Azərbaycanda aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir
27.10.2017 [10:10]
Prezident İlham Əliyev: Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir
Dünya birjalarında neftin aşağı qiymətləri dönəmində Azərbaycan özünün əsasən qeyri-neft sektoru ilə bağlı olan bir sıra yeni inkişaf hədəflərini müəyyənləşdirib. Bu hədəflər sırasında aqrar sektorda istehsal həcmlərinin artırılması xüsusi yer tutur. Yeni şəraitdə respublika miqyasında geniş potensiala və zəngin ənənələrə malik kənd təsərrüfatının üstün inkişafının təmin edilməsi həm iqtisadi, həm də sosial mahiyyət kəsb edir. Azərbaycan aqrar sektorun sürətli inkişafına nail olmaqla bir tərəfdən ölkənin ərzaq məhsullarına tələbatının bütünlüklə yerli istehsal hesabına ödənilməsinə, yeni ixrac imkanlarının yaradılmasına, digər tərəfdən isə regionlarda iqtisadi aktivliyi artırmağa və bu əsasda əhalinin məşğulluğunun daha dolğun şəkildə təmin edilməsinə nail olmağa çalışır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə aqrar sektorun inkişafının dövlət prioriteti olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Qeyd etmək yerinə düşər ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub.
Dövriyyəyə cəlb olunan yeni torpaqlar aqrar sektorun sürətli inkişafını təmin edəcək
Məlumdur ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təsərrüfatı innovativ əsaslarla inkişaf etdirilir və yüksək məhsuldarlığa nail olunur. Meydana çıxan yeni çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb. Prezident İlham Əliyev vurğulayıb ki, bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Dövlət başçısı ölkəmizdə aqrar sektorun intensiv inkişafını şərtləndirən amillər sırasında həmçinin suvarma məsələlərinin böyük önəm daşıdığını bildirib.
Qeyd edək ki, respublikamızın ərazisinin yalnız 54,9 faizi kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti - 2915,4 min hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları), otlaqlar və biçənəklər altında olan torpaqlardır. Respublikanın regionlarında cəmi 1,8 milyon hektar sahə şum əkinçiliyi üçün istifadə olunur. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdəbirini (1432,7 min hektar) təşkil edir. Respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi də məhz bu torpaqların payına düşür. Mütəxəssislərin qənaətinə görə, torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahələrini 3,0-3,5 mln. hektara qədər artırmağa imkan verir.
Son 13 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin regionlarında meliorativ tədbirlərin həyata keçirilməsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Regionlarda reallaşdırılan layihələr sayəsində 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
Respublikanın icməli və suvarma su təminatının yaxşılaşdırılması baxımından Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının inşası tarixi nailiyyətdir. Bəhs olunan anbarların istifadəyə verilməsi regionlarda minlərlə hektar suvarılan torpaqların su təminatının yaxşılaşmasına, eyni zamanda, dövriyyəyə yeni torpaqların cəlb edilməsinə münbit zəmin yaradıb.
Ölkəmizdə yeni suvarma layihələrinin, meliorativ tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Cari ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.
Ölkədə aqrar sektorun suvarma suyu ilə təminatının gücləndirilməsi məqsədilə yeni layihələrin reallaşdırılması nəzərdə tutulub. Respublikamızda yaxın perspektivdə icrası nəzərdə tutulan suvarma layihələri sırasında Yuxarı Şirvan Kanalının yenidən qurulması xüsusi yer tutur. Bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınması imkanları yaradacaq.
Azərbaycanın regionlarında reallaşdırılan növbəti irimiqyaslı su layihəsi Hacıqabul, Şamaxı və Zərdab rayonlarını əhatə edir. Bu istiqamətdə “Azərsu” ASC tərəfindən həyata keçirilən ilk layihənin icrası uğurla yekunlaşıb. Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihənin reallaşdırılması sayəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaranıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərsu” ASC tərəfindən icra olunan ikinci suvarma layihəsi Hacıqabul və Şamaxı rayonlarında həyata keçirilir. Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə həyata keçiriləcək. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 kilometr uzunluğunda magistral kəmər çəkiləcək. İndiyədək kəmərin 9 kilometrlik hissəsi inşa edilib. Prezident İlham Əliyev reallaşdırılan layihələr sayəsində yeni suvarılan torpaqların dövriyyəyə cəlb olunmasının aqrar sektorun sürətli inkişafını təmin edəcəyinə əminliyini bildirərək deyib: “İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da, təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir”.
Ölkədə müasir təsərrüfatların yaradılması geniş təşviq olunur
Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Respublikanın bölgələrində əsasən ixraca hesablanan istixanaların yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Dövlət başçısının çağırışına uyğun olaraq hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur.
Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 40 milyon manatdan artıq güzəştli kredit verilib.
İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və Qərb bölgəsində “Şəmkir Aqroparkı”dır. “Yalama Aqroparkı” 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Parkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qərb bölgəsində yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal imkanları kifayət qədər genişdir. Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq. Prezident İlham Əliyev müasir təsərrüfat subyektləri olan aqroparkların yaradılmasının əhəmiyyətini diqqətə çatdıraraq deyib: “Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıqda məhsuldarlığın artmasına müsbət təsir göstərir
Respublikamızda müəyyənləşdirilən strategiyaya uyğun olaraq aqrar sektorda mühüm pozisiyalardan olan heyvandarlıqda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və bu əsasda süd və ət istehsalının artırılması diqqət mərkəzində saxlanılır. Artıq bir neçə ildir ki, respublikamıza xaricdən həm ətlik, həm də südlük istiqamətli cins heyvanlar gətirilir. Eyni zamanda, reallaşdırılan təşviq tədbirləri, həmçinin sahibkarlara güzəştli kreditlərin verilməsi sayəsində heyvandarlığın maddi-texniki bazası möhkəmlənib. Hazırda respublikanın regionlarında çoxlu sayda heyvandarlıq profilli təsərrüfatlar fəaliyyət göstərir. Mövcud təsərrüfatların 28-i modern heyvandarlıq kompleksidir.
Regionlarda heyvandarlığın yeni yanaşmalar əsasında inkişaf etdirilməsi artıq öz müsbət nəticəsini verir. Belə ki, ölkəyə iri və xırdabuynuzlu heyvan, quş ətinin, süd və süd məhsullarının, yumurtanın idxalı əhəmiyyətli dərəcədə azalıb. Artıq respublikamız bir sıra heyvandarlıq məhsulları ilə özünü 100 faiz təmin edir və hətta müəyyən həcmlərdə ixrac imkanlarımız da yaranıb. Ötən il respublikamızdan 1163 baş əmtəəlik at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları, 1381,7 ton süd və süd məhsulları, 31,8 ton yun ixrac edilib. Şübhə yoxdur ki, cari ildə respublikamızdan heyvandarlıq məhsullarının ixracı daha böyük rəqəmlərlə ifadə olunacaq.
Respublikamızda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması baxımından Prezident İlham Əliyevin cari ildə regionlara növbəti səfəri zamanı açılışına qatıldığı Göygöl Süni Mayalama Mərkəzinin istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Qeyd edək ki, Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bəhs olunan mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalama Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalama Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalama məntəqəsi də yaradılıb. Respublika miqyasında indiyədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. Eyni zamanda, süni mayalanma yolu ilə alınan buzovlara görə heyvan sahiblərinə 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib. Göygöldə yaradılan Süni Mayalama Mərkəzinin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev bildirib ki, bu mərkəz dünyadakı ən mütərəqqi təcrübənin Azərbaycana gətirilməsini təmin edir: “Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik”.
Ölkədə müasir bazar infrastrukturunun formalaşdırılması da vacib məsələlərdəndir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkədə kənd təsərrüfatının yeni yanaşmalar, daha mütərəqqi təsərrüfatçılıq metodları əsasında inkişaf etdirilməsi öz növbəsində aqrar sektorda istehsal və ixrac imkanlarını artırır. Aqrar sektorda istehsalın artması isə öz növbəsində bazar infrastrukturunun adekvat şəkildə inkişaf etdirilməsi məsələsinin aktuallığını artırıb. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən prioritetlərdən biri ölkədə kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi ilə bağlıdır. Son vaxtlarda ölkədə kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun formalaşmasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC mühüm seqmentə çevrilib. ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC qısa müddətdə 12 regional bölmə, regional bölmələrin yerləşdikləri rayon mərkəzlərində 12 regional anbar və 39 rayonda dayaq məntəqələri yaratmağa nail olub.
Bölgələrdə aqrar sektorda getdikcə artan istehsalı qarşılamaq məqsədilə logistika mərkəzlərinin yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, indiyədək respublikanın ayrı-ayrı regionlarında çoxlu sayda logistika mərkəzləri istifadəyə verilib. Bölgələrdə yaradılan soyuducu kameralar, taxıl anbarları və digər belə logistik mərkəzlər uğurla fəaliyyət göstərir. Lakin ilk mərhələdə yaradılan bu logistik mərkəzlər daha çox məhsulların saxlanmasına və daxili tələbatın ödənilməsinə hesablanıb. İndi isə vaxt gəlib çatıb ki, ölkənin ixrac imkanlarının genişlənməsinə xidmət edəcək daha böyük logistik mərkəzlər yaradılsın. Belə mərkəzlərdən biri regionda ən iri olmaqla Şəmkir rayonunda yaradılıb. Prezident İlham Əliyev bildirib ki, bundan sonra respublikamızda ən azı üç belə mərkəzin yaradılmasına ehtiyac var: “Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

