Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək
17.02.2018 [09:44]
Ölkəmizdə həyata keçirilən digər mühüm enerji layihələri Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb
Xəbər verildiyi kimi, bu günlərdə Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin və müxtəlif qurumların yüksək səviyyəli təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı kifayət qədər məhsuldar keçib. Tədbirdə böyük komanda tərəfindən ötən illər ərzində görülən işlərə nəzər salınıb, həmçinin qarşıda duran məsələlər, gələcək planlar müzakirə edilib.
Cənub Qaz Dəhlizi Azərbaycanın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biridir
Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdırır. Haqlı olaraq Cənub Qaz Dəhlizi də respublikamızın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biri kimi səciyyələndirilir.
Müstəqil Azərbaycanın güclü dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmiz bütün sahələrdə çox ciddi problemlərlə üzləşmişdi. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” Qaz Kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
“Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Ümumiyyətlə, “Əsrin müqaviləsi”nin uğurla icra edildiyi illər ərzində Azərbaycan neft gəlirləri sayəsində özünün iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Bu gün Azərbaycan dünya miqyasında öz hesabına yaşayan, taleyi öz əlində olan azsaylı ölkələrdən biridir.
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində ölkəmiz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacaq.
Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın yeni enerji siyasətinin çox mühüm bir həlqəsini təşkil edir. Toplantıda xüsusi olaraq vurğulanıb ki, digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizi də Azərbaycan iqtisadiyyatına böyük fayda gətirəcək. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurumun işə düşməsi “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üçün bünövrə yaratdı. Azərbaycan qazının istehlak bazarlarına daşınmasını təmin edəcək daha böyük diametrli boru kəmərinə ehtiyac var idi. 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu - TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Bu saziş “Şahdəniz-2”yə böyük həcmlərdə investisiyalar yönəldilməsinə qapı açdı. 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırılması ilə bağlı qərar qəbul olundu. 2013-cü il həm də Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, Azərbaycan qazı TANAP və TAP kəmərlərindən keçməklə Avropanın istehlak bazarlarına çatdırılacaq. Bütövlükdə Cənub Qaz Dəhlizi layihəsinin icrasına təxminən 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Toplantıda qeyd olunduğu kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xidmət edən yeni layihə kifayət qədər geniş bir coğrafiyada enerji xəritəsini dəyişərək tərəfdaş ölkələrə böyük fayda gətirəcək.
Məlumdur ki, dünyada yaşanan geosiyasi gərginliklər fonunda bir sıra hallarda enerji marşrutları istehsalçı və istehlakçı ölkələrə yönəlmiş təzyiq vasitəsi qismində istifadə edilir. Bir neçə il bundan əvvəl soyuq qış aylarında Avropanın kifayət qədər ciddi hal alan məlum qaz böhranı ilə üzləşməsi deyilənlərin təsdiqidir. Elə indinin özündə də neft amili qlobal məkanda manipulyasiya predmetinə çevrilib. Azərbaycan bəzi dövlətlərin enerji siyasətində bu cür qeyri-konstruktiv mövqe tutmalarının qəti əleyhinədir. Ölkəmizin ədalətli mövqeyi belədir: Enerji amili heç vaxt siyasi tələb vasitəsinə çevrilməməlidir. Azərbaycan hər vəchlə ona çalışır ki, bütün iştirakçı tərəflər əməkdaşlıqdan faydalana bilsinlər.
Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız toplantıda bildirildiyi kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Ölkəmiz “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı xarici şirkətlərlə fəal danışıqlar aparır. Azərbaycanın tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyi başqa bir yataq “Qarabağ” adlanır. Respublikamız həmçinin böyük qaz potensialı olan daha iki yatağa - “Dan ulduzu” və “Əşrəfi” yataqlarına malikdir. Perspektivdə bu yataqların işlənməsi sayəsində hasil ediləcək qaz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropadakı istehlakçılara çatdırılacaq.
Geniştərkibli komandanın səmərəli fəaliyyəti Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdəndir
Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə irəli sürüb. Ötən dövrdə böyük regional və qlobal əhəmiyyət daşıyan layihə ətrafında kifayət qədər geniş komanda formalaşıb. Toplantıda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunan ABŞ və Birləşmiş Krallıq hökumətləri, o cümlədən Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Azərbaycana dost ölkələr olan Rumıniya və Türkmənistandan olan nümayəndələrin də toplantıya qatılmaları gələcəkdə komandaya yeni üzvlərin qatılacağından xəbər verir.
Geniş tərkibli komandanın əlbir və səmərəli fəaliyyəti layihə üzrə işlərin uğurla irəliləməsini təmin edib. Toplantıda xüsusi olaraq vurğulanıb ki, “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrasını təsəvvür etmək mümkün deyildir.
Tərkibində region və bir sıra Avropa dövlətlərini, transmilli şirkətləri, maliyyə qurumlarını birləşdirən geniştərkibli komanda 20 ildən çoxdur ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində inamla irəliləyir. Toplantıda qeyd edildiyi kimi, ötən 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub.
Səmərəli əməkdaşlıq formatı Cənub Qaz Dəhlizinin bütün 4 elementi üzrə işlərin uğurla irəliləməsini təmin edib. Hazırda “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxu tamamlanıb. Müqayisə üçün bildirək ki, bir il əvvəl bu rəqəm 90 faiz səviyyəsində idi. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb. Bir il əvvəl bu pozisiya üzrə işlər 90 faiz səviyyəsində yerinə yetirilmişdi. TANAP-ın icrası son bir ildə 70 faizdən 95 faizə yaxınlaşıb. Son bir ildə TAP-ın icrasında işlər daha sürətlə gedib. Belə ki, bu layihə üzrə işlərin icra səviyyəsi 34 faizdən 70 faizədək yüksəlib. Beləliklə, toplantıda vurğulandığı kimi, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də, regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27

