Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İran beynəlxalq “diqqət” mərkəzində...

İran beynəlxalq “diqqət” mərkəzində...

15.03.2023 [10:25]

Tehranın regionda apardığı terror və təhdid siyasətinə cavab

 Cənubi Qafqazda gedən proseslər, ən əsası isə İranın yaratdığı təhdidlər beynəlxalq miqyasda da diqqətlə izlənilir. Belə ki, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarənin saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirməsi reaksiyasız qalmayıb. Vurğulayaq ki, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Bu məsələ ilə bağlı mühüm siqnallar verilməkdədir. İranın regionun təhlükəsizlik arxitekturasına təhdid yaratması, sabitliyə qarşı hədələrlə çıxış etməsi artıq faktlarla sübut edilir. Təbii ki, bu amil dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının diqqətini cəlb etməyə bilməz.

ABŞ-ın reaksiyası - tərəfdaş ölkə prosesi diqqətlə izləyir...

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, İran uzun müddətdir regionda pis niyyətli oyunçu olub: “Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli regiona nail olaq”.

Göründüyü kimi, ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və ölkəmizin böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış etdiyini ortaya qoyur. Bu isə həm də ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirir. Prayzın İranla bağlı fikirlərində “uzun müddətdir” ifadəsini işlətməsi isə rəsmi Vaşinqtonun prosesi diqqətdə saxladığını, hətta nəzarət etdiyini göstərir. Təbii ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğu indiki dövrdə yaranan mühüm perspektivlər göz önündədir:

- Azərbaycanın apardığı siyasət ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır;

- ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib;

- Enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edir;

- Qarşıdakı perspektivdə regionda sülhün formalaşması yeni iqtisadi mühitin formalaşmasına yol açacaq ki, ABŞ bu əməkdaşlıq mühitində real oyunçulardan birinə çevrilə bilər.

Ən əsası isə enerji məsələsində Azərbaycan ilə ABŞ-ın maraqları hər zaman üst-üstə düşüb. Hazırki situasiyada ABŞ-ın Azərbaycana istiqamətlənmiş dəstəyi Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsinə yol açacaq faktor kimi mühüm çağırışa çevrilib.

İran yeni iqtisadi şəkilləndirmədən kənarda qalır...

Təsadüfi deyil ki, bir müddət öncə “Fitch” reytinq agentliyi də Bakı ilə Tehran arasında münasibətlərin xüsusilə Azərbaycan səfirliyində baş vermiş son terror aktından sonra gərginləşəcəyini yazmışdı. Xarici analitiklər hətta iki ölkə arasında birbaşa hərbi toqquşmaların baş verə biləcəyini də istisna etmirdilər. Onların fikrincə, Azərbaycanın 2020-ci ilin payızında öz ərazilərini azad etməsi İran üçün ciddi geosiyasi nəticələrə gətirib çıxarıb. Üstəlik, bu müharibədən sonra Bakı Ermənistanın nəzarətində olmayacaq Zəngəzur dəhlizini açmağa çalışır. Bu dəhliz açılsa, Şimal dəhlizi ilə yanaşı, Mərkəzi Asiyanı Aralıq dənizi regionu ilə birləşdirən və Azərbaycandan keçən başqa bir marşrut yaranacaq. Bu halda Bakı Asiyadan Avropaya tranzit yükdaşımalarına nəzarəti ələ keçirəcək, həmçinin İranın Ermənistanla sərhədlərinə də nəzarət edəcək. Beləliklə, yeni iqtisadi şəkilləndirmədən kənarda qalan İran bunun “heyfini” fəal iqtisadi aktora çevrilmiş Azərbaycandan çıxmaq istəyir.

İran narahatdır - yaranan yeni reallıqlar terroru və təhdidləri istisna edir...

Eyni zamanda, Azərbaycanın yürütdüyü çoxvektorlu, dostluğa və əməkdaşlığa, qarşılıqlı milli maraqlara əsaslanan xarici siyasət kursu molla rejimini narahat etməyə bilməz. Azərbaycanın regional əməkdaşlıqların sərhədlərini daha da genişləndirmək uğrunda səyləri öz bəhrəsini verir - artıq Cənubi Qafqaz əməkdaşlıq platforması kimi Aralıq dənizi hövzəsi, Yaxın Orta şərq regionu ilə yanaşı, assosasiya olunur. Azərbaycanın İsraildə səfirlik açması, İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edir. Strateji müttəfiqimiz olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin möhkəmlənməsi mühüm perspektivlər yaradır.

İranın isə qorxduğu amil həm də budur. Çünki Türkiyə və İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər. Eyni zamanda, yaranan siyasi üçbucaq böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırmaq gücünə malikdir. Bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoymaqla yanaşı, regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verəcək. İranın, Ermənistanın timsalında regional təhlükəsizliyə təhdid yaradan qüvvələrin isə bu yaxınlaşmadan narahatlıq keçirməsi təbiidir.

SADİQ

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31