Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Beynin “sirli dünyası”

Beynin “sirli dünyası”

09.12.2021 [11:06]

Hansı günlərin yuxusunu danışmaq olmaz?

Müşfiqə BAYRAMLI

Uzun müddətdir ki, alimlər yuxu ilə bağlı elmi araşdırmalar aparırlar və yuxunun insanın həyatındakı  rolu barədə yekun rəyə də gəliblər. Bir insanın həyatının təxminən 1/3 hissəsini yuxuda keçirdiyini və çox vaxt ağlasığmaz yuxular, qarabasmalar gördüyünü nəzərə alsaq, bunun araşdırılmağa dəyər bir mövzu olduğunu görürük. Yuxularda hadisələr təsəvvür etdiyimizdən daha sürətli baş verir, bir neçə saniyəlik yuxunu çox uzun və fərqli formada görürük. Yəni yuxularda zaman anlayışı yoxdur.

Nə üçün qarabasmalar və kabuslar görürük?

Niyə yuxu görürük sualına cavab olaraq bir çox fərqli nəzəriyyələr irəli sürülüb. Mütəxəsislərin fikrincə, yuxular emosional travmalarımızla üzləşmənin bir yoludur. Oyaqkən üzləşə bilmədiyimiz, yaxud üzləşməkdən qorxduğumuz hisslərlə yuxuda olarkən qarşılaşırıq.

Bəzən o qədər gözəl yuxular görürük ki, kaş heç oyanmasaq və ya dərhal yatıb onları bir daha görsək, deyə düşünürük. Bəzən də kabus dolu yuxudan dik atılaraq oyanırıq. Gün ərzində əhvalımıza mənfi təsir edir. Kabus görməyimizə səbəb kimi gün ərzində yaşadığımız stress, yanlış qidalanma və zərərli vərdişlərdən istifadə kimi göstərilir. Deyilənə görə, yuxu utopiyadırsa, kabus əsl distopiyadır. Amerika Yuxu Dərnəyinin (ASA) araşdırmalarına görə, insanların 5%-i daimi kabuslar gördüyü üçün yuxuya getməkdən qorxurlar.

Nəsibə Zeynalova ilə Ziqmund Freydin ortaq nəzəriyyəsi

“Yuxuların yozumu” kitabının müəllifi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freyd yuxuların məqsədini gündəlik həyatda sıxışdırılan və şüuraltına atılan arzuların ifadəsi kimi şərh edib. Onun nəzəriyyəsinə görə, yuxu sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox vaxt şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərinin davam etdirir.

Bu əsnada “Yuxu” filmindəki dialoq yadıma düşdü:

- Əşi, ay nənə yuxudu da. Mən Bahardan xahiş etmişdim ki, gəlsin girsin yuxuma?

- Adə, sən yetimin könlündən keçməsəydi, o da gəlib girməzdi sənin yuxuna”.

Deməli, Nəsibə Zeynalova Freydi burada haqlı çıxarmış olur. Doğrudan da, şüuraltında olanlar yuxuda özünü büruzə verirmiş.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay

Yuxular üzərində aparılan müşahidələr göstərir ki, dünya xalqlarının yuxuları bir-biri ilə sıx oxşarlıq təşkil edir. Məsələn, bütün dünya xalqlarında yuxuda axar su görmək aydınlıq, at murad, sağsağan müjdə, xoş xəbər, işıq, günəş uğur rəmzləridir. Dünya xalqları oxşar yuxular gördüyü kimi onların yozumu da bir çox hallarda oxşar, bənzər, yaxud eynidir.

Zaman keçdikcə yuxunu öyrənən elm sahələrinin çevrəsi də genişlənib. Onu təkcə astrologiya, astronomiya, həndəsə, teologiya, ilahiyyat elmləri sahəsində deyil, həm də mifologiya, etnologiya və müasir mərhələdə isə folklorşünaslıqda araşdırmaq zərurəti meydana çıxıb. Son vaxtlarda yuxunu öyrənən istiqamətlər içərisində folklorşünaslıq ön mövqeyə keçib. Belə ki, şahlar, hökmdarlar yuxuda dişinin, gözünün çıxarılmasını, qılıncının divarda, ya belində titrədiyini görməsi nəticəsində xəbərdar olub təhlükəni aradan qaldıra biliblər. Belə yuxuların yozumunun açılmasına dünya xalqlarının folklorunda, xüsusilə nağıl və dastan yaradıcılığında tez-tez təsadüf edilir.

Həmçinin yuxuda aşiq və məşuqlara buta verilməsi, onların bir-birini axtarmağa yola düşməsi faktını da qeyd edə bilərik. Türk xalqlarının məhəbbət dastanlarında bu ənənə xüsusilə geniş yayılıb.

Professor Azad Nəbiyev “Folklorda fasiləsiz transfer və yuxu paradiqmaları” kitabında qeyd etdiyi kimi, yozulmaz yuxu yoxdur, yozula bilməyən yuxular var. Mənasız hesab edilib yuxu kataloqlarına və ensiklopediyalarına daxil edilməyən yuxular insanlara gələcək barədə qaibdən göndərilən çox mühüm informasiyalardır. İnsan zəkası bu gün onları yozmaqda acizdir. Yaddaşdan silib atdığımız, yaxud yoza bilmədiyimiz və artıq unutduğumuz bu yuxular yox olub getmir, itib-batmır. Bu gün insanın məzmunsuz hesab etdiyi səslərin və yuxuların açılması gələcəkdə böyük sirlərdən, kəşflərdən xəbər verəcəkdir. Bütün bunlar insan üçün hələlik əlçatmaz, ünyetməzdir.

“Kitabi-Dədə Qorqud” dastanında yuxuyozma

Yuxuyozma ədəbiyyatımızda, xüsusilə də nağıl və dastanlarımızda geniş əks olunub. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanında Qazan xan evinin yağmalanmasından yuxuda xəbərdar olmuşdu. Kəmalə İslamzadənin  Risalə Elmi Araşdırmalar jurnalında dərc olunan “Folklor janrlarında “ölüm” metaforu” məqaləsində qeyd olunur ki, Qazan xanın yuxusundakı əlamətlərin təhlili onların nə üçün ölümü ifadə etdiyini anlamağımıza yol aça bilər. Belə ki, evin üzərinə ildırım düşməsi - ildırım təbiət hadisəsi lap qədimdən insanları qorxuya salıb, tanrıların qəzəbi, yaxud cəzalandırıcı silahı kimi mənalandırmalarına gətirib çıxarıb.

Məlumdur ki, rusların inancına görə, əgər bir şəxsin evinə ildırım düşüb yandırıbsa, heç kəs ev sahibinə həmin yanğını söndürməyə kömək etməzdi. Çünki bunu ev sahibinin hansısa günahına görə tanrı tərəfindən cəzalandırılması kimi qəbul edərdilər. Yanğını söndürməyə kömək etmək isə tanrının iradəsinə qarşı çıxmaq kimi dəyərləndirilərdi.

Yunanlarda isə panteonun baş tanrısı Zevsin adı qarşısında “İldırımsaçan” epiteti işlədilirdi. Yəni müxtəlif xalqlarda, o cüm­lədən bizim əcdadlarımızda ildırımla bağlı təsəvvürlər az-çox dərəcədə yaxın olub. Qazan xanın yuxusunda da evin üzərinə ildırım düşməsi ölümcül təhlükədən, bəladan xəbər verirdi.

Salur Qazan evinin yağmalandığı yuxu

Eləcə də quduz qurdların evi dəlməsi - o zaman hər hansı bir quduz heyvanın dişlədiyi şəxsin quduzluq xəstəliyindən öləcəyi labüd idi. Ona görə də evin quduz qurdlar tərəfindən dəlinməsi ölümün daha bir metaforu kimi qəbul edilməlidir.

Qara dəvənin ənsəni qapması - dəvə kinli düşmənin, qara şərin rəmzidir. Ənsə kəllənin arxa tərəfində yerləşən sümükdür. Bu, düşmənin xaincə hücum edib arxadan zərbə endirəcəyinə işarədir.

Qarğı kimi qara saçların uzanıb gözü tutması - əzizini itirən şəxslərin üzünü qırxmaması, saqqal saxlaması, qadınların isə saçlarını açıb çiyinlərinə tökməsi, yolub yelə verməsi günümüzədək gəlib çatmış yas adətlərindəndir. Qazanın qardaşı Qaragünə saçı “qarğı” kimi yozur.

Əllərin biləyədək qana bulanması - Qaragünənin “qanqaralıq” kimi yozduğu bu əlamətə başqa mətnlərdə də rast gəlirik. Məsələn, “Koroğlu” dastanında Nigar xanım yuxusunda Halaypozan, Toxmaqvuran və Eyvazı qan dəryasında boğulan görür. Əslində, onlar Xəlil paşanın zindanında ölüm hökmünü gözləyirdilər. Ümumiyyətlə, xalq ədəbiyyatında yuxu halı ölüm metaforu sayılır. “Kitabi-Dədə Qorqud” dastanında yuxuya “ikinci ölüm” deyilməsi bunu sübut edən faktdır.

“Məlikməmməd”in sirli yuxusu

“Kitabi-Dədə Qorqud” dastanında yuxuda ikən təkr əsir düşən Qazan xanı bir quyuya atıb üzərinə dəyirman daşı qoyurlar. Bir gün təkrun övrəti düşmən əsirinə baxmağa gəlir, ondan halını soruşur. Qazan cavab verir ki, yerin altında ölüləriniz üçün verdiyiniz aşı əllərindən alıb yeyirəm, onları minib sürürəm. Təkrun övrəti yalvarır ki, onun vəfat etmiş yeddi yaşlı qızını minməsin. Qazan isə məhz həmin qızın ölülər içərisində ən yorğası olduğunu və elə onu mindiyini söyləyir.

Buna bənzər bir quyu “Məlikməmməd” nağılında da təsvir olunur. Həmin quyunun dibindən həm işıqlı, həm də qaranlıq dünyalara yol var ki, o dünyalara uyğun olaraq, ağ və ya qara qoçun üzərində getmək mümkündür. Məsələn, mətndə öncə düzənlik, çöl, tala təsvir edilir, sonra ayrıca bir kolun dibinə keçid baş verirsə, bu, həmin kolun altında yatan yaralını o biri dünyaya aparan yolun rəmzidir.

Nağıldan başqa bir hissə: “Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib, ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi”.

 “Koroğlu” dastanında yuxuyozma

Kəmalə İslamzadənin məqaləsində, həmçinin qeyd olunub ki, ölüm metaforu kimi sabitləşmiş əlamətlərdən biri də yuxuda dişin laxlamasını, düşməsini, ağzın qanla dolmasını, yaxud əksinə, qansız bir şəkildə dişin itirilməsini görməkdir. Göründüyü kimi, bu, yalnız bizdə deyil, bir çox xalqlarda kabus, bədbəxt hadisədən xəbər verən yuxu hesab olunur. Bu yuxu, adətən, yaxın ətrafdan, dost və qohumlar içərisindən kiminsə başı üzərində həyati təhlükə olacağını, yaxud öləcəyini bildirir. Yəqin ki, sümükdən ibarət olan diş insanın əvəzləyicisi kimi çıxış edir. Çünki insan ölüncə torpaq altda ondan qalan yalnız sümükləri olur. Digər tərəfdən, ağızda sıralanmış dişlər insan üçün ona yaxın olan əzizlərini ifadə edir, onlardan birinin sıradan düşməsi uyğun surətdə fiziki məhvi kimi yozulur. Bu məzmunda yuxunun həm yuxuyozma toplularında, həm də nağıl və dastan mətnlərində öz əksini tapdığını görürük. Məsələn, “Koroğlu” dastanında belə bir nümunə var: “Vədədən çox keçmişdi. Dəmirçioğludan xəbər gəlmədi. Koroğlunu fikir götürmüşdü. Ürəyinə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. Amma hələ gözləyirdi ki, bir-iki gün də keçsin, görsün nə olur. Gecənin bir vaxtı bir də yuxuda gördü ki, bir dişi laxlayıb, ağzı qan ilə doldu. Səksənib yuxudan ayıldı”.

Nizami Gəncəvinin “Xəmsə”sində yuxu

Hər kəsi qəflət yuxusundan ayılmağa çağıran dahi Nizami Gəncəvinin “Xəmsə”sində yuxu mövzusu dəfələrlə yer alıb. Məsələn, “Leyli və Məcnun” poemasında Məcnun qışın üç ayı yuxuya gedir. Onun başında köçəri quşlar yuva düzəldir. Yazın başlanğıcında Leyli, bulağa gəlib çeşmənin suyu ilə onun gözlərini yuyub təmizləyir və yuxudan ayıldır. Qeysin üç ay yatması, təbiətin qışda üç ay yuxuya getməsinin əsatiri rəmzidir. O, yalnız dirilik rəmzi və yazın antropomorfik rəmzi olan Leylinin gəlməsi ilə təbiətin özü kimi oyanır.

Bundan başqa, “Xosrov və Şirin” poemasının sonunda Xosrovun dünya, həyat, ölüm məsələləri ilə maraqlandığını, alim və bilicilərin məsləhətlərini dinlədiyini, artıq dövlət işlərində də ədalətli bir şah olduğunu görürük. Xosrov Şiruyənin göndərdiyi qatil tərəfindən ölümcül yaralandığı zaman da susuz can verərək həyatla əbədi vidalaşır, ancaq yenicə yuxuya getmiş yorğun Şirini narahat etmək istəmir. Bu səhnə məğrur şahın necə dəyişdiyini daha aydın göstərir.

Məmməd Arazın “Yuxu”su

Görkəmli Azərbaycan şairi Məmməd Araz yüksək poetik ilhamla yazılmış şeirlərində yuxu mövzusuna dəfələrlə toxunub. “Yuxu” adlı şeirinə dostlarını xəyanəti yuxuda da yaxalamağa çağırır:

Qəribə bir yuxu gördüm bu gecə mən,

Qopub qaçmaq istəsəm də bu

gecədən,

Bacarmadım.

Gördüm məni dəfn eləyir beş-on adam.

Mən özüm də məzarımın kənarında dayanmışam.

Deyirlər ki, mənə buyur:

“Düş, ölç görək qəbrini bir!”

Sevinirəm:

nə işıqlı, nə genişdir!

Heç olmayıb bu dəsgahda evim

mənim.

***

Ayılıram, sevinirəm: ölməmişəm...

Ölməmişəm... ey dostlarım, siz

arxayın...

Yox, dostlarım,

Xəyanəti yuxuda da yaxalayın.

Hər ayın 7-də görülən yuxular ən uğurlu yuxular hesab edilir

Yuxu yozmalarını açıqlayan ən qədim metodlardan biri də astroloji metoddur. Astroloji metoda görə insan həyatı, fəaliyyəti, məişəti, maddi və psixoloji durumu və s. ilə bağlı yuxular ulduzların sıra düzümü, onların yerdəyişmələri, qütblərə doğru şaquli və üfüqi hərəkətləri, eləcə də görülən yuxuların ayın günləri arasında bölüşdürülməsi əsasında yozulur. Aparılan müşahidələr və eksperimentlər əsasında müəyyən edilib ki, hər ayın 1, 5, 7, 8, 15, 17, 18, 23, 24 və 26-sı tarixində görülən yuxular isə insana uğur gətirir. Ən uğurlu yuxular isə hər ayın 7-də görülən yuxulardır. Onu başqasına danışmaq olmaz, səbr edib yuxunun nəticəsini gözləmək lazımdır.

Yuxuları çin çıxan aktrisa

Bu mövzuya mistik prizmadan yanaşan nəzəriyyələr də mövcuddur. Belə ki, yuxuda gördüklərimizin ilahi mesajlar olduğunu iddia edənlər də var. Təbii ki, bu nəzəriyyənin heç bir elmi əsası yoxdur. Əməkdar artist Dilarə Əliyeva da çox zaman yuxuda gördüklərini ya fraqmental şəkildə, ya da bütövlükdə gerçək həyatda ona ayan olduğunu deyir. Yuxusu ərşə çəkilən aktrisa çox vaxt başına gələcəklərdən qorxduğunu etiraf edir: “Başıma gələcək hadisələri çox vaxt yuxumda görürəm. Kabus görsəm, tez suya danışıram. Bir növ rahatlıq tapıram. Həmin günü özümü mənfiyə kökləməməyə çalışıram. Bu yaxınlarda bir yuxu gördüm. Gördüm ki, mənim üçün çox doğma olan bir nəfər qum bataqlığına-quyusuna düşür. Biz ona nə qədər kömək etməyə çalışsaq da, çıxara bilmirik. İnanırsınız, yuxudan ayılandan sonra sosial şəbəkədə bu barədə xəbər qarşıma çıxdı. Kişi həmin yuxuda gördüyüm formada da quyuya düşmüşdü. Bu hadisə özümə də çox qəribə gəldi, anlam verməkdə çətinlik çəkdim. Axı niyə yuxuda gördüklərim qarşıma çıxır? Həyatımda buna bənzər çox hadisələr baş verib. Bu barədə dərin araşdırmalar etməmişəm, amma ahıl insanlardan şoruşub öyrənməyə çalışmışam. Deyilənə görə, Allah sevdiyi bəndələrini öncədə xəbərdar edər, onlara olacaqlar barədə işarə göndərərmiş.

Yuxuların psixoloji izahı

Yuxuların psixoloji təsirlərindən danışan psixoloq İlhamə Vəliqızının sözlərinə görə isə şüuraltımızda olan ehtiyacları, tələbatları yuxumuzda görürük: “Yuxu bizim beynimizin “sirli dünya”sıdır. O dünyada baş verənləri bizdən başqa heç kim bilmir. Yuxuda heç bir sərhəd yoxdur. Ona görə də çox zaman insanlar yuxuda özlərini rahat hiss edirlər. Real həyatda ala bilmədikləri emosional tələbatı yuxu vasitəsilə ödəməyə çalışırlar. Bəzən itirdikləri insanları yuxularında gördüklərini deyirlər. Bu, o deməkdir ki, həmin şəxsə ehtiyacları var və onun yanında olmalarını istəyirlər. Yuxuda ölüm hallarını tez-tez görən insanlar adətən emosional ac insanlardır. Onlar qayğıya, sevgiyə, qorunmağa möhtac olurlar”.

Psixoloqa görə, tez-tez kabus görən və yuxularını yadda saxlamayan insanlar real həyatda da narahat yaşayırlar: “Belə insanlar yuxuda dava edir, münasibətləri aydınlaşdırmağa çalışırlar. Bunun özü belə insanın mənfi enerjisini atmaqda kömək edir. Reallıqda aqressiyasını göstərə bilməyən insanların mənfi enerjidən azad olması üçün bu cür yuxular görməsi vacibdir. Necə ki, yaxşı yuxular sayəsində biz xəyallarımızı yuxularımızda reallaşdırırıqsa, aqressiyamızı, mənfi enerjimizi də yuxumuzda tökməliyik. Nəticədə, beynimiz özünü yaxşı hiss edəcək. Yuxusunu yadda saxlamayan insanların isə o qədər gərgin həyat tərzləri var ki, beyin yuxuları yadda saxlamaqda çətinlik çəkir. Onlardan soruşsan, bəlkə də uzun müddətdir ki, yuxu görmədiklərini deyərlər. Bu cür hallara daha çox iş adamlarında və siyasətçilərdə rast gəlmək mümkündür”.

 

 

 

Paylaş
Baxılıb: 253 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31