Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İturupdan Köniqsberqə qədər çəkilən xəritə

İturupdan Köniqsberqə qədər çəkilən xəritə

25.08.2026 [11:15]

Rusiya Prezidenti Vladimir Putinin 13 avqust 2026-cı ildə Yaponiya ilə mübahisəli Kuril adalarından biri olan İturupa ilk səfəri adi protokol hadisəsi kimi qiymətləndirilə bilməz. Səfər Yaponiyanın kəskin etirazına səbəb olub və Moskva adalar üzərində suverenliyini yenidən bəyan edib. Rusiya həmin əraziləri İkinci Dünya müharibəsindən sonra əldə etdiyini bildirir, Yaponiya isə İturup da daxil olmaqla cənub Kuril adalarını özünün “şimal əraziləri” hesab edir. Bu mübahisə səksən ildən artıqdır Rusiya-Yaponiya münasibətlərinin ən həssas məsələlərindən biri olaraq qalır və iki ölkə arasında formal sülh müqaviləsinin bağlanmamasının əsas səbəblərindən biridir.

Lakin İturupdan baxanda xəritə yalnız Sakit okeanda bitmir. Xəritəni Avropaya doğru uzatdıqda onun digər ucunda Köniqsberq - indiki Kalininqrad görünür. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının tərkibinə keçmiş, bu gün isə Rusiyanın əsas ərazisindən ayrı, Polşa və Litva arasında yerləşən Kalininqrad Avropanın təhlükəsizlik arxitekturasında xüsusi mövqeyə malikdir. İturup Rusiyanın Sakit okeandakı strateji mövcudluğunun simvoludursa, Kalininqrad Rusiyanın Avropanın şərq cinahındakı ən mühüm hərbi-strateji dayaqlarından biridir. Bu iki nöqtəni bir xətt üzərində birləşdirəndə ortaya sadəcə coğrafi xəritə çıxmır. Qərbin resurslarını mümkün qədər geniş təhlükəsizlik perimetri boyunca səpələmək məntiqi görünür. Məsələ bundan ibarətdir ki, rəqibi məğlub etmək üçün həmişə onun əsas qüvvəsinə birbaşa zərbə vurmaq lazım deyil, bəzən onu müxtəlif istiqamətlərdə təhlükə gözləməyə məcbur etmək də yetər. Baltikyanı ölkələr, Kalininqrad, Polşa-Litva sərhədi, Arktika, Qara dəniz və Sakit okean eyni vaxtda təhlükəsizlik gündəliyinə daxil olanda NATO və Avropa dövlətləri öz hərbi, maliyyə və logistika resurslarını bir nöqtədə cəmləşdirə bilmir. Beləliklə, rəqibin gücünü məhv etmədən onun gücünün konsentrasiyasını pozmaq mümkün olur. Bu, klassik sovet əməliyyat düşüncəsində yaxşı tanınan prinsipin müasir geosiyasi şəraitdə başqa vasitələrlə görünən formasını xatırladır. Sovet hərbi planlaşdırmasında düşmənin ehtiyatlarını vaxtından əvvəl hərəkətə gətirmək, əsas zərbənin istiqamətini gizlətmək, müdafiə qüvvələrini müxtəlif sahələrə bölmək və əməliyyat dərinliyində onun idarəetmə imkanlarını zəiflətmək mühüm yer tuturdu. Bu gün həmin məntiqi eyni hərbi doktrina kimi təqdim etmək olmaz, lakin onun strateji mahiyyəti (rəqibin diqqətini, qüvvəsini və resursunu bölmək) geosiyasi qarşıdurmalarda öz aktuallığını saxlayır.

Kalininqradın bu baxımdan xüsusi əhəmiyyəti var. Polşa ilə Litva arasında yerləşən Suvalki dəhlizi NATO-nun Baltikyanı üzvləri ilə alyansın digər əraziləri arasındakı quru əlaqəsinin ən həssas nöqtələrindən biri hesab olunur. Bu coğrafiyada baş verən hər bir hərbi dəyişiklik Polşa, Litva və digər NATO dövlətlərinin müdafiə planlarına təsir göstərir. 2026-cı ilin iyununda Polşa, Litva və Fransanın Suvalki dəhlizi yaxınlığında birgə hərbi təlimlər keçirməsi də həmin ərazinin təhlükəsizlik baxımından necə qiymətləndirildiyini göstərirdi. Bunun maliyyə tərəfi daha maraqlıdır. Avropa artıq Ukraynaya yardım üçün böyük resurslar ayırmaqla yanaşı, özünün müdafiə qabiliyyətini də sürətlə artırır. NATO ölkələri 2026-cı il üçün Ukraynaya 70 milyard avro hərbi yardım ayırmağı və 2027-ci ildə ən azı eyni səviyyəni qorumağı planlaşdırdığını açıqlayıb. Eyni zamanda Avropa dövlətlərinin müdafiə büdcələri də artırılır. Almaniyanın 2027-2030-cu illərdə 838,2 milyard avro borclanmağı planlaşdırması, bunun böyük hissəsinin infrastruktur və təhlükəsizlik xərclərinin maliyyələşdirilməsi ilə əlaqələndirilməsi Avropanın təhlükəsizlik siyasətində baş verən maliyyə dönüşünün miqyasını göstərir. Almaniya Maliyyə Nazirliyi artan borclanma xərclərini də təhlükəsizlik tələblərinin artması ilə əlaqələndirib. Beləliklə, eyni Avropa maliyyə sistemi qarşısında iki paralel tələb yaranır: Ukraynanın müharibə qabiliyyətinin saxlanması və Avropanın öz sərhədlərinin müdafiəsini gücləndirməsi. Bu iki xərc bir-birini avtomatik olaraq əvəz etmir, lakin dövlət büdcələri sonsuz deyil. Əgər Polşada, Baltikyanı ölkələrdə, Almaniyada, Skandinaviyada və digər Avropa dövlətlərində müdafiə infrastrukturu sürətlə genişləndirilirsə, yeni hava hücumundan müdafiə sistemləri alınırsa, qoşunların sayı artırılırsa, sursat ehtiyatları bərpa edilirsə və eyni vaxtda Ukraynaya milyardlarla avro yardım göstərilməsi davam etdirilirsə, maliyyə resurslarının hansı sürətlə tükəndiyi artıq hərbi yox, makroiqtisadi məsələdir.

“Reuters”-in 2026-cı il iyulunda yayımladığı təhlildə Avropanın artan müdafiə xərclərinin iqtisadi artıma təzyiq göstərə biləcəyi qeyd olunurdu. Bu vəziyyət Rusiyanın hesablamaları baxımından əhəmiyyətlidir, çünki Moskvanın Ukraynaya yardımı azaltmaq üçün mütləq şəkildə Qərb ölkələrinin siyasi qərarını birbaşa dəyişdirməsinə ehtiyac yoxdur. Əgər təhlükəsizlik təhdidlərinin coğrafiyası genişlənirsə və Avropa öz hərbi resurslarını eyni vaxtda bir neçə istiqamətə bölməyə məcbur olursa, Kiyevə ayrılan vəsaitin qarşısında rəqabət aparan başqa maliyyə prioritetləri yaranır. Ukraynaya göndəriləcək növbəti hava hücumundan müdafiə sistemi ilə Polşanın müdafiə infrastrukturu arasında birbaşa hüquqi seçim olmasa da, hər ikisinin arxasında eyni məhdud dövlət resursu dayanır. Məhz burada İturupdan Köniqsberqə qədər uzanan xəritənin siyasi mənası görünür. İturup Yaponiyanı, Kalininqrad Polşa və Baltikyanı ölkələri, Suvalki dəhlizi NATO-nu, Arktika Şimali Avropanı narahat edir. Ukrayna bütün bunların yanında ayrıca hərbi yardım tələb edir. Beləliklə, təhlükəsizlik gündəliyi genişləndikcə maliyyə gündəliyi də parçalanır. Rusiya üçün ən əlverişli ssenari Qərbin hərbi baxımdan zəifləməsi deyil, Qərbin resurslarının o qədər çox istiqamətə bölünməsidir ki, həmin resursların heç biri əvvəlki qədər konsentrasiyalı təsir yaratmasın.

Bu məqam Ukrayna üçün xüsusilə həssasdır, çünki Ukraynanın hava hücumundan müdafiə sistemləri və raket ehtiyatları artıq real çatışmazlıqla üzləşir. 19 avqust 2026-cı ildə Rusiyanın Kiyev və ətrafına genişmiqyaslı raket və dron hücumundan sonra Prezident Volodimir Zelenski Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının insan itkilərinə səbəb olduğunu bildirib. Həmin hücumda 16 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Bu fakt göstərir ki, Ukraynaya yardımın miqdarı ilə yanaşı yardımın hansı istiqamətə yönəldilməsi və nə vaxt çatdırılması da strateji əhəmiyyət daşıyır. İndi təsəvvür etmək çətin deyil: Avropa eyni vaxtda öz hava məkanını, Baltikyanı sərhədləri, Polşa-Litva xəttini, Arktikanı və digər istiqamətləri gücləndirməyə məcburdursa, ABŞ isə Avropa ilə yanaşı Sakit okean və başqa strateji regionlarda öhdəliklərini yerinə yetirirsə, Ukraynaya yardımın siyasi və maliyyə davamlılığı daha mürəkkəb məsələyə çevrilir.

Bu, Ukraynaya yardımın mütləq azalacağı demək deyil. Əksinə, NATO 2026-cı il üçün 70 milyard avroluq hərbi yardım öhdəliyini elan edib. Lakin təhlükəsizlik xərclərinin coğrafiyası genişləndikcə Ukraynaya ayrılan vəsaitin digər müdafiə prioritetləri ilə rəqabət aparması qaçılmaz maliyyə reallığıdır. İturupdan Köniqsberqə qədər uzanan xəritənin təhlükəli tərəfi də məhz budur. Birbaşa zərbə olmadan resursları bölmək. Yeni cəbhə açmadan yeni müdafiə xətti yaratmaq. Düşməni məğlub etmədən onu hər yerdə hazır vəziyyətdə saxlamaq və ən nəhayət, qarşı tərəfin maliyyəsini sərhədləri boyunca səpələməklə onun əsas zərbə istiqamətindəki konsentrasiyasını zəiflətmək.

Bu baxımdan İturup təkcə Yaponiyaya göndərilmiş siyasi siqnal deyil, Köniqsberq isə təkcə Avropanın xəritəsindəki Rusiya anklavı deyil. Onlar birlikdə daha geniş təhlükəsizlik dilemmasının iki ucunu göstərir. Qərb özünü nə qədər çox istiqamətdə müdafiə etməyə məcbur olunarsa, Ukraynaya yönəldə biləcəyi siyasi, hərbi və maliyyə diqqətinin bir o qədər çox hissəsi başqa istiqamətlərə çəkilə bilər və bu oyunda ən ağır zərbə bəzən atılan raket yox, rəqibin eyni anda hər yerdə hazır olmağa məcbur edilməsidir.

Kəramət QƏNBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

“Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31