Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ədalət, sülh və dayanıqlı inkişaf yolu

Ədalət, sülh və dayanıqlı inkişaf yolu

30.09.2025 [14:23]

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı Azərbaycanın Vətən müharibəsində Qələbəsi, ədalət və sülh nailiyyətlərinin qlobal səviyyədə təqdimatı olub. Dövlətimizin başçısı həm tarixi həqiqətləri, həm də gələcəyə yönəlik strateji prioritetlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev çıxışında 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdiyini vurğulayıb. Müharibə dövründə Ermənistan şəhərləri və kəndləri raketlərlə və kasetli bombalarla hədəfə almış, 100-dən çox mülki vətəndaşımız qətlə yetirilmişdir. Bununla belə, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət edərək apardı, mülki şəxslərin qorunmasını təmin etdi və qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindi.

44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimiz azad edildi. Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa edildi. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə regionda yeni tarixi mərhələ başladı. Bu Zəfər həm hərbi, həm də diplomatik uğurun nəticəsi olaraq dövlətimizin mövqeyini gücləndirdi və uzun illər davam edən ədalətsizlikləri aradan qaldırdı.

Zəfərdən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Dövlətimizin irəli sürdüyü beş təməl prinsip əsasında hazırlanmış sülh müqaviləsi layihəsi təqdim edildi. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar yalnız ikitərəfli əsasda aparıldığı üçün müsbət nəticələr verdi və bu prosesdə heç bir kənar müdaxilə olmamışdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanatı imzaladılar. ABŞ Prezidenti Donald Trampın şahid qismində iştirakı sənədə beynəlxalq legitimlik qazandırdı. Bununla yanaşı, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət ünvanladılar. Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi və bu, uzun illər ərzində sülh prosesini əngəlləyən mexanizmlərin arxivləşdirilməsinin rəsmi təsdiqi oldu.

Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə şəhər və kəndləri viran etmiş, məscidləri məqsədli şəkildə dağıtmışdı. Dövlətimiz isə bu torpaqları yenidən quraraq həm infrastrukturu bərpa etdi, həm də ictimai həyatın və mədəniyyətin canlanmasını təmin etdi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı kimi, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı: “Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.

Eyni zamanda, minaların yaratdığı təhlükə postmünaqişə dövründə ciddi problem olaraq qalır. Postmüharibə dövründə 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Birinci Qarabağ müharibəsi dövründən etibarən itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi isə narahatlıq doğurur. Bu məsələlər beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmış və birgə həll yollarının axtarılmasına çağırış edilmişdir.

Dövlətimiz tərəfindən qlobal çağırışlara diqqət yetirilir, cavab tədbirlərinin inklüziv, ədalətli və ümumbəşəri prinsiplərə əsaslanması önəmli hesab edilir. Müxtəlif təşəbbüslərlə dayanıqlı həll yollarına sadiqlik göstərilir ki, bu da ölkəmizin beynəlxalq aləmdə etibarlı, konstruktiv və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizin beynəlxalq imicini gücləndirdi. COP29-da qəbul edilmiş Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə illik iqlim maliyyələşməsini artırmaq məqsədini daşıyır. Prezident İlham Əliyev Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqinə və “İtki və Zərərlərə Cavab Fondunun” fəaliyyətə başlamasına nail olunduğunu qeyd etdi. Bu təşəbbüslər ölkəmizin qlobal iqlim siyasətində fəal və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. COP29 tədbirində Azərbaycan bütün tərəflərin, xüsusən inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etdi, balanslı və ədalətli qərarların qəbuluna rəhbərlik etdi. Bu, ölkənin beynəlxalq konfranslarda liderlik qabiliyyətini və qlobal çağırışlara qarşı məsuliyyətli yanaşmasını göstərir.

Prezident İlham Əliyev, həmçinin çıxışında Azərbaycanın enerji təhlükəsizliyini və qlobal enerji təminatında etibarlı tərəfdaş rolunu vurğuladı. Ölkənin tranzit imkanları – Orta Dəhlizdə yük daşımalarının 90% artması, Ələt limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun potensialı və “Rəqəmsal İpək Yolu” layihəsi – regional qovşaq statusunu gücləndirir. Bu layihələr iqtisadi inkişafı təşviq edir, həmçinin regionda əməkdaşlıq və sülhün möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan yoxsulluğun və işsizliyin tarixi minimuma endirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq reytinqlərdə yüksək nəticələr əldə etmişdir. Xarici borcun ÜDM-in cəmi 6,5%-i səviyyəsində, valyuta ehtiyatları isə borcdan 16 dəfə artıqdır. Pandemiya dövründə 80-dən çox ölkəyə dəstək göstərilməsi Azərbaycanın qlobal humanitar fəaliyyətini təsdiqləyir. Bu, ölkənin yalnız daxili inkişafını deyil, həm də beynəlxalq ictimaiyyətə məsuliyyətli yanaşmasını nümayiş etdirir.

Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın həm tarixi və siyasi nailiyyətlərini, həm də beynəlxalq hüququn, ədalətin və dayanıqlı inkişafın təmin olunmasının vacibliyini nümayiş etdirib. Ölkəmiz həm regionda, həm də beynəlxalq səviyyədə sülh və sabitliyin, səmərəli əməkdaşlığın etibarlı tərəfdaşı kimi çıxış edir.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31