Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / ABŞ-ın hegemonluq fəlsəfəsinə söykənən xaos strategiyası: bəşəriyyət yeni qlobal təhdidlərlə qarşı-qarşıya

ABŞ-ın hegemonluq fəlsəfəsinə söykənən xaos strategiyası: bəşəriyyət yeni qlobal təhdidlərlə qarşı-qarşıya

19.06.2014 [09:43]

Qloballaşma şəraitində müasir dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə təsir edən əsas amillərdən biri hegemon güclərin xarici siyasət kursudur. Nəzərə almaq lazımdır ki, XXI əsrdə dünya siyasətini müəyyənləşdirən faktorlar sırasında qlobal təhlükəsizlik məsələsi müstəsna əhəmiyyət daşıyır. Bu kontekstdə dominant güc mərkəzlərinin fəaliyyəti regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına birbaşa təsir göstərir. Xüsusilə də təkqütblü dünya nizamını əldə saxlamağa çalışaraq hegemonluğunu mühafizə etmək istəyən Amerika Birləşmiş Ştatları (ABŞ) yeni qlobal strategiya ilə dünya siyasətini öz məhdud maraqları istiqamətində yönləndirməyə cəhd göstərir. Əslində, hegemonluq fəlsəfəsinə xidmət edən bu strategiya regional və beynəlxalq təhlükəsizliyə qarşı çevrilmiş aşkar təhdid ünsürüdür.
ABŞ-ın xarici siyasətində növbəti strateji məqsədlər: qlobal enerji ehtiyatlarına nəzarət və milli resursların milli iradədən kənar istismarı
Amerika Birləşmiş Ştatlarının xarici siyasət kursunun qlobal təhlükəsizliyə təhdid yaratması kontekstində, ilk növbədə, iki məsələyə xüsusi toxunmaq gərəkdir. Birincisi, ABŞ-ın qlobal strategiyasının mühüm istiqamətlərindən birini dünya miqyasında enerji resurslarına təkbaşına nəzarət etmək niyyəti təşkil edir. Məlum olduğu kimi, 2001-ci ildən aktuallıq qazanan və Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”ndə təsbit edilmiş əsas strateji məqsədlərdən biri karbohidrogen ehtiyatlarına nəzarətin tam təmin edilməsidir. Xüsusilə də layihə çərçivəsinə daxil olan 23 ölkənin hər birinin asayiş qoruyucusuna çevrilməsi nəzərdə tutulub ki, bu da son məqamda enerji resurslarına təhlükəsiz nəzarətin təmin olunmasına xidmət edir. Əsas məsələ budur ki, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək, geniş mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq bir regionda uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. Bununla da, ABŞ-ın dənizaşırı imperialist genişlənməsi missiyası yeni keyfiyyətdə davam etdiriləcək. Məhz sadalanan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə təsbit etmək olur ki, Tunis, Misir, Liviya və Suriya kimi region ölkələrində baş verən hadisələrin konseptual əsasını “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” təşkil edir. Dolayısıyla, Amerika Birləşmiş Ştatları nəzarət etdiyi ölkə və bölgələrdə milli resursların milli iradədən kənar istismarına çalışır.
Vaşinqtonun məhdud maraqlara xidmət edən enerji siyasəti dünya iqtisadiyyatına neqativ təsir göstərir
Digər bir strateji məqam isə budur ki, Vaşinqtonun enerji siyasəti regional və beynəlxalq təhlükəsizliklə yanaşı, dünya iqtisadiyyatına ciddi neqativ təsir göstərir. Ekspertlərin qənaətinə görə, ABŞ enerji resurslarına total nəzarət uğrunda müharibələr aparmaqla, əslində, dünya iqtisadi sisteminin tənəzzülünü gözə alaraq öz iqtisadiyyatının artımına nail olmağa çalışır. Amma bəzi hallarda bu məqsəd Vaşinqtonun özü üçün “bumeranq effekti” verir. Bu tendensiya bundan öncə də müşahidə edilib. Məsələn, 2003-cü ildə İraq müharibəsinin strateji məqsədlərindən biri də ölkə iqtisadiyyatındakı durğunluğun aradan qaldırılmasına xidmət edən tədbirlərin reallaşdırılmasına zəmin yaratmaq idi. Amma müharibənin iqtisadi baxımdan strateji planlaşdırmasında yol verilən yanlışlıqlar bu ölkə üçün neqativ nəticələrə yol açdı. Belə ki, 450 milyard dollar həcmində maliyyə vəsaitinin müharibəyə xərclənməsinə baxmayaraq, daha sonradan büdcədən 63 milyard dollarlıq döyüş xərclərinin ayrılması üçün əlavə büdcə qanunu qəbul edildi. Beləliklə, büdcədən müharibə xərclərinə ayrılan vəsait bu ölkə üçün rekord həddə çatdı. İnflyasiyanın artması isə bu ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinə, o cümlədən, ayrı-ayrı maliyyə institutlarının fəaliyyətinə mənfi təsir göstərdi, dolayısıyla, dünya iqtisadiyyatı yeni böhran təhlükəsi ilə qarşı-qarşıya qaldı. Əslində, ABŞ-ın II Dünya müharibəsində əldə etdiyi 12 faizlik artım təcrübəsini yenidən tətbiq etməyə çalışması regional və qlobal təhlükəsizlik balansına laqeyd və avantürist yanaşmanın nümunəsi idi.
ABŞ Avropa İttifaqı və inkişaf etmiş ölkələri hədəfə alıb
Bundan başqa, “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin məhz indi yenidən aktuallaşmasının əsasında duran səbəblərdən biri də ABŞ iqtisadiyyatındakı gizli böhranın aradan qaldırılması niyyətidir. Qeyd edək ki, 1990-cı illərdə bu ölkə iqtisadiyyatı illik 3 faiz artım tempinə malik idisə, hazırda bu tendensiya müşahidə edilmir. ABŞ-ın bu mənfi tendensiyanı aradan qaldırmaq üçün istinad etdiyi digər variant isə qlobal təhlükəsizliyə çox ciddi fəsadlar yarada bilər. Belə ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində enerji resurslarını nəzarət altına alan, eyni zamanda, əsas neft istehlakçısı rolunu oynamağa çalışan bəhs olunan nəhəng geosiyasi subyekt dünya miqyasında iqtisadiyyatı neft qiymətlərinə bağlı olan yeni iqtisadi sistem formalaşdırmağa çalışır. Bu, hətta inkişaf etmiş ölkələr üçün də ciddi təhdid deməkdir. Bu strateji plan çərçivəsində, xüsusilə də Avropa İttifaqı (Aİ), Yaponiya hədəfə alınıb. Çünki hazırda Yaponiya neft ehtiyacının 80 faizini, Aİ isə 30 faizini bütün dünyadakı enerji ehtiyatlarının üçdə ikisinin cəmləşdiyi Yaxın Şərq və Şimali Afrika bölgəsindəki resurslar hesabına ödəyir. Görünən odur ki, Vaşinqtonun enerji siyasəti qlobal miqyasda iqtisadi və enerji təhlükəsizliyinə yeni təhdidlər yaradır.
ABŞ-ın qlobal insan resurslarına nəzarət strategiyası, demoqrafik böhran təhlükəsi və xaosdan “nizam” yaratmaq cəhdləri
Amerika Birləşmiş Ştatlarının xarici siyasət kursunun qlobal təhlükəsizliyə təhdid yaratması kontekstində toxunulması vacib olan digər məsələ dünya miqyasında insan resurslarına nəzarət etmək niyyətidir. Bəlli olduğu kimi, “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”ndə enerji ehtiyatları ilə yanaşı, insan resurslarının da Vaşinqtonun nəzarətinə alınması bu və ya digər formalarda əks olunub. Xüsusilə də Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri və üstün demoqrafik potensiala malik olan geostrateji məkanlarda insan resurslarına nəzarət “Avrasiya imperatorluğu”na aparan yol kimi qiymətləndirilir.
Amma Vaşinqton nəzərə almalıdır ki, bu strategiya dünya miqyasında demoqrafik böhrana səbəb ola bilər. Çünki ABŞ bununla ayrı-ayrı ölkələrin milli-etnik strukturunu pozmağa, milli dövlətlərin demoqrafik siyasətinə müdaxilə etməyə çalışır və son məqsəd idarə edilən xaosun yaradılmasıdır. ABŞ strateqləri düşünürlər ki, məhz bu xaos onlara nəzarət imkanı yaradacaq. Lakin dünyanın demoqrafik balansı, eləcə də təhlükəsizlik strukturu bu cür xaotik planları istisna edir. Bütün hallarda, Vaşinqton xaosdan “nizam” yaratmağa çalışır ki, bu da tamamilə absurd yanaşmadır.
“ABŞ-ın hərbi büdcəsinə nəzər yetirmək bu ölkənin xarici siyasət kursunun əsas istiqamətlərini müəyyən etməyə imkan verir”
Digər bir məqam budur ki, dünyaya sülh, təhlükəsizlik, silahsızlanma məsələləri barədə “dərs keçməyə” çalışan Amerika Birləşmiş Ştatları öz hərbi büdcəsini artırmaqla hegemonluq fəlsəfəsinə əsaslanan imperialist siyasətini davam etdirməkdədir. ABŞ-da nəşr olunan “The National İnterest” jurnalının araşdırmalarından birində qeyd edilir ki, ABŞ-ın hərbi büdcəsinə nəzər yetirmək bu ölkənin xarici siyasət kursunun əsas istiqamətlərini müəyyən etməyə imkan verir: “Hərbi xərclər mühüm geostrateji məntəqələrdə yerləşən ölkələri nəzarət altına almağa yönəldilir. Bir sözlə, ölkə müdafiə yox, hücum büdcəsi formalaşdırır. Yaxın Şərqdə başlayan konfrantasiya və çevrilişlər ərəfəsində ABŞ-ın hərbi büdcəsinin artırılması gündəmə gətirildi. Elə 2011-ci ildə dünya miqyasında ordusuna ən çox maliyyə vəsaiti (711 milyard dollar) xərcləyən ölkə yenə də ABŞ oldu. Görünür, yeni geostrateji planların gerçəkləşdirilməsi niyyəti var idi. ABŞ-ın 2012-ci il hərbi büdcəsi 768 milyard dollar oldu və bu rəqəm dünyanın ən çox hərbi xərcləri olan 25 dövlətin hərbi xərclərinin cəminə bərabər idi. Bu statistikaya müdafiə və təhlükəsizlik üçün xərclənən digər maliyyə vəsaitləri daxil deyil. Onlar da hesablandıqda ABŞ-ın hərbi büdcəsinin təxminən 1 trilyon dollar olduğu məlum olur”.
Bundan başqa, ABŞ Qərbi və Şərqi Avropa, Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi-Şərqi Asiya, Avstraliya, Yeni Zellandiya, Yaponiya və demək olar ki, Avrasiya materikinin bütün nöqtələrindən bütün dünyaya nəzarət etməyə çalışır. Bu gün Vaşiqntonun dünyanın 40 dövlətinin strateji əhəmiyyət daşıyan nöqtələrində hərbi bazası və Birləşmiş Millətlər Təşkilatına üzv olan 132 dövlətdə məhdud sayda hərbi gücü var.
Şübhəsiz, XXI əsrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən aparıcı amillərdən biri də etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu və ya digər regionlarda iqtisadi, siyasi, humanitar əməkdaşlıq platformalarının formalaşdırılması demoqrafik, nüvə və enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud təhdidlərlə birgə mübarizə aparılmasını zəruri amilə çevirir. Amma hegemon güc mərkəzi olan ABŞ-ın subyektiv xarakter daşıyan təhlükəsizlik strategiyası milli dövlətlər, o cümlədən qlobal təhlükəsizlik üçün təhdid mənbəyi rolunu oynayır.
Yaxın Şərq və Şimali Afrikaya səlib yürüşü - ABŞ imperializminin növbəti nümunəsi
Əlbəttə, sadalananlar kontekstində qlobal təhlükəsizlik sisteminə əsas təhlükə mənbəyi kimi ABŞ-ın Yaxın Şərq və Şimali Afrikaya səlib yürüşü çıxış edir. Çünki bu yürüş işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaqdır. Bununla yanaşı, muzdlu terroristlərdən həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası budur ki, ABŞ-ın ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, bu nəhəng güc mərkəzi “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir.
Beləliklə, ABŞ-ın Yaxın Şərq və Şimali Afrikaya səlib yürüşünün yaratdığı mənzərə aşkardır: Müsəlman Şərqində ABŞ-ın geostrateji planları əsasında baş verən olaylar bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı hadisələrin milli tənəzzül mənbəyi qismində çıxış etməsini şərtləndirdi. Baş verən olaylar ona dəlalət etdi ki, ABŞ-ın XXI əsr yeni dünya düzəninin fonunda “sınaq laboratoriyası”na çevirməyə çalışdığı ölkələrdə baş tutmuş çevriliş və qiyamlar həmin dövlətlər və xalqlar üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıdı.
ABŞ Yaxın Şərqdə nə üçün terrorist dövlətlər yaradır?
ABŞ-ın Yaxın Şərq strategiyasının bəşəriyyət üçün ən təhlükəli məqamlarından biri də bu bölgədə müxtəlif terrorist dövlətlərin yaradılmasıdır. Əlbəttə, ilk məqsəd regionun təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması ABŞ-ın hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, İslam dininə yönəlmiş anti-təbliğata xidmət edən imic formalaşdırılmağa çalışılır. Müxtəlif texnoloji vasitələrdən, həmçinin, transmilli mediadan istifadə edilərək müsəlman dünyasına qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən strateji məqam müsəlmanların barbar obrazında təsvir edilməsi, dolayısıyla, İslam dininə yönələn və rəğbət bəsləyən insanlar arasında ictimai şüurun manipulyasiya edilməsidir.
Bəllidir ki, bu gün Qərbin özündə sürətli müsəlmanlaşma tendensiyası cərəyan edir. Bu hal ABŞ başda olmaqla bir sıra Qərb ölkələrini narahat edir. Bir müddət əvvəl “Daily telegraph” qəzetində dərc edilən “Müsəlman Avropası” sərlövhəli məqalədə bu barədə qeyd edilir ki, Avropa qitəsində son illər müsəlman əhalisinin sürətlə artması “yaşlı qitə” üçün potensial və perspektiv təhlükə mənbəyi hesab edilir. Bundan başqa, Britaniya Miqrasiya Siyasəti İnstitutunun “Sosial-demoqrafik proseslər və problemlər” haqqında yekun hesabatında bildirilir ki, son zamanlar İngiltərədə dünyaya göz açan uşaqların 30 faizində çoxunun valideynlərindən biri qeyri-avropalı və ya müsəlmandır. Hesabatda o da bildirilir ki, 2050-ci ildə Avropada 18 yaşından aşağı əhali arasında çoxluğu müsəlmanlar təşkil edəcək. Bu da, şübhəsiz, müsəlmanların avropalıların həyatında getdikcə daha əhatəli yer tutmasına gətirib çıxaracaq.
Əlbəttə, Qərb bu hala qarşı irticaçı mübarizə strategiyası ilə çıxış edir. Bu kontekstdə müsəlmanlara qarşı deportasiya hallarının müşahidə edilməsi, hüquqi məhdudiyyətlərin tətbiqi, əhalinin müxtəlif təbəqələri arasında sosial ziddiyyətlərə söykənən münaqişə hallarının artması qeyd edilməlidir. Amma bunlardan başqa, ABŞ-ın Yaxın Şərqdə yaratdığı terrorist dövlətlər də müsəlmanlara qarşı təşkil edilən səlib yürüşündə vasitə kimi istifadə edilir.
ABŞ-ın qlobal hegemonluğunun sonu yaxınlaşır?
Bütün bunlarla yanaşı. bir çox nüfuzlu strateji araşdırmalar mərkəzi ABŞ-ın qlobal hegemonluğunun sonunun yaxınlaşdığını bildirir. Bu kontekstdə əsas arqument kimi anqlo-sakson ittifaqının tədricən fiaskoya uğraması göstərilir.
Ümumiyyətlə bəllidir ki, dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də anqlo-sakson ittifaqı ilə Avrosentristlər Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb.
Qeyd etmək lazımdır ki, ABŞ-ın üstün mövqe tutduğu anqlo-sakson ittifaqı ilə Avrosentristlər bir-birinə əks cəbhələr kimi İkinci Dünya müharibəsindən sonra tam təşəkkül tapmışdır. Doğrudur, tərəflər arasında beynəlxalq münasibətlər tarixinin bir çox mərhələlərində ciddi strateji rəqabət meyilləri mövcud olmuşdur. Hər iki qütb arasında daim geostrateji resurslara sahib olmaq və geosiyasi dividendlər əldə etmək uğrunda ciddi mübarizə gedib. Birinci Dünya müharibəsinə qədərki dövrdə pik nöqtəyə qalxan bu mübarizə Birinci və İkinci Dünya müharibəsinin arasındakı tarixdə öz formasını müəyyən qədər dəyişib. İkinci Dünya müharibəsindən sonra isə anqlo-saksonlar geostrateji mənada ciddi üstünlüklər əldə ediblər və hegemon birliyə çevriliblər. Ancaq SSRİ-nin fiaskoya uğraması ilə formalaşan Yeni dünya düzəninin fonunda Avrosentristlər də müəyyən dividendlər əldə edərək, əhəmiyyətli geostrateji resurslara sahib olublar. Hazırda isə anqlo-sakson hegemoniyası öz üstünlüyün tədricən itirməkdədir. Bu isə anqlo-sakson ittifaqının daxilində ziddiyyətləri artırıb və bəhs olunan geosiyasi birləşmənin faktiki surətdə parçalanmasına təkan verir. Nəticə etibarilə, ABŞ-ın hegemonluğu davam etdirmək üçün istifadə etdiyi bu geosiyasi birlik fiaskoya uğramaqdadır. Bu isə ABŞ-ın qlobal hegemonluğunun sonunun yaxınlaşması kimi proqnozlaşdırılır.
Azərbaycanda insan və vətəndaş hüquqları hegemon güclərin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur
ABŞ-ın xarici siyasət kursunun səciyyəvi xüsusiyyətlərindən biri budur ki, müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırılıb. Suveren daxili və xarici siyasət həyata keçirən, Vaşinqtonun irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin bu ölkə tərəfindən təzyiqə məruz qalması gözləniləndir, çünki qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının xarici siyasəti hegemonluq fəlsəfəsinə söykənir.
Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Bəzi hallarda Vaşinqton bir çox ölkələrdə etdiyi kimi müxtəlif vasitələrlə, xüsusilə də “demokratiya” və “insan hüquqları” məsələləri ətrafında ölkəmizə təsir və təzyiq etməyə çalışır. ABŞ-ın maraqlarına xidmət edən bu və ya digər təşkilatların, hətta ayrı-ayrı dövlət qurumlarının hazırladıqları hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda daxili ictimai rəylə manipulyasiyaya xidmət edən qərəzli detallar əks olunur. Məsələn, bir müddət öncə ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında yenə də ölkəmizlə bağlı subyektiv və qərəzli məlumatlar yer almışdı. İlk növbədə, qeyd etmək lazımdır ki, hesabatın hazırlanmasında dəqiq informasiya mənbəyindən istifadə olunmamışdı. Azərbaycana qarşı dərc edilmiş “qara piar” xarakterli, qərəzli məlumatların əsas informasiya mənbəyi kimi götürülməsi Dövlət Departamentinin hansı məqsədlərə xidmət etməsini göstərdi.
Digər bir maraqlı məqam budur ki, insan hüquqlarının qorunması üzrə beynəlxalq təsisatlar, xüsusilə BMT-nin İnsan Hüquqları Şurası mövcud olduğu halda, ABŞ Dövlət Departamentinin bu işlərlə məşğul olması müəyyən mərkəzlərin təzyiq siyasətinə dəlalət edir. Yəni, bu qurum öz missiya və funksiyasından kənara çıxaraq müstəqil milli dövlətlərin daxili işlərinə qarışır. İkincisi, əgər Dövlət Departamenti insan hüquqlarından bəhs edirsə, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin məruz qaldıqları hüquq pozuntularına da münasibət bildirsin...
Amma ABŞ unutmamalıdır ki, Azərbaycanda insan və vətəndaş hüquqları hegemon güclərin yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Başqa sözlə, Azərbaycan beynəlxalq miqyasda həm etibarlı tərəfdaş, həm də demokratik inkişaf tempinə malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər. Onu da vurğulamaq lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin effektivliyini təmin edir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və təzyiq vasitələrinin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1527 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30