Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələcəyimizi təhdid edən bəla

Gələcəyimizi təhdid edən bəla

12.05.2023 [10:51]

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha özümüzə tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Bu cür mənfur düşmənlə qonşu olduğumuz üçün dövlətimizin, xalqımızın vətənpərvər ruhda yetişmiş sağlam gənclərə daim ehtiyacı vardır. Təəssüflər olsun ki, bəzi vətənini, xalqını sevməyən, asan gəlir əldə etmək istəyən “işbazların” cinayətkar fəalliyəti nəticəsində gənclərimiz bəşəriyyətin bəlasına çevrilmiş narkomaniyaya cəlb edilir. Şübhəsiz ki, gəncliyimizi, gələcəyimizi məhv etməyə yönələn bu addımların atılmasında son dövrlərdə dövlətimizin qazandığı uğurları gözü götürməyən, ölkəmizə, xalqımıza düşmən münasibəti bəsləyən bəzi qüvvələrin də rolu vardır.

Son dövrlər gənclər arasında geniş yayılmış və ekspert təcrübəsində ən çox rast gəlinən psixotrop maddələrin bir qrupu fenilalkilamin qrupuna aid psixotrop maddələrdir ki, bunlara amfetamin (fenamin), metamfetamin, metilendioksimetamfetamin (MDMA), dekstroamfetamin və digərləri aiddirlər. Bu qrup maddələr, əsasən, psixostimulyatorlar adı ilə tanınsalar da, psixomotor stimulyatorlar termini daha düzgün səciyyələndirir, çünki göstərilən qrup preparatların təsiri fonunda təkcə ruhi sferanın oyanması deyil, həm də hərəki fəaliyyətin yüksəlməsi halı baş verir. Psixomotor stimulyatorların qəbulu yorğunluq hissini aradan qaldırır, fiziki iş qabiliyyətini artırır, zehni fəaliyyəti yaxşılaşdırır, əhval ruhiyyəni yüksəldir, xarici qıcıqların dərk olunması və onlara qarşı reaksiya halını tezləşdirir. Unutmaq olmaz ki, bu maddələrin psixostimuləedici təsiri yalnız orqanizmin endogen - daxili ehtiyatları hesabına baş verir və bu maddələrin uzunmüddətli qəbulu orqanizmin tükənmə halı ilə müşahidə olunan əks effektin meydana çıxmasına səbəb olur.

Bu qrupun klassik nümayəndəsi amfetamindir. Amfetaminin orqanizmə təsiri həm mərkəzi həm də periferik sinir sistemində dofamin və norepinefrinin sintezi ilə əlaqədardır. Amfetaminin mərkəzi sinir sisteminə stimuləedici təsiri əhval-ruhiyyənin yaxşılaşması, diqqət və konsentrasiyanın artması, həmçinin özünə inam və rahatlıq hissinin meydana çıxması ilə müşahidə olunur.

Metamfetamin amfetamin törəməsi olub, ağ rəngli kristallik maddədir. Metamfetamin yüksək asıllıq yaradan psixostimulyatordur. Kimyəvi strukturuna görə adrenalinə bənzədiyi üçün, periferik sinir sisteminə güclü adrenomimetik təsir göstərir - periferik damarları daraldır, qan təzyiqini artırır, ürək döyüntülərini sürətləndirir, göz bəbəklərinin genişlənməsinə səbəb olur. Oyanıqlıq, motivasiya və qısa müddətdə beyin fəaliyyətinin artması, yüksək dozada qəbulu isə beyində noradrenalin və dopaminin ifrazını artırmaqla eyforiya halının meydana çıxmasına səbəb olur. Metamfetamini qəbul edən insan özünü dinamik, enerjili hiss edir, yemək ehtiyacı azalır, lazımsız əşyalara həddindən artıq diqqət və konsentrasiya inkişaf edir. Bu təsirlər azaldıqda yenidən istifadə etmək istəyi yaranır və istifadə edilmədikdə insan özünü boş, bədbəxt hiss edir və bu hisslərdən qurtulmaq üçün yenidən istifadə etmək ehtiyacı yaranır.

Metamfetamindən sui-istifadə hipekinezlərə, damar pozğunluqlarına səbəb olur. Metamfetaminin baş beynin funksiyasını pozmaqla depressiyaya yol açması  da məlumdur. Metamfetamin heroindən daha qüvvətli asılılıq yaradır. Metamfetaminin istifadəçilərində “met ağzı” adlanan diş çürüməsi və immunitet sisteminin zəifləməsi baş verir, stafilokok infeksiyalarının geniş yayılması müşahidə olunur.

Metamfetamin burundaxili, ağızdan, siqaret kimi çəkilməklə və ya damar yolu ilə qəbul edilir. Təsiri 24 saata qədər davam edir. Bu maddənin asanlıqla istehsal oluna bilməsi, digər narkotik və psixotrop maddələrə nisbətən daha ucuz və asan əldə edilə bilməsi onun narkotik vasitə  istifadəçiləri arasında geniş yayılmasına səbəb olmuşdur.

Metilendioksimetamfetamin - MDMA - 3,4-metilendioksi-N-metamfetamin amfetamin qrupunun yarımsintetik psixoaktiv birləşməsi olub, tablet formaları ekstazi, adam və s. küçə adları ilə tanınır. MDMA 1980-ci illərdən bəri gecə klublarında xüsusən gənclər arasında geniş yayılmış psixotrop maddədir. MDMA -nın istehsalı, saxlanilması, daşınması və yayılmasının qarşısının alınması məqsədilə BMT-nin 1971-ci il tarixli Psixotrop maddələr haqqında Konvensiyasına daxil edilmişdir.  2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”- in siyahısına (Siyahı I) daxildir.

MDMA psixoaktiv maddə olaraq, neyrotransmitter və neyrohormonal sistemə təsir göstərərək, həm xoş hisslərin yaranmasına - qorxu və narahatlığn azalması, eyforiya halının meydana çıxmasına səbəb olur. MDMA, həmçinin depressiya, narahatlıq və digər mənfi emosional vəziyyətləri də gücləndirə bilər. MDMA - nın qəbulu ilə əlaqədar əsas narahatlıq doğuran məqam MDMA-nın neyrotoksik təsiridir. Neyrotoksik proses özünü emosional vəziyyətin, yaddaş, qavrama kimi beyin funksiyalarının pozulması şəklində biruzə verir. Çox vaxt görmə, eşitmə, toxunma və ağrı həssaslığı və s. pozğunluqlar baş verir, sensomotor pozğunluqlar əzələ zəifliyi, parez və ifliclərə səbəb olur, həyati vacib orqan və sistemlərin (tənəffüs, ürək-damar) funksiyalarının tənzimlənmə mexanizmlərinin zədələnməsi MDMA-dan istifadə edənlərin ölümü ilə nəticələnir. MDMA-nın uzunmüddətli qəbulu idrakın zəifləməsi, yaddaş problemləri, yuxusuzluq, şiddətli və aqressiv davranış, əhval-ruhiyyə və diqqət pozğunluqlarına da səbəb olur. Xüsusilə spirtlə qarışdırılaraq qəbul edilməsi ölümə səbəb olan ciddi təhlükə yaradır. Həssas istifadəçilərdə və bazarda ekstazi adı ilə satılan, tərkibində müxtəlif qarışıqları ehtiva edən tabletlərin istifadəsi zamanı da ölüm riski yüksəkdir. Başqa bir təhlükə isə həddindən artıq ekstazidan istifadə, maye qəbul etməmək və intensiv fiziki fəaliyyət (məsələn, dayanmadan rəqs etmək) zamanı baş verəcək susuzlaşdırma nəticəsində baş verə biləcək ölümlərdir.

MDMA adətən tablet şəklində daxilə qəbul edilir. Bəzi ölkələrdə kristallik toz (ABŞ-da “Molli”, Böyük Britaniyada isə “Mandi” adlanır), kapsullar və ya məhlullar formasında rast gəlinir. Toz şəklində rast gəlinən vasitələr mayedə həll olunmaqla daxilə qəbul edilir. Nadir hallarda MDMA inhalyasiya (kristal şəklində siqaret çəkmək, bəzən marixuana ilə), intranazal (burundaxili), inyeksiya yolu ilə və ya rektal yolla qəbul edilir. Orta ekstazi tabletinin tərkibinə 125 mq MDMA daxil olur, bəzən amfetamin stimulyatorları, kofein, digər psixoaktiv maddələrlə qarışdırılır. Tabletlər adətən 7-9 mm diametrdə hazırlanır və müxtəlif naxışlarla damğalanır ki, bu da bir növ “əmtəə nişanı” olub, narkotik partiyaların istehsal olunduqları laboratoriyaları fərqləndirir. 

MDMA-nın təsiri qəbuldan yarım saat sonra meydana çıxır və 3-4 saata qədər davam edir. İstifadəçilərdə aclıq və yuxu hissinin azalması, yorğunluğun hissedilməməsi, dayanıqlığın və öz güvənin artmasına səbəb olur. Ancaq bunlarla yanaşı, qusma, titrəmə, tərləmə, dişləri sıxma, bədən temperaturunun artması, ani ürək tutması kimi nəticələrə gətirib çıxara bilər. MDMA-nın təsiri keçdikdən sonrakı günlər ərzində narahatlıq və gərginlik hissləri meydana çıxır və onlardan təkrar istifadə etmək istəyi meydana çıxır, digər narkotik vasitələrdə olduğu kimi asılılıq halı yaranır. 

Təqdim etdiyim məqalədə son dövrlər gənclər arasında geniş yayılmış psixotrop maddələrin bir neçəsinin xarici əlamətləri, formaları, onların qəbulu zamanı müşahidə edilən əlamətlər, orqanizmdə törətdiyi fəsadlar barədə məlumatlar verilmişdir. Narkomaniya ilə mübarizədə vətənini, xalqını sevən bir vətəndaş kimi hər birimiz bunlar haqqında məlumatlı olmalı, istər ailədə, istər cəmiyyətdə gündəlik qarşılaşdığımız hallara biganə qalmamalı, bacardığımız qədər həm hüquq mühafizə orqanlarına, həmçinin bu bəlaya düçar olmuş insanlara yardım etməliyik. Ümid edirəm ki, bu məlumatlar hər bir vətəndaş üçün faydalı olacaq və vətəndaşlıq borcunu yerinə yetirməklə əlindən gələni əsirgəməyəcək. 

Zümrüd BAYRAMOVA,

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin əməkdaşı

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31