Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin əbədi möhtəşəm abidəsidir

Müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin əbədi möhtəşəm abidəsidir

04.05.2021 [09:21]

Böyük şəxsiyyət, dahi lider, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev haqqında, Onun çoxşaxəli fəaliyyəti ilə bağlı münasibət bildirmək, yazı yazmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Mənim tariximizdə xüsusi yeri olan Ümummilli Lider Heydər Əliyevi həm Moskvanın Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunda baş elmi işçi və laboratoriya müdiri (1974-1992-ci illər), həm də Milli Məclisdə (1992- 2020-ci illər) şöbə müdiri vəzifəsində işlədiyim dövrlərdə yaxından tanımaq imkanım olub. Müşahidələrimə əsasən, deyə bilərəm ki, O, hadisələri qabaqlamaq, gələcəyi görmək kimi fitri istedada malik idi və bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün əlindən gələn hər şeyi edirdi.
Bu gün mən bir Azərbaycan vətəndaşı kimi böyük fəxr və qürur hissi ilə deyə bilərəm ki, müstəqil dövlətimiz özünün yeni, zirvəyə istiqamətlənən davamlı inkişaf dövrünü yaşayır. Ötən illərə nəzər salarkən biz bu dönməz inkişafın möhkəm təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunun şahidi oluruq. Bu, bir məlum həqiqətdir ki, Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra başlayan müstəqilliyimiz məhz Onun qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter almış və gənc dövlətimiz bütün sahələrdə inkişafa, yüksəlişə istiqamət götürmüşdür. Təbii ki, dahi siyasətçinin qısa zaman kəsiyində Azərbaycanı bütün dünyada tanıtması, söz sahibi olan nüfuzlu dövlətə çevirməsi Onun fitri və zəngin idarəçilik istedadından xəbər verir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana bir-birindən əks-qütblərdə dayanan fərqli formasiyalarda rəhbərlik edib. Lakin O, həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycan naminə titanik fəaliyyət göstərib və respublikamızın sabahı üçün güclü əsaslar yaradılmasına Özünün sanballı töhfələrini verib. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev tezliklə respublikadakı ətaləti aradan qaldırdı. 1969-cu ilin yayına qədər keçmiş ittifaqın geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin qətiyyəti, insanları səfərbər etmək bacarığı sayəsində inkişaf etmiş sənaye respublikasına çevrildi. Heydər Əliyev keçmiş ittifaqdakı nüfuzundan istifadə etməklə Azərbaycan SSR-in hərtərəfli inkişafına, respublikamızın güclü iqtisadi dayaqlarının yaradılmasına nail oldu ki, bunun da bəhrəsini biz müstəqillik dövründə görürük.
Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə həmişə yadıma 1990-cı ilin Moskva xatirələri düşür. Heydər Əliyev Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışarkən vaxtının azlığına, son dərəcə gərgin olan iş rejiminə baxmayaraq, Azərbaycan haqqında məlumatlarla daim maraqlanırdı. Qəlbi doğma diyarla döyünən Ulu Öndər imkan taparaq Moskvada yaşayan azərbaycanlılarla, o cümlədən vaxtilə şəxsən Özünün buraya nüfuzlu ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələrlə görüşür, onların həyatı ilə maraqlanır, qarşılaşdıqları problemlərin həllinə kömək edirdi. Bir məqamı xüsusi qeyd edim ki, Heydər Əliyevin Moskvada yaşayan azərbaycanlılara mütəmadi göstərdiyi diqqət və qayğısı, mənəvi dayaq olması orada Azərbaycan diasporunun formalaşmasına və fəaliyyətinə güclü təsir göstərirdi.
Yaxşı xatirimdədir, 1990-cı ildə Bakıda baş verən və çoxlu sayda insanın həyatını itirməsi ilə nəticələnən 20 Yanvar faciəsi Moskvada, eləcə də Moskva ətrafında yaşayan bütün azərbaycanlıların daha da sıx birləşməsinə səbəb oldu. O zaman mən də Moskvada yaşayan azərbaycanlılarla birgə burada Azərbaycan diasporunun formalaşmasında yaxından iştirak edirdim. Yadımdadır, Ulu Öndər yaratdığımız “Vətəndaş Cəmiyyəti” ilə həmişə maraqlanır, soydaşlarımızın milli özünəməxsusluğunun qorunub saxlanmasına, təşkilatlararası əlaqələrin daha da genişlənməsinə, həmrəyliyin yaradılmasına və qorunub saxlanmasına xüsusi diqqət göstərirdi. O, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir-biri ilə, ana Vətənlə əlaqələr yaratmağa çağırırdı. Vətənin sevinci Onun sevinci, kədəri Onun kədəri idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda törədilən qanlı qırğından böyük narahatlıq keçirən Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Ulu Öndər burada Bakıda törədilən qırğınları hiddətlə ittiham edən bəyanat verdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətdən gizlədilməsinə imkan vermədi. O, Özünə xas olan cəsarətlə Bakıda dinc əhaliyə qarşı qırğının törədilməsinin səbəblərini və bu qanlı hadisədə əli olan günahkarların kim olduqlarını, sovet ordusunun azadlıq istəyən azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliyə əl atdığını bütün dünyanın diqqətinə çatdırdı.
Qeyd edim ki, həmin vaxt bu qandonduran cinayət bütün azərbaycanlıları ayağa qaldırdı və biz - Moskvada yaşayan azərbaycanlılar günahsız insanlara qarşı törədilən hadisələrə etirazımızı bildirmək üçün 21 yanvar tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin qarşısına toplaşdıq. Ulu Öndər Heydər Əliyev, oğlu İlham Əliyev və digər şəxslər də bura gəlmişdilər. Ulu Öndər çox cəsarətli çıxış edərək 20 Yanvar hadisəsini törədənləri təcavüzkar adlandırdı. Biz çox həyəcanlı idik. Qışın ən sərt ayında, 18 dərəcə şaxta olmasına baxmayaraq, kolon şəklində Ostankin televiziyasına getdik və proqramların birində etirazımızı çatdırmağa nail olduq.
Həmişə belə olub, daim öz xalqını düşünən, ana Vətən naminə bütün çətinlikləri dəf etməyi bacaran fenomenal şəxsiyyətlər tarixin səhifələrində iz qoyur, əbədi yaşamaq haqqı, qazanırlar. Belə şəxsiyyətlərin parlaq ideyaları, tükənməz Vətən sevgisi insanları onların ətrafında birləşdirir. Böyük şəxsiyyət olan Heydər Əliyevin keçdiyi mənalı və şərəfli ömür yoluna nəzər salsaq, birmənalı şəkildə qeyd edə bilərik ki, öz xalqının müqəddəratında önəmli rolu olan belə liderlər dünyaya az-az gəlir və nəinki yalnız təmsil etdikləri xalqların, eləcə də bütün dünyanın tarixində silinməz izlər qoyurlar.
Ulu Öndər Heydər Əliyevin həyatının sonrakı mərhələsindəki fəaliyyəti müstəqil Azərbaycanla bağlı olub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin əldən getməsinə imkan vermədi, Özünə xas olan müdrikliklə ölkədəki xaosun qarşısını aldı, insanların qəlbində sabaha ümid işığı yandırdı. Ulu Öndər həmin çətin dövrdə Azərbaycanın gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıyan bir sıra mühüm qərarlar qəbul etdi. O cümlədən Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını təmin etdi, dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, insan və vətəndaş hüquq və azadlıqlarının qeyd-şərtsiz qorunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirməyə müvəffəq oldu. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Ulu Öndərimizin fəaliyyətinin əsas istiqamətini Ermənistanın işğalçılıq siyasətinə son qoyulması təşkil edirdi. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıdışından sonra xüsusi diqqət yetirdiyi sahələrdən biri ordu quruculuğu oldu.
Azərbaycanda yüksəksəviyyəli ordu quruculuğu bu gün də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu da onunla bağlı idi ki, Azərbaycan düşmən təcavüzünə məruz qalmışdı. Ərazi bütövlüyü məsələsində prinsipial mövqedən çıxış edən Prezident İlham Əliyev həmişə qətiyyətlə bəyan edirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə respublikamız öz ərazi bütövlüyünü Ordusunun gücü ilə təmin edəcək və belə də oldu. Azərbaycanın əzəli dədə-baba torpaqlarının erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddətdə zəbt olunması, ayrı-ayrı xarici dövlətlərin və bəzi beynəlxalq təşkilatların buna göz yumaraq təcavüzkara dəstək vermələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılan ATƏT-in Mink qrupunun səmərəsiz fəaliyyəti problemin həllinin uzanmasına gətirib çıxarmışdı. Prezident İlham Əliyev 27 sentyabr 2020-ci il tarixində saat 11:50-də xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə məruz qoyması haqda məlumat verdi. “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən müharibə çox uzun sürmədi. Cəmi 44 gün davam edən müharibə Azərbaycanın müzəffər Ordusunun şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti özünün ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etməklə nəinki ermənilərə, o cümlədən bütün dünyaya nəyə qadir olduğumuzu göstərdi.
Bu gün Azərbaycanda hər kəs xoş ovqatla qələbə sevincini yaşayır. Üç onillik ərzində qaçqınlıq taleyi yaşayan insanlar artıq öz doğma yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.
Aylar, illər bir-birini əvəzləsə də, Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında Azərbaycanın xilaskarı, əvəzi olmayan dövlət xadimi, böyük siyasi Lider kimi əbədi yaşayacaq. Onu yalnız azərbaycanlılar deyil, başqa xalqların çoxsaylı nümayəndələri də həmişə sevgi və məhəbbətlə anacaqlar. Onun yaddaşlara həkk olunan əziz xatirəsi hər bir kəsin qəlbində dərin kök salaraq yaşayır və yaşayacaq.
Adilə Abasova,
YAP Veteranlar Şurasının üzvü,
2-ci dərəcə dövlət müşaviri,
BDU-nun professoru

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31