İslamçı və kommunist tələbələr Amerika səfirliyini ələ keçirmişdilər
06.11.2022 [11:40]
Tehrandan Xalxali Şahı xəstəxana otağında öldürmək üçün adam göndərəcəyini söylədi
Əvvəli ötən sayımızda…
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba)) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və bitməyən eşqin hekayəsi
Tərcümə
Nəriman Əbdülrəhmanlı
Tehrandakı səfirliyinin təhlükəsizliyi üçün qorxan Amerika hansı maneələrdən keçib axırda bizə sərhədlərini açmışdı? Amerika dövlətinin ən ali hakimiyyət orqanlarında o zaman gedən mübahisələri araşdırmış Pyer Selincer Ağ evdə bu qərarın necə qəbul edildiyini açıqlayır: “Xarici İşlər Nazirliyi Şahın xəstəliyinin ciddiliyini və ona lazım olan müalicənin Mexikoda aparılmayacağını təsdiqləyəndə, xarici işlər naziri (dövlət katibi-tərc.) Prezident Karterə Şahı Amerikaya qəbul eləməsi təklifini verdi. Sayrus Vens ciddi xəstəlik məsələsi barədə söhbət getdiyini vurğulayıb, bunun yaşayışa icazə kimi yozulmayacağını söylədi. Qərar Ağ evdə, 1979-cu il oktyabrın 19-da Cimmi Karterin xarici işlər məsələlərinə ayırdığı həftəlik cümə səhəri yeməyi vaxtı qəbul edildi. Əlbəttə ki, həmin qərar risk istəyirdi, amma Şah Amerikada yerləşmək istəyəndə, ona arzu olunmadığı bildirilib, aylardan bəri bu qədər iyrənc alver edildikdən sonra indi ona bu cür iltifat göstərmək borcumuzuydu. Karter də Şahın lehinə belə iltifat göstərməsinin lazım gəldiyi fikrindəydi. Çəkinəcəkləri Tehrandakı Amerika səfirliyində xoşagəlməz hadisələr ola biləcəyindən qorxmasından qaynaqlanırdı. Bu qərarı qəbul eləməzdən qabaq məclisin daimi üzvlərindən fikirlərini soruşdu: vitse-prezident Uolter Mondale, Sayrus Vens, Zbiqnev Bzejinski, müdafiə naziri Harold Braun və Ağ evin baş katibi Hamilton Cordan. Hamısı yekdilliklə ona Şahın Amerikaya gəlməsinə izin verməsini təklif elədilər. Karter həmin fikrə qoşulduğunu deyib, bu sözləri söylədi: “İranlılar bizim səfirliyimizi işğal edib, orda çalışanları girov götürəndə, mənə nə təklif edəcəksiniz?” (Pyer Selincer. “Əsir alınanlar, Tehrandakı gizli sövdələşmələr”, Paris, Buchet-Kastel nəşriyyatı. 1981). İki həftədən sonra, 1979-cu il noyabrın 4-də Karterin qorxduğu şey oldu: həm islamçı, həm də kommunist tələbələr Amerika səfirliyinə hücum edib, oranı ələ keçirdilər. Hücum vaxtı orda olan altmışa yaxın diplomatı dörd yüz gün ərzində girov kimi saxlayacaqdılar. Sayrus Vens sonralar: “Nəzakətli və insanpərvər davranmaqla, bunun nəticəsində Tehrandakı səfirliyimizdə çalışanların başına gələ biləcəyi ehtimal olunan pislik arasında seçim eləməyimiz lazım gəlirdi”, - yazacaqdı... İslam İnqilabı Respublikası dövləti ərimin həqiqətən xəstə olduğuna inanmırdı və onun Amerikaya gedib, bu ölkənin köməyilə Tehranda iqtidarı yenidən ələ alacağını iddia eləyirdi...
***
Qorxduğumuz başımıza gəlmişdi. Xəstəxanada qaldığımız ortaya çıxar-çıxmaz iranlı nümayişçilər pəncərələrin altına yığışmışdılar, hər gün gəlirdilər. Ərim ölümlə mübarizə aparanda, həmin nümayişçilərin onun ölməsi üçün dua elədiklərini, səsləri gəldiyi qədər “Şaha ölüm! Rədd olsun, Şah!”, - bağırdıqlarını eşidirdimi, görəsən? Bilmirəm, Tanrının onu heç olmasa, bu barədə qoruduğuna inanmaq istəyirəm. Hər nə olursa-olsun, məni çox duyğulandıran hadisə baş verdi: yaxındakı tikintidə işləyən amerikalı fəhlələr nümayiş keçirən iranlıların davranışından çox sarsılıb, onlara etiraz bildirdilər. Şah bu olub-keçəni eşitməmiş olsa belə, ətrafımızdakı böyük gərginliyi hiss eləməmiş olmazdı. Xərçənglə mübarizə mərkəzinin personalı Tehranın terrorunun qurbanı olmaqdan qorxub, bizi qəbul eləməkdən çəkinmişdi. Ona görə də irəli sürdükləri təhlükəsizlik şərtləriylə bizi çətin vəziyyətdə qoyurdular. Mənə: “Sabah səhər saat beşdə gəlin”, - deyirdilər. Saat dörddə qalxıb, xəstəxanaya gedirdim, orda görüşün axşam saat ona təxirə salındığını, yaxud həkimin gəlmədiyini və ya şəhərdən kənarda olduğunu öyrənirdim. Mənə arzu olunmadığımızı çox açıq şəkildə hiss etdirirdilər. Təkərli kresloda oturan Şahı hadisələrdən mümkün qədər qorumağa çalışıb, hər dəfə yerin altındakı adamın qəlbini qaraldan, kirli paltar torbalarıyla dolu həmin dəhlizlərdən keçmək məcburiyyətindəydik. Atamın ölümündən sonra məndə xəstəxananın çox hürküdücü xatirəsi qalmışdı, burada keçirdiyimiz dəhşət çox həzin şəkildə onu xatırladırdı. Bəli, bu dəhşətiydi. Oktyabrın axırında dəftərimə yazdığım səhifəni oxuyuram. “Allahım, ərim artıq bir gün olmayacaqsa, nolar, əzab çəkməsin! Başqalarına həsr olunmuş xidmətin mükafatı budumu? Ərimin ağzından ən kiçik təəssüf kəlməsi çıxmır, hələ özündə gülümsəməyə güc tapırdı.
Dünyanın dörd tərəfindən çiçəklər, açıqcalar, teleqramlar yağırdı. Yaxın dostlarımız, ailəmiz, hökmdarlar, dövlət başçıları və tələbələr axtarırdılar. Onlara cavab verməli, təşəkkür eləməyə qüvvə tapmalıyam. Bu dünyanın artıq məndən ötrü heç bir mənası yox idi. Özümü qəlbim boşalmış kimi hiss eləyirəm. Tehrandan Xalxali Şahı xəstəxana otağında öldürmək üçün adam göndərəcəyini söylədi. Xomeynisə, Şahın doğrudanmı xəstə olduğunu, yoxsa yalanmı dediyini öyrənmək məqsədilə həkim göndərmək istəyirdi. FTB-nin (Amerika Federal Təhlükəsizlik Bürosu - tərc.) ərimi qoruduğunu iddia eləyirdi. Hər səhər xəstəxanaya gedirəm. Bəzən ön tərəfdəki giriş qapısından girirəm, amma çox zaman zibil qutularıyla, əyilmiş stullarla və sınıq masalarla dolu xidmət mərtəbəsindən keçmək məcburiyyətindəyəm. Xidmət mərtəbəsindəki zavallı işçilərin hamısı zəncidi, aralarında bircə nəfər ağ yoxdu. Ərimin yanında otururam, yalnız onun yanında özümü yaxşı hiss eləyirəm. Bayırda adamlar çox əsəbi, həyəcanlıdılar, mənim canım da onların qorxularını, ya da məsləhətlərini eşitmək istəmirdi. Bununla belə, kiçik şeylərlə də məşğul olmaq lazım gəlir, telefona baxmalı, məktublara cavab verməliyəm.
Uşaqlarımı istədiyim qədər görə bilmirəm, dərsliklərinə nəzər salmağa belə vaxtım yox idi. Ərimin yanındayam, günortaüstü saat üçdü. O, yatır, mən narahatam, ürəyim darıxır. Pəncərədəki pərdələrin arasından işıq sızırdı. Ətraf sakit idi, yalnız ara-sıra aşağıdakı maşınların uğultusu, polis maşınlarının və ya “təcili yardım”ın siqnalı, ya da vertolyotun gurultusu eşidilirdi. Ərim gəzişməli idi, amma onu gəzişən görməyə dözə bilmirəm, nazik ayaqlarının görkəmi qəlbimi çox yaman ağrıdırdı. Artıq cəmi altmış dörd kilo idi. Ona ümid verməli, cəsarət aşılamalı, gülümsəməliyəm. Fikirləşirəm ki, bu insan saçlarını ölkəsi üçün ağartdı. Prezident Sədat zəng vurdu: “Qardaşım, təyyarəm sənin üçün hazır durub. Nə vaxt istəsən, gözümün üstündə yerin var,” - dedi. Cahan Sədat da dəfələrlə zəng elədi. “Qəzetlərdə yazılanlara fikir vermə, - deyə təkrarlayıb dururdu və əlavə elədi: - Biz burdayıq, Fərəh. Biz burdayıq”.
Ardı növbəti sayımızda…
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

