Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sarayevoda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans və “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib

Sarayevoda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans və “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib

24.02.2018 [09:07]

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycanın bu ölkədə, Serbiya və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının boşnak dilində təqdimatı keçirilib.
Konfransda Azərbaycan və Bosniya və Herseqovinadan deputatlar, nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə Məhərrəmova və Murad Hüseynov tədbirdə çıxış ediblər.
Azərbaycanın Serbiya, Bosniya və Herseqovinada və Monteneqrodakı səfiri E.Həsənov “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının 10-cu ildönümü çərçivəsində təşkil edilmiş konfransın iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin məhv edilməsi barədə məlumat verib.
Səfir Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabı haqqında da danışıb.
Sonra çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib.
Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdikləri cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirib.
Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan “Böyüməyən uşaqlar” kitabının ingilis, alman, türk, gürcü, Ukrayna dillərinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara boşnak dilində təqdim edildiyini bildirib.
Daha sonra çıxış edən Sabahudin Hadjialiç Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğu ilə bağlı sual verib. “Böyüməyən uşaqlar” kitabını oxuyarkən hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor həmin uşaqların sanki böyümək şansının olmadığını, hər bir acı xatirənin cana ağrı verdiyini bildirib.
Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin dəhşətli gecədə yaşadıqları acı xatirələri bölüşüblər.
Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilən uşaqların dünya xalqlarına müraciəti oxunub.
Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini anıblar.
Həmçinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil edilib, “J-Connect” təşkilatı tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının “Böyüməyən uşaqlar” adlı sənədli filmləri nümayiş olunub.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30