Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Texnologiya, innovasiya və davamlı inkişaf modeli

Texnologiya, innovasiya və davamlı inkişaf modeli

20.10.2025 [15:38]

Meydanəli Yolçiyev
​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Zəngilan qədim tarixi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə fərqlənən, Qarabağın qərb hissəsində yerləşən unikal bir məkandır. Zəngilan həm də mədəni irsi, tarixi abidələri və çoxəsrlik ənənələri ilə xalqımızın mənəvi yaddaşında mühüm yer tutur.

Zəngilan rayonunun ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanır. Rayonun sərhədləri həm strateji, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonun təbii-coğrafi şəraiti olduqca zəngindir. Burada çöküntü süxurları ilə yanaşı, yura və təbaşir dövrlərinə aid vulkanik materiallar geniş yayılmışdır. Ərazidə qızıl yataqları, qara mərmər, tikinti daşı və əhəng xammalı kimi faydalı qazıntılar mövcuddur. Zəngilan ərazisindən Araz, Həkəri, Bəsitçay və Oxçuçay kimi dörd mühüm çay axır. Bu təbii resurslar həm ekoloji, həm də iqtisadi baxımdan regionun gələcək inkişafı üçün böyük potensial yaradır.

1993-cü ilin payızında Zəngilan rayonunun qəhrəman sakinləri Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün tam mühasirə şəraitində erməni silahlı qüvvələrinə qarşı mərdliklə döyüşdülər. Rayonun müdafiəsində iştirak edən hər bir vətəndaş fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdi, düşmənlə qeyri-bərabər döyüşlər nəticəsində 235 nəfər şəhid və itkin düşdü. 29 oktyabr 1993-cü il tarixində Zəngilan Ermənistan tərəfindən işğal edildi. İşğal dövründə Zəngilanın maddi-mədəni irsi dağıdıldı, tarixi abidələr viran edildi, təbiətə qarşı vandalizm aktları törədildi. Lakin zəngilanlılar doğma torpaqlara qayıdacağı günə inamlarını heç vaxt itirmədilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın iradəsinin, milli birliyin və Silahlı Qüvvələrin gücünün parlaq təntənəsi oldu. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyi elan olundu.

Zəngilan uğrunda döyüşlər həm strateji, həm də hərbi baxımdan mühüm mərhələ idi. Bu şanlı Qələbə ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi tam bərpa olundu. Rayonun azadlığı həm də regionun iqtisadi-siyasi xəritəsində yeni bir mərhələnin başlanğıcı oldu. Qəhrəman əsgər və zabitlərimizin igidliyinə görə 6974 nəfər hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu qərar xalqımızın yaddaşında igidliyin, qürurun və tarixi Zəfərin təntənəsinə çevrildi.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. Həmin Sərəncama əsasən, 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir. Bu əlamətdar tarix həm Zəfərin, həm də yenidənqurmanın bir təzahürüdür.

Vətən müharibəsindən sonra Zəngilan rayonunda aparılan bərpa və quruculuq işləri böyük miqyas almışdır. Böyük Qayıdış proqramı çərçivəsində ilk pilot layihə məhz Zəngilanın Ağalı kəndində həyata keçirilmişdir. Ağalı kəndi XXI əsrin ən müasir kəndsalma konsepsiyasına əsaslanaraq inşa edilmişdir. Burada 200 fərdi ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmət mərkəzləri yaradılmışdır. 2022-ci ildən etibarən kəndə 175 ailə – 871 nəfər köçürülmüşdür. Onların məşğulluğu üçün müxtəlif dövlət və özəl müəssisələrdə iş yerləri təmin olunmuşdur. “Ağıllı kənd” konsepsiyası dayanıqlı enerji, ekoloji təmizlik və innovativ idarəetmə prinsiplərinə əsaslanır. Həkəri çayı üzərində qurulan üç ədəd hidravlik turbinli mini su elektrik stansiyası, günəş panelləri və təmizlənmiş su dövriyyəsi sistemləri kəndin enerji dayanıqlığını təmin edir. Evlərin izolyasiyalı termobloklarla inşası enerji səmərəliliyini artırmış, istilik itkisini minimuma endirmişdir. Kənddə GPON texnologiyası əsasında sürətli internet, Wi-Fi, smart video müşahidə sistemləri, LCD məlumat lövhələri və tele-səhiyyə xidmətləri tətbiq olunmuşdur. Bu model həm kənd təsərrüfatının, həm də sosial xidmətlərin “ağıllı idarəetmə” prinsipinə keçidini təmin edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 oktyabr 2023-cü il tarixində “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu məkanın gələcək iqtisadi və sosial inkişafının əsas strateji sənədidir. Zəngilan mühüm nəqliyyat mərkəzinə çevrilməkdədir. Zəngilan Beynəlxalq Hava Limanı həm regionun, həm də Zəngəzur dəhlizinin logistik imkanlarını genişləndirən əsas obyektlərdəndir. Hava limanı ICAO və IATA standartlarına uyğun inşa olunub, bütün növ təyyarələri qəbul etməyə qadirdir. Bununla yanaşı, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu regionu Naxçıvanla birləşdirəcək mühüm layihələrdəndir. Bu nəqliyyat şəbəkəsi həm strateji, həm də iqtisadi baxımdan Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsini təmin edəcək.

İşğal dövründə dağıdılmış Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir. XIX əsr memarlıq üslubunda inşa olunmuş bu tarixi abidə öz ilkin görkəminə qaytarılmış, yanaşıda yeni iki minarəli məscid tikilmişdir. İbadət zalı, mehrab və nəqqaşlıq işləri yüksək səviyyədə bərpa edilmiş, bu məscid dini və mədəni dirçəlişin təntənəsinə çevrilmişdir.

Zəngilan rayonunun iqtisadi inkişafında “Dost Aqropark” layihəsi mühüm yer tutur. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olan bu aqropark 500 nəfərə yaxın insanı işlə təmin edəcək. Burada 10 min baş cins heyvanın yetişdirilməsi, toxumçuluq və bitkiçilik sahələrinin inkişafı, ət emalı və qablaşdırma müəssisələrinin yaradılması nəzərdə tutulur. Layihənin məqsədi “Made in Qarabağ” brendi altında ekoloji təmiz məhsulların dünya bazarına çıxarılmasıdır.

2024-cü ildə Zəngilanın Ağalı kəndində fəaliyyətə başlayan “Ağalı” hoteli rayonun turizm potensialının inkişafına təkan verib. Həkəri çayı üzərində yaradılan süni gölün sahilində yerləşən bu müasir hotel həm daxili, həm də beynəlxalq turizm üçün yeni istiqamətlərin formalaşmasına şərait yaradır.

Zəngilan azadlıqdan bərpaya, bərpadan isə dayanıqlı inkişafa doğru addımlayır. Tarixi Zəfər nəticəsində bərpa edilən bu torpaqlarda həyat yenidən canlanır, yeni nəsil üçün təhlükəsiz, müasir və rifah dolu bir mühit formalaşır. 20 oktyabr – Zəngilan şəhəri günü xalqımızın milli birliyini və gələcəyə inamını təcəssüm etdirir.

Paylaş:
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31