Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə etiraza səbəb olan dəyişiklik

Milli Məclisdə etiraza səbəb olan dəyişiklik

25.11.2021 [10:43]

Qanun layihəsində müzakirəyə  çıxarılan dəyişiklik bəzi deputatları razı salmadı

Bələdiyyələrlə bağlı yeni qanun layihəsinin hazırlanması təklif olunub

Noyabrın 24-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrlik etdiyi toplantının gündəliyinə 21 məsələ daxil idi.

Əvvəlcə “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri təqdim olunub. Qanun layihələri müvafiq bəndlər üzrə səsverməyə qoyulduqdan sonra ikinci oxunuşda qəbul edilib. 

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, vergi güzəştlərinə dair yeni qanun layihəsində ancaq İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər nəzərdə tutulur: “Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri də bu məsələni qaldırır. Bu məsələyə aydınlıq gətirilməlidir. Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, əlillərinə, qazilərə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.

Deputatlar bələdiyyə haqqında qanun layihəsinə etiraz etdilər

Sonra “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi təqdim olunub və layihə haqqında müzakirələrə başlanılıb.

Razi Nurullayev qanun layihəsi haqqında öz etirazını bildirib. Deputatın sözlərinə görə, hakimiyyət tədricən mərkəzləşir və yerli hakimiyyət mərkəzə tabe olur: “Belə çıxır ki, biz sosial əmək və idarəetmə sistemini bərpa edirik. Bələdiyyələr dotasiya ilə saxlanıla bilər? Bələdiyyələrin effektiv işləməsi üçün onların  üzərlərindən “torpaqsatan” damğası götürülməli, onların maliyyəsi genişləndirilməlidir. Yerli vergilər bələdiyyənin büdcəsinə daxil edilməlidir”.

Deputat Siyavuş Novruzov yerli əhəmiyyətli tikinti materiallarının bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılmasına münasibət bildirib: “İl ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır. Aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək. Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.

Deputat Hikmət Məmmədov bələdiyyələrin yerlərdə fəaliyyətini daha effektiv qurması üçün yeni qanun layihəsini hazırlamağı təklif edib.

Fazil Mustafanın sözlərinə görə, bələdiyyə sənədinin heç bir yerdə etibarı yoxdur: “Vətəndaşa bələdiyyə adı ilə bağlı heç bir ciddi xidmət yoxdur. Hətta sənədi belə etibarlı sayılmayan bir qurumu niyə saxlamalıyıq? Əvvəllər bu qurumu Avropa tələb edirdi deyə saxlayırdıq. İndi heç Avropanı da eşidən yoxdur”.  Deputat qeyd edib ki, son Referendumla Konstitusiyaya maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verməlidir: “Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. Seçkili orqan başqa seçkili orqana hesabat verməməlidir. Bakıda istilik, lift, yol və s. məsələlər problemdir. Bu problemlərin hamısını bələdiyyələr həll etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları ilə bələdiyyələrin səlahiyyətləri bölüşdürülməlidir”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deputatların çıxışlarına cavab olaraq bildirib ki, Konstitusiya belə münasibəti qəbul etmir: “Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu, hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Vəkillərin vergi yükü çox ağırdır

Sonra “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputat Bəhruz Məhərrəmov vəkilin vergi və ödəniş yükünün çox ağır olmasını diqqətə çatdırıb: “Ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur. Bu mənada, digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkillərə də şamil olunmalıdır. Eyni zamanda, vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. “Əmək pensiyaları haqqında” qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük”.

Deputat bildirib ki, əvvəllər dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğ 2 manat idi: “Prezident böyük humanistlik göstərərək sərəncam imzaladı və Nazirlər Kabinetinə bu məbləğin artırılması tapşırıldı. Hökumət də həmin ilin mayında bu vəsaiti üç dəfə artıraraq 6 manata çatdırdı. Bir daha deyim ki, dövlət başçısı artımla bağlı konkret rəqəm ifadə etməmişdi. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. Bu mənada, hökumətdən xahiş edirəm, Prezidentin tapşırığını rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm, vəkil vergi verməsin, amma heç olmasa, dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır. Vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox, bizim üçün yeni perspektivlər deməkdir. Güclü vəkillik insan hüquq və azadlıqlarının səmərəli təmini, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Hökumət üzvlərindən xahiş edirəm, problemə diqqət yetirilsin”.

B.Məhərrəmov mediasiya institutu ilə bağlı fikirlərini də qeyd edib: “Bu mənada, ilkin yardım və dəstəyin olması vacibdir. Bir müddət öncə Vəkillər Kollegiyası təsisata müəyyən yardım etdi. Hesab edirəm ki, hökumət yaxın bir, yaxud iki il ərzində mediasiya strukturlarına yardım edərək təsisatları gücləndirməlidir. Habelə mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir”.

Parlamentin Sədri Sahibə Qafarova bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə bu barədə danışıb və yaxın vaxtlarda bu məsələ müzakirə ediləcək.

Qanun layihəsi səsvermə əsasında ikinci oxunuşda qəbul edilib.

Sonra “Sosial sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub və səsvermə əsasında ikinci oxunuşda qəbul edilib.

“Cəmiyyətin əsəbləri ilə oynayırıq”

Daha sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə qoyulub.

Deputat Sabir Rüstəmxanlının sözlərinə görə, rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyi, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağı araşdırılmalıdır: “Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır. Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq. Sanki bir məsuliyyət yoxdur. Bunun qarşılığında kimsə dilə gəlməlidir”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20%, bəzilərində 30-50% artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir. Amma buna paralel olaraq, hökumət maaş və pensiyaların artımı ilə bağlı da qərarlar qəbul edir. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Bütün dünyada cərimə o qədər sərt olur ki, insanlar bundan çəkinib qayda pozmasınlar. Dəbbə pulunun çox olmaması üçün çalışacağıq, onun çox olması ilə bağlı fikrə qatılıram”.

Sonra Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarında və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sədr diqqətə çatdırıb ki, gündəliyə daxil edilən iki məsələ - Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası və Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi üçüncü oxunuşda səsverməyə qoyulacaq.

Bununla da Milli Məclis gündəlikdəki qanun layihələrinin ikinci oxunuşda müzakirəsini başa çatdırıb.

Günel Abbas

 

 

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30