə İsveçdə, Böyük Britaniyada və ABŞ-ın bəzi qərb ştatlarında az saylı qadına səsvermə hüququ verilmişdi. 1893-cü ildə Yeni Zelandiya qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tarixə düşdü. 1894-cü ildə isə Cənubi Avstraliyada qadınlara həm səsvermə, həm də parlament seçkilərində namizəd olma hüququ verildi. Rusiya imperiyasının tərkibində olan Finlandiya knyazlığında da qadınlara həm səsvermə, həm də namizəd olma hüququ tanınmışdı. Əksər böyük Qərb dövlətləri isə yalnız XX əsrin əvvəlində, müharibələrarası dövrdə qadınların səsvermə hüquqlarını tanıdı - Kanada 1917, İngiltərə və Almaniya 1918, Avstriya və Hollandiya 1919, ABŞ isə 1920-ci ildə bu hüququ qadınlara verdi.

“Qadınların yeri seçki məntəqələri yox, onların evidir”

Qadınlara seçki hüququnun verilməsi əleyhinə təbliğat aparanların əsas arqumenti isə ondan ibarət idi ki, qadınların yeri seçki məntəqələri yox, onların evidir. Qadın haqları ilə bağlı siyasi karikaturalar və təhqirlər davamlı olaraq Qərb jurnallarını bəzəyirdi. Hətta bu təbliğatla məşğul olan və qanuni qeydiyyatdan keçmiş təşkilatlar da fəaliyyət göstərirdi. Bu təşkilatlardan biri də Massaçusets Əks Assosiasiyası idi. Bu təşkilat 1880-ci illərdə xeyli fəal idi.

Bir çox antisuffrage (qadınların seçki hüququnun əleyhinə olan şəxslər) siyasətdəki qadın ideyasını zarafat obyektinə çevirmişdi. Onlara görə qadınlara seçki hüququnun verilməsi tərəfdarları həyatda qadın və kişinin yerini dəyişdirmək istəyirdilər. Bəziləri seçki hüququnun verilməsi tərəfdarı olan qadınların tam yuxarıya daranmış saçlarını məzə obyektinə çevrirdi. Bəziləri isə yazılarında qadınların bu hərəkata qoşulmasına səbəb kimi onların həyatda müəyyən uğursuzluğa məruz qalmasını göstərirdilər. Bu uğursuzluqlardan ən başlıcası isə evlənə bilməmələri qeyd olunurdu.

Göründüyü kimi, XIX əsrə qədər qadınların səsvermə hüququ yalnız istisna ünvanlarda mövcud idi. Hətta həmin ərazilərdə də bir qayda olaraq məhdudiyyətlər və istisnalar vardı - mülkiyyət ixtisası, ailədə, cəmiyyətdə mövqe və s.

Fransada qadın hüquqları 1944-cü ildə tanındı

Maraqlıdır ki, özünü “demokratik dünya”nın ən prioritet ünvanı, hətta beşiyi kimi təqdim edən Fransada qadınlara bu hüquqlar yalnız XX əsrin ortalarında tanındı. Xatırladaq ki, 1789-cu il Fransa inqilabı zamanı Fransada mütəşəkkil qadın hərəkatı yaranmışdı. Qadınlar inqilabi aksiyalarda fəal iştirak etmiş, öz təşkilatlarını yaratmış, bərabərlik uğrunda mübarizəyə həsr olunmuş jurnal belə nəşr etmişdilər. 1791-ci ildə Milli Assambleyaya Olimpiya de Quj tərəfindən hazırlanmış və qadınların tam sosial və siyasi bərabərliyinin tanınmasını tələb edən Qadın və Vətəndaşların Hüquqları Bəyannaməsi təqdim edilmişdi. Lakin qadın bərabərliyi ideyası rədd edildi və 1793-cü ilin sonunda Fransada qadın təşkilatlarının fəaliyyətinə son qoyuldu. Hərəkatın dirçəlişi bir də XIX əsrin ortalarında baş verdi və 1882-ci ildə Fransa Qadın Hüquqları Liqası meydana çıxdı, fransız qadınlara seçki hüququ 1944-cü ildə tanındı. Həmin vaxt Şarl de Qoll hökuməti bunu səsverməyə çıxardı və 51 lehinə, 16 əleyhinə səslə bu qərar qəbul edildi. Həmin vaxt Fransa təxminən on il idi ki, qadınların seçki hüququnu tanımayan yeganə Qərb ölkəsi idi. Beləliklə, Fransız qadınları 21 aprel 1944-cü ildə Fransa Müvəqqəti Hökumətinin dekreti ilə seçkilərin tamhüquqlu iştirakçıları oldu. Qadınların kişilərlə bərabər iştirak edə bildiyi ilk böyükmiqyaslı seçki isə 21 oktyabr 1945-ci ildə keçirilən parlament seçkiləri oldu. Fransız Əlcəzairinin yerli müsəlman qadınları isə yalnız 3 iyul 1958-ci il tarixli fərmanla səsvermə hüququ əldə etdilər.

Azərbaycan - nəinki Şərqin, həm də Avropanın ən demokratik ölkəsi...

Bəli, təəssüf ki, bu gün dünyaya demokratiya dərsi keçməyə çalışanlar, “demokratiya sammiti” təşkil edənlər bəzən tarixi faktları unudurlar. Unudurlar ki, Azərbaycan Şərqdə qadınların seçki hüququnu tanıyan ilk ölkə olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ölkədə ən qısa müddətdə çox dərin demokratik transformasiyalar həyata keçirildi ki, bunun tərkib hissəsindən biri də qadınların seçmək və seçilmək hüququnun təmin edilməsi idi. Qadınlara səsvermə hüququnun verilməsi haqqında qanun general Uilyam Tomsonun komandanlığı ilə Britaniya qoşunlarının Bakıya desant çıxarmasından bir gün əvvələ təsadüf etdi. Bu qərar Milli Şura tərəfindən qəbul olundu. Azərbaycan qadınları İslam dünyasında ilk olaraq səsvermə hüququnu əldə etmiş, hətta bu baxımdan Avropa və amerikalı həmkarlarının əksəriyyətini qabaqlamışdı. Hətta İstiqlal Bəyənnaməsinin 4-cü bəndində qeyd olunur ki, “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər”.

Tarix əsl dərsdir. Sadəcə olaraq bu dərsi öyrənmək və nəticə çıxarmaq lazımdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30