Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mən Partiyadan çıxmaq qərarına gəldim...

Mən Partiyadan çıxmaq qərarına gəldim...

15.07.2023 [10:15]

Ulu öndər Heydər Əliyevin bioqrafiyası Azərbaycanın dövlətçilik tarixinin ən əhəmiyyətli səhifələridir. Başqa sözlə, Azərbaycanın müasir dövlətçilik tarixi ilə tanış olmaq istəyən hər bir şəxs Ümummilli Liderin bioqrafiyası ilə yaxından tanış olmalı, xalqa, dövlətə həsr edilən ömrün ən mühüm və həlledici anlarını dərindən öyrənməlidir. Heydər Əliyevin bioqrafiyası siyasətlə məşğul olan hər kəs üçün mühüm bir məktəbdir.

1991-ci ilin iyulunda Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. Bu tarix xüsusi bir əhəmiyyət daşıyır - Heydər Əliyevin partiyadan ayrılması ilə bağlı yazdığı ərizə isə tarixi bir sənəddir. “Heydər Əliyev İli” çərçivəsində “Yeni Azərbaycan” qəzeti olaraq bu tarixi faktı da geniş auditoriyaya təqdim etmək qərarına gəldik. Tanınmış rusiyalı müəllif Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabından seçmələri oxucularımıza təqdim edirik...

Əvvəli ötən saylarımızda…

Mən Sov.İKP MK-nın arxivində bir sənəd tapmışam - A.N.Yakovlevin Sov.İKP-dən xaric edilməsinin tövsiyə olunması haqqında Sov.İKP MNK-nın Rəyasət Heyəti Bürosunun 1991-ci il 15 avqust tarixli qərarı. İfadələr standartdır. “Sov.İKP Nizamnaməsinə zidd olan və partiyanın parçalanmasına yönələn hərəkətlərinə görə”. İşin materialları arasında Moskvanın üç rayonunun - Bauman, Pcrvomaysk və Sokolniki rayonlarının partiya komitələrinin nəzarət komissiyaları sədrlərinin rəsmi məktubu vardır. Onlar Yakovlevin Sov.İKP-ni siyasi səhnədən çıxarmağa yönəlmiş hərəkətlərinə açıq qiymət verilməsini tələb edirdilər. MNK Rəyasət Heyətinin Bürosu Yakovlevin bundan sonra Sov.İKP sıralarında qalmasını qeyri-mümkün saymış və bu təklifi onun uçotda olduğu ilk partiya təşkilatına - Sov.İKP MK yanında partiya komitəsinə göndərmişdi.

Ertəsi gün, avqustun 16-da Yakovlev partiyadan çıxmasına dair cavab bəyanatı yazdı. Bəyanatda cəmiyyətə xəbərdarlıq edilirdi ki, “partiyanın rəhbər özəyində 1985-ci ilin siyasi xəttinə qarşı çıxan və bununla da, ölkədə ictimai tərəqqini ləngidən nüfuzlu stalinçi qruplaşma formalaşmışdır. Mahiyyətcə söhbət ondan gedir ki, partiyanın rəhbərliyi özünün bəyan etdiyinə zidd olaraq, partiyadakı demokratik cinahdan qurtulur, sosial qisasa, partiya və dövlət çevrilişinə hazırlaşır. Belə bir şəraitdə hesab edirəm ki, Sov.İKP sıralarında qalaraq demokratik dəyişikliklər işinə xidmət etmək mümkün deyildir və əxlaq qaydalarına ziddir, ona görə də partiya sıralarından çıxdığımı bəyan edirəm. Bunu mənə vicdanım hökm edir”.

Şevardnadzenin əhvalatına necə də oxşayır! On il sonra Aleksandr Nikolayeviç etiraf edirdi:

- Bilirsiniz, indiyədək inana bilmirəm ki, partiyadan çıxarılmağımla bağlı olan bu əməliyyat MK-nın Baş katibindən xəbərsiz aparılmışdır...

O vaxt isə Yakovlev “Kommunistlərə açıq məktub” yazdı. Bir gün sonra, avqustun 18-də öz evində məktubu Anatoli Sobçakla müzakirə etdi. Ancaq məktub dərc olunmadı - Dövlət Fövqəladə Vəziyyət Komissiyasının qərarı ilə avqustun 19-da tanklar Moskvaya girdi.

Yakovlevin partiyadan xaric edilməsinin (yoxsa çıxmasının?) detektiv-macərasayağı davamı da varmış.

Avqustun 24-də Kremldən o, ATS-1 (ali rəhbərlər üçün rabitə) ilə Sov.İKP MK aparatının partiya komitəsinin katibi Viktor Vasilyeviç Ryabova zəng vuraraq, Sov.İKP üzvü kimi onun uçot vərəqini götürməyi xahiş eldi. O vaxt Sov.İKP MK-nın Humanitar şöbəsinin müdiri olan (aparatın partiya komitəsinin katibi vəzifəsi ictimai əsaslar üzrə idi), indi Moskva Şəhər Pedaqoji Universitetinin rektoru işləyən Viktor Vasilyeviç deyir:

- Partiya komitəsinə zəng vurdum, mənim də, onun da uçot vərəqlərini gətirdilər. MK binasının qapısında əli avtomatlı adamlar dayanmışdılar. Çoxlarının üst-başını axtarırdılar. Qapının o üzündə qəzəbli bir güruh toplaşmışdı, hədələyici qışqırtılar eşidilirdi. Mənim çantamı açdılar, bütün kağızlara baxdılar və uçot vərəqlərini götürdülər. Mən İşlər İdarəsinin binasına girdim, oradan Yakovlevə zəng edib xəbər verdim ki, qapıda bütün sənədləri əlimdən alıblar. O, on beş dəqiqədən sonra oraya qayıtmağımı xahiş etdi. Elə də etdim. Uçot vərəqlərini qaytardılar, amma məndən üzr istəyən olmadı.

Ertəsi gün Ryabov Kremlə gəldi. O dövrdə Yakovlevin kabineti Qorbaçovun kabinetinin yaxınlığında, xüsusi zonada yerləşirdi. Daha oraya MK-nın vəsiqəsi ilə də buraxmırdılar. Yakovlev kabinetdən çıxıb salam verdi.

- Mən onun uçot vərəqini verdim. İki-üç kəlmə kəsib vidalaşdıq.

Ryabova, özünün dediyinə görə, Yakovlevin uçot vərəqi ilə birlikdə partiyadan çıxmaq barəsində ərizəsini də vermişdilər. 51 nömrəli partiya biletinin sahibinin ərizəsinə baxan yox idi, MK aparatının partiya komitəsi işləmirdi, odur ki, ərizə uçot vərəqi ilə birlikdə müəllifinə qayıtmışdı.

Yakovlevin partiyadan çıxması əhvalatı ilə bağlı öyrənə bildiyim bütün təfsilatı mən Mixail İvanoviç Kodinə danışdım.

- O, doğrudanmı, Sov.İKP-dən ümidini kəsmişdi? - birbaşa soruşdum.

Bu məsələ barəsində mənim öz fikrim yaranmışdı. Amma bilmək istəyirdim ki, partiyanın baş nəzarət orqanının keçmiş yüksəkvəzifəli rəhbəri nə düşünür.

- Biz bu sualın cavabını onun özündən eşitmək istəyirdik. Lakin o, Sov.İKP-nin üzvü kimi qalıb-qalmayacağını müəyyən edəcək ciddi söhbətdən yayındı.

- Məgər, onun baxışı yetərincə məlum deyildi? Axı, nə sosializmə, nə kommunizmə, nə də Sov.İKP-yə münasibətini heç gizlətmirdi. Başqa bir partiyanın yaradılmasının zəruri olduğunu açıq söyləyirdi...

- Elədir, amma öz fikirlərini harada səsləndirirdi? Biz istəyirdik, onları rəsmi surətdə ifadə etsin. Misal üçün, lap elə bizdə, MNK-da...

-Yəni o, həqiqətən, yayınırdı?

- Bəs necə! Mossovetdə xəlvətə çəkilmişdi, kimsəni qəbul etmirdi, telefon zənglərinə, hətta Qavriil Popovun ona ayırdığı “hökumət telefonu” ilə gələn zənglərə belə, cavab vermirdi.

- Axırı necə oldu, siz onu, doğrudan, tapa bilmədiniz?

- Onu milislə gə?irəsi deyildik ki. Evində də, bağında da telefonlar susurdu...

- Qəribədir. Axı, onun davranış tərzinə uyğun deyil. Üstəlik, partiyadan çıxmasına dair bəyanatında MNK-nı qınayırdı ki, bu məsələ barəsində onunla heç kəs söhbət elməmişdir, onun şəxsi ləyaqəti təhqir olunmuş və partiya üzvü kimi adi hüquqları tapdalanmışdır.

- Siz onu yaxşı tanımamısınız. Ali partiya hakimiyyətinin aparatını öz adamları ilə doldurmuşdu. Bizdə, MNK-da da ona xəbər ötürən adamlar vardı. Mən bunu duymuşdum və onun işi ilə bağlı xüsusilə mühüm olan bəzi materialları ciddi məxfilik şəraitində hazırlayırdım. Başa düşürdüm ki, hansısa ciddi bir materialı makina bürosuna vermək kifayətdir ki, onun məzmunundan “demokratiyanın atası” agah olsun.

- Nə danışırsınız? Heç ağlıma gəlməzdi.

- Yer üzündə möcüzə çoxdur, dostum Horaısio! Bunu da deməliyəm ki, gördüyümüz bütün tədbirlərə baxmayaraq, Yakovlevə onu partiyadan xaric etməyə hazırlıq aparıldığını hər halda çatdırmışdılar. Elə bundan sonra onu çəkib gün işığına çıxarmaq üçün göstərdiyimiz bütün cəhdlər daşa dəydi. Məcbur olub Sov.İKP-nin Nizamnaməsində nəzərdə tutulan qaydada partiyadan xaric edilməsinə dair qərar qəbul etdik. Sözün qısası, rüsvayçılıqla partiyadan qovduq!

- Axı, o cəbhəçidir, müharibə əlilidir...

- Hər şeydən əvvəl xaindir! - Kodinin səsində soyuq bir ahəng sezilməyə başladı. - Yaxşı, tutalım, Sov.İKP onun ümidlərini doğrultmamışdı. Ola bilərmi? Ola bilər. Həyatda hər şey olur. Çıx pensiyaya, get bağında çiyələk becər. Partiyaya ləkə yaxmaq nəyə lazımdır, axı, sən partiyanın üzvü olmağın sayəsində o cür yüksək mənsəbə yetişmişdin. Sadə bir misal: ər arvadından ayrılır. Dil tapa bilməyiblər, vəssalam. Axı, normal insan hər küncdə-bucaqda keçmiş həyat yoldaşına qara yaxarmı? Kişiyə yaraşmaz... Razısınız?

Kodinin sözlərində məntiq, əlbəttə, vardı. Ancaq son on beş ildə keçmiş partiya xadimlərinin baxışları çox dəyişib, daha onlar 2005-ci ilin axırlarında həyatdan getmiş A.N.Yakovlevə qiymət verərkən bu qədər yəqinliklə danışmırlar.

Partiyanı, belə deyək, könüllü-məcburi tərk etmiş B.N.Yeltsinin, E.A.Şevardnadzenin və A.N.Yakovlevin, kommunist dövrünün son mərhələsinin bu üç yüksək vəzifəli xadiminin yanında Heydər Əliyevin şəxsiyyəti tamam başqa cür görünür. Bəri başdan qeyd etməliyəm ki, “könüllü-məcburi” ifadəsinin ikinci hissəsi ona heç cür aid edilə bilməz. Bayaqdan haqqında söhbət gedən üç nəfərdən onun birinci və başlıca fərqi də məhz budur.

İndi isə bilavasitə mətləbə qayıtmağın, Heydər Əliyevin Naxçıvanda sığınacaq tapdığı mənzilə baş çəkməyin əsl vaxtıdır. Budur, qarşısında kağız, üzücü fikirlərə dalıb. Çox düşünüb-daşındıqdan sonra gəldiyi son dərəcə çətin qərarını indi yazılı surətdə ifadə etməlidir.

İlk partiya təşkilatına müraciətinin mətni... Dayan, dayan. Hara? İlk partiya təşkilatına? Bu nəsə yeni bir şeydir, onun üç həmkarının hərəkətlərinə heç oxşamır.

Onların heç biri - nə Yeltsin, nə Şevardnadze, nə də Yakovlev bilavasitə ilk partiya təşkilatına müraciət etməmişdi. Hətta XXVIII qurultayda Yeltsin partiyadan çıxdığını bəyan etdiyi zaman salondan sədalar gəldikdə ki, Nizamnamə əsasında, yəni uçotda olduğu ilk partiya təşkilatının vasitəsilə hərəkət etsin, Qorbaçov məcburən etiraf etmişdi ki, Yeltsin “heç bir partiya təşkilatına getməyəcəkdir’.

Tarixin iki dəfə - birinci dəfə faciə, ikinci dəfə isə məzhəkə kimi təkrar olunduğunu kim deyib? Marks? Bax, bu məsələdə o, haqlıdır. Həqiqətən, o zaman Yeltsin öz ilk partiya təşkilatına müraciət etməmişdi. Bir ildən bir qədər çox vaxt keçmiş və 1991-ci il avqustun 24-də Qorbaçov öz rəqibinin etdiyini təkrarlamışdı. Amma əgər Yeltsinin hərəkəti faciə kimi görünürdüsə, Qorbaçovun qərarı artıq məzhəkə təsiri bağışlayırdı. Mixail Sergeyeviç Sov.İKP MK-nın Baş katibi vəzifəsini üstündən götürmüş və Sov.İKP MK-ya özü - özünü buraxmağı təklif etmişdi.

İndi isə yadımıza salaq: bu hadisə harada baş vermişdi? Partiyanın qurultayındamı - Baş katibin yeni Nizamnamə əsasında seçildiyi qurulıaydamı? XXVIII qurultaya qədər edildiyi kimi, MK-nın Plenumundamı? Yox. Nə orada, nə də orada. Baş katib Mixail Sergeyeviç Qorbaçov bəyanatla nə qurultaya, nə də, heç olmasa. Plenuma müraciət etmişdi. Nə qədər gülünc görünsə də, o, ... SİTA informasiya agentliyinə müraciət etmişdi. Agentlik isə onun sensasiyalı bəyanatını bütün elektron və mətbu KİV-lərə yaymışdı.

1991-ci il avqustun 20-dən SİTA-ya Vitali Nikitiç İqnatenko başçılıq etməyə başladı. Bundan əvvəl o, Prezident Qorbaçovun mətbuat katibi vəzifəsində işləyirdi. Qorxudan rəngi qaçmış Baş katib öz vəzifəsini üstündən götürməsi haqqında bəyanatını son günlərədək özünün mətbuat katibi olmuş şəxsə göndərmişdi.

Bu halda onun üçün “ilk təşkilat” qurultay idi. Mixail Sergeyeviç, həmişəki kimi, qorxuya düşərək, qurultayı çağırmadı. Yaxşı xatırlayırdı ki, sonuncu, XXVIII qurultayda 4683 nümayəndənin 1116-sı Baş katib vəzifəsinə onun namizədliyinin əleyhinə səs vermişdi. Bu, Sov.İKP-nin bütün tarixi ərzində ağla sığmayan rekord sayda səs idi. Əgər birdən XXIX qurultayı çağırmaq xəyalına düşsəydi, orada onu nələr gözləyə biləcəyini təsəvvür etmək olar.

Qorbaçov özünün “ilk təşkilatı” ilə görüşdən yaman qorxurdu, amma onun ədalətli və sərt mühakiməsindən yaxasını qurtara bilmədi. 1992-ci il iyunun 13-də Moskvada, “Pravda” qəzetinin redaksiyasında toplanan Sov.İKP MK Plenumu onu rüsvayçılıqla partiyadan xaric etdi. 1993-cü ilin fevralında isə Ümumxalq tribunalı Qorbaçovu əbədi rüsvayçılığa və lənətə məhkum etdi.

Oxucuların xatırladığı kimi, Şevardnadze və Yakovlev Sov.İKP-dən çıxmalarına dair bəyanatlarını bilavasitə Mərkəzi Nəzarət Komissiyasına ünvanlamışdılar. Əliyev yeganə şəxs idi ki, “ilk təşkilata” müraciət etmişdi.

SSRİ Nazirlər Kabinetinin ilk partiya təşkilatına onun müraciətinin mətni nadir tarixi sənəddir. Burada məzmunun inandırıcılığı ilə formanın publisistliyi üzvi surətdə birləşmişdir. Bu, müəllifin siyasi uzaqgörənliyinə, yaranmış şəraiti dəqiq təhlil etməsinə, təfəkkürünün dərinliyinə və itiliyinə, cəmiyyətin inkişafının hansı yolla gedəcəyini qabaqcadan görməsinə inandırıcı sübut olan bir sənəddir.

Vaxt gələcək, həmin sənədi təkcə suveren Azərbaycan Respublikasının ali məktəblərində öyrənməyəcəklər. Heydər Əliyev, başqa heç kəsin bacarmadığı kimi, hamının daxilən dərk etdiyini, lakin bərkdən deməyə cəsarət etmədiyini səmimi və açıq şəkildə söyləyə bildi. Bircə bu gerçək sözlərə diqqət yetirin: “...bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır”.

Bunları açıq şəkildə, üstəlik, ilk partiya təşkilatına müraciətdə bəyan etmək üçün nə qədər böyük mərdlik, iradə gücü, vətəndaş cəsarəti lazım idi!

Belə bəyanatdan sonra qarşısına çıxa biləcək çətinlikləri təsəvvür edirdimi? Şübhəsiz, təsəvvür edirdi. Axı, DTK generalı idi. Cürbəcür hücumları və mənəvi təqibləri qabaqcadan görürdü. Lakin partiyanın keçdiyi yolu dürüst təhlil etməsi onu səmimi surətdə və uzaqgörənliklə ifadə etdiyi bu mövqeyə gətirib çıxarmışdı.

Özünün məsuliyyət dərəcəsini dərk edirdimi? Şübhəsiz, dərk edirdi. Hər şeyə də hazır idi. Adamı xüsusilə riqqətə gətirən budur ki, Sov.İKP sıralarını tərk edərkən, partiyaya hələ də inanan və ümid bağlayan bütün təmiz və namuslu kommunistlərə hörmətini bildirməyi zəruri saymışdı. Ürəkdən gələn bu cür təsirli sətirləri Yeltsinin, Şevardnadzenin və Yakovlevin müraciətlərində görmək olmaz.

Bu addımı atmasına gətirib çıxarmış başlıca səbəblər də dürüst və inandırıcı şəkildə şərh edilmişdir. Bəyanat konkret faktlarla təsdiqlənərək, zərgər dəqiqliyi ilə əsaslandırılmışdır. Mətndə nə ümumi sözlər, nə də obrazlı, təmtəraqlı ifadələr var.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31