Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbdə polis zorakılığı sərhəd tanımır

Qərbdə polis zorakılığı sərhəd tanımır

07.10.2017 [09:58]

Kataloniyada baş verənlərə münasibətdə yenidən ikili standartlar nümayiş etdirən bəzi xarici dairələr “insan hüquqları” anlayışından təzyiq vasitəsi kimi istifadə edirlər
Qərbi Avropada, konkret olaraq İspaniyada siyasi gərginliklər davam etməkdədir. Belə ki, separatçı Kataloniya vilayətində referendum keçirilməsindən sonra meydana çıxan qarşıdurmalar hər keçən gün daha da güclənir. Artıq polislə toqquşma nəticəsində yüzlərlə insanın xəsarət alması, eləcə də mitinqlərin, nümayişlərin dağıdılması zamanı insanlara qarşı zor tətbiq edilməsi ilə bağlı xəbərlər dünya KİV-lərinin əsas müzakirə predmetinə çevrilib. Maraqlıdır ki, başqa ölkələrdə qanunları pozan, destruktiv fəaliyyətlə məşğul olan, separatçı meyillər nümayiş etdirənlərə qarşı ölkə hakimiyyətinin iradəsinin nümayiş olunmasını insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirən Qərb dairələri Kataloniyada baş verənləri susqunluqla müşahidə edirlər. Bu isə sözügedən faktorlardan təzyiq vasitəsi kimi istifadə edən bəzi beynəlxalq təşkilatların, ümumilikdə “Qərb demokratiyası”nın simasını bir daha nümayiş etdirir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin üzvü Sevinc Hüseynova deyib ki, İspaniyada baş verənlər birmənalı şəkildə separatizm hadisəsidir. Lakin 850 nəfərə yaxın insanın xəsarət alması ilə nəticələnən polislə olan toqquşmalara Qərbin bir sıra təşkilatlarının heç bir münasibət bildirməməsi yenə də ikili standartlara müraciət olunduğunu bir daha təsdiqləyir. Millət vəkili qeyd edib ki, Avropanın aparıcı KİV-lərində ispan polisi ilə Kataloniya sakinləri arasındakı qarşıdurmalar, polisin rezin güllələrdən istifadə etməsi, o cümlədən dəyənəklər, atlar və su şırnaqları ilə mitinqləri dağıtması haqqında xəbərlər ön sıralarda yer alır: “Əslində, bu kimi səhnələr dünyaya “demokratiya” dərsi keçməyə çalışan Qərbə tanış mənzərədir. Başqa dövlətlərdə qanunu pozan, separatist çıxışlar edən, icazəsiz aksiyalar təşkil edərək ölkənin bütövlüyünə və müstəqilliyinə təhdid gətirən şəxslərə qarşı görülən tədbirlərə fərqli standartlarla yanaşılır. Nə üçün İspaniyada baş verən bu toqquşmalara “insan haqları” donu geyindirmirlər? Məlumdur ki, dəfələrlə fərqli xarici mərkəzlərin sifarişi ilə bəzi dövlətlərdə sabitliyi pozmağa çalışanların qeyri-qanuni aksiyalarının qarşısının alınması istiqamətində görülən tədbirlər insan hüquqlarına “zərbə” kimi qiymətləndirilib, qanunun tələblərini yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşları isə tənqid, hətta təhqir edilib. Baş verənlər bir daha Qərb dünyasının qeyri-səmimi olduğunu və ikili standartlardan çıxış etdiyini təsdiqləyir”.
Milli Məclisin üzvü Kamilə Əliyeva isə bildirib ki, İspaniya polisi ilə separatçı Kataloniya sakinləri arasındakı toqquşmalar zorakılıq, insan hüquqlarına təzyiq kimi dəyərləndirilmir, əksinə, hüququn aliliyinin təmini kimi qələmə verilir. Bu isə bir daha Qərbin “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış etdiyini ortaya çıxarır: “Göründüyü kimi, Qərbdə mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Hətta bu tip hallar başqa ölkələrdə baş verən zaman illik hesabatların əsas mövzusuna çevrilir. Bu da demokratiya, söz azadlığı, plüralizm kimi anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübuta yetirir. Təəssüf ki, ikili standartlardan zaman-zaman əziyyət çəkən ölkələrdən biri də məhz Azərbaycandır. Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün bir sıra ermənipərəst mərkəzlər tərəfindən bu cür təzyiq vasitələrindən istifadə olunur. Bu isə bir daha göstərir ki, bəzi Qərb dairələrinin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30