Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sirli qovluq mənə rahatlıq vermədi...

Sirli qovluq mənə rahatlıq vermədi...

03.05.2023 [10:10]

Rusiyanın məşhur və maraqlı tarixi araşdırmalar müəllifi olan Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabından bir məqamı təqdim edirik.

Bəs Əliyevlə bağlı məsələ necə olmuşdu?

Onun əleyhinə iş açmağa hazırlaşırdılarmı? Bu sualı mən artıq oxuculara tanış olan Mixail İvanoviç Kodinə verdim. Kim bilməsə də, MNK sədrinin keçmiş müavini əslində, nələrin baş verdiyini dəqiq bilir.

- Mixail İvanoviç, - görüşümüz zamanı ondan soruşdum, - Heydər Əliyevə qarşı iş açmağa hazırlaşırdılarmı?

Cavab məni sarsıtdı:

- Nəinki hazırlaşırdılar, hətta açmışdılar.

Sov.İKP MK Siyasi Bürosunun dörd üzvünün partiyadan çıxması ilə bağlı olaraq səy və diqqətlə qurduğum sxem gözlərimin önündə alt-üst olurdu. Məgər, Heydər

Əliyev də Şevardnadze və Yakovlev üçün qurulanlarla eyni olan ssenari əsasında partiyadan çıxarılacağından ehtiyat edərək bəyanat vermişdi?

- Ancaq bir nəticə hasil olmadı, Kodin sözünə! davam etdi. - Məlum oldu ki, tələm-tələsik tapıb çıxardıqları mənasız şeylər imiş.

- Hər halda tapıbmışlar - üzgün-üzgün dillənirəm.

- Deyilənə görə, ləkələyici materiallardan ibarət olan hansısa bir qovluq varmış. Yuxarılarda işə salıblarmış.! Lakin o vaxt mən hələ MNK-da işləmirdim. Təfsilatını bilmirəm. Bircə bunu deyə bilərəm ki, yoxlama zamanı heç nə təsdiq edilməyib.

Əliyevi, sadəcə, nüfuzdan salmaq istəyirdilər. Qorbaçovun ondan xoşu gəlmirdi. Siyasi Büronun digər üzvləri də Baş katibə baxıb Əliyevə münasibətlərini dəyişirdilər.

- Mixail İvanoviç, bu mövzuda kiminlə söhbət edə bilərəm?

- Yaxşı olar ki, o vaxt Partiya Nəzarəti Komitəsində işləyən şəxslərlə danışasınız. Bu işlə həmin komitə məşğul olurdu.

 Kiminlə söhbət etməyin lazım olduğu yadıma düşdü. Pyotr Yakovleviç Slezko ilə! O, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri Boris Karlovic Puqonun müavini idi.

- Elə bir qovluq vardı, - o xatırlayır.

- Necə oldu bəs? Arxivdədir?

- Bilmirəm. Gör neçə il keçib.

- Bəs niyə qovluq hərəkətə gətirilmədi?

- Necə yəni gətirilmədi? Gətirildi.

- Başa düşmədim, Pyotr Yakovleviç. Necə, məgər Əliyevə qarşı iş açılmışdı?

- Cəhd göstərilmişdi. Bir şey çıxmadı.

- Niyə?

- Kifayət qədər sübut tapılmadı.

- Sizsə deyirsiniz ki, hərəkətə gətirilmişdi...

- Doğrudan, hərəkətə gətirilmişdi. Kütləvi informasiya vasitələrində.

- Deməli, o məqalələr qovluqdakı materiallar əsasında hazırlanırdı?

- Başqa nəyin əsasında hazırlana bilərdi ki? Daha heç nə yox idi.

  Elə bil, birdən ayıldım. Qovluq! Yəqin Qorbaçov 1988-ci ilin oktyabr ayının əvvəllərində köməkçiləri A.S.Çernyayevi və G.X.Şahnəzərovu yanına çağırıb, işlə bağlı bir sıra məqamları müzakirə etdikdən sonra Əliyevin “işini” xatırlatdıqda həmin qovluğu nəzərdə tuturmuş.

  O vaxt Heydər Əliyev SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri idi. Bu vəzifəyə onu 1987-ci ilin oktyabrında, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra təyin etmişdilər. Müşavir vəzifəsində bir aydan azca çox 1988-ci ilin noyabrınadək qalacaqdı.

 “Qazırıq, çox şeyin üstünü açmışıq. Belə ki, Rəşidovun işindən də gurultulu proses olacaq”, - Qorbaçovun bu sözlərini Çernyayev öz gündəliyində 1988-ci il oktyabrın 9-da yazmışdır. Gündəliyi o, 1997-ci ildə ayrıca kitabça şəklində nəşr etdirmişdir.

Sirli qovluq uzun müddət mənə rahatlıq vermədi. Qovluqdan xəbəri olanlar vardı, amma bu mövzuda söhbətə başladığım şəxslərin heç biri onu görməmişdi. Pyotr Yakovleviç Slezko, indi, təəssüf ki, mərhum Slezko, hər şeydən göründüyü kimi, köhnə qalmaqallı əhvalatın təfərrüatına çox da varmaq istəmirdi. Bunun səbəbi də aydındır: Pyotr Yakovleviç Yeqor Kuzmiç Liqaçovun komandasından idi, onun köməkçisi olmuşdu və rəisi kimi, möhkəm, inadkar xarakteri ilə seçilirdi.

Nə Siyasi Büronun, nə də Sov.İKP-nin keçmiş arxivində qovluğun izlərini tapmaq mümkün olmadı. Elə bil, qeybə çəkilmişdi. Bircə onu öyrənə bildim ki, guya qovluğa Azərbaycandan gələn məktublar yığılıbmış. Məktublarda Əliyevə qarşı onun bədxahları tərəfindən təşkil edilmiş hansısa iddialardan bəhs olunurdu.

1988-ci ildə keçmiş komsomol işçisi, ÜİLKGİ MK-nın katibi vəzifəsinədək yüksəlmiş Əbdürrəhman Xəlil oğlu Vəzirov Azərbaycan KP MK-nın birinci katibi seçildi. Onu Qorbaçov özünün Stavropolda komsomolda işlədiyi vaxtdan yaxşı tanıyırdı. Vəzirov bu vəzifədə Kamran Bağırovu əvəz etmişdi. Kamran Bağırovu isə Heydər Əliyev Moskvaya gedərkən öz yerinə Respublika partiya təşkilatının rəhbəri vəzifəsinə irəli sürmüşdü. Əliyev Qorbaçovun gözündən düşən kimi Kamran Bağırovu Əbdürrəhman Vəzirovla əvəz etdilər.

  O vaxtın bir çox siyasətçilərinin, həm İttifaq, həm də Azərbaycan siyasətçilərinin bildirdiyinə görə, Vəzirov zəif rəhbər idi. O, Qorbaçovun ümidlərini doğrultmadı. Qorbaçov elə bilirdi ki, Pakistanda diplomatik işdən, sovet səfiri vəzifəsindən geri çağırdığı Vəzirov Dağlıq Qarabağ ətrafında vəziyyəti sabitləşdirməyə nail olacaqdır.

  Baş katibin planı bundan ibarət idi ki, Vəzirovun irəli çəkilməsi ilə bir vaxtda Ermənistanda da partiya rəhbərliyi dəyişdirilsin. Qorbaçov orada köhnə, Brejnev məktəbinin nümayəndəsi K.S.Dəmirçiyanın yerinə komsomolçu gəncliyindən yaxşı tanıdığı Suren Qurgenovic Harutyunyanı tövsiyə etmişdi. Bir vaxtlar Harutyunyan. Ermənistan komsomolunun MK-sına rəhbərlik etmiş, sonra ÜİLKGİ MK-nın katibi seçilmişdi. 1978-ci ildə Harutyunyanı gözdən uzaq bir işə - Sov.İKP MK Təbliğat şöbəsinin məsləhətçisi vəzifəsinə keçirdilər, 1981-ci ildə isə təşviqatçılar, siyasi informatorlar, divar qəzetləri ilə məşğul olan siyasi-kütləvi iş sektorunun müdirliyinə yüksəltdilər. Nəticədə, o, taleyinə yazılan xırda partiya məmurluğu ilə razılaşaraq on il orada rahat oturdu. 1986-cı ildə, Qorbaçov hakimiyyətə gəldikdən sonra isə vətəninə, Yerevana qayıtdı. Orada ona respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini verdilər.

Birdən-birə də başgicəlləndirici yüksəliş! İki il sonra Suren Qurgenoviçi təcili Moskvaya, Qorbaçovun yanına çağırırlar. Qorbaçovun kabinetindən o, Ermənistan KP MK-nın birinci katibi kimi çıxır. (O vaxt seçki formal bir məsələydi, başlıca amil Baş katibin rəyi idi.) Köhnə qurd olan Dəmirçiyanın yerinə! Azərbaycanda Heydər Əliyev məktəbini keçmiş təcrübəli, güclü rəhbər K.Bağırovun yerinə komsomolun yetirməsi olan Vəzirovu təyin edən Qorbaçov orada da eyni cür hərəkət etmişdi.

  İki keçmiş komsomol rəhbərinin Dağlıq Qarabağ problemi barəsində ümumi dil tapacaqlarına Qorbaçovun bəslədiyi ümidlər doğrulmadı. Baş katibə uğurlu görünən plan boşa çıxdı. Pakistana qədər Hindistanın Kəlkettə şəhərində SSRİ-nin baş konsulu işləmiş, ondan sonra Nepal Krallığında səfir olmuş Vəzirovun diplomatik qabiliyyətinə arxayınlıq fəlakətə gətirib çıxardı. Qarabağ düyünü getdikcə bərkiyirdi, hər iki respublikanın əhalisi iqtidara itaətsizlik göstərirdi. Mitinqlər, tətillər, talanlar ara vermirdi. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını oradan kütləvi surətdə qovmağa başlamışdılar. Günahsız insanlar həlak olurdular. Axır iş o yerə çatdı ki, döyüş əməliyyatları başlandı.

  Nəticəsi bu oldu ki, Vəzirov respublikanın idarəçiliyini itirdi və Qorbaçov canını dişinə tutaraq onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən çıxarılması haqqında qərar qəbul etdi. Eyni zamanda, Ermənistan rəhbəri Harutyunyan da vəzifədən götürüldü. 1990-cı ildə Vəzirov həmvətənlərinin qəzəbindən qurtarmaq üçün hərbi təyyarə ilə Bakıdan Moskvaya qaçmağa məcbur oldu.

 Elə həmin il Vəzirovun siyasi fəaliyyətinin sonu oldu.

 O, pensiyaya çıxdı və daha siyasətə qayıtmadı.

 Lakin respublika partiya təşkilatının rəhbəri vəzifəsində Vəzirov müstəsna canfəşanlıq edirdi. O, Əliyev-Bağırov kadrlarının pərən-pərən salınmasında xüsusi “məharət” göstərirdi. Ona elə gəlirdi ki, respublikaya əvvəlki kimi Əliyev rəhbərlik edir. 

 Əlbəttə, Bakıda, başqa şəhərlərdə, habelə kənd rayonlarında bir çox əsas vəzifələrdə Heydər Əliyevin yetişdirdiyi və tərbiyə etdiyi insanlar çalışırdılar. Axı, o, on dörd il Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etmişdi, partiya işinə irəli çəkilənədək təqribən iyirmi il respublika DTK-sında rəhbər vəzifələr, o cümlədən komitənin sədri vəzifəsini tutmuşdu. Bu müddətdə yüzlərcə ağıllı, fərasətli işçini ən müxtəlif sahələrdə partiya və dövlət orqanlarında, sənaye və kənd təsərrüfatı istehsalatında, elmdə və mədəniyyətdə rəhbər vəzifələrə irəli çəkmişdi.

  Bu, tamamilə təbii və qanunauyğundur. O vaxt bütün rəhbər vəzifələrə təyinat partiyanın ixtiyarında idi. Təyin olunacaq namizədlərin hökmən rayon komitəsindən Mərkəzi Komitəyədək partiya komitələrinin bürolarında təsdiq edildiyi vəzifələrin nomenklaturu vardı. Bu sorğu-sualdan heç kəs yan keçə bilməzdi. Şübhəsiz, rayon komitəsinin, xüsusən MK-nin birinci katibinin rəyi hər şeyi həll edirdi.

  Bu da təbii idi ki, Moskvaya SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə aparıldıqdan sonra Heydər Əliyev doğma respublikada işlərin necə getdiyi ilə daim maraqlanırdı. Respublikada baş verənlərin hamısından xəbəri vardı. Axı, anadan olduğu ilk gündən bütün ömrünü Azərbaycanda yaşamışdı. Moskvaya köçəndə, demək olar, altmış yaşında idi. Bu yaşda doğma diyardan ayrılmaq hətta Rusiyanın orta zonasının sakini üçün çətindir, heç Zaqafqaziyadan olan insanları demirəm. Əvvəllər paytaxtda nə yaşamış, nə təhsil almış, nə də işləmişdi. Moskvada elə bir yaxın dostu yox idi, ona görə də vətəndən hər telefon zəngi, xüsusən adamların gəlməsi bayrama çevrilirdi. kıya özü də tez-tez zəng vurur, öyrədir, məsləhət verir, lazımi kömək göstərirdi.

 Bir sözlə, bütün bu hərəkətlərdə heç bir qeyri-adilik yoxdur, hər bir normal insana xas olan hərəkətlərdir. Axı, Kremlə gətirildikdən sonra, necə deyərlər, özünü çəkərək, həmyerlilərindən üz döndərə, özünü Kremlin hündür divarı ilə onlardan ayıra bilməzdi ki... Bu, onun xarakterinə uyğun deyildi. Öz yetirmələrini mənzilində də, bağ evində də mehribanlıqla qarşılayırdı. Hər dəfə üzü gülür, xoş xatirələr yada düşürdü. Heydər Əliyev nə vaxtsa qarşılaşdığı çoxsaylı adamların adlarını xatırlayırdı. hökmən onlara salamını çatdırmağı xahiş edirdi ki, bu da Azərbaycanda olanları çox sevindirirdi, deməli, Kremldə çalışan o böyük insan onları unutmur.

  Vəzirovun bu əlaqələrdən xoşu gəlmirdi. Onun şəxsiyyətinin miqyası tamam başqa idi. Təfəkkürü də ayrı cür idi, komsomol mühitində formalaşmışdı. İlk sovet komsomolçuları - onların əksəriyyəti saxta ideallara səmimi inanırdılar, - eləcə də sovet dövrünün axırlarında fəaliyyət göstərən vicdanlı komsomol işçiləri (tək-tük olsa da, belələri, yəqin, vardı) məni bağışlasınlar, amma “Vətəndaş müharibəsinə gedirdi komsomolçular” adlı məşhur komsomol nəğməsinin bir misrasından məzəli bir təbir gətirməyə bilmirəm. “Bir də ki, astadan söylədi, sən yaz harasa...” Komsomol işçilərinin əsl şüarı, başlıca fəaliyyət sahəsi bax bu idi. “Yaz harasa...” İstəyirsən partiya MK-sına, istəyirsən də DTK-ya. Əlbəttə, imza qoymadan. İmza nəyə lazım?

Ardı var  

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31