Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ ilə İran üz-üzə - bu dəfə masa arxasında...

ABŞ ilə İran üz-üzə - bu dəfə masa arxasında...

23.06.2026 [09:14]

İsveçrədə danışıqların birinci raundu çərçivəsində görüş keçirilib

Ötən həftə sonu İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqları baş tutdu. Qeyd edək ki, əvvəlcə Vaşinqton və Tehran arasında danışıqların iyunun 19-da keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınmışdı. “Financial Times” və CNN bunu bunu İsrailin Livana zərbələri ilə əlaqələndirmişdi. Görüş iyunun 21-də baş tutdu. ABŞ-ın vitse-prezidenti C.D.Vensin rəhbərlik etdiyi nümayəndə heyəti prezidentin xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşnerdən ibarət olub. İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. Tehranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqeri, Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemmati, neft nazirinin müavini və İran Milli Neft Şirkətinin sədri Həmid Bord, eləcə də xarici işlər nazirinin müavinləri Kazem Qəribabadi və İsmayıl Bəqayi təmsil edib.

Danışıqların başlanması Pakistanla birlikdə vasitəçi kimi çıxış edən Qətər Xarici İşlər Nazirliyi tərəfindən elan edilib. Nazirlik həmçinin əlavə edib ki, anlaşma memorandumunun bütün aspektlərini əhatə edən yekun razılaşmanın şərtlərini müzakirə etmək üçün texniki və ekspert qrupları yaradılıb. “Bundan əlavə, memorandumun icrasına nəzarət etmək, irəliləyişi izləmək və yekun razılaşmaya doğru işləmək üçün izləmə qrupları yaradılıb. Bu, bütün tərəflərin hərtərəfli və davamlı bir razılaşma əldə etmək məqsədi ilə danışıqlar prosesini vicdanla irəlilətmək öhdəliyini əks etdirir”, - deyə Qətər Xarici İşlər Nazirliyi bildirib.

Texniki xarakterli görüşlər...

Qeyd edək ki, danışıqlardan öncə mətbuata açıqlamasında ABŞ vitse-prezidenti Vens bildirmişdi ki, danışıqlar texniki xarakter daşıyır və hər bir fikir ayrılıqları burada tam həll edilməyəcək. O, həmçinin qeyd edib ki, görüş hər tərəf üçün vacib olanı aydınlaşdırmaq, bu məsələləri həll etmək və “daha yaxşı bir sabaha doğru” irəliləmək üçün fürsət yaradır. ABŞ vitse-prezidenti həmçinin Hörmüz boğazının açılmasına və İranın nüvə proqramının sona çatmasına artıq nail olunduğunu bildirib. Vens əlavə edib ki, “İndi sual birlikdə nə qədər daha çox şeyə nail ola biləcəyimizdir”.

Fars agentliyi dördtərəfli görüşün daxili məsləhətləşmələr üçün 80-ci dəqiqədə dayandırıldığını bildirib. “Tasnim” agentliyi mənbəyə istinadən bildirib ki, İran nümayəndə heyəti danışıqlar başlamazdan əvvəl ABŞ nümayəndələri ilə birgə şəkil çəkdirməkdən imtina edib. Danışıqların iştirakçılarının əvvəlcə görüşüb əl sıxması gözlənilirdi.

Prioritetlər nədir?

Danışıqlardan öncə ayrı-ayrı mövqelər bəlli idi. ABŞ danışıqlarda Vaşinqtonun prioritetləri olan nüvə məsələsində “irəliləyiş əldə etmək” və Livanda atəşkəs məsələsi üzərində dayanırdı. İranın mövqeyi isə ondan ibarət idi ki, İsveçrədəki danışıqlar qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün lazımdır. Tehran bildirirdi ki, Livan da daxil olmaqla bütün ərazilərdə hərbi əməliyyatlar dayandırılmalıdır.

Yayılan məlumatlarda bildirilirdi ki, Vaşinqton ilk addım kimi BMT müfəttişlərinin nüvə obyektlərinə baş çəkməsini istəyir - bunun müqabilində Tehranın bəzi dondurulmuş aktivlərinə giriş imkanı veriləcəkdi. Portalın mənbələri bildirib ki, icazə müqabilində Vaşinqton Tehrana humanitar yardım üçün istifadə edilə biləcək Qətərdəki 6 milyard dollarlıq hesabdan başlayaraq bəzi dondurulmuş aktivlərinə giriş imkanı verməyə hazırdır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə müharibəyə son qoymaq bəndini yerinə yetirmədən yekun razılaşma üzrə danışıqlara başlamayacaq. O, bunu sosial media hesabında yazıb. “İsveçrədə bu gün (iyunun 21-də) keçirilən görüş müharibənin sona çatması ilə bağlı anlaşma memorandumunun müddəalarının həyata keçirilməsinə həsr olunub. Memorandumun 13-cü bəndinə əsasən, yekun razılaşma üzrə danışıqların başlanması 13 və 1, 4, 5, 10 və 11-ci bəndlərin yerinə yetirilməsi ilə bağlıdır. Bu bəndlərin, xüsusən də 1-ci bəndin (Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin sona çatması) həyata keçirilməsi olmadan yekun razılaşma üçün danışıqlar mərhələsinə keçmək mümkün deyil”, - deyə Bəqayi yazıb.

Həmçinin İranın “Tasnim” xəbər agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən bildirib ki, İran Livana qarşı hücumların dayandırılmayana və İran nefti və neft məhsullarının satışına icazələr verilməyənə qədər Hörmüz boğazını açılmayacağını bildirib.

Pakistan Xarici İşlər Naziri İshaq Dar isə ABŞ və İranın Tehranın uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsini azaltmaq barədə razılığa gəldiyini açıqlayıb. Bu arada, ABŞ prezidenti Donald Tramp iyun ayında ABŞ-ın sülh razılaşmasının əldə edilib-edilməməsindən asılı olmayaraq İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxaracağını və məhv edəcəyini bildirib. ABŞ rəsmilərinin sözlərinə görə, İran əsasən İsfahanda təxminən 440 kq yüksək dərəcədə zənginləşdirilmiş uran saxlayır.

Tramp hədələdi...

Danışıqlar zamanı fors-major situasiya da yaranıb. Tramp Fox News-a verdiyi açıqlamada İranla danışıq aparan qrup ilə əlaqə saxladığını və “Hörmüz boğazını bağlasanız, ölkəniz olmayacaq. Hətta öz ölkənizə belə qayıda bilməyəcəksiniz” dediyini bildirib. Ağ Ev rəhbəri xəbərdarlıq edərək deyib ki, “Əgər onlar razılaşma əldə etməsələr, biz qiymət təyin edəcəyik” və əlavə edib ki, ABŞ boğazın “qəyyum mələyi”nə çevrilə və daşınan neftin 20 faizinə nəzarət edə bilər. Tasnim yazır ki, İran nümayəndə heyəti Trampın təhdidlərinə görə ABŞ nümayəndələrinə etiraz edib və danışıqlar platformasını tərk edib. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ tərəfi öz açıqlamalarında diqqətli olmalıdır, çünki İran ordusu “fərqli cavab verməyə hazırdır”. “Onlar başa düşmürlərmi ki, əgər təhdidləri ümumiyyətlə təsirli olsaydı, indiki çarəsizlik səviyyəsinə çatmazdılar? Biz Amerika təhdidlərini nəzərə almırıq”, - deyə o əlavə edib.

Axios isə yayıb ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar dayandırılmayıb və İran nümayəndə heyəti görüş məkanını tərk etməyib.

Razılıq əldə olunub...

Qətər Xarici İşlər Nazirliyi açıqlayıb ki, ABŞ və İran nümayəndə heyətləri arasında görüşlər iyunun 22-də başa çatsa da, vasitəçilərlə texniki danışıqlar həftənin sonuna qədər davam edəcək. Qeyd edilib ki, görüşlər məhz İsveçrənin Bürgenstok dağ kurortunda davam etdiriləcək. Vurğulanıb ki, danışıqlar zamanı tərəflər Livanda hərbi əməliyyatlara son qoymaq üçün mexanizm barədə razılığa gəliblər və ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün rabitə xətti açıblar.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai də bildirib ki, Tehran və Vaşinqton gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün təcili mexanizm yaratmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, danışıqlarda həmçinin neft satışına icazələrin verilməsi və İranın dondurulmuş aktivlərinin bərpası müzakirə olunub. Bəqayi həmçinin təsdiqləyib ki, Tehran ABŞ tərəfinin təhdidli açıqlamalarına görə İsveçrədə ABŞ ilə dördtərəfli görüşü davam etdirməkdən imtina edib. “Çox uzun bir gün keçirdik. Dördtərəfli görüşlər zamanı ABŞ-dan təhdidli açıqlamalar yayıldı və bu da İranı bu şəraitdə dördtərəfli görüşü davam etdirməyə hazır olmadığını bəyan etməyə vadar etdi”, - Bəqayi deyib.

O əlavə edib ki, danışıqların gedişi iyunun 21-də başa çatıb, lakin texniki qrup öz işini iyunun 22-də davam etdirib. Razılaşmaya görə, danışıqlardan on səkkiz saat sonra iki vasitəçi ölkə - Qətər və Pakistan əldə edilən razılaşmaların əsas məqamlarını özündə əks etdirən razılaşma şəklində sənəd yayacaq. Eyni zamanda Bəqayi Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmalı olduğunu təkrarlayıb. İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında bildirib ki, Tehran Qətər və Pakistan sayəsində İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı neft ixracı və İranın aktivlərinin dondurulmasının ləğvi də daxil olmaqla bir sıra məsələləri həll etməyə razılaşıb. IRIB xəbər agentliyi isə bildirib ki, İran və ABŞ Livanda anlaşma memorandumunun müddəalarına uyğun olaraq hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək üçün vasitəçilərin iştirakı ilə “münaqişələrin həlli bölməsi” yaratmaq barədə razılığa gəliblər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30