Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın erməni sevgisinin aktivləşmə sirri...

Fransanın erməni sevgisinin aktivləşmə sirri...

29.09.2022 [10:32]

Rəsmi Paris Aİ-nin Cənubi Qafqazdakı maraqlarını sabotaj edir

Üçtərəfli bəyanatın müddəalarına əməl etməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, sülh gündəliyinə qarşı təxribatlar törədən Ermənistan yenidən öz ampluasındadır.

Belə ki, bu ökənin rəsmiləri getdikləri hər xarici ölkədən, əsasən isə Qərbdən hansısa “dəstəyi”, “köməyi” umurlar. Düzdür, onların bu “umacağını” kimlərsə “yerə salmır”, onlara dayaq olma görüntüsü yaradır. Nəticə etibarı ilə belə addımlar sonda heç bir effekt vermir. Çünki Ermənistan artıq dünyanı aldada bilmir. Dünya birliyi, beynəlxalq aləm təcavüzkarın, işğalçının kim olduğunu görür, öz qiymətini verir. 

Bununla belə, erməni rəsmiləri yenə də utanmadan və usanmadan dünyaya müraciət edir, müşahidə missiyaları tələb edir, öz təxribatlarını ört-basdır etməyə çalışır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Paris səfəri zamanı KİV qarşısında çıxışında belə bir “təklif” irəli sürmüşdü. Amma deyəsən, Ermənistanın səsinə yenə də dostu Fransadan başqa səs verən olmayıb. Belə ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasındakı görüşdə fransalı nazir sərhəd bölgəsində vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib.

Bu kimi nümayəndələrin “göndərilməsi” isə heç nəyi dəyişmir, heç nəyə təsir etmir. Görünən budur ki, Ermənistanın “beynəlxalq aləm” adı altında Fransadan umduğu kömək də KTMT missiyasının aqibətini yaşamaq məcburiyyətindədir. Xatırladaq ki, KTMT-nin bir neçə gün öncə Ermənistana göndərdiyi müşahidə missiyasının rəhbəri, KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirmişdi ki, KTMT sülhməramlı kontingentinin Ermənistana göndərilməsi gündəmdə deyil. “Gəlin özümüzdən qabağa getməyək. Sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni, nə sentyabrın 13-də, nə dünən, nə də bu gün və məncə, yaxın gələcəkdə KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət gedə bilməz”- deyə Sidorov bildirmişdi.

Reallıq bundan ibarətdir. Ermənistanın arxalandığı ölkələr və ya təşkilatlar özləri etiraf edirlər ki, prosesə qarışmaq fikrində və imkanında deyillər. Bunun nəticəsində də, Ermənistanda anti-KTMT, hətta anti-Rusiya əhval-ruhiyyəsi daha da gücləndi. Bəzi partiyalar, hətta Ermənistanın KTMT-dən çıxması tələbini səsləndirirdilər. Yəqin ki, Fransa nümayəndəsinin səfəri də KTMT-nin missiyasının səfərindən uzağa getməyəcək.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanın sərhəd gərginliyi ilə bağlı apardığı təbliğatın kökündə bəzi məqamlar dayanır. Belə ki, Azərbaycanın 30 il ərzində beynəlxalq hüquq prinsiplərini əsas götürməsindən nümunə çıxaran Ermənistan hazırda guya bu faktordan istifadə etmək niyyətinə düşüb: “İlk növbədə, Ermənistan sübut etməyə çalışır ki, guya Azərbaycan Ermənistana təcavüz edib. Diqqət yetirsək, bütün təbliğat da bu yalanın üzərində qurulub. Hətta bu istiqamətdə də bir neçə spekulyasiya aparır - faktları dəyişir, manipulyasiyalar edir. KTMT mövzusunda isə Ermənistanın narahatlığı artıq uzun müddətdir ki, davam edir. Çünki istər 44 günlük müharibə dövründə, istərsə də indiki dövrdə Ermənistan KTMT-nin məsələyə müdaxilə etməsini arzulayıb. KTMT nizamnaməsinə görə isə daxili problemlərə qarışmaq mümkün deyil. Bu mənada Ermənistanın KTMT-dən incikliyi artıq bir neçə ildir ki, davam etməkdədir. Maraqlıdır ki, Ermənistanda KTMT-yə qarşı etiraz aksiyaları məhz Nensi Pelosinin İrəvan səfərinə “təsadüf etmişdi”. Bu faktın özü təsadüfi deyildi. Onlar göstərməyə çalışdılar ki, guya KTMT-yə etiraz edirlər, Qərb yolunu seçirlər”.

KTMT-dən əli üzülən Ermənistan yenə də keçmiş dəstəkçilərinə ümid bağlayır. Bu mənada Fransanın seçilməsi də təsadüfi deyil. “Fransa ermənipərəst ölkədir, bunun da bir neçə səbəbləri var. Səbəblərdən biri, bu ölkədə erməni lobbisinin güclü olmasıdır. Hətta bu lobbi Fransa hökumətində də artıq kök atıb. Bu, bir fərd və ya bir siyasətçi ilə bağlı deyil, Fransanın ümumi siyasətinə təsir edə bilirlər. Hətta bəzi bölgələrdə seçkilərin nəticələri erməni əhalisinin kimə səs verəcəyindən asılı olur. Başqa bir məqam isə Fransada ermənilərin geniş media resurslarının varlığıdır. Bunlar ictimai rəyə diktə edən media orqanlarıdır. Söhbət Fransada anti-türk və anti-İslam fikrinin formalaşmasında müstəsna rol oynayan media resurslarından gedir. Bunlar Fransanın ictimai-siyasi həyatında “5-ci kolon” rolunu oynayan, dövlətin siyasətinə təsir edə bilən, seçkilərdə kənar oyunçuların belə vasitə kimi istifadə edə biləcəkləri qüvvədir. Yəni, Fransanın Ermənistanı dəstəkləməsini mövsümi olaraq dəyərləndirmək doğru deyil. Fransa Ermənistanın ənənəvi dəstəkçisidir”, - deyən Y.Hacıyevanın sözlərinə görə, Fransa vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi də, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində səmimi olmayıb. Həmişə öz maraqlarını diktə etməyə çalışıb, bu maraqlarını da, “ümumi işin xeyri”nə göstərmək kimi riyakar bir siyasət yürüdüb: “İndiki halda isə Fransa həm də regionda gedən prosesə müdaxilə imkanları qazanmaq istəyir. ATƏT-in Minsk qrupunun öz aktuallığını itirməsinin ardından Fransa da prosesdən aralı düşüb. Amma Fransa Cənubi Qafqazda heç bir zaman güc statusunda çıxış etməyib, edə də bilməyəcək. Düzdür, onlar öz maraqlarını hər zaman ermənilərlə uzlaşdırıblar. Fransanın Cənubi Qafqazda güc olma perspektivi inandırıcı görünmür. Bunun üçün əsaslar, mövcud şərtlər yoxdur. Fransadakı erməni lobbisinin diktəsi ilə Ermənistanın siyasi hakimiyyətinin dəstəklənməsi Cənubi Qafqazda güc olmağa kifayət etmir. Bölgənin geosiyasi nizamı mövcuddur. Bu geosiyasi nizamda Fransa yoxdur. Nizamın dəyişməsi isə indiki şərtlərlə, indiki halda mümkün deyil”.

Politoloqun fikrincə, Fransa hər zaman total erməni maraqlarından çıxış edib. Bu dəfə də rəsmi Paris total erməni maraqlarını rəsmi Ermənistan hakimiyyətinin tezisləri üzərindən bir daha ifadə etməyə çalışır. Bu rəy isə ümumilikdə Aİ-nin Cənubi Qafqazdakı maraqlarının sabotajıdır: “Fransanın bunu etməkdə məqsədi Böyük Britaniyadan sonra Aİ-də nüfuz sahibi olmağa çalışmasıdır. Paris Aİ-ni bu və ya digər mövzular vasitəsilə özündən asılı etməyə çalışır. Bunun nəticəsidir ki, bu ölkə Avropa Birliyinin maraqlarının əleyhinə olsa belə özünün dövlət maraqlarını irəli sürür”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30