Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir

Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir

17.08.2018 [08:48]

Prezident İlham Əliyev: Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir
Zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Ekspertlərin qənaəti belədir ki, sahilyanı dövlətlər arasında fəaliyyətin uzlaşdırılması, müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi bütövlükdə regionun siyasi və iqtisadi avantajlarından daha səmərəli istifadə olunmasına geniş imkanlar aça bilər. Deyilənlər baxımından avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması böyük aktuallıq daşıyır. Qeyd edək ki, Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Hazırda beynəlxalq miqyasda Xəzərin hüquqi statusu ilə bağlı sənədin imzalanması müxtəlif aspektlərdən şərh edilir. Bütün dünyada böyük populyarlığa malik nəşrlərdə dərc olunan yazılarda, ekspert dəyərləndirmələrində bəhs olunan sənədin sahilyanı dövlətlərin ayrılıqda və birgə fəaliyyəti üçün zəruri hüquqi baza yaratdığına diqqət çəkilir, vurğulanır ki, “Xəzər beşliyi” tərəfindən müvafiq Konvensiyanın imzalanması ilə həmin regionda əməkdaşlıq keyfiyyətcə yeni tarixi mərhələyə yüksələcək.
Ümummilli lider Heydər Əliyevin Xəzərin hüquqi statusu ilə bağlı ideyaları həyatda öz təsdiqini tapdı
Beş sahil dövlətini birləşdirən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin strateji önəmindən bəhs edərkən ilk növbədə bu tarixi razılaşmanın əldə olunmasınadək keçilən yola nəzər salmaq gərəkdir. Açıq demək lazımdır ki, bu yol heç də asan və hamar olmayıb. Qeyd edək ki, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd mövcud olmamışdır. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Keçmiş ittifaqın süqutundan sonra isə sahilyanı dövlətlər Xəzərin statusu məsələsində bir-biri ilə uzlaşmayan mövqelərdən çıxış edirdilər. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilir. Bəhs olunan Konvensiyanın imzalanması ilə Xəzəryanı dövlətlərin keçirdikləri ikitərəfli və çoxtərəfli görüşlərdə aparılan müzakirələr öz məntiqi yekununa yaxınlaşıb.
Qeyd edək ki, Azərbaycan Xəzərin statusunun müəyyənləşdirilməsində bir qayda olaraq yüksək fəallıq göstərib və daim konstruktiv mövqedən çıxış edib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında bu məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir”.
Xəzərin statusu ilə bağlı aparılan danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi konstruktiv mövqenin təməlində isə Ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn müdrik dövlət xadimi Heydər Əliyev Xəzərin statusu ilə bağlı məsələdə beynəlxalq praktikaya əsaslanırdı. Ulu öndər o mövqedən çıxış edirdi ki, Xəzər ölkələri, xalqları ayıran deyil, birləşdirən vasitə olmalıdır. Ulu öndər özünəməxsus müdrikliklə və çox böyük səylər hesabına Xəzərin Azərbaycan sektorunda yerləşən yataqların işlənməsinə yönələn təzyiqləri dəf etdi və ölkəmizin mövqeyinə beynəlxalq dəstək qazanmağa nail oldu. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının karbohidrogen ehtiyatlarının birgə işlənməsinə dair dünyada tanınan transmilli şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin imzalanması Ulu öndərin titanik fəaliyyətinin, iti zəkasının və qətiyyətinin təntənəsi idi. Beləliklə, stereotiplər dağıdıldı, bir ilkə - Xəzər-Qara dəniz hövzəsi regionunun və daha geniş coğrafiyanın inkişafına, xalqların, ölkələrin rifahına, Avropa ilə Asiyanın bağlantılarının möhkəmlənməsinə əvəzolunmaz töhfələr verən yeni beynəlxalq əməkdaşlığın təməli qoyuldu. Belə bir addımın atılması xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti idi.
Ümummilli lider sahilyanı dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə danışıqlarda Azərbaycanın mövqeyini səbirlə, özünəməxsus məntiqlə izah edirdi. Əsaslandırırdı ki, Azərbaycanın mövqeyi heç də sahil dövlətlərinin siyasi və iqtisadi maraqlarına qarşı deyil, əksinə burada bərabər, paritet əsaslarla fəaliyyət və əməkdaşlıq ölkələrə böyük dividendlər gətirə bilər. Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Bakıda “Xəzər dənizində birgə fəaliyyət” haqqında müvafiq Bəyanatı imzalamalarını Xəzərin statusunun müəyyənləşdirilməsi yolunda atılan çox mühüm addım kimi dəyərləndirmək mümkündür. Bundan sonra 2003-cü ilin mayında Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalandı və tərəflər dənizin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar.
Azərbaycanın Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilib. Azərbaycanın dövlət başçısının xatırlatdığı 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri barədə anlaşma əldə olunub. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Həmin prinsiplər Aktauda imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada da öz əksini tapıb. Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyanın razılaşdırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb. Bu il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunu Konvensiyanın yekun layihəsinin razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirmək mümkündür. Bundan başqa, Azərbaycanla Qazaxıstan və Rusiya arasında da müvafiq sazişlər imzalanıb. Aktauda bəhs olunan Konvensiyanın imzalanmasında həmin sazişlərin də böyük rolu olub.
Xəzərin hüquqi statusunun beynəlxalq normalara əsasən müəyyənləşdirilməsi sahilyanı dövlətlərin hamısının maraqlarına cavab verir
Biz yuxarıda Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədin imzalanmasınadək heç də hamar yol keçilmədiyini qeyd etdik. Elə bəhs olunan sənədin müzakirələrinin aparıldığı və imzalandığı ərəfədə də müəyyən qüvvələr ümumi razılaşmanın əldə olunmasına müxtəlif vasitələrlə maneçilik törətməyə çoxsaylı cəhdlər edirdilər. Ancaq “Xəzər beşliyi” ölkələri rəhbərlərinin daim mehriban qonşuluq siyasətinə sədaqət və xoş məram nümayiş etdirmələri bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. Bütövlükdə Konvensiyanın müddəalarının razılaşdırılması məqsədilə Xüsusi İşçi Qrupu çərçivəsində 52 görüş və növbədənkənar görüşlər keçirilib, eyni zamanda, mütəmadi qaydada çoxsaylı ikitərəfli məsləhətləşmələr aparılıb. Müxtəlif səviyyələrdə aparılan danışıqlarda, o cümlədən də dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında geniş konsensusa nail olunub. Tərəflərin ortaq məxrəcə gəlməsində Azərbaycanın sahilyanı dövlətlərlə səmərəli əməkdaşlıq platformaları yaratmasının önəmini isə ayrıca qeyd etmək lazımdır. “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya beynəlxalq normalar və prinsiplər nəzərə alınmaqla hazırlanıb və bütün sahilyanı dövlətlər sənədlə təsbit olunan mexanizmdən faydalana biləcəklər. Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov KİV-ə müsahibəsində bildirib ki, sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.
Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkəsi üçün dönüş nöqtəsidir. Bütün sahilyanı ölkələr, xüsusən Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürəcək. Yuxarıda bəhs olunan müsahibədə də qeyd edildiyi kimi, bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq. Prezident İlham Əliyev diqqəti imzalanan sənədin önəminə çəkərək bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir. “Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Xəzər-Qara dəniz regionunda yeni geoiqtisadi və geosiyasi reallıqlar formalaşacaq
Azərbaycan müstəqillik illərində özünün malik olduğu imkanları təqdim edərək regionda və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verib. Bu barədə söhbət açarkən respublikamızın moderatorluğu ilə Xəzər və Qara dəniz hövzəsi coğrafiyasında reallaşdırılan çoxsaylı layihələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Xəzər-Qara dəniz regionunda və daha geniş coğrafiyada çoxsaylı ölkələrin iqtisadi baxımdan çiçəklənməsinə və milli təhlükəsizliyinə etibarlı zəmin yaradan əməkdaşlığın təməli isə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsinə hesablanan enerji layihələri ilə qoyulub. “Əsrin müqaviləsi” çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur. Bu kəmərlər Azərbaycanın enerji resurslarının Qara dəniz limanları vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edir. Bu gün müstəqil Azərbaycanın müasir reallıqlarının yaranmasında uğurlu enerji siyasətinin, xarici tərəfdaşlarla imzalanan müqavilələrin böyük rolu var. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib.
Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji layihələrindən faydalanan yalnız respublikamız olmayıb. Qonşu Gürcüstan, qardaş Türkiyə həm tranzit, həm də istehlakçı ölkələr kimi, Azərbaycanın enerji resurslarının ixracından böyük fayda götürüblər. Ümumiyyətlə, Azərbaycanın mövqeyi belədir ki, həyata keçirdiyi enerji siyasətindən bütün tərəflər fayda götürsünlər və enerji amili heç vaxt başqa dövlətə qarşı siyasi təzyiq vasitəsinə çevrilməsin.
Azərbaycan özünün xoş mərama əsaslanan mövqeyinə yeni enerji layihələrində də sadiq qalıb. Məlumdur ki, hazırda Azərbaycanın moderatorluğu ilə Xəzər hövzəsi ilə Qara dəniz, Avropa ilə Asiya arasında yeni bağlantı yaradan Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılır. Dörd mühüm seqmentdən ibarət yeni dəhliz vasitəsilə Azərbaycanın Xəzərdəki zəngin “Şahdəniz” yatağından çıxardılacaq qaz TANAP vasitəsilə Qara dənizə, oradan isə TAP kəməri ilə Avropaya çatdırılacaq.
Qara dəniz hövzəsi regionunda yerləşən ölkələrin, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Cari il mayın 20-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli isə 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi 2019-cu ilədək başa çatdırılacaq. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
Azərbaycan həmçinin müasir yol-nəqliyyat-logistika infrastrukturu yaratmaqla özünün tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Son illərdə Azərbaycanın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üzrə reallaşdırdığı layihələr Xəzər-Qara dəniz regionunda yeni geoiqtisadi və geosiyasi reallıqların yaranmasında çox mühüm amil qismində çıxış edir. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir. “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan ölkənin ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə zəruri infrastrukturun qurulmasına güclü siyasi və maddi dəstək göstərib. Hazırda isə ölkəmiz Rusiya və İranla birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. “Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Artıq Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətdədir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirib. Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınıb. Bu, yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30