Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri yeni, etibarlı enerji təminatı yaradır

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri yeni, etibarlı enerji təminatı yaradır

31.08.2017 [10:24]

Prezident İlham Əliyev: Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir
Son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütünlüklə Azərbaycanın mənzərəsini dəyişib, respublikamızda müasir reallıqlar yaradıb. Ölkəmiz üçün strateji önəm daşıyan enerji təchizatının əhəmiyyətli dərəcədə möhkəmlənməsi, yeni enerji güclərinin yaradılması buna yaxşı nümunədir. 2004-cü ildən etibarən Azərbaycanın elektrik enerjisi sistemində 26 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə, respublikamızda 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Hazırda Azərbaycan özünün enerji təhlükəsizliyinə tam nail olub, hətta bu sahədə respublikamızın müəyyən həcmlərdə ixrac imkanları da yaranıb.
Perspektivdə isə Azərbaycan enerji təhlükəsizliyini daha da möhkəmləndirmək və buna həm də enerji təminatı mənbələrini şaxələndirmək, bu sahədə innovativ yanaşma olan alternativ və bərpa olunan enerjidən daha geniş miqyasda bəhrələnməklə nail olmaq niyyətindədir. Respublikamızda alternativ və bərpa olunan enerjidən səmərəli şəkildə istifadə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqində yeni elektrik stansiyalarının tikilməsi, o cümlədən də bərpa olunan enerji növlərinə diqqətin artırılması sayəsində ölkənin tələbatından artıq enerji potensialının yaradılmasının vacibliyinə diqqət çəkib: “Enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır”.
Qeyd edək ki, son illərdə ölkəmizdə alternativ və bərpa olunan enerjidən geniş miqyasda istifadə olunmasını təmin etmək məqsədilə həm hüquqi bazanın möhkəmləndirilməsi, həm də praktiki müstəvidə genişmiqyaslı tədbirlər həyata keçirilir. O cümlədən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib.
Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsinin böyük perspektivləri var
Azərbaycan həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün enerji təhlükəsizliyinə nail olub. Eyni zamanda, ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malikdir. Belə isə nə üçün respublikamız alternativ və bərpa olunan enerjidən geniş şəkildə istifadə etməyi özünün prioritet inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib?
Azərbaycanın alternativ enerji təchizatı mənbələrinə çıxış imkanlarının artırılmasına güclü siyasi iradə nümayiş etdirməsi bir sıra mühüm amillərlə bağlıdır. Məlumdur ki, hazırda bütün dünyada ölkələrin enerji təhlükəsizliyi ilə bağlı məsələlər kifayət qədər aktualdır. İş o yerə çatıb ki, bir sıra hallarda ayrı-ayrı supergüc dövlətlər enerji amilini manipulyasiya predmetinə çevirərək ondan öz siyasi ambisiyalarını həyata keçirmək, rəqiblərinə bu və ya digər formada təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Buna görə də ayrı-ayrı ölkələr enerji mənbələrinin diversifikasiya edilməsi, o cümlədən də ənənəvi enerjidən alternativ enerjiyə keçilməsi, bərpa olunan enerjidən daha geniş istifadə edilməsi yolları barədə getdikcə daha çox düşünür və yeni enerji mənbələrinə çıxış imkanlarının artırılmasına çalışırlar.
Alternativ enerji istehsalının və istehlakının artırılması ilə bağlı qlobal çağırışların getdikcə daha böyük aktuallıq daşıması, eyni zamanda, dünya miqyasında ekoloji problemlərin kəskinləşməsi ilə bağlıdır. Çox haqlı olaraq ölkələrin bərpa olunan enerji sektoruna ildən-ilə daha böyük həcmlərdə investisiya yönəltmələri enerji sektorunda karbon intensivliyinin azaldılmasına, qlobal istiləşmə təhlükəsinin aradan qaldırılmasına, ənənəvi enerji mənbələrinin ifrat istismarının qarşısının alınmasına, ekoloji tarazlığın qorunmasına yönəldilən investisiyalar kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyada davamlı inkişaf məqsədlərinə nail olunması üçün ölkələrin alternativ enerji mənbələrinə çıxış imkanlarının artırılması və bu yolla qlobal enerji və ekoloji təhlükəsizliyə töhfələr verilməsinin zəruriliyi BMT-nin gələcək üçün müəyyənləşdirdiyi paradiqmaları sırasında xüsusi yer tutur.
Alternativ və bərpa olunan enerji ehtiyatlarından istifadə olunması həm də enerji təhlükəsizliyi kimi strateji önəm daşıyan problemin innovativ yolla həllinə nail olmaq deməkdir. Təsadüfi deyil ki, hazırda inkişaf səviyyəsi kifayət qədər yüksək olan ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya kimi ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji istehsalını ilbəil artırırlar və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldirlər.
Müasirləşməni strateji hədəf seçən Azərbaycan da alternativ və bərpa olunan enerji mənbələrinə çıxış imkanlarını genişləndirməklə həm özünün enerji təhlükəsizliyini daha da möhkəmlətmək, eyni zamanda, qlobal dayanıqlı inkişaf məqsədlərinə öz töhfəsini vermək əzmi nümayiş etdirir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan alternativ və bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən ilk növbədə ölkəmizin geniş imkanlarını əsas götürüb. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə, külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Məsələnin aktuallığını artıran həm də o amildir ki, alternativ və bərpa olunan enerji ucuz başa gəlir ki, bu da istehlakçılar üçün böyük önəm daşıyır. Prezident İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu məqama diqqət çəkərək bildirib: “Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu həm ucuz, həm bərpa olunan enerjidir”.
Reallaşdırılan layihələr sayəsində ölkəmizdə yeni enerji gücləri yaranıb
Son illərdə dövlətin alternativ və bərpa olunan enerjidən geniş şəkildə istifadə edilməsinə göstərdiyi siyasi iradəyə uyğun olaraq respublikanın ayrı-ayrı regionlarında bir sıra yeni layihələr reallaşdırılıb. Nəticədə, ölkəmizdə yeni enerji gücləri yaranıb. Hazırda ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə ən yüksək səviyyədə təchizata malik müəssisələr uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev ölkəmiz üçün yeni yanaşma sayılan bərpa olunan enerji sahəsində dünyadakı ən yüksək standartların tətbiq edildiyinə diqqət çəkərək deyib: “Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir”.
Son illərdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə olunması üzrə zəruri infrastrukturun, yeni müəssisələrin yaradılmasından söhbət açarkən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının fəaliyyətə başlamasını xüsusi qeyd etmək mümkündür. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi isə 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər. Prezident İlham Əliyev bunu gözəl hadisə kimi dəyərləndirərək pilot layihənin gələcəkdə başqa regionlarda da reallaşdırılacağının mümkünlüyünü nəzərə çatdırıb: “Biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik”.
Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində fəaliyyətə başlayan müəssisələrdə müxtəlif adlarda yeni nəsil avadanlıqların hazırlanması qürurverici haldır. Yeri gəlmişkən, 2017-ci il 31 may-3 iyun tarixində Bakıda keçirilən “Energetika və Alternativ enerji” sərgisində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin soyuducu motoroller, avtosoyuducu yarımqoşqu və günəş izləmə sistemindən ibarət stendi təqdim olunub. Bəhs olunan məhsullar dövlət agentliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə xüsusi texnologiya tətbiq edilməklə hazırlanır.
İstifadəyə verilən müəssisələr regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir
Yuxarıda qeyd etiyimiz kimi, alternativ və bərpa olunan enerji ucuz başa gəldiyindən istehlakçıların ailə büdcəsinə böyük dəstəkdir. Alternativ və bərpa olunan enerji mənbələrinə çıxış imkanlarını artırmaq məqsədilə reallaşdırılan layihələr iqtisadi baxımdan da ciddi önəm daşıyır. Yeni yaradılan müəssisələr bölgələrdə iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan layihələrin iqtisadi əhəmiyyətindən bəhs edərək vurğulayıb: “İndi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək”.
Əlamətdar haldır ki, alternativ və bərpa olunan enerji sahəsində yeni müəssisələr yaradılarkən bölgələrin spesifik xüsusiyyətləri mütləq nəzərə alınır. Məsələn, ilin bütün fəsillərində, necə deyərlər, günəş və külək sarıdan heç bir korluq çəkməyən Pirallahı rayonunun gələcək inkişafı baxımından burada bir qədər bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Haqqında bəhs olunan layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir və bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub. Burada ümumilikdə 4400 günəş paneli quraşdırılıb. Layihə çərçivəsində “Bir ev-bir elektrik stansiyası” prinsipi əsasında Pirallahıda 235 nömrəli məktəbdə 25 kVt-lıq günəş elektrik stansiyası quraşdırılıb. Növbəti illərdə bu stansiyanın məktəbin balansına verilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb.
Alternativ və bərpa olunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux rayonunda reallaşdırılıb. Prezident İlham Əliyev bu günlərdə Qərb bölgəsinə səfəri çərçivəsində layihə üzrə yaradılan Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir.
Layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl bölmə tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb. Layihə 31 MVt-lıq elektrik və 48 MVt-lıq istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.
Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat/saatdan artıq elektrik və 100 min heka kaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə, ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin fəaliyyəti ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni iş yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb.
Hədəf 2020-ci ildə ümumi enerji istehsalında alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaqdır
Ölkəmiz qabaqcıl dünya təcrübəsini mənimsəyərək alternativ enerji istehsalını gələcəkdə daha da artırmaq niyyətindədir. Hələlik Abşeron yarımadasında və ölkənin digər regionlarında quraşdırılan alternativ enerji istehsalı qurğuları tam gücü ilə istismar edilmir. ABOEMDA-nın mütəxəssislərinin verdikləri məlumata əsasən, müxtəlif ərazilərdə quraşdırılan belə qurğuların təxminən 15 faizi işlək vəziyyətdə deyil. Hazırda həmin qurğuların işə salınması üçün zəruri olan avadanlıqların xaricdən alınıb respublikamıza gətirilməsi istiqamətində intensiv işlər aparılır. Avadanlıqlar respublikaya gətirildikdən sonra müvafiq sazlama işləri aparılacaq və hələlik işləməyən qurğuların da istismarına start veriləcək.
Qısa müddətdə Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsi hazırlanıb. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir.
Ümumiyyətlə, alternativ və bərpa olunan enerji istehsalının artırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib: 2020-ci ilədək Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1180 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31