Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Bir xəritə, iki ad, üç mesaj...

Bir xəritə, iki ad, üç mesaj...

25.08.2026 [11:50]

Bağdad Tehranla “məsafəni” ölçür

Yaxın Şərqdə gedən proseslərdə əsəblər tarıma çəkilib. Müharibə artıq hərbi eskalasiyadan diplomatik və informativ mərəhələ keçid edib - burada isə çox maraqlı məqamlar nəzərə çarpmaqdadır. Məsələn, İran və İraq parlamentlərinin sədrləri Məhəmmədbağır Qalibaf və Heybət əl-Hələbusi arasında Bağdaddakı görüşdən sonra sosial mediada “kartoqrafik mübahisə” yaranıb. Əl-Hələbusi “X” hesabında arxa planda su hövzəsinin “Ərəb körfəzi” kimi qeyd edildiyi xəritə qarşısında çəkilmiş görüntüsünü paylaşıb. Bu paylaşım sosial media istifadəçiləri və regional müşahidəçilər tərəfindən Qalibafın daha əvvəl paylaşdığı görüntüyə cavab kimi dəyərləndirilib. Qalibaf həmin fotosunda arxa planda “Fars körfəzi” ifadəsi ilə qeyd olunmuş xəritənin qarşısında əyləşmişdi. Tərəflərin bu paylaşımı su hövzəsinin adlandırılması ilə bağlı İran və ərəb ölkələri arasında uzun müddətdir davam edən siyasi və simvolik mübahisəni yenidən gündəmə gətirib. Sosial media polemikası Qalibaf və əl-Hələbusinin Bağdadda görüşərək ikitərəfli əməkdaşlıq və regional prosesləri müzakirə etməsindən 24 saat keçməmiş baş verib.

Fars körfəzi, yoxsa Ərəb körfəzi - güc və ierarxiya meydanı

Qeyd edək ki, adıçəkilən körfəz Hind okeanının şimal-qərb hissəsində yerləşən, İran sahilləri ilə Ərəbistan yarımadası arasında uzanan strateji su hövzəsidir. Şimal-qərbdə Şəttül-Ərəb çay sistemi ilə İraq ərazisinə, cənub-şərqdə isə Hörmüz boğazı vasitəsilə Oman körfəzinə və Hind okeanına açılır. Körfəzin uzunluğu təxminən 990 kilometr, sahəsi isə 240 min kvadratkilometrə yaxındır. Onun sahillərində İranla yanaşı İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman yerləşir. Bu coğrafiya körfəzi yalnız su hövzəsi deyil, enerji və təhlükəsizlik baxımından qlobal əhəmiyyət daşıyan məkana çevirir.

Bu gün körfəz ətrafında müşahidə edilən gərginliklər və qaşıdurmalar isə tarixdən süzülüb gəlir - Körfəzin adlandırılması məsələsi də bura daxildir. Hətta bəzi mənbələrə görə, yüzillər öncə İran və ərəb dünyası arasında gedən siyasi polemikalar, hərbi demarşlar indikindən daha mürəkkəb idi.

Tarixə nəzər yetirsək, körfəzlə bağlı antik yunan mənbələrində “Persikos Kolpos”, latın mənbələrində isə “Sinus Persicus” və “Mare Persicum” kimi ifadələrə rast gəlinir. Strabon, Arrian və Plini kimi müəlliflərin əsərlərində bu adlandırmanın müxtəlif formaları yer almaqdadır. Orta əsrlərin ərəb coğrafiyaşünasları isə əsasən “Bəhr Fars”, “Xəlic Fars” - yəni Fars dənizi və Fars körfəzi ifadələrindən istifadə ediblər.

Bununla belə, tarix boyu alternativ adlar da mövcud olub. XVI-XVII əsrlərin bəzi Avropa xəritələrində su hövzəsi ilə bağlı Bəsrə körfəzi, Qətif dənizi, Musəndəm dənizi kimi regional coğrafi adlara da rast gəlinir. Məsələn, 1541-ci ildə Merkator körfəzi “Fars körfəzi, indi Bəsrə dənizi” kimi göstərilmişdi. ABŞ Konqres Kitabxanasında qorunan 1775-ci il fransız xəritəsində də “Golfe Persique” ifadəsi işlədilir.

“Ərəb körfəzi” adı isə əsasən XX əsrin ortalarından, ərəb dövlətlərinin yüksəlişi ilə siyasi leksikona daha geniş formatda daxil olub. Hətta bir sıra sənədlərdə belə ərəb dövlətləri su hövzəsini məhz bu formada qeyd edirlər. Bir çox siyasi analitiklər isə adın yeni olmasına baxmayaraq daha ədalətli sayır - səbəb kimi isə, körfəz ətrafında cəmisi 1 fars dövlətinin yerləşməsini əsas gətirirlər. Ad məsələsi əvvəlki dövrlərdə problem yaratmasa da, körfəzin strateji əhəmiyyəti artdıqca bu mübahisə də genişlənməyə başladı. Başqa sözlə, bugünki “dava” yalnız toponim mübahisəsi deyil. Bu, İranın tarixi-sivilizasion identikliyi ilə ərəb dünyasının regional kimliyinin kəsişdiyi geosiyasi xəttin toqquşmasıdır.

Niyə indi, niyə İraq? - Bağdadın üstüörtülü mesajı

Ortaya bir maraqlı sual da çıxır - niyə məhz İraq dövləti körfəzlə bağlı belə bir ad işlətdi. Siyasi anilitiklərin fikrincə, İraq parlament sədrinin “Ərəb körfəzi” ifadəsini nümayiş etdirən paylaşımının ən diqqətçəkən tərəfi onun vaxtıdır. Çünki bu jest İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın Bağdada səfəri və iki ölkə arasında mühüm siyasi-iqtisadi məsələlərin müzakirəsindən dərhal sonra baş verdi. Daha maraqlısı budur ki, görüşün əsas mövzularından biri İraqın neft ixracının Hörmüz boğazından keçirilməsi məsələsi olub. İraq Tehrandan öz neft tankerlərinə xüsusi rejim tətbiq edilməsini istəyib. İranın isə bu məsələdə kiməsə güzəşt etmək fikri deyəsən yoxdur. 

Beləliklə, siyasətçilər baş verənləri üç ehtimal üzərindən təhlil etməyə çalışırlar:

- Birinci ehtimal İraqın öz milli mövqeyini nümayiş etdirməsidir. Politoloqların bir qismi hesab edir ki, əl-Hələbusi bununla Tehrana “əməkdaşlıq edirik, amma siyasi identikliyimizi qoruyuruq” mesajı verib. Yəni Bağdad İranla münasibətləri inkişaf etdirmək istəyir, lakin özünü İranın siyasi orbitində tam şəkildə təqdim etmək niyyətində deyil - Müqtəda-əs Sədrdən sonra İraq tərəfi “şiə hilalında” olmadığını tam gücü ilə sübut etməyə çalışır.

- İkinci ehtimal isə ərəb dünyasına mesajdır. İraqın siyasi sistemi daxilində sünni siyasi qüvvələrin ciddi payı var. Almaniyanın SWP analitikləri də yeni parlamentdə bu qüvvələri birlik kimi təqdim edirlər. Bu baxımdan əl-Hələbusi ərəb dünyasına “İraq ərəb siyasi məkanının bir hissəsidir” mesajını vermək istəmiş ola bilər - yenə də, Müqtəda -əs Sədrdən sonra İraq ərəb dünyası ilə yaxınlaşmaq üçün yeni bir fürsət qazanıb

- Üçüncü ehtimal daxili siyasi arenaya hesablana bilər. İraq uzun müddətdir İranın güclü siyasi təsiri ilə ABŞ və digər regional aktorların təzyiqi arasında balans yaratmağa çalışır. Britaniya parlamentinin araşdırma xidməti də 2026-cı ildə Bağdadın əsas problemlərindən birinin İran təsirinin məhdudlaşdırılması və ABŞ-İran qarşıdurmasının İraq iqtisadiyyatına təsirləri olduğunu vurğulayır. Bu baxımdan “Ərəb körfəzi” ifadəsi İranla münasibətləri pozmaq cəhdi yox, Bağdadın manevr imkanlarını nümayiş etdirməsi kimi də qiymətləndirilə bilər. siyasətçilərin qənaəçtinə görə, indiki halda, İraqın neft gəlirlərinin böyük ölçüdə dəniz marşrutlarından asılı olduğu hazırkı böhran şəraitində Bağdad həm Tehranla yumşaq danışmalı, həm də ərəb qonşularına siyasi yaxınlığını göstərməlidir.

Müharibə, yoxsa yol istəyi?

ABŞ-ın İrana qarşı mövqeyinin sərtləşdiyi bir dövrdə İraq siyasi rəhbərliyinin belə bir addımı siyasi kluarlarda “quru əməliyyatı” versiyasını da gündəmə gətirib. Amma Qərb mediası bunu təkzib edir - bildirilir ki, “Ərəb körfəzi” paylaşımının İrana qarşı hərbi əməliyyat hazırlığının göstəricisi kimi qiymətləndirilməsi üçün hazırda heç bir ciddi əsas yoxdur. Əksinə, son görüşün gündəliyi belə bir ssenari ilə ziddiyyət təşkil edir. Əl-Hələbusi Qalibafla görüşdə İraqın neft ixracının Hörmüz boğazından təhlükəsiz keçirilməsi üçün Tehrandan xüsusi münasibət istəyib və iki ölkə arasında parlament diplomatiyasının gücləndirilməsini təklif edib.

Politoloqların bəzilərinə görə, bu addım hərbi deyil, geosiyasi sığortalanma cəhdidir. Bağdad İranla əlaqələrini saxlayaraq eyni zamanda ərəb dövlətləri və ABŞ-la münasibətlərində özünə manevr sahəsi yaradır. İraqın hazırkı vəziyyəti bunu zəruri edir: ölkənin iqtisadiyyatı neftdən ciddi şəkildə asılıdır və Hörmüz böhranı ixrac imkanlarını birbaşa məhdudlaşdırır.

Digər bir qisminin fikrincə isə əl-Hələbusi İraqın gələcəkdə İranın regional təsirindən daha müstəqil siyasət yürütməsinə zəmin hazırlayır. Bu, xüsusilə ABŞ-İran qarşıdurmasının fonunda əhəmiyyətlidir. Critical Threats layihəsinin son təhlilinə görə, Bağdad artıq Hörmüzdən asılılığı azaltmaq üçün Aralıq dənizi və Qırmızı dənizə alternativ neft marşrutlarını da nəzərdən keçirir.

Beləliklə bu kiçik qığılcımın regiona hansı “işığı” gətirəcəyini indidən proqnozlaşdırmaq çətindir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31