Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qarabağda yaşayan ermənilərlə Azərbaycan vətəndaşları kimi davranılacaq

Qarabağda yaşayan ermənilərlə Azərbaycan vətəndaşları kimi davranılacaq

14.10.2022 [10:18]

Mübariz ABDULLAYEV

Çətin və ağır keçsə də, Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi irəliləməkdədir. Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycanın televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, artıq sülh prosesinə təkan verilib.

Ermənistan sülhə məcbur edilir

Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir.

Təbii ki, məğlub Ermənistanın belə davranışları qalib Azərbaycanı qane etmir. Respublikamız o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir.

Məğlub Ermənistanın manipulyasiya imkanları tükənməkdədir. Deyə bilərik ki, bu ölkəyə qarşı sülhə məcburetmə tədbirləri yalnız Azərbaycan tərəfdən görülmür. Bu ölkənin danışıqlar masası arxasında əyləşməsini, həm də regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi layihələrin reallaşdırılmasına böyük maraq göstərən vasitəçilər də təkid edirlər. Artıq Ermənistanda axıdılan yalançı göz yaşlarına vasitəçilərdə də inam qalmayıb. Onlar Ermənistanın bəhanələrinə rəğmən, iki ölkə arasında müharibə səhifəsinin bağlanmasına qətiyyətli çağırışlar edərək sülh müqaviləsinin imzalanmasının altenativi olmadığını bildirirlər. Bütün bunların fonunda Ermənistanın sülh razılaşmalarına getməkdən başqa çarəsi qalmayıb. Yuxarıda xatırlatdığımız Zirvə Toplantısı çərçivəsində oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Praqada aparılan danışıqların nəticəsi olaraq imzalanan Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılığını ifadə edib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Bütün bunlar o qənaəti yaradır ki, Azərbaycanın sülh şərtlərini bütün tərəflər-həm Avropa İttifaqı, həm də Ermənistanın özü qəbul edir. Eyni zamanda, bu günlərdə ABŞ-ın yüksək səviyyəli rəsmilərindən Bakıya və İrəvana edilən zənglərdə də sülhün alternativi olmadığı birmənalı şəkildə diqqətə çatdırılıb. Prezident İlham Əliyev sülh müqaviləsinin tezliklə imzalanacağına əminliyini bildirərək vurğulayıb: “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”.

Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar

Əvvəllər Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycan qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Bəhs olunan Bəyanatda Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirib. Bu, o anlama gəlir ki, Ermənistan Dağlıq Qarabağa olan bütün iddialarından geri çəkilib. Əslində, bunu bütün dünya da belə qəbul edir. Üçtərəfli Bəyanatda və sonrakı mərhələdə vasitəçilərin səyləri ilə imzalanan sənədlərdə “Dağlıq Qarabağ münaqişəsi” və yaxud “status” ifadələrinə, ümumiyyətlə, rast gəlinmir.

 “Status”la bağlı məsələ aydındır. Bəs Qarabağda yaşayan erməni əhalisinin taleyi necə olacaq? Burada da Ermənistan rəsmilərinin təlaşa düşmələrinin və yeri gəldi-gəlmədi Qarabağ ermənilərinin hüquqlarından danışmalarına heç bir lüzum yoxdur. Respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir. Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.

Separatçı rejimə maliyyə dəstəyi kəsilməlidir

Gözlənilir ki, işlər yaxşı gedəcəyi təqdirdə (oxu: Ermənistan lideri sözünü növbəti dəfə geri götürməyəcəyi təqdirdə-red.) iki ölkə arasında sülh müqaviləsinin 2022-ci ilin sonunadək imzalanması tam realdır. Belə olan təqdirdə Ermənistanın Dağlıq Qarabağla indiyədək mövcud olmuş bütün separat əlaqələrinə son qoyulmalıdır. Burada söhbət, həm də Ermənistandan və dünyadakı erməni diaspor təşkilatlarından, ayrı-ayrı ölkələrdən, zamanında Dağlıq Qarabağda qurulan separatçı rejimə göstərilən maliyyə dəstəyinin kəsilməsindən gedir. Sülh müqaviləsi imzalandıqdan sonra Xankəndi, həm də de-fakto Azərbaycanın tabeliyinə keçəcək və burada üçrəngli bayrağımız ucaldılacaq. Belə olan halda işğal dövründə yaradılmış separatçı rejimə maliyyə dəstəyi göstərilməsi mexanizminin işləməsi də qeyri-mümkün olacaq. Verilən məlumatlara görə, Ermənistan 2021-ci ildə Dağlıq Qarabağda qurulan separatçı rejimə 244 milyon dollar ayırıb, 2022-ci il üçün bu rəqəmin 288 milyon dollara çatdırılması nəzərdə tutulurdu. Bu vəsaitin bir hissəsi Qarabağda məskunlaşan 20 min civarındakı erməninin kommunal xərclərinin, maaş, təqaüd və pensiyalarına ödənilməsinə, bir hissəsi bağça, məktəb və bu qəbildən olan digər  obyektlərin saxlanılmasına və s. məqsədlərə yönəldilir. Vəsaitin əsas hissəsinin təyinatı isə sirr kimi saxlanılır. Sülh müqaviləsi imzalandıqdan sonra de-fakto və de-yure Azərbaycanın tabeçiliyində olan əraziyə Ermənistan, digər dövlətlər və lobbi təşkilatları hansı məntiqlə maliyyə dəstəyi göstərə bilərlər? Bunun heç bir əsaslandırması olmayacaq. Azərbaycan güclü dövlətdir. Xankəndinin və bir sıra digər yaşayış məntəqələrinin de-fakto Azərbaycanın tabeçiliyinə keçməsi təmin olunduqdan sonra ölkəmizin orada yaşayan erməni əhalisinin dövlət təminatlarını ödəməsi üçün hər cür imkanları var.

Yeri gəlmişkən, Qarabağda yaşayan erməni əhalisinə hər il maliyyə dəstəyinin göstərilməsi Ermənistanın özü üçün də ağır yükə çevrilməkdədir. Son vaxtlarda ölkənin kasıb büdcəsinin bu yükdən azad edilməsi ilə bağlı çağırışlar artıb. Ermənistanın iqtidarı və cəmiyyəti dünyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etməsinin fərqindədir. Artıq bu ölkədə o reallıqla barışıblar ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi perspektivi yoxdur. Belə olan halda hökumətə suallar ünvanlanır: Pullar nə üçün, hansı məqsədlə Dağlıq Qarabağa yönəldilməlidir?

İnteqrasiya dövrü yetişib

Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını diqtə edir. Əslində, bəhs olunan toplumun-20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heç üfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Otuz illik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, əksinə insanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar. Cinayətkar, separatçı rejimdə təmsil olunanlar isə varlanıblar, özlərinə sərvət toplayıblar. Ermənistandan, digər ölkələrdən və xaricdəki lobbi təşkilatlarından gələn yardımlar, qrantlar məhz onlar tərəfindən mənimsənilir. Belə fikirlər, korrupsiya faktları vaxtaşırı Xankəndində keçirilən mitinqlərdə də səsləndirilir. İnsanlar buradakı separatçı rejimin fəaliyyətindən narazılıqlarının pik həddə çatdığını bildirirlər. Postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına müraciətlər daxil olub. Həmin müraciətlərdə erməni əhalisinin təmsilçiləri Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər.

Daha bir fakt da diqqət çəkir. Xəbər verildiyi kimi, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yolun yaradılmasını vaxtından əvvəl təmin etdi. Müəyyənləşdirilmiş marşrut üzrə yüksək səviyyəli avtomobil yolu çəkildi. Başlanğıcda Ermənistandakı bəzi qüvvələr Azərbaycan inşaatçılarının həmin ərazilərdə işləyə bilməyəcəkləri barədə iddialar səsləndirirdilər. Ətraf kəndlərdə yaşayan ermənilərin onlara mane olacaqları bildirilirdi. Ancaq bu, baş vermədi. Rusiyanın sülhməramlı qüvvələrinin inşatçılarımızı erməni hücumlarından qorumalarına ehtiyac qalmadı və yolun inşası vaxtından əvvəl tamamlandı. Diqqəti çəkən, həm də o məqamdır ki, azərbaycanlı inşaatçılara hücum çəkəcəkləri iddia olunan ermənilərin özləri yolun çəkilməsində iştirakçı oldular. Bu kimi faktlar ondan xəbər verir ki, Qarabağda yaşayan müəyyən sayda erməni icması öz gələcəyini Azərbaycan cəmiyyətinə inteqrasiya etməklə qurmağa , birgə yaşamağa hazırdır. 

İnteqrasiyanın formulu: Qeyri-formal əlaqələr

Əlbəttə, 30 illik fasilədən sonra inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. İşğal illərində zərərli təbliğat aparılıb, araya nifaq, düşmənçilik toxumları səpilib. Bütün bunların aradan qaldırılması, inam mühitinin formalaşdırılması üçün zamana ehtiyac var. Prezident İlham Əliyev inteqrasiyanın formulunu da ifadə edib - bu, qeyri-formal təmasların qururlmasından keçir. “Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Hələlik Qarabağda yaşayan erməni əhalisi ilə qeyri-formal görüşlər güc strukturları vasitəsi ilə baş tutur. Bu qəbildən olan görüşlərdən biri Suqovuşanda reallaşıb. Şübhə yoxdur ki, sülh müqaviləsi imzalandıqdan sonra proses daha da genişlənəcək.

Ən önəmli məsələlərdən biri ermənilərin əmək bazarına inteqrasiyası ilə bağlıdır. Hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır. Burada keçmiş sovet dönəmində qurulan müəssisələr işğal illərində dağıdılıb və avadanlıqları satılıb, yeniləri isə yaradılmayıb. Azərbaycan postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Çoxsaylı layihələrin icrasına işçi qüvvəsi tələb olunur. Azərbaycan pasportu daşıyacaq ermənilərin bu işlərə cəlb edilməsində hər hansı bir problem olmayacaq.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin, o cümlədən də Xankəndinin Azərbaycan iqtisadiyyatına və ölkəmizin digər bölgələrinə reinteqrasiya perspektivləri kifayət qədər genişdir. Ermənistanla Dağlıq Qarabağın hər hansı bir təbii-iqtisadi bağlılığı yoxdur. Otuz illik işğal dövründə bölgənin iqtisadi inkişafının təmin olunmamasının əsas səbəbi də budur. Tarixən Dağlıq Qarabağ həm coğrafi yerləşməsi, həm də iqtisadi potensialı baxımından məhz Azərbaycanla bağlı olub. Kasıb Ermənistan bölgənin sosial-iqtisadi inkişafına hansısa bir töhfə verə bilməz və vermədi də. Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin xarici ölkələrə çıxış imkanları da genişlənəcək. Ermənistanın qonşu ölkələrlə nəqliyyat bağlantıları məhduddur. Azərbaycan ərazisindən isə bir-birinə inteqrasiya olunmuş bir neçə beynəlxalq dəhlizlər keçir.

Erməni silahlı birləşmələrinin fəaliyyətinə son

Sülh müqaviləsinin imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində Ermənistana məxsus hərbi birləşmələrin də fəaliyyətinə son qoymaq zamanı yetişəcək. Bəhs olunan silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxardılması ilə bağlı müddəa üçtərəfli Bəyanatda öz əksini tapıb. Ancaq öhdəliklərinə əməl etməyən məğlub Ermənistan ona məxsus hərbi birləşmələri ərazilərimizdən bütünlüklə çıxartmağa tələsmir. Düzdür, artan beynəlxalq qınaqdan çəkinən bu ölkə bəhs olunan ərazilərdəki silahlı birləşmələrin kontingentini müəyyən qədər azaldıb. Ancaq Azərbaycanın tələbi odur ki, qanunsuz silahlı dəstələr ərazilərimizdən tam şəkildə çıxarılsın. Ermənistan bunu öz xoşu ilə etməlidir, əks halda Azərbaycanın digər vasitələrə əl atmaqdan başqa yolu qalmayacaq.

Paylaş:
Baxılıb: 1095 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30