Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Moskvadan Ermənistana növbəti xəbərdarlıq

Moskvadan Ermənistana növbəti xəbərdarlıq

23.06.2026 [10:15]

Bu dəfə hərbi təlim hədəfə çevrildi

Ermənistan Qərb ölkələri ilə münasibətləri gücləndirməkdə davam edir. Rəsmi İrəvan, bu kontekstdə hərbi əməkdaşlığı da genişləndirir. Bu da Rusiya tərəfindən qıcıqla qarşılanır. Uzun illər Rusiyanın təsir dairəsində olan bu ölkənin artıq Qərbə meyllənməsini Moskva həzm etmək istəmir.

Rusiya niyə narahatdır?

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən “Qartal Tərəfdaş-2026” (Eagle Partner) beynəlxalq hərbi təlimini tənqid edərək, bu təlim zamanı erməni hərbi qulluqçularına “Rusiya əleyhinə müharibə aparmağın öyrədiləcəyini” bəyan edib. Onun sözlərinə görə, bu cür təşəbbüslər NATO-nun Ermənistanı Rusiyadan uzaqlaşdırmaq siyasətinə uyğun gəlir. Xatırladaq ki, “Qartal Tərəfdaş” beynəlxalq hərbi təlimi Ermənistanda 2023-cü ildən etibarən keçirilir. Bu il o, artıq dördüncü dəfə təşkil olunur.

Əgər əvvəlki illərdə təlimdə yalnız Ermənistan və Amerika Birləşmiş Ştatlarının hərbi qulluqçuları iştirak edirdisə, bu il onlara Fransa və Yunanıstan hərbçiləri də qoşulub. Ermənistan Müdafiə Nazirliyinin və ABŞ-ın Ermənistandakı səfirliyinin verdiyi məlumata görə, təlimin məqsədi sülhməramlı bölmələrin hazırlığını artırmaq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını inkişaf etdirməkdir. Yəni rəsmi açıqlamaya əsasən, söhbət sülhməramlı missiyalardan gedir, hərbi əməliyyatlara hazırlıqdan və ya Rusiyaya qarşı müharibə planlarının işlənməsindən deyil. Digər tərəfdən, qeyd olunub ki, “Qartal Tərəfdaş” NATO tərəfindən təşkil olunan və ya həyata keçirilən bir təlim deyil, alyansın rəsmi irimiqyaslı təlimlər siyahısına daxil edilməyib. Təlim NATO tərəfindən deyil, Ermənistan və NATO-ya üzv olan ayrı-ayrı dövlətlərin əməkdaşlığı çərçivəsində təşkil olunur.

Rusiyanın tənqidləri isə yeni deyil. Hələ 2023-cü ildə Ermənistan və ABŞ-ın birgə təlimlərinə toxunan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, KTMT təlimlərindən imtina edib ABŞ ilə birgə məşqlər keçirmək “dərin təhlilə ehtiyac duyur”. 2024-cü ildə isə Mariya Zaxarova Ermənistan ərazisində keçirilən birgə Ermənistan-ABŞ hərbi təlimini tənqid edərək bildirmişdi ki, bu cür “qartal tərəfdaşlıqları” həmişə pis nəticələnir.

İrəvan Zaxarovanın iddiaları ilə razılaşmır

Göründüyü kimi, Ermənistanın KTMT-dəki iştirakını dondurması fonunda “Qartal Tərəfdaş” təlimi Rusiyada siyasi rezonans doğurub. Lakin erməni tərəfi hesab edir ki,  Zaxarovanın təlim zamanı “erməni hərbi qulluqçularının Rusiyaya qarşı müharibəyə hazırlandığı” barədə iddiası manipulyativdir.

Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, Ermənistanda keçirilən birgə hərbi təlimlər yalnız başlanğıcdır. Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun daha ciddi hərbi təlimlərə, məsələn, quru qoşunlarının təlimlərinə ehtiyacı var: “Söhbət təkcə hərbi təlimlər və ABŞ-la hərbi sahədə əməkdaşlıqdan getmir. Məsələn, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərar var ki, bunu da çox mühüm sayıram”. Hələ ötən il ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya da  “Hetq” nəşrinə müsahibəsində ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını təsdiqləmişdi.

Eyni zamanda, Fransa da Ermənistanı fəal şəkildə silahlandırır. Bu ölkə də Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Təsadüfi deyil ki, Ermənistan ordusunun hərbi qulluqçuları ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar Ermənistan ordusunda əvvəllər mövcud olmayıb. 

Ümumiyyətlə, məsələnin görünməyən tərəfi bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır. Burada bir sıra məqamlara diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Parlament seçkilərinin nəticələrini qəbul etməyən revanşist müxalifət ölkədə daxili siyasi gərginliyi artırmağa çalışır. Lakin hakimiyyət də yerində saymır, pozuculuqla məşğul olan müxalifləri zərərsizləşdirir. Baş nazir Paşinyanın keçmiş prezident Robert Koçaryanla bağlı son bəyanatı, onun ölkədən çıxışına icazə verilməməsi bunun göstəricisidir.

KTMT, yoxsa...

Bütün bunların fonunda  Paşinyan hakimiyyəti tamamilə Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq siyasətini davam etdirir. Bu ölkədə siyasi oriyentasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyanın başı müharibəyə qarışıb. Ermənistan isə tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır.

Bununla belə, Rusiyanın Ermənistana təsir imkanları hələ də çoxdur. Xatırladaq ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və hazırda da fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir.

Yeri gəlmişkən, bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ermənistan formal olaraq KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “Ermənistan formal olaraq təşkilatın tamhüquqlu üzvü olaraq qalsa da, KTMT tədbirlərində iştirak etmir”. O əlavə edib ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi lazımdır və bu məsələ aktualdır: “Ermənistan artıq Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ onsuz da aktualdır”. Lavrov diqqətə çatdırıb ki, Ermənistan NATO ilə qarşılıqlı fəaliyyətini sistematik şəkildə artırır: “Fikrimcə, KTMT-də iştirak etməsə və iki ildən çoxdur formal üzv olaraq qalsa da, erməni həmkarlarımız tədbirlərdə iştirak etmirlər. Eyni zamanda, onlar NATO-nun üzv ölkələri ilə əməkdaşlığı fəal şəkildə genişləndirir, hərbi təlimlər keçirir, hərbi texnika alırlar. Bundan başqa, Ermənistan rəhbərliyi həm NATO, həm də indi hərbiləşdirilmiş bir quruma çevrilən Avropa İttifaqı ilə hərbi nümayəndə heyətləri səviyyəsində mübadilə aparır. KTMT ölkələri respublikanın iki ildir üzvlük haqqını ödəməməsi səbəbindən Ermənistana qarşı təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində nəzərdə tutulan vəziyyətdir”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30