Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

16.12.2017 [01:04]

İclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra müzakirələr başlanıb. Qeyd edək ki, iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, yeni qanun layihəsində Azərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev və Azay Quliyev orduya ictimai nəzarət edilməsini təklif ediblər.
Millət vəkili Naqif Həmzəyev çıxışında qanun layihəsini yüksək qiymətləndirib. Bununla yanaşı, millət vəkili bir sıra təkliflərlə çıxış edib. O bildirib ki, müddətdən artıq xidmətə götürülən şəxslərlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: “Müddətdən artıq hərbi xidmətə götürülənlərin həmin dövrə qədər hərbi karyerasında yalnız müddətli hərbi xidmət dövrü var, ondan sonra onun harada və necə həyat tərzi keçirməsi bəlli olmur. Ona görə də sonradan müddətdən artıq hərbi xidmətə götürülən zaman təhlükəsizlik xidmətinin və yerli polisin dəstəyindən istifadə etmək lazımdır”.
Millət vəkili hərbi hissələrdə işə götürülən mülki şəxslərin də belə yoxlamadan keçməsini təklif edib: “Bəzən olur ki, mülki şəxs olan peşəkar aşpaz və yaxud digər xidmət növü nümayəndəsi hərbi qurumda işə götürülür. Bu zaman bu şəxslər də müvafiq qurumlar tərəfindən yoxlanılmalıdırlar”.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi yüksək səviyyədə hazırlanıb”. Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclası zamanı deyib.
S.Novruzov bildirib ki, Silahlı Qüvvələr haqqında danışarkən beynəlxalq təcrübəyə əsaslanmaq, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin. Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı təkliflərə münasibət bildirən millət vəkili deyib ki, Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir: “Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən müvafiq tədbirlər görülür. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil”.
S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışırlar. Onun fikrincə, hər deyilən təklif qanunda nəzərə alına bilməz: “Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasında cəlb olunurlar. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edirlər. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, o, öz vəzifəsinin öhdəsindən gələ bilsin”.
Millət vəkili müdafiə nazirinin mülki şəxs olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbçi olmalıdır: “Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi və ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Amma bu fikirlər real deyil. Mətbuat da Müdafiə Nazirliyinin yaydığı məlumatlardan kənar məlumatları yaymamalıdır”.
İclasda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qanun layihəsinin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür edib. O daha sonra millət vəkillərinin fikir və təkliflərinə münasibət bildirib. Deputat Naqif Həmzəyevin təklifləri ilə əlaqədar nazir müavini qeyd edib ki, orduda müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır və onlar işə götürülən zaman müvafiq orqanlar tərəfindən yoxlanılır: “Bu məsələyə bundan sonra da daha çox diqqət yetiriləcək”.
“Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”, - deyən K.Vəliyev bildirib ki, orduda ictimai nəzarət də var: “Bir sıra təşkilatlar, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. Bundan başqa, Müdafiə Nazirliyində 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar hərbi hissələrdən, o cümlədən ön cəbhədən reportaj hazırlayırlar. Bu məsələdə Ombudsman Aparatı ilə əməkdaşlıq edirik. Burada müddətdən artıq hərbi xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Qeyd edim ki, həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər”.
Nazir müavini əlavə edib ki, bu gün müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların əksəriyyəti peşəkar insanlardır.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, parlament ordumuzun fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, silahlı qüvvələrimiz haqqında neqativ məlumatları bəzi saytlar məqsədli şəkildə yayırlar. Ölkənin nüfuzlu media orqanları, o cümlədən parlamentdə akkreditə olunmuş jurnalistlər belə hallara yol vermirlər.
Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da Silahlı Qüvvələr üzərində ictimai nəzarət məsələsinə münasibət bildirib. O deyib ki, medianın, jurnalistlərin ordunun fəaliyyətini işıqlandırmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımi şərait yaradılır və bundan artığını etmək düzgün deyil.
Z.Əsgərov bildirib ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil: “Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Daha sonra millət vəkilləri “Azərbaycan Respublikasının Hesablama Palatası” haqqında yeni qanun layihəsini müzakirə ediblər. Sənəd haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, sənəd 6 fəsil, 41 maddədən ibarətdir. Qanun layihəsinə əsasən, Hesablama Palatasının fəaliyyət istiqamətləri qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirmək, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəy vermək, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti üsullarının təkmilləşdirilməsi və maliyyə nəzarəti fəaliyyəti işinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparmaq, maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr vermək, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olmaq, birgə nəzarət tədbirlərini həyata keçirmək kimi müəyyənləşib.
Müzakirələr zamanı millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Çingiz Qənizadə və Tahir Mirkişili çıxış ediblər. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək millət vəkillərinin təkliflərinə münasibət bildirib. Müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.
İclasda həmçinin Seçki Məcəlləsinə dəyişikliklər məsələsi də müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib. Dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır.
Komitə sədri, eyni zamanda, bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.
Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
İclasda bir sıra qanunlara da əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30