Heydər Əliyev: Ümidin adı
11.05.2023 [10:37]
“Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız Heydər Əliyev baş aça bilər.”
Bəxtiyar Vahabzadə
1990
“1987-ci ilin 6 oktyabrında mətbuat prospekti ilə addımlayan Xəlil bəy təbiətinə yaraşmayan hüznlü bir ahənglə: “tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər” - dedi və o söz mənim yaddaşımda o günlərin ən real təsnifatı və obrazı olaraq qaldı.
1987-ci ilin oktyabrı idi.
Azərbaycan tarixinin yeni dövrü də oktyabrdan başlanırdı. Qarabağ müharibəsinə, torpaqlarımızın işğalına rəvac verən sovet imperatoru Qorbaçov məhz 1987-ci ilin oktyabrında, həmin ayın 21-də Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı.
Məhz Heydər Əliyev getməliydi ki, Aqanbekyan “Hümanite”yə o qara sevdalı müsahibəsini verə bilsin (17 noyabr 1987).
Məhz Heydər Əliyev getməliydi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti özünün Ermənistana verilməsi barədə qərar qəbul etsin (20 fevral 1988).
Məhz Heydər Əliyev getməliydi ki, Əskəranda ilk şəhidlərin: Əli və Bəxtiyarın günahsız qanı axıdılsın (22 fevral 1988).
Heydər Əliyev Siyasi Bürodan getdi və bundan sonra o yekəlikdə ölkədə siyasi şoular dövrü başlandı. “Literaturnaya qazeta”nın sentyabr ayında dərc etdiyi “Gurultulu alqışlar” məqaləsi (hədyanı!) yenə də məhz 1988-ci ilin 9 oktyabrında “Kommunist” qəzetində şərəfsizcəsinə təkrar edildi.... Xəlil bəy 6 oktyabrda, təbii ki, Vaksberqin o ədəbsiz və ədəbaz cızmaqarasından xəbərsiz deyildi və: “tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər” sözləri də o ağrılı və təəssübkeş yaşantıların ifadəsi kimi unudulmazdır”.
Bu fikirləri “Aydınlıq” qəzetinin 12 iyun 1992-ci il tarixli nömrəsində Azər Turanın “Ya zəfər, ya ölüm yaz bayrağına!” adlı essesində oxuyuram. Ümummilli lider hələ iqtidara gəlməmişdi. Heydər Əliyev Naxçıvanda işləyirdi və Bakıda ona qarşı əks-təbliğatlar gedirdi. Hakimiyyətdə anarxiya hakim idi. Ayaz Mütəllibov getmiş, Əbülfəz Elçibəy isə dörd gün əvvəl, 1992-ci ilin 8 iyununda prezident seçilmişdi. Ölkənin yeni seçilmiş prezidenti var idi. Xəlil Rza Ulutürk isə meydanlarda mitinqlər keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çağırışlar edir, israrlı tələblər irəli sürürdü. Şair Əliyevin müdafiəsinə qalxdığına görə istər partokratlar, istərsə də naşı demokratlar tərəfindən qınaqlara məruz qalmışdı. Onu hər nə yolla olursa-olsun susdurmağa çalışırdılar. Bu, indi adi görünə bilər. Amma o dövr üçün qeyri-adi hərəkət idi və məhz o günlərdə bu yazını çap etdirmək Xəlil Rzaya və əslində Heydər Əliyevə dəstək demək idi: “Fitrətən kədərli bir zamana gəlib çatdıq.... Naşad millət gəmimiz müasiri olduğumuz zamanın qanlı sularında yelkənsiz və kapitansız üzür. Və bu gün meydanlarda Xəlil Rza Ulutürk Heydər Əliyevi səsləyirsə, öz cəsarətli əməli ilə o, Şəhriyarın: “Dağa dağlar dayaq oldu” - kəlamını yenidən qüvvəyə mindirir və düz hədəfə vurur. İstiqlala böyüyünün üzünə “sən böyüksən” - deməyi bacaran millət layiqdir” (Azər Turan).
Bəxtiyar Vahabzadənin 1991-ci ildə, Parlamentdə Heydər Əliyevi müdafiə edən məşhur çıxışını yəqin ki, çoxları xatırlayır. O çıxış müəllifindən yüksək əqidə və cəsarət tələb edirdi. Hələ 1990-cı illərin əvvəllərində Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə və Türk dünyası ilə Azərbaycan arasında mötəbər körpülərin qurulmasında müstəsna xidmətləri olan alman əsilli müsəlman, türkoloq-şərqşünas Hans Əhməd Şmide ilə bölüşürdü: “Bu anda bütün ümidimiz Heydər Əliyevədir... O, çox böyük bir siyasətçi və dövlət adamıdır. Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız Heydər Əliyev baş aça bilər. O, hər şeyi gözəl bilir. Mən onu həm məclisdə, həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur”. Bunu Vahabzadə Şmideyə yazırdı.
1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. Xalq həm daxili oyunların, həm də xarici siyasətin vintciyi, təkərciyi olmaq haqqından imtina etmək səviyyəsinə yetmişdi artıq. Öz haqqının sahibi olmaq zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında “sınaq imtahanı” verdi.
Bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Həmin illərdə milli poeziyamızda bir mövzunun daha aparıcı olduğu görünür: 20 Yanvar faciəsinə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiya. Bu faciələrin içində 20 Yanvar ona görə milli özünüdərkin faktı kimi yad edilir ki, bu tarixin özündə yaddaşı oyatmağa yönəlik olan missiya dayanır. Çünki hər bir xalqın tarixi taleyində elə günlər var ki, tökülən qanlara, yaşatdığı acılara rəğmən onun hürriyyət əzmini, mənəvi potensialını ehtiva etdiyindən qürur rəmzinə çevrilir.
Bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Və mahiyyətə vardıqda bizim dövlət, xalq kimi müstəqilliyimizin tarixi onun rəsmi olaraq təsdiqləndiyi 1991-ci ilin 18 oktyabrından daha öncə 1990-cı ilin 20 Yanvarında qoyulub.
Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik bir dövrün xarakter və çalarları, ziddiyyət və təzadları, tendensiya və meyilləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu cəmiyyətin bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar yaratdı. Üzləşdiyimiz Qarabağ problemi, yaşadığımız müharibə acıları isə çağın insanına, sənətə təsir edən başlıca nəsnələr oldu.
1990-cı illər elə bir mərhələdir ki, XX əsr daxilində öz əlahiddəliyi ilə xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü kimi xarakterizə olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili səciyyəsi - onun həm qopub ayrıldığı sovet dövrünün rudimentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi əlamətlər onilliyin əsas göstəricisini təşkil edir. Bu dövr həm də qlobal proseslərin milli ədəbiyyatımıza yansıdığı zaman vahidi kimi səciyyəvidir. Məlumdur ki, yaradılan hər hansı əsər müəllifinin zəkasının, dünyaduyumunun, istedadının təzahürü kimi meydana çıxsa da, başlıca olaraq zaman və dünya proseslərinin onda yaratdığı hisslərdən törəyir, başqa sözlə desək, dünyanın durumu, halı bədii yaradıcılığa transfer olunur. 1980-ci illərin prosesləri göstərdi ki, əslində, dünyada, cəmiyyətdə baş verən hadisələrin, qarışıqlıqların sənətə, yaradıcılıq prosesinə daha çox təsiri vardır. Çünki məhz bu illərdən başlayaraq poeziyanın ritmi tamam başqa mövzulara kökləndi. Bir tərəfdən böyük bir imperiyanın çöküşü, onunla bağlı ümidlərin puç olması, bütün postsovet ölkələrinin azadlığa can ataraq imperiya əsarətindən qurtulma çabaları, Azərbaycanın milli müstəqilliyini əldə etməsi, digər tərəfdən üzləşdiyimiz Qarabağ problemi, 20 Yanvarda rus ordusunun törətdiyi qanlı qırğın, torpaqlarımızın ard-arda itirilməsi, Xocalı soyqırımı.... hadisələr elə sürətlə cərəyan etdi ki, Azərbaycan insanı üçün baş verənləri dərk etmək, onu müşahidə etmək, yaşamaq qədər çətin idi. Digər tərəfdən, beynəlxalq səviyyəli proseslər baş verirdi ki, insan çaş?ınlığa düşür, özünü mənəvi deqradasiyanın pik həddində sanırdı. Bəşəriyyətin taleyi təhlükədə idi. Ona görə XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə - xaos və kataklik olaylara, müharibə və savaşlara, siyasi çəkişmələr və oyunlara, terror hadisələri və qətliamlara yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı.
1990-cı illərdən başlayaraq ədəbiyyat daha çox milli problemlərə köklənir, Qarabağ ağrısının təfsilatlarına enir, güclü pafosu həzin əda ilə əvəzləyirdi. 1990-cı illərin əvvəllərində şeirdə dekadans çalarlar daha da dərinləşdi. Həyata, dünyaya, insana münasibətdə şairin mövqeyi daha kəskin, daha tünd boyalarla təsvirə gəlməyə başladı. Bu kəskinlik, ekspressiv boyalar ayrı-ayrı vaxtlarda, xüsusən 1960-80-ci illərdə əməl cizgisi kəsb eləsə də, 1990-cı illərin şeirində həmin münasibətin özü belə təbəddülata məruz qaldı. Burada həyatın, cəmiyyətin böhranından daha çox həyata, cəmiyyətə münasibətin özündə gedən böhrandan danışmaq bəlkə daha caizdir. Sovet dönəmində cəmiyyətin böhranı müstəqillik dönəmində münasibətin özündəki böhran, boşluqla əvəzlənmişdi. Nəhayət, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Ölkə həyatındakı bu sabitlik, proseslərin müsbətə doğru dəyişilməsi poeziyaya təsirsiz ötüşmədi. Bu mənada, 1993-cü ilə qədər poeziyada hakim olan ovqatla 1993-cü ildən sonrakı ovqat arasında kəskin fərq var. Bu ovqat dəyişimi poeziyanın müraciət etdiyi mövzularda yox, onlara münasibətdə təzahür etmişdir. 1990-cı illərin ortalarına qədər poeziya daha çox çılğın, əsəbi notlar üzərində gəzişir, pafos, çağırış, üsyan ruhu daha öndə qərarlaşırdı. 1990-cı illərin ortalarından başlayaraq poeziyada daha təmkinli şair ədası, loyal yanaşma güclənir. Bu, Heydər Əliyevin sayəsində getdikcə səngiyən müharibə alovunun, aradan qalxan siyasi hərc-mərcliyin nəticəsi idi ki, bədii fikirdə də proseslərə daha üstün baxışı şərtləndirmişdi. Əlbəttə, bəzi şairlərin yaradıcılığında (məsələn, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Zəlimxan Yaqub, Musa Yaqub, Süleyman Rüstəmxanlı) patriotik pafos, hisslərin çılğın ifadəsi, çağırış, üsyan intonasiyası, etiraz hissi həmişə qabarıqlığı ilə seçilirdi. Buna baxmayaraq, milli şeirimiz baş verənlərə artıq ümidsiz yanaşmırdı. Maraqlıdır ki, bu dövr poeziyasında şairin proseslərə yanaşması da qlobal səciyyə daşıyır, şairlər hər hansı situasiyada artıq dünyada baş verən anoloji olaylara üz tutur, onlardan mənəvi istinadın ünvanı olaraq bəhs edirdi. Akademik İsa Həbibbəyli dövrün mürəkkəb poeziya mənzərəsi ilə bağlı müşahidələrini dəqiq ifadə edir: “Azərbaycan ədəbiyyatında ən çətin məqamlarda belə bədii sözün qüdrəti Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqaları kimi şairlərin timsalında öz gücü və enerjisini, sənət səviyyəsini qoruyub saxlaya bilmişdir”.
Məsələn, bu dövrlərdə Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Məmməd Araz, Akif Səməd, Fikrət Sadıq, Musa Yaqub, Ramiz Qusarçaylı Çeçen qəhrəmanlığını vəsf edir, onların mübarizliyini milli insana örnək göstərir, Zəlimxan Yaqub ikiyə bölünmüş ölkənin nicatı üçün Almaniyanın birləşməsini yada salır, Musa Yaqub ölkədə baş verənlərlə İraqda, Abxaziyada törədilən olaylara BMT-nin münasibətini (Zəlimxan Yaqub “BMT-nin baş katibinə”, “BMT-nin qətnaməsi”, Musa Yaqubun “BMT” şeirləri və s.) bədii sözün predmetinə çevirirdi. Bu təbii ki, poeziyanın baş verənlərə qlobal miqyasda nüfuzunun, münasibətinin nəticəsi idi.
Keçid dövrünün ədəbiyyatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazına verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Poeziya “Allahım, mənə bir ağsaqqal yetir” (Zəlimxan Yaqub) nidası ilə çağırışlar etməyə başlamışdı artıq:
Allahım, mənə bir ağsaqqal yetir,
Ona söylənəsi ağrım-acım var.
Oğul deyə-deyə sızlayan anam,
Qardaş deyə-deyə yanan bacın var.
Xalq şairi Zəlimxan Yaqubun poeziyasında Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, bu dövrdəki fəaliyyəti silsilə şəkildə bir neçə poemanın və şeirlərin poetik təcəssüm predmeti olmuşdur. Onun “Xalqın ehtiyacı var” poemasını da 1990-cı illərin əvvəllərində ölkədəki hakim dalğa doğurmuşdur. Şair müzəffər başçının, prosesləri düzgün axara yönəldə biləcək komandanın varlığına ehtiyac duyurdu və mövcud situasiyadan qurtuluşu bunda görürdü.
Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Bu mənada, 1990-cı illər şeirində ikinci mərhələ ümummilli liderin Xilaskar obrazını irəli çəkir. Heydər
Əliyevin 1993-cü ildə Naxçıvandan Bakıya gəlişi və yenidən hakim kürsüyə keçməyi şairlərin gözlədiyi, umduğu nicatın, Allahdan dilədikləri arzunun gerçəkləşdiyi məqam idi. Bu qurtuluşa yeni bir əsər - “Qurtuluş dastanı” həsr etdi Zəlimxan Yaqub.
Xalq şairi Cabir Novruz 1990-1995-ci illər arasında Heydər Əliyevə həsr olunmuş “İxtiyarım olsa idi” (poema ittiham) poemasını yazmışdır. Müstəqilliyin ilk dönəminin acı mənzərəsi, 1990-cı illərin əvvəllərində xalqın üzləşdiyi gərgin olaylar, yaşadığı total stress və həyəcan, fəci və dramatik məqamlar poemada əksini tapmışdır.
Poema-müraciət formasında yazılan əsərdə müəllif Azərbaycanın tarixinə, şanlı keçmişinə müraciət üstündə köklənərək, xalqın milli-mənəvi və əxlaqi dəyərlərinin deqradasiyaya uğramasından danışır. “İttiham edirəm” poeması Vətən yanğılı, kök, mənşə bağlarına sadiq, tarixə və yaddaşa etibarlı bir sənət nümunəsi olaraq sabaha doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verən ünvan arayır və onu ümummilli lider Heydər Əliyevin simasında tapır. Şair onun gəlişi ilə hərc-mərcliyin bitdiyini təsvir edir, şəhid məzarlarına, anaların söz yaşlarına son qoyulduğunu yazır. Bunu millətin, xalqın son şansı kimi dəyərləndirir:
Şükürlər olsun Allaha,
Bəxt bizlərə sarı gəldi
Salamat çıxdıq sabaha,
Elin havadarı gəldi.
Daha yazıq anaların
Saçı vaxtsız ağarmadı.
Daha şəhid məzarları,
Sürət ilə çoxalmadı.
Azərbaycanın həmin dönəmdəki durumunu qəmxanəyə bənzədən Cabir Novruz Heydər Əliyevi tək mübariz, faciə qəhrəmanı adlandırır. Heydər
Əliyevin Kremldəki savaşlarını, millət, vətən naminə gördüyü işləri önə çəkir, “Prezident olmağa nə var, Heydər Əliyev ol görüm”, - deyərək kiçik millətdən böyük, miqyaslı, dünyanın qəbul etdiyi dövlətə çevrilməyimizi onun adı ilə bağlayır. Heydər Əliyev türk ruhu və mənəviyyatının, onun tərəqqi və mədəni-tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur:
Məmləkətdə onun qədər,
Qurub-yaradan olmayıb.
Heydər Əliyev deyəndə
Bu kiçik millət böyüyür.
Heydər Əliyev deyəndə
Doğma məmləkət böyüyür.
Rəfiq Zəka Xəndanın 1993-cü ildə yazdığı “Heydər baba” poemasında da aktual vurğu türklük ruhu, onun mübarizə və qalibiyyətlə dolu dünəni, yaddaşın oyaqlığı məsələsidir. Bu prizmadan 1990-cı illərin təlatümlərlə zəngin durumuna üsyan edən şair vətəndaş yanğısı ilə baş verənlərin poetik ümumiləşdirməsini yaradır, nicatı Heydər Əliyev kimi millət, xalq sevdalısının dönüşündə arayır. Poema Heydər Əliyevin hakimiyyətə yenidən qayıtdığı bir dövrdə qələmə alınıb. Burada böyük liderin obrazı qurtuluş, xilaskarlıq simvolu kimi təqdim olunur. Şair ulusun keçdiyi yolu, tarixi keçmişini sıralayır, ölkədəki gərginlik və xaosdan sabitliyə dönüşü Heydər Əliyev dühasında tapır.
Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər
Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə həvalə etdi.
Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

