Moldova böhranı
02.12.2022 [10:50]
Moldovanı Ukraynanın aqibəti gözləyə bilərmi?
Dünyadakı bütün ölkələr, demək olar, biri-birinə zəncirvari bağlıdır. Xüsusən də, eyni qitədə məskunlaşmış dövlətlərin bir-birindən iqtisadi-siyasi asılılığı qaçılmazdır. Son zamanlar Rusiya ilə Ukrayna arasında gedən irimiqyaslı qanlı müharibə onların orbitində olan qonşu ölkələrin də həyatına bu və ya digər formada təsirsiz ötüşmür. Rusiyanın Ukrayna infrastrukturuna vurduğu ağır zərbələr nəticəsində qonşu Moldovanın da elektrik təchizatında bir sıra ciddi problemlər yaranıb. Ukraynadakı elektrik şəbəkəsinin dağıdılması nəticəsində bu ölkədən enerji idxal edən Moldova dəfələrlə bütün ölkə boyu zülmətə qərq olub. Burada əsas problemlərdən biri sovet dövründən qalma şəbəkələrin yenidən qurulmaması ilə bağlıdır. Qonşuları Rusiya ilə Ukraynadan təbii qaz və elektrik enerjisi idxal edən Moldova məlum müharibə başlanandan bəri bu sahədə böyük problemlərlə üzləşib. Ölkənin qaz təminatı, demək olar, tamamilə Rusiyanın “Qazprom” şirkətindən asılıdır. İddialara görə, Rusiya bu rıçaq vasitəsilə Moldova dövlətinə siyasi təzyiq imkanlarından istifadə edir. İkinci problem Moldovaya gələn elektrik xətlərinin Ukraynadan keçməsi ilə bağlıdır. Ona görə Rusiyanın Ukrayna infrastrukturuna vurduğu zərbələr Moldovada da elektrik enerjisinin kəsilməsinə səbəb olub. Moldova hakimiyyəti əhaliyə açıqlama verərək bildirib ki, qarşıdan gələn soyuq qış günlərində onları çətin günlər gözləyir.
Həmin problemlərlə bağlı danışan baş nazirin müavini Andrey Spınu Rusiyanı öz ölkəsinə qarşı hibrid müharibə aparmaqda ittiham edərək: “Əlbəttə, Rusiyanın məlum gedişlərinin səbəbi balaca uşağa da aydındır, onlar Moldovanın qərbyönlü inkişafını istəmirlər”, - söyləyib.
Şərabdan asılı iqtisadiyyat
Moldovanın Purkar bölgəsində yerləşən üzüm plantasiyaları Ukrayna ilə sərhəddən cəmi 500 metr aralıda, uzanan sonsuz təpəliklərdə yerləşir. Həmin bölgədə istehsal olunan bütün növ şərabların, demək olar, hamısı bir vaxtlar Rusiyaya daşınırdı. Lakin Moskva siyasi dəyişikliklər zamanı - 2006 və 2013-cü illərdə Moldovadan şərab idxalına məhdudiyyətlər qoyanda “Purkar” şərab kompaniyası bu cür qəfil iqtisadi zərbədən öz müvazinətini itirib müflisləşməyə doğru getdi.
“Purkar” şirkətinin idarə heyətinin sədri Vasili Tofan həmin olayları xatırlayarkən belə deyib: “Bu, bizim üçün çox pis xəbər idi. Rusiya bazarları üstündə sistemləşmiş şirkətimiz aldığı ağır zərbədən şoka düşmüşdü. Biz işçilərimizin maaşını, təchizatçıların haqqını ödəyə bilmədik. Məlum olduğu kimi, şərab Moldova üçün həm mədəni, həm də iqtisadi mənada çox önəmli strateji məhsuldur”.
Tofan məlum iqtisadi böhranın siyasi tərəfinə aydınlıq gətirərkən bildirib ki, bu, Moskvanın Moldovanı öz təsir dairəsində saxlamaq cəhdi idi. O, Rusiyanın həmin gedişini belə qiymətləndirib: “Moskva öz geosiyasi maraqlarına nail olmaq üçün istənilən dəyəri ayaqlayaraq əlindəki bütün iqtisadi rıçaqlardan istifadə etməyi özünə rəva bilir”.
Lakin sözügedən şirkət ağır iqtisadi durumdan xilas olmağın yollarını arayaraq həmin çətin illərə yeni bir fürsət kimi yanaşmağa başladı. Üzünü Qərbə tutan “Purkari” bu gün Moldovanın Amerikaya, Avropa İttifaqı ölkələrinə və Asiya ölkələrinə şərab ixrac edən ən böyük kompaniyasıdır.
“Qazprom” təbii qazın idxalını azaldarsa...
Bir zamanlar “Purkar” şirkətinin yaşadığı iqtisadi tənəzzül indi bütün Moldovanı əhatə edir. Rusiya bu dəfə şərab siyasətinin əvəzinə enerji resurslarından yararlanmaqla Moldova hökumətini Avropaya gedən yoldan çəkindirməyə çalışır. Moldova isə Moskvanın təzyiqləri qarşısında Avropa ölkələrindən yardım istəməkdən başqa çarə görmür. Moldova Avropa İttifaqı ölkələrindən maliyyə yardımı alır, onlara biznes subsidiyaları təklif edir. Bununla belə, böyük işçi qüvvəsi Rusiyada və bir sıra Avropa ölkələrində əsasən qara işlərdə çalışan ölkənin hökuməti ölkədəki ağır iqtisadi vəziyyətin, işsizlik probleminin öhdəsindən hələ də gələ bilmir.
Ölkədə inflyasiyanın 30 faizə yüksəldiyi bu günlərdə əhali minimum istehlak səbətini doldurmaqda, kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Əhalinin alıcılıq qabiliyyəti gündən-günə aşağı düşür. Sadə moldovalılar vəziyyətlə bağlı narahatlıqlarını gizlətmirlər. Bu arada Rusiyanın “Qazprom” şirkəti Moldovanın idxal etdiyi təbii qazı yenidən azaldacağı ilə hədələyir.
Bütün bunlara cavab olaraq Moldova hökuməti Rusiyanı ədalətsiz ticarətdə ittiham edir və onun enerji asılılığından qurtulmağa çalışır. Ancaq necə?
Hökumətin yeni layihəsinə əsasən, Aİ-nin elektrik şəbəkəsinə qoşulan yeni ötürücü xətlər indikiləri əvəz edəcək. Lakin bu layihənin reallaşması üçün üç il vaxt tələb olunur. Sözsüz ki, bu qədər vaxtı işıqsız, qazsız keçirmək çətin olar. Yeri gəlmişkən, Rusiyadan Moldovaya elektrik enerjisi təkcə Ukrayna vasitəsilə deyil, separatçı Dnestryanı ərazisi ilə də nəql edilir. Xatırladaq ki, bu qondarma qurumun ərazisində 1500-ə yaxın rus “sülhməramlısı” və Rusiyanın hərbi bazası bu günə qədər qalmaqdadır.
Münaqişənin tarixçəsinə bir baxış
Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Separatizmin alovlanmasında Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı qığılcım rolunu oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət xüsusi qrupları bunu Moldova millətçilərinin “digər millətləri əzmək cəhdi” kimi qiymətləndirərək separatçılıq hərəkətlərinə başlayıb. 1990-cı il sentyabrın 2-də həmin rayonların başbilənləri SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. Həmin ilin dekabrında isə referendum keçirilib və “DMR” müstəqil dövlət elan olunub. Moldova bu qərarı tanımadığına görə münaqişə dərinləşərək 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək veriblər. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qoşunlarını sıxışdırıb. Rusiya bölgəyə “sülhməramlı” qüvvələr yeridərək tərəflər arasında atəşkəsi təmin edib. Ardınca Kişinyovla Tiraspol arasında atəşkəs sazişi imzalanıb. Sənədə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə qüvvələr cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2” formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib. Münaqişə hələ də çözülməmiş qalır. Bu da Rusiyanın Moldovaya qarşı ən böyük təzyiq vasitəsi hesab olunur.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30

