Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
05.06.2026 [11:10]
Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin qorunmasına diqqəti artırmaq məqsədilə BMT tərəfindən təsis edilmiş və hər il iyunun 5-də qeyd olunan beynəlxalq günlərdən biridir. Bu gün ekoloqlar və təbiətin mühafizəsi ilə məşğul olan təşkilatlar üçün dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə yönəltməyin, eyni zamanda, ətraf mühitin qorunmasına dair siyasi maraq və fəaliyyətləri təşviq etməyin ən vacib vasitələrindən hesab olunur.
AZƏRTAC xəbər verir ki, həmin ekoloji bayram 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib. Tarix kimi 5 iyun seçilib, çünki həmin gün 1972-ci ildə Stokholmda İnsan Ətraf Mühiti üzrə Konfrans öz işinə başlayıb. Bu konfransın nəticəsi olaraq BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Bir sıra ölkələrdə bu gün həm də Ekoloqlar Günü kimi qeyd olunur.
İnsan həm təbiətin bir parçası, həm də onu dəyişdirən qüvvədir. Ətraf mühit insanın fiziki mövcudluğunu təmin edir, onun intellektual, mənəvi, sosial və ruhani inkişafı üçün imkanlar yaradır. Elm və texnologiyanın sürətli inkişafı nəticəsində bəşəriyyət ətraf mühiti görünməmiş miqyasda dəyişdirmək gücü əldə edib. Buna görə də həm təbii, həm də insan tərəfindən yaradılmış mühit insanların rifahı və əsas hüquqlarının, o cümlədən yaşamaq hüququnun təmin olunmasında mühüm rol oynayır.
Bu günün qeyd olunmasının məqsədi hər bir insanda ətraf mühitin qorunmasına töhfə vermək istəyi yaratmaq və planetin həyat təminat sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün daha çox insanı fəaliyyətə sövq etməkdir.
Bəşəriyyət uzun illər ərzində Yer kürəsinin ekosistemlərini istismar edib və onlara zərər vurub. Hər üç saniyədə dünya futbol meydançası böyüklüyündə meşə sahəsini itirir. Son yüz ildə planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı məhv olub. Hər il 11 milyon ton plastik tullantı su ekosistemlərinə düşür və bu, 800-dən çox dəniz və sahilyanı canlı növünə zərər verir. Meşələr və torf bataqlıqları kimi karbonu udan təbii sistemlərin itirilməsi iqlim dəyişikliyini daha da sürətləndirir. Qlobal istixana qazı emissiyaları son illərdə ardıcıl şəkildə artıb və dünya təhlükəli iqlim dəyişikliklərinin astanasındadır.
Atmosferin temperaturu sürətlə yüksəlir, təbiət və insanlar isə bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Yaşayış mühitlərinin məhv olması təxminən bir milyon növün yox olmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur. Hava, torpaq və suyun çirklənməsi isə davam edir.
Hazırda dünyanın bütün ekosistemləri təhlükə altındadır. Meşələrdən və quraq ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər insan həyatının asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxınlaşır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb ki, bu da dünya əhalisinin yarısına birbaşa təsir göstərir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünya əhalisinin 75 faizindən çoxu quraqlığın təsirlərini hiss edə bilər.
Həmin problemlərin həlli iqtisadiyyatın və cəmiyyətin təbiətlə harmoniyada yenidən qurulmasından keçir. İnsanlıq planetə zərər vurmaqdan onun bərpasına keçməlidir. Davamlı və ədalətli inkişafın təmin olunması, ekoloji problemlərin həllində cəmiyyətin rolunun artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi gələcək nəsillər üçün daha təhlükəsiz və firavan dünya qurmağa kömək edə bilər.
Bu gün dünyada müxtəlif tədbirlərlə qeyd olunur: ağacəkmə aksiyaları, ərazilərin təmizlənməsi kampaniyaları, veloyürüşlər, məktəblərdə inşa və plakat müsabiqələri, ekoloji maarifləndirmə tədbirləri və digər təşəbbüslər təşkil edilir. Bir çox ölkələrdə bu gün ekoloji siyasətlərin təşviqi və beynəlxalq ekoloji sazişlərin imzalanması üçün də mühüm platforma rolunu oynayır.
Ümumdünya Ətraf Mühit Günü hər bir insan üçün Yer kürəsinin gələcəyinə görə məsuliyyət daşıdığını xatırladan bir gündür. 1972-ci ildən bəri milyonlarla insan bu gün münasibətilə keçirilən tədbirlərdə iştirak edərək ətraf mühitin qorunmasına öz töhfəsini verib. Bu gün də hər birimiz planetimizin gələcəyi naminə kiçik də olsa addım ata bilərik.
Qeyd edək ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək. Tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusu altında keçiriləcək.
Ölkəmiz Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.
Xəbər lenti
Hamısına baxGündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25

